Dünəndən sanki böyük arzular qabağında kiçildim,
balacalaşdım və lap körpə vaxtlarıma qayıtdım. O vaxta ki,
iməkləyirdim, yerimək arzusundaydım: yeridim; məktəb arzusundaydim
- ilk dərs ilində məktəbli forması geyindim məktəbli oldum, orta
məktəb şagirdi oldum; institut oxumaq arzusunda oldum - çox
əziyyətlər çəkdim bəhrəsini gördüm və tələbə adını qazandım...
Nəhayət ev-ailə sahibi olmaq arzusundaydım və şükür Allaha, bu
arzuya da çatdım.
Keçən il anamı insult vurdu. Xəbəri eşidən kimi qohum-qardaş
yığışıb dərhal kəndə getdik. Anamı görəndə hər şey yadımdan çıxdı.
Ağzı əyilib qulağının yanına çatmışdı və danışanda çox çətinlik
çəkirdi. Kənd yerində şəraitin olmamasına görə tez Bakıya
xəstəxanaya gətirmək istədim. Amma həkimlər ona silkələnmək və
tərpənməyi qadağan etmişdi. Aparacağımız təqdirdə palçıqlı,
kələ-kötürlü, sürüşkən yollarda onu itirəcəyimi bildirdilər.
Çox fikirləşdim.
Yalnız vertolyotla aparmaq olardı, o imkan nəinki məndə, heç
cümlə kəndimizdə yox idi. Əgər yollar asfalt olsaydı, təcili yardım
maşını ilə anamı istədiyim xəstəxanaya götürə bilərdim.
Onda fikirləşdim ki, mənim arzularım çox kiçik və hər bir kəsin
həyata keçirə biləcəyi arzularmış.
Yol arzuları, bütövlük arzuları, sərhəd arzuları, xalqına və
dövlətinə məğrurluq və qəhrəmanlıq salnamələri yazdırma kimi işlər
böyük arzulardır və o arzuları həyata keçirmək dahi insanların
qismətinə yazılır.
Rayonumuzun hər bir kəndinə yol çəkilməsinin iştirakçısı və
şahidi olmaq hər bir sakinimizin qeyd etdiyim böyük
arzularındandır. Kəndə yolum düşən və düşməyən zamanlarda bu arzumu
gerçəkləşdirmək istəsəm də, imkanlarımız buna yol vermirdi.
Noyabrın birində axşam dayı oğlundan mesaj aldım: "Təbrik
edirəm, yolunuz mübarək".
- Nə yol, nə təbrik?
- Xəbərin yoxdu? Bütün saytlar verib.
Nə yazıq ki, cənab prezidentin bizim üçün ən önəmli sərəncamı
adminın gözündən qaçmışdı. O sərəncam kasıb və əzab-əziyyətlə
yaşayan minlərlə insanın arzusuydu, illərlə gözlədiyi
röyasıydı.
•••
İlham Əliyev Lerik Xanəgah yolunun çəkilişinin başa çatdırılması
üçün vəsait ayrılması haqqında sərəncam imzaladı. Bir il bundan
qabaq ayrılan vəsait tam yolsuzluq şəraitində yaşayan kəndlərə bəs
etməmişdi və yol yarımçıq qalmışdı. Çox böyük iqtisadi
çətinliklərlə üz-üzə qaldığımız vaxtda verilən bu sərəncam ölkə
başçısının ən ucqar kəndlərdə yaşayan vətəndaşına böyük diqqət və
qayğının təcəssümüdür.
Sevincimizin həddi-hüdudu yoxdur. Nə dünən, nə də bu gün
sevincdən yata bilmişəm.
Bu hal məndə dövlətimiz müstəqillik qazananda, Mübariz İbrahimov
erməni postlarını təkbaşına darmadağın edəndə, Aprel döyüşlərində
olmuşdu.
Cənab Prezidentimiz İlham Əliyevə necə təşəkkür edim,
bilmirəm.
İki gündür həm də bunu düşünürəm...
"Millətinsəsi.az" saytının baş redaktoru Talıb
Əhədov