Deyirlər ki, qoçu sözü Bakıya məxsusdur. Əslində də
belədir. Qoçuluq Bakıda meydana çıxıb və Bakıda yayılıb. Bu sözün
etimologiyası indiyədək araşdırılıb, müəyyən edilməyib. Ancaq arada
bir rəvayət gəzir ki, guya nə vaxtsa Bakıya kənardan qolu güclü
Qoçu adlı bir gənc gəlir və şəhərdə hamını incitməyə
başlayır.
Axar.az Ölkə.Az-a
istinadən məşhur Bakı qoçuları və milyonçu Musa Nağıyevin
oğurlanması haqda yazını təqdim edir.
Qoçuluq ictimai bir hadisə kimi keçən əsrin ortalarında Bakıda
neft sənayesinin inkişafı ilə bağlı yaranır və yayılmağa başlayır.
Mətbuat səhifələrində də qoçu sözünə biz həmin vaxtdan təsadüf
edirik. İri neft sahibkarları özlərini və əmlaklarını qorumaq üçün
ətrafına silahlı adamlar toplayırdılar. Neft sənayesi inkişaf
etdikcə belə adamlara ehtiyac daha da artırdı. Hər bir neft
firmasının, hər bir milyonçunun öz qoçu dəstəsi vardı.
Neftxudaların pulu ilə varlanmış qoçular sonralar özləri
müstəqil qüvvəyə çevrilmişdilər. Qoçular onun-bunun sifarişi ilə
adam öldurür, küçələrdə adamların şərəfinə toxunur, pul qazanmaq
məqsədilə varlı adamları oğurlayırdılar. Xüsusilə qadınlar
qoçuların qorxusundan küçəyə çıxa bilməzdilər. Onlara söz atmaq bir
kənara qalsın, hətta qadının geydiyi dikdaban çəkmə qoçunun xoşuna
gəlmədikdə, küçənin ortasında onu saxlatdırır, dikdaban çəkmənin
yerinə ona nələyin geydirərdilər. Bakı qoçuları öz hərəkətlərində
iki şeyə arxayın idilər: biri muzdla xidmət etdiyi milyonçu və ya
varlıya, ikincisi belindəki mauzerə. Mauzer qoçunun gücü və
vahiməsi idi, onun əlindən alındımı, aciz və məzlum bir məxluqa
çevrilirdi.
Məşhur qoçular
Qoçuların bəziləri təbiətlərinə görə çox qorxaq idilər. Hətta
elələri vardı ki, polisin fit səsini eşidən kimi girməyə deşik
axtarırdılar. Bununla belə içərilərində qəddar və yırtıcıları da
çox idi. Bu baxımdan Bakı qoçularını mövqe və çəkilərinə görə iki
qrupa bölmək olardı. Birinci qrup qoçular həm varlı və həmdə hədsiz
qəddar idilər. Belələrinə məşhur qoçu Nəcəfqulunu, Teymur bəy
Aşurbəyovu, Kəblə Abdulla Zərbəliyevi, Kəblə Hacı Balanı, Ağa
Kərimi, novxanılı Məşədi Hacı oğlunu, kürdxanılı Adili, Türbəti,
Malbaş Yusifi və başqalarını göstərmək olar. Bunlar bəzən boş bir
şeyin üstündə günün günorta vaxtı şəhərin küçələrində atışmağa
başlardılar.
Qoçu Nəcəfqulu və Teymur bəy Aşurbəyovun münaqişəsi
Məsələn, belə bir atışma 1918-ci il yanvarın 15-də qoçu
Nəcəfqulu ilə Teymur bəy Aşurbəyov arasında baş verir. Qorodovoylar
qorxularından özlərini bilməməzliyə qoyub, daldey küçələrə
çəkilirlər. Atışma yalnız Aşurbəyov sinəsindən yaralanandan sonra
kəsilir. Küçələrdə isə neçə nəfərin qana bulanmış meyiti qalır.
Qoçu Məşədi Hacı oğlu
Novxanılı qoçu Məşədi Hacı oğlu da günün günorta vaxtı şəhərin
adlı-sanlı ruhani atası Axund Molla Ruhullanın mənzilinə girərək,
onu namaz qıldığı yerdə öldürmüşdü. Bu hadisə 1912-ci il yanvar
ayında baş verir və bütün şəhər əhlini ayağa qaldırır.
Qoçu Kəblə Hacı Bala
Qoçu Kəblə Hacı Bala da çoxlu nahaq qan tökmüşdü. Şəhərin bir
neçə yerində onun dükan və kontoru vardı. Kontorlarından biri
indiki "Kukla teatrı"nın qabağındakı dükanlardan birində
yerləşirdi. Bu kontor şəhər əhli arasında "Adam öldürmə kontoru"
adı ilə məşhur idi. İntiqam almaq istəyənlər buraya gəlir,
istədikləri adamı pulla Kəblə Hacı Bala və onun adamları vasitəsilə
qətlə yetirirdilər.
Adam oğurluğu
Adam oğurlamaq qoçular arasında xüsusilə dəb düşmüşdü. Pula
ehtiyac hiss etdikləri zaman şəhərin varlılarını və ya onların
övladlarını tez-tez oğurlayır, külli miqdarda pul aldıqdan sonra
onları buraxırdılar.
Milyonçu Musa Nağıyevin oğurlanması
Hətta milyonçu Musa Nağıyev də iki dəfə oğurlanmışdı. Onun
oğurlanması təsadüfi deyildi. Nağıyev xəsis olduğu üçün qoçu
saxlamazdı. Qoçular da bundan xəbərdar idilər. Buna görə də fürsət
axtarıb, onu oğurlayırdılar. Nağıyevi ikinci dəfə oğurlayanlar
Stalinin adamları idi. Partiya xəzinəsi boşaldığı üçün bolşeviklər
belə bir tədbirə əl atmışdılar. Məmməd Əmin Rəsulzadə "Stalinlə
ixtilal xatirələri" kitabında bu əhvalatdan danışaraq, yazırdı:
"...quldur dəstələri (qoçular nəzərdə tutulur) zənginləri təhdid
edərək, para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulun
müqabilində buraxır, çox zaman böyük firmalara göndərdikləri təhdid
məktubları ilə bunları xəraca bağlayırdılar. Bakının məşhur
milyonerlərindən Musa Nağıyev bir ara tutulmuş, verdiyi böyük
miqdarda bir nicat puluna müqabil hürriyyətinə qovuşmuşdu.
Hali-fəaliyyətdə bulunan bu quldur dəstələri arasında bolşevik
partiyası hesabına çalışan bir dəstənin də mövcudiyyətindən bəhs
olunurdu. Bu çetənin başında isə Erivan meydanının qəhrəmanı (bu
hadisə məşhurdur) şəxsən Kobanın (Stalin nəzərdə tutulur) bulunduğu
sonradan bilinmişdi".
Qoçular iki dəfə Ağa Musanı oğurlayıb öldürməklə hədələmişlər.
Birinci dəfə faytona basaraq gözlərini bağlayıb aradan çıxarırlar,
gizli mənzilə gətirib on min manat tələb edirlər. Ağa Musa özünü
itirməyib deyir: "Min manat verə bilərəm, bir qəpik də artıq yox".
Ölümlə təhdid ediləndə halını pozmadan deyir: "Atam-atam, öldürün.
Bir mini də ala bilməzsiz, o da əlinizdən çıxar". Üç gün girov
saxlayıb, yedirdib-içirdib, kart oynamışdılarsa da, boynuna min
manatdan artıq qoya bilməmişdilər. İkinci dəfə isə 1908-ci ilin
dekabrın axırlarında, yeni il ərəfəsində oğurlamışdılar. Özü
danışırdı:
"İkindi vaxtı Baba Səməndəroğlu ilə fayton tutub yollandıq
Bağırov bağının qabağındakı evə. Faytondan düşüb girdik binaya
(şübhəsiz fayton kirəsini Baba versin deyə tez düşüb). Baba qaldı
faytonçunun haqqını verməyə. Pillələrlə qalxırdım ki, birdən heç
bilmirəm hardan, dörd nəfər kişi əllərində tapança, ikisi
yuxarıdan, ikisi də həyətdən paradnıya qalxan pilləkənlərdən mənə
yaxınlaşdılar. Görünür darvaza altından güdürmüşlər. Hökm elədilər
ki, sus! Cınqırını çıxartsan özüvü ölmüş bil. Düş qabağa, qayıt
dala! Nə əl-qol açmaq, nə də dinmək mümkün idi. Dörd tapança mənə
tuşlanıb, nitqim kəsilib, dilim lal olmuşdu. Düşdüm pilləkənin
yarısından qabaqlarına. Baba faytonçu ilə hesabı çürüdüb gəldi
içəri, onu da qatdılar mənə. Çıxdıq küçəyə yaxından ötən faytonu
saxlayıb bizi mindirdilər, iki nəfər də oturdu, böyür tərəflərdə,
tapança əllərində hazır, biz qaldıq ortada. Yerdəki iki nəfər də
fayton tutub oturdular. Düşdük yola Bolşoy Morskoya (Bülbül
küçəsinə) tərəf. Böyrümüzdə oturanlar əllərindəki tapança ilə bizi
təhdid edib xəbərdar etdilər ki, səs-küy salıb adamları, polisi
köməyə çağırsanız, özünüzü ölmüş bilin. Faytonumuz qabaqda, o
birisi dalda, tələsmədən, aramla, elə bil seyr-səfaya, gəzməyə
çıxmışıq. Bolşoy Morskoydan Tarqovı (Nizami) küçəsinə burulduq,
gəlib Qolubyatinskiyə (Nigar Rəfibəyli) döndük və bu qayda ilə
Vorontsov (Əzizbəyov) küçəsinə çatdıq. Yol boyu tanışlar səkilərdən
mənə salam verirdilər, mən də başımı tərpədib gülə-gülə
salamlaşırdım. Elə bil heç nə olmayıb, hər şey öz qaydasındadır.
Şübhə oyadası heç bir hərəkət, söz ola bilməzdi. "Fantaziya"
hamamının qabağında faytonlar dayandı. Dörd nəfər təzə, naməlum
kişi də bizə qoşuldu. Öz aralarında xeyli danışandan sonra
faytonları buraxıb yola saldılar. Bir qədər piyada getdik. Babanı
buraxdılar və təhdidlə tapşırdılar ki, düz evə get. Xeyli piyada
yeridik. Dayanıb təzədən fayton saxladılar. Mindik. Şamaxı yolunu
(C. Cabbarlı küçəsi) dalda qoyub darısqal küçələrlə, dolaşıq
dalanlarla hərlənə-hərlənə gəlib çıxdıq Balaxanı şosesinə. Keçdik
Keşlənin yanındakı "İzvozçi" slabodkaya.
Belə dolanıb hərlənməkdə məqsəd izi itirmək idi; duyuq düşüb
təqibə başlasalar, gəlib onları tapa bilməsinlər. Məni ikindi vaxtı
qaçırmışdılar, divan-dərə isə iki saatdan sonra əhvalatdan xəbərdar
olur. Babanı nə qədər dindirirlər heç nə başa sala bilmir, çünki
gəlmə adam idi, özü şəhər küçələrini, məhəllələrini tanımırdı.
Polismeystr polis məmurlarını, məxfi polisi ayağa qaldırır. Xeyli
kazak səfərbər edirlər. Əlli nəfər atlı qaradovoy da onlara
qoşulur. Axtarışa polismeystr özü başçılıq edirdi. Çünki Hacı
Zeynalabdin telefon etmişdi. Məni saldılar çayçıxanaya, oturtdular
qaynayan iki samovarın dalında, başladılar çay içməyə, şor-qoğal
yeməyə, zarafat etməyə. Kim isə xəbər gətirdi ki, "İzvozçi"
slabodkanı və Keşləni polislərlə kazaklar mühasirəyə alıblar.
Həriflər bu xəbəri heç veclərinə də almadılar, çay içə-içə
başladılar kart oynamağa. Qabağımda çay, bayıra baxıb görürəm ki,
atlı kazaklar, girdovoylar bu yandan o yana at çapır, vurnuxurlar.
Məni oğurlayanlar səkkiz nəfər idi. Üzü açıq, niqab-zad
geyməmişdilər. İkisi müsəlman, ikisi erməni, ikisi rus, ikisi də
gürcü idi. Başçıları, güdəboy gürcü balası qarabəniz, suyuşirin
adam idi. Çox az danışırdı. Müsəlmanca bilirdi. Xoşrəftar,
xoş-məcaz... Amma köpəyoğlu çox zəhmli idi. Gözlərinə, üzünə dik
baxmaq olmurdu. Mənə baxıb arabir eyhamla astadan gülə-gülə
deyirdi: "Ağa Musa, yeyək, içək, kef eləyək, allah bilir sabaha kim
qala, kim ölə...".
Heç tələsmirdilər. Günün günortaçağı çapğınçılıq edir, heç kəsi
saymırdılar. Birdən gürcü balası qalxdı: "Uşaqlar, - dedi, - durun
gedək!" Çıxdıq həyətə, əyləşdik faytona. Bizimki qabaqda, gürcü
balası oturan fayton dalda, düşdük yola. Kazaklar uzaqda idilər.
Torpaq yoldan ötəndə bir okolodoçni ilə bir qaradovoy qabağımıza
çıxdılar, ayaq saxladılar. Gürcü balası yanakı çevrilib baxdı, hər
ikisi başlarını aşağı salıb getdilər. Qaranlıq düşürdü..." Musa
Nağıyev əhvalatı bura qədər danışırdı. Elə ki, soruşurdular: Ağa
Musa, sonra nə oldu? Mənalı bir əda ilə deyirdi: "sonra nə olduğunu
sonra danışacağam". Ağızdan-ağıza gəzirdi ki, Musa Nağıyevi azad
etmək üçün çapavulçularla Musanın baş işləri müdiri arasında xeyli
danışıq gedib, hətta Hacı Zeynalabdin Tağıyev də miyançılıqda
iştirak edib. Deyilənlərə görə, onu 100.000 manat alandan sonra
azad ediblər.
1909-cu ilin aprel ayında "Bakinets" qəzeti xronika şöbəsində elan
etmişdi ki, Bakı şəhər rəisinin keçmiş müavini, indi Batum
vilayətinin hərbi qubernatorunun müavini polkovnik T. P.
Şubinskinin Musa Nağıyevin oğurlanmasında barmağı olub, ona görə də
Bakıdan tez köçüb Batumda işə düzəlib. Hətta iddia edirdilər ki,
Musa Nağıyevdən alınmış məbləğdən Şubinskinin payına 26 000 manat
düşüb. Digər məqalə təxminən bu məzmunda idi: "Camaat arasında
sabiq Bakı şəhər rəisi müavini, hazırda Batum vilayətinin hərbi
qubernatoru müavini polkovnik P. P. Şubinskinin həbs edilib dustağa
salınması barədə geniş şayiə yayılmaqdadır. Nəql edirlər ki, Qafqaz
canişini polkovnik Şubinskini hüzuruna çağırıb şəxsən onun
ordenlərini çıxarıb, ötən il Musa Nağıyevin oğurlanmasında iştirak
etdiyi barədə təqsirnamə əsasında qazamata saldırıb". Anbaan artan
şayiə şişib min bir rəngə boyanır, fantastik xarakter alırdı, bu
sensasiyalı şayiələri hətta "gözlərilə görən" şəxslər peyda oldu.
Onlar şübhə edənləri inandırırdılar. Saatbasaat böyüyən söhbət o
yerə çatır ki, guya oğurlanmış xəsis milyonçu Musa Nağıyevi
qorodonaçalstvo (şəhər rəisliyi idarəsi) zirzəmisində
gizlədibmişlər... Sonralar Musa Nağıyev nəql edirmiş ki, doğrudan
da gecə vaxtı gözlərini bağlayıb faytonda şəhərdə çox hərlədəndən
sonra onu aparıb zirzəmiyə salıblar. "Bu zirzəmi xalça ilə döşənib,
üç-dörd otaqdan ibarət, mətbəx, rahatxana, əl-üz yuyulan yer,
avropa mebelləri... Tez-tez qramofon çaldırır, qumar oynayır,
zarafat edirdilər. Növbənöv ləziz yemək-içmək xirtdəkdən idi".
Xülasə, 100.000 manat alandan sonra Musa Nağıyevi günün günortaçağı
gətirib salıblar Hacı Zeynalabdin Tağıyevin evinə.
Musa Nağıyev bolşeviklər tərəfindən oğurlanmasını özü üçün ləkə
və şərəfsizlik hesab edirdi. Buna görə özünün işlər müdiri Fətulla
bəy Rüstəmbəyova dönə-dönə tapşırarmış ki, duma bu əhvalatdan xəbər
tutmamalıdır.
Nobel qardaşları və qoçular
Nobel qardaşları neft şirkəti də qoçuların köməyindən istifadə
edirdi. Bunu M.Ə.Rəsulzadə yuxarıda adını çəkdiyimiz kitabında da
təsdiq edirdi: "...polisin acizliyini görən bəzi firmalar
təhlükəsizliyini verdikləri dolğunca maaş müqabilində Bakının
"qoçu" deyə məşhur olan qoçaqlarına əmanət etmişdilər. O cümlədən,
məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-yev deyilən birisilə
bağlaşmışdı". "Nobel qardaşları" firmasını buna məcbur edən
qoçulardan aldıqları hədələyici məktublar idi. M.Ə.Rəsulzadə bu
hadisəni daha geniş təsvir edir: "Bolşevik partiyasının qolu ilə
adı çəkilən firmanın neft alan şöbəsinə bir məktub gəlir. Məktub
50.000 rublənin müəyyən gün və saatda gələcək yoldaşlara təslim
edilmək üzrə hazırlanmasını tələb edirdi. Firmanın müdirləri
H.M.-yevi çağırır və ondan təyin olunan saatda qoçularla
qarşılanmasını xahiş edir. H.M. bir neçə qoçusu ilə birlikdə
gözləyir. Təyin olunan saatda iki yoldaşı ilə Koba, yəni Stalin
peyda olur. Qorxu təlqin edən sərt bir baxışla H.M.-ni süzən Koba
ona ismi ilə xitab edərək deyir: - Hə, biz adi bir oğru-quldur
deyilik. Kapitalizmə qarşı vuruşan bir işçi partiyasıyıq. Hədəfimiz
Rusiya çarlığıdır. Biz işçilər bir zülmün altındayıqsa, siz
müsəlmanlar iki zülmün altındasınız. Başqasının xüsusi mənfəətini
qorumaq üçün bizə qarşı silah çəkmək, canınızı mənasız yerə hədər
etməkdir. Halbuki bizim aldığımız paralar hürriyyət üçün sərf
olunur. Bir millət olaraq, sizin hürriyyətiniz də bunun
içindədir.
Bundan sonra H.M.-yevin müqaviməti qırılır və həmən arkadaşlarına
dönərək: - Biz pəs, - deyir".
Qoçu Nəcəfqulu
Qoçu Nəcəfqulunun adı Bakıda dillər əzbəri idi. Onun törətdiyi
cinayətlər də daha dəhşətli idi. Şəhərdə hamının canına vahimə
salmışdı. Küçədə onun rastına çıxan adamlar dərhal yollarını
dəyişərdilər. Ondan ötrü ismət və həya boş sözlərdir. Başqasının
arvadına gözü düşərkən elə o gecə ərinin axırına çıxardı. Nəcəfqulu
sözün əsl mənasında cəllad idi. Bakının tarixində bir çox qanlı
hadisələr onun əli ilə törədilmişdi. Yalnız Sovet hakimiyyətinin
ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü
ilə güllələnmişdi.
Qoçu Ağa Kərim
Şəhərin Şamaxı yolu üstündə olan məhəllələr isə qoçu Ağa Kərimin
ixtiyarında idi. Xüsusilə Kömür meydanı onun daimi məskəni idi.
Kəndlərdən buraya satmaq üçün meyvə və başqa mallar gətirən
arabaçıların Ağa Kərimin icazəsi olmadan bazara girməyə ixtiyarları
yox idi. Gərək əvvəlcədən Ağa Kərimdən icazə alaydılar. İcazə də
kəndlilərə çox baha otururdu. Əgər birisi Ağa Kərimdən icazəsiz
bazarda bir şey satardısa, Ağa Kərim onun başına elə bir oyun
açardı ki, kəndli bazara gətirdiyi şeylərdən nəinki məhrum olar,
hətta təhqir edilib, döyülərdi də. Kömür meydanına gələn arabaların
çoxu Qubadan olardı. Buna görə də Ağa Kərimin təhqir və söyüşlərinə
daha çox dözən qubalılar idi. Ağa Kərimdən başqa onun iki qardaşı
da Kömür meydanında "allahlıq" edərdilər. Onların burada
çayxanaları vardı. Əslində isə hər şeylə məşğul olardılar.
Qoçuların geyimi
Bu qrupdan olan Bakı qoçuları həmişə səliqə ilə geyinərdilər.
Əyinlərində atlas köynək, yaxud ağ kraxmallı köynək, zərbaftadan
jilet, üstündən bahalı parçadan don və ya kostyum olardı. Başlarına
drabi papaq qoyar, ayaqlarında jıqjıq uzunboğaz çəkmə və ya yanları
rezinli şiblit olardı. Yanlarında da həmişə mauzer gəzdirərdilər.
İkinci qrup qoçular isə daha çox icraçı idilər. Bunlar adlı-sanlı
qoçuların həndəvərində dolaşan buyruq qulları idilər. Bazar bütün
günü belə qoçularla qaynaşardı. Başlarına çal papaq qoyar,
ayaqlarına bir qayda olaraq, uzunboğaz çəkmə geyər, şalvarlarının
balaqlarını da çəkmənin içinə salardılar. Bellərinə pencəyin
altından gümüş belbağı bağlardılar. Bığları da həmişə yağlı və
burumburum olardı.
Partiya və təşkilatların qoçularla əlaqəsi
O dövrdə Bakıda yaranmış bir sıra mürtəce partiya və təşkilatlar
qoçuların xidmətindən çox istifadə edirdilər. Məsələn, 1905-ci ildə
"İttifaq" müsəlman mürtəce partiyası öz mövcudiyyət və ləyaqətini
qorumaq üçün qoçu Ağa Kərimlə əlaqə qurmuşdu. Silahlı qoçu ilə belə
yaxınlıq və ittifaq "İttifaq"ı nəzərdən salmış və nəhayət 1906-cı
ildə tamamilə dağılması ilə nəticələnmişdi. Çar inzibati idarələri
ayrı-ayrı inqilabçılar barədə cəza tədbirləri düşünərkən qoçuları
da işə cəlb edirdilər. Onların fikrincə, inqilabçıları ələ keçirmək
üçün yerli qoçulardan istifadə etmək rəsmi polis məmurlarından
istifadə etməkdən daha əlverişlidir. Məsələn, Əli Bayramovun həbs
edilib, öldürülməsində qoçu - baş kəsən Əjdər Əminovun böyük köməyi
olmuşdu. O qəddar polisin göstərişi ilə qoçu Hüseyn Qədiroğlu ilə
birlikdə Əli Bayramovun başını kəsib, cəsədini gizlətmişdilər. Adi
vaxtlarda isə qoçuların polisi görən gözləri yox idi. Hər ikisi
birbirindən çəkinərdi. Qoçular atışdığı zaman qorodovoylar öz
postlarından uzaqlaşardılar ki, guya görmürlər. Ya da özlərini
bilərəkdən görməməzliyə qoyardılar. Qoçular da əllərindən bir xəta
çıxdığı zaman qorodovoyun bir fiti kifayət idi ki, dabanlarına
tüpürüb qaçsınlar.
Qoçuların sürgünü
1910-1912-ci illərdə şəhərdə qoçuların törətdiyi cinayətlər
həddini aşmışdı. Bunun qarşısını almaq məqsədilə şəhər
qradonaçalniki (qalabəyi) podpolkovnik P.İ. Martınov bir sıra ciddi
tədbirlər hazırlamışdı. Bu işdə "Hidayət" cəmiyyəti də yaxından ona
köməyə qoşulmuşdu. "Hidayət" şəhərdə azğınlıq edən qoçuların
siyahısını tutub Martınova təqdim edir və onların şəhərdən sürgün
edilmələrinə çalışırdılar. Axund Molla Ruhullanı qətlə yetirmiş
qoçu Məşədi Hacı oğlu da elə bu zaman sürgün edilmişdi.
Qoçular qoçusu Murtuza Muxtarov
Lakin bu milyonçular içərisində yalnız Murtuza Muxtarov
qoçuların qənimi idi. Bəlkə buna görə idi ki, camaat onu Qoçular
qoçusu adlandırırdı. Onun bir qoçunun başına açdığı oyun bütün
qoçular üçün həmişəlik dərs olmuşdu.
Əslən Məhəmmədili kəndindən olan Əltürbət adlı gənc bir qoçu
peyda olur və Bakıda at oynatmağa başlayır. Bu qansız gənclə ən
adlı-sanlı qoçular belə qarşılaşmaq istəmirdi. Günün günorta
çağında küçədə qarşısına çıxan hər hansı bir ziyalının, yaxud
tacirin papağını başından götürdən, özündən zəif qoçuların
mauzerini əlindən aldıran bu qoçu o qədər harınlaşır ki, günlərin
birində Murtuza Muxtarova girişmək qərarına gəlir. Bir nəfəri
göndərib milyonçudan bac istəyir. Kabinetinə girən bığıburma gəncin
məqsədini eşidən milyonçu qətiyyən halını pozmur. Əvvəlcə
Əltürbənin kim olduğunu, onun adını eşitmədiyini söyləyir. Gələn
adam "Əltürbə qoçubaşıdır" deyə dilləndikdə isə "Hə, nə olar. Ancaq
bir şərtim var: get, qoy Əltürbət özü gəlsin. Həm tanış olarıq, həm
də pulları özünə verərəm" deyib onu yola salır. Səhəri gün deyilən
vaxtda Əltürbə iki mauzeri üst-üstə belinə bağlayıb, xüsusi zövqlə
geyinərək gəlir. Zarafat deyildi, o boyda milyonçuyla tanış
olacaqdılar. Murtuza Muxtarov yenə iş otağında nəsə məşğul olarkən
qapı açılır. Gələnin kimliyini təxmin etsə də:
- Kimsən a bala? - deyə ucadan səslənir.
Gələn adam qoçu Əltürbət olduğunu söyləyir. Milyonçu elə adam
tanımadığını deyəndə qoçu özünü dartıb dünən adamlarından birini
bac almaq üçün göndərdiyini və bu günə vəd olunduğunu bildirir. Bu
cavabı eşidən milyonçu yenə də çox sakit tərzdə:
- Hə, deməli bac almağa gəlmisən? Lap yaxşı. Zəhmət olmasa, gəl,
götür, bax, buradadır - deyə bir addımlığındakı daxılı
göstərir.
Qoçu Əltürbə şəstlə göstərilən yerə irəliləyərək daxıla tərəf
əyilmək istəyəndə Murtuza Muxtarov oturduğu yerdəcə ona bir yumruq
ilişdirir. Əltürbət gözlənilməz zərbədən səntirləyərək iki-üç addım
arxaya tullanır, özünə gəlməyə imkan tapmamış milyonçu onun
çiyinlərindən yapışaraq düz pilləkənin başınacan sürütləyir. Orada
elə bir təpik vurur ki, qoçu bir də pilləkənin ayağında bənd alır.
Burada da ona göz açmağa imkan verməyən Murtuza Muxtarov başının
üstünü alıb qəzəblə "Mən qoçular qoçusuyam! Sən kimsən ki, indi
gəlib məndən bac istəyirsən? Cəhənnəm ol, gözüm səni görməsin", -
deyir. Qoçu Əltürbət iki mauzerdən heç olmasa birinə də əl atmağa
imkan tapa bilməmişdi. Eləcə, suyu süzülə-süzülə qapıdan çıxır.
Elə həmin gün Murtuza Muxtarov lazım olan adamlara göstəriş
verir ki, səhərəcən Əltürbət adlı adam Bakı şəhərində
olmamalıdır.
… Əltürbət elə o gecə yoxa çıxandır. Bu günədək də onu gördüm
deyən tapılmır.
Bakı qoçuları erməni-müsəlman davasında
Əlbəttə, qoçuluq Bakının ictimai həyatında qara bir ləkə idi.
Lakin bununla belə qoçuların üzərinə mürtəce bir qüvvə kimi tamam
xətt çəkmək də düzgün olmazdı. Ağır faciəli günlərdə qoçular həmişə
xalqın köməyinə çatmışdılar. Məsələn, 1904 və 1918-ci illərdə
erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək
mümkün deyil. 1918-ci ildə erməni daşnaklarının Erməni kəndindən
şəhərə hücum edəcəklərini eşidən kimi qoçular bir sədd kimi onların
qabağını kəsmişdilər. Ya da ermənilər Bakının cənub kəndlərinə
basqın edəndə qoçular Bülbülə kəndinin böyründəki gölün ətrafını
əhatə edərək, onları Mərdəkan, Binə və Qala kəndlərinə
buraxmamışdılar. Bu döyüşdə Bakı kəndlərinin qoçularından da bir
çoxu fədakarlıqla həlak olmuş, lakin düşməni bir addım da irəli
buraxmamışdılar. Qoçuların içərisində ehtiyacı olan adamlara əl
tutan, onlara pənah gətirənləri, ədalətsizlikdən qoruyan qoçuların
da olduğunu qeyd etməmək insafdan olmazdı.
Məsələn, Maştağalı Qoçu Nəcəfqulu öz vəsaiti hesabın silah alıb
camaata paylayır və müdafiə dəstələri yaradırdı. Onun bu igidliyi
Nuru Paşa tərəfindən ordenlə mükafatlandırılır. Azərbaycanlılara
qarşı qəddarlıq edən erməniləri tutan Qoçu Nəcəfqulu onları hamamın
qazanxanasında diri-diri yandırır. Qadınların namusuna toxunan iki
erməni isə diri-diri divara hörülür.
Nəcəfqulunun adamları son gülləsinə qədər vuruşmalı, sonra isə
xəncərlə əks-hücuma keçməli idilər. Amma buna ehtiyac qalmır. Çünki
onun çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyov xeyli patron
göndərir.
Kürdəxanılı qoçu Məşədi Adil də mart hadisələrində igidlik
göstərib. O, dostları ilə birlikdə Biləcəri-Xocahəsən yolunun
üstündə səngərlər qazır və Andronikin, Amazapın qoşunlarına qarşı
döyüşür.
Məşədi Adil də 15 sentyabra, yəni Osmanlı ordusu gələnə qədər
Bakını ermənilərdən qoruyur. Qoçu Nuri Paşaya öz atını hədiyyə edir
və türklər tərəfindən Paşa titulu ilə mükafatlandırılır.
Dağlı Musa da ermənilərə qarşı vuruşduğu üçün Nuri paşa
tərəfindən yüzbaşı rütbəsinə layiq görülür. 1920-ci ildə Türkiyəyə
dəvət edilir və Ənvər Paşa tərəfindən minbaşı rütbəsi ilə təltif
edilir.
Eyni zamanda, Nargin adasında əsir tutulan türk əsgərlərini də
pulla alıb azad buraxırmış. Dağlı Musa 1934-cü ildə Türkiyədən
qayıdanda həbs edilir. 1956-cı ildə Bakıda vəfat edir.