Alim Qasımov təqdimata ehtiyacı olmayan tək-tük sənətkarlardan
biridir. Müğənni hər zaman diqqət mərkəzindədir – artıq dediyi hər
söz, atdığı hər addım dartışmaya, söhbətə, müzakirələrə səbəb olur.
Hərə onu bir cür və hər kəs də öz tərəfində görmək istəyir. Elə
məşhurluq, böyüklük də bu olmalı. Əslində isə dünya dediyin elə bü
cür insanların özüdür – onlar nə qədər gözəl, yaxud ədalətsiz
olursa olsun, ondan nə qədər narazı olursan ol, onu nə qədər
sevirsən sev, fərq etməz. Biz isə sadəcə, o dünyanın səsini eşidib,
oxucularımıza çatdırmaq üçün master-klasslar keçdiyi Azərbaycan
Milli Konservatoriyasına yollandıq.
Deyirlər muğama qulaq asmaq insana qəm-kədər, göz yaşı
gətirir…
- Mən də bunu efirdən eşitdim, amma inandırım sizi, ya bunu
deyənin zatında qırıqlıq var, ya da ermənilərlə əlbir olub
Azərbaycanın ən dəyərli, adlı-sanlı musiqisinə zərbə vurmaq
istəyir. Bu sözü deyənin başı özündə olmayıb, səmti düz deyil. Mən
özümü yaxşı hiss etmirəmsə, mütləq muğama qulaq asıram. Muğam
zövqdür, muğam həyatın içidir.
Alim bəy, bəstəkar axtarışına çıxmışdınız. Dad edirdiniz
ki, mənim ruhumu duyub, musiqimi bəstələyən bəstəkar tapmıram.
Tapdınız?
- Yox bala, hələ də axtarıram. Demirəm bəstəkarlarımız pisdir,
bacarıqsızdır, amma mənim ürəyimə yol tapan bəstəkar yoxdur.
Bugünkü bəstəkarlar öz zövqləri ilə işləyirlər. Müasirlik millətin
başını xarab etdi. Mənim halımda istədiyim hissi mənimlə yaşayan
bəstəkar yoxdur. Varsa, çıxsın qarşıma.
Deyirsiniz, muğam bir dəryadır. O dəryadan sizə nə qədər
pay düşüb?
- Bəlkə bir damcı da düşməyib. Hələ o dəryanın suyunu
iyləmişəm.
Hər bir islam xalqı deyir ki, muğamın vətəni buradır.
Bəs Sizcə?
- Şərq ölkələri. Onlar folklor musiqilərinə qulaq asıb adını
muğam qoyurlar, muğam başqa bir eşqdir.
Seçkilərdə iştirak etdiniz?
- Bəli.
Kimə səs verdiniz?
- Attım da ora kağızı.
Demirsiniz?
- Yox niyə deyirəm ki? Əslində sirr deyil, qoy deyim, kim
seçilib səsimi də ona verdim.
Deyirsiniz müxalifət ölüb, daha yoxdur?
- Artıq müxalifət-zad yoxdur. Daha qutardı, o məsələlər bitdi.
Daş atsalar da, bostanımdan qayıdıb başlarına dəyəcək. Musiqidə də,
siyasətdə də daha müxalifət yoxdur, olmayacaq da.
Deyirsiniz, muğama düz istiqamət versən, sufiliyə doğru
gedəcəksən. Siz sufisiniz?
- Bəli, adamı dünyəvilikdən başqa aləmə çıxardır. O aləmdə nə
pul, nə də başqa şey düşünürsən, ancaq o dünya və ruhunla
yaşayırsan.
Sizin öz təbiətiniz sufiliyə çox
yaxındırmı?
- Yox mən on dəqiqə muğam oxuyandan sonra bu dünyadan ayrılıram.
Bir də görürəm buludların üstündə uçuram, özüm öz halımla sufiliyə
gəlmirəm.
Getdiyiniz o dünyada nələr görürsünüz?
- Dünya malından başqa hər şey.
Deyirlər, bu dünya ağ və qara rənglərdən ibarətdir,
sizin dünyanız necə?
- Yox, axı mən hamı kimi deyiləm, mənim dünyamın rəngləri
çoxdur. Yəni rəngarəng həyatım var, gecə və gündüz hamı üçündür,
amma mənim üçün bu iki yerə bölünmüş həyatın içində çox mənalar
yatır. Baxın, kimi gecələr yaşayır, kimi gündüzlər.
Alim Qasımov xöşbəxtdir?
- … Həmişə Allaha şükür edək.
Nə vaxta kimi oxuyacaqsınız?
- Özümün öz oxumağımdan zəhləm gedənə kimi. Nə vaxt ki gördüm
özüm ancaq özümə zövq verib, özüm özümə kef verirəm, o zaman
qavalımı qoyub, sakitcə dincəlməyə gedəcəm.
Hansınız yaxşı oxuyursunuz – siz, yoxsa Fərqanə
xanım?
- Elmi cəhətdən o gözəl ifa edir, amma muğamın halına düşmək
cəhətdən mənə cata bilməz, bu mənlikdir.
Ona qızınız kimi baxırsınız, yoxsa…
- Ona pirim, ocağım kimi baxıram. O qədər qastrollarda,
yollarda, tədbirlərdə birgə oluruq ki, hərdən övladım olduğunu
unudub dost kimi yaxınlaşıram. Əslində, özüm də bilmirəm o mənim
nəyimdir. Siradşımıdr, dostumdur, qibtə edtiyim ocağımdır.
Bayağı musiqilərə münasibətiniz necədir?
- Pis, hansı kanalı açırsansa ürəyin bulanır, televizoru açamağa
da qorxuram. Şok! Şok! Şok! - bu nədir, bilmirəm.
Bayağı musiqiləri elə xalq artisti adını daşıyanlar da
oxuyur. Siz də bu fəxri adı almısınız. Bu sizə necə təsir
edir?
- Elə ifası olanlarla, mənim bir tərəzidəki çəkimə baxıb,
utanıram. Əsl sənətkar üçün ad önəmli olmasa da, şərtdir,
təqdimatdır, amma xahiş edirəm özlərini düzəltsinlər,
biabrçılıqdır, mən onlarnın yerinə utanıram. Yazıqdır musiqimiz,
yazıqdır soy-kökümüz, gəlin, gələcəyimizi yazıq etməyək.