Adətən yaradıcı insanların çətin həyatları,
özlərinə aludəlikləri, ailədən daha çox işə vaxt ayırdıqları
söylənilir. Buna görə də bir çoxunun ailə həyatı uğursuzluqla
nəticələnir. Bu yazıçıların isə yaradıcılıqları ailəsiz bəlkə də
alınmazdı.
500 səhifəlik bir kitabın qətli
Paulo Koelyo və rəssam xanımı Kristinanın sevgi hekayəsi bir
mərclə başlayıb. Paulo sirk işçilərinin əlindəki ilanı öpsə,
Kristina da onu öpəcəkdi. Və Paulo hər kəsin təccüblü baxışları
altında ilanı dodaqlarından öpmüşdü. Paulo Kristinanın hisslərinə o
qədər güvənir ki, onun əvvəlcədən istəmədiyi şeyləri etmir. Hətta
500 səhifəlik bir kitabının əlyazmalarını xanımı uyğun görmür deyə,
beton qarışdıran maşına atır.
Öz uşaqları yoxdu, Paulo bunu istəməyib. Ancaq onlarla yetim
uşağın qayğısına qaldıqları bir qurumları var. Paulo deyir ki, ona
bağlanmaqdan çox qorxurdum və 10 il ərzində düşünürdüm ki, elə bu
gün məni tərk edəcək, onda da onu itirməkdən qorxurdum.
33 ildir ki, birlikdə yaşayan cütlüyün rəsmi nigahları
yoxdu.
Sadəcə, bir jurnalist xanımıydı...
Handə Altaylı uzun müddət, sadəcə, məşhur jurnalist Fatih
Altaylının xanımı kimi tanınırdı. Bir gün isə roman yazmağa
başladı, romanları yüz minlərlə satıldı və tərcümə edildi. Dediyinə
görə, kitablarının yazdıqca hər hissəsini ərinə oxudur. Onları
Qalatasaray liseyi, Boğaziçi universiteti və Zeynəb adlı qızları
birləşdirir. Jurnalist və yazarın sözlərdən hörülmüş dünyasında 20
illik bərabərlikləri davam edir.
Səhər yeməyini tək yeməmək üçün evləndim
Qabriel Qarsia Markes və xanımı Mersedesin sevgi hekayəsi onun
əsərlərinə bənzəyir. Harda başlayır, harda bitir, nə qədəri
yalandı, nə qədəri gerçəkdi, bilinmir. Mersedes hər kitabda, hər
çətinlikdə onu dəstəkləyib; üzüyündən, mətbəx əşyalarına qədər hər
şeyi girov qoyub evə baxır, əri isə roman yazırdı.
Onların iki oğlu var.
Qabo: "Səhər yeməyini tək yeməmək üçün evləndim,- deyir.- Amma
55 il bunun üçün həddən artıq çoxdur".
Gənc qızla görüntüləri yayılana qədər
Can və Dilək Dündar - bu iki jurnalistin 20 yaşlı oğullarının da
olduğu 21 illik evlilikləri ideal görünürdü. Ta ki Canın gənc qızla
görüntüləri yayılana qədər. Can Dündar bir müddət üzüksüz göründü.
Ancaq sevgi xəyanətdən də güclüdür və onlar evliliklərinə davam
edir. Dündar Ayşə Armana deyir: "Evinin, sarsıntıya davamlı
olub-olmadığı ancaq zəlzələdə anlaşılır. Elə bir sarsıntı idi.
Anladıq ki, davamlı imiş. Yıxılmadıq".
Dekabrist xanımı
Zülfü Livaneli və Ülkər Livaneli 47 ildir evlidirlər. Zülfü
Livaneli kitablar yazarkən, mahnılar bəstələrkən, filmlər çəkərkən,
siyasi məhbus olarkən, sürgünə gedərkən, ölkəyə gəlib qəhrəmana
çevrilərkən həmişə bərabər idilər. 20 yaşlarından birlikdə olan
cütlüyün 46 yaşlı bir qızı var.
Ər kapitalist, xanımı sosialist
Ərtoğrul və Tansu Öztürk 47 ildir bir yastığa baş qoyur.
Ərtoğrul Parisə oxumağa gedəndə Tansu məkdəbi atdı və onunla getdi.
Ərtoğrul 20 il "Hürriyyət" qəzetinin baş redaktoru oldu.
Çətinliklərlə dolu o günlərdə bir dəfə Tansu ona dəmir ütü atdı, az
qala öldürəcəkdi. Ərtoğrul kapitalist, Tansu sosialistdir, bu da
davalara səbəb olur. Amma davalar uzun çəkmir, çünki Ərtoğrul
hamama girib qapını bağlayır və sakitləşəndə çıxır. Onların
Gülümsün adlı qızı və iki nəvəsi var. İndi əri İstanbulda, Tansu
İzmirdə yaşayır. Ərtoğrul Özkök həftə sonlarında, bayramlarda
İzmirə xanımının yanına gedir. Evliliklərində yeni və daha yaxşı
mərhələ olduğunu deyirlər.
Çevriliş gecəsi elçilik
Yazıçı Ahmet Ümit və xanımı Vildanın filmlərdəki kimi bir sevgi
hekayələri var. Birlikdə təhsil aldıqları universitetdə tanış
olublar. 1980-ci il 12 sentyabr çevriliş gecəsi elçilik olub.
Tezliklə də evlilik. Siyasi fəaliyyətlərindən dolayı axtarışda
olublar. Ona görə kimliklərini gizləyərək yaşamağa məcbur idilər.
Bir il qaçaq olaraq Moskvada yaşayıblar. 8 il belə davam edib. Ən
çətini də balaca qızları Gülə bütün bunları başa salmaq idi. Bir
zamanların qaçaqları bu gün ölkələrinin ən önəmli ziyalılarıdır. 33
illik evliliklərində artıq nəvələri də var.
"Anna Karenina" bir mesaj imiş
Lev və Sofiya Tolstoylar 50 il bərabər yaşayıblar. Aralarında 17
yaş fərqi var idi. Sofiya bir növ onun redaktoruydu. Sofiya
əlyazmaları dəfələrlə oxuyur və düzəlişlər edirdi. Leonun "Anna
Karenina" əsərini gənc arvadına mesaj olaraq yazdığı da deyilir.
Yəni məni tərk etsən, sonun Anna kimi ola bilər. Sofiya dünyaya 16
uşaq gətirmişdi.
Çərpələng uçuran
Xalid və Röya Hüseyini - əfqan əsilli amerikalıların
tanışlıqları Xalidin atasının qonaqlığında olub. Bu yığıncaqda
həkim bəy və hüquqşünas xanım saatlarla söhbət edib və 6 həftə
içində evləniblər. Daha sonra Xalid çox satılan 3 kitabın müəllifi,
Röya isə redaktoru oldu. Cütlük 20 ildir evlidir və Xalidin
"gözümün nuru" dediyi iki qızları var.
Virciniyanın qorxuları, qarabasmaları
Virciniya və Leonard Vulf - dünyanı hələ də heyrətləndirən yazar
xanım və onun nəşriyyatçısı olan əri. Virciniya yəhudiləri heç
sevmirdi, amma yəhudiyə ərə getmişdi. Ona ərə gedəndə "məni cəlb
eləmirsən, ancaq məni sevməyin məni ovsunlayır",- demişdi. 29 illik
evlilikləri Virciniyanın qorxuları, qarabasmaları, xəstəlikləri ilə
keçdi. Bu özünü usanmadan həsr etmə idi: onunla danışmaq, yazmaq,
ağlamaq, həkimləri gəzmək. Leonard Virciniyaya dünyaya uşaq
gətirməyə icazə verməyib, hesab edib ki, bu onun səhhətinə ziyan
verə bilər. Amma Virciniyanın səsləri və qarabasmaları geri gələndə
o, yenidən xəstəxanaya qayıtmamaq üçün intihar etdi. Məktubunda:
"İnanmıram ki, dünyada iki insan bizim qədər xoşbəxt olsun",-
yazırdı.