"Bu,
mənim nə vaxtsa keçirdiyim ilk mətbuat konfransımdır. Özümü sanki
Yaxın Şərqdə sülh prosesində birdən partlayış elanı verməliyəmmiş
kimi hiss edirəm..."
Amerika yazıçısı, "Bədii ədəbiyyat" nominasiyasında milli kitab
mükafatı, eləcə də Pulitser və Dublin mükafatları laureatı,
"Azadlıq" və "Təshihlər" kimi gözəl əsərlər müəllifi Conatan
Franzenin kompaniyada ilk saatı belə başladı. Budur, bu da onun
söylədikləri.
Mən haradasa naməlum bir yerdə pult arxasında oturub
duaları qəbul edərək onlara cavab verən Allaha inanmıram.
Mən dini tərbiyə almışam, ancaq 1970-ci illərdə Qərbin mərkəzində
böyümüşəm və hər şey məcazlarla çox zəngin olub. Mənim üçün
qətiyyən fərqi yoxdur, Allah hər hansı bir konkret səbəbdənmi
uydurulub, yoxsa ümumiyyətlə, o, yoxdur.
Düzünü desəm, mən nə isə yazanda dindən daha çox elm
haqqında düşünürəm. Mənim üçün incəsənət öz-özlüyündə bir
dindir, buna etiraz etmək isə din yox, elmin dəhşətli
materializmidir. Beləliklə, saatlarla oturub fikirləşirəm və dərk
etməyə çalışıram ki, mənim qəlbim var, ruhi təfəkkürüm var, ancaq
yenə də bir elm tərəfdarı kimi bilirəm ki, bunlar yalnız karbon,
hidrogen və oksigenin molekullarıdır. Zənnimcə, əgər ciddi
yanaşsaq, elmdə kifayət qədər maraqlı məsələlər var. Əgər təkcə
fantast-yazarlar deyil, ümumilikdə əksər yazıçılar buna diqqət
yetirsəydilər, mən çox xoşbəxt olardım.
Şübhə yoxdur ki, ABŞ-da işlər o qədər də yaxşı getmir.
Ancaq bədbin baxışlarla da razı deyiləm. Əgər ölkənin
1937-ci ildəki durumuna nəzər salsanız, bəlkə də belə nəticəyə
gələrsiz ki, Marks haqlı imiş. Əlbəttə, nəticə bizə bəllidir.
Fikrimcə, hazırda baş verənlər – ümumdünya tendensiyasıdır. Zənn
etmirəm ki, bu, istisna olaraq ABŞ-a tətbiq edilə bilər. Mənim
nöqteyi-nəzərimcə, texnologiya və kapitalizmin qovuşuğundan dünya
həqiqətən də nəzərət olunmaz bir hala gəlib çatıb.
Söhbət Avropadan gedirsə, orada siyasətçilərin, demək
olar ki, heç bir dəyəri yoxdur. Avropada qərarları
bankirlər və maliyyə mütəxəssisləri qəbul edirlər. Bunun
demokratiya və xalqın iradəsi ilə əlaqəsi belə yoxdur. Və biz bütün
bunların girovuna çevrilirik, çünki iPhone-u sevirik!
Bir neçə il bundan əvvəl Çinə gedəndə məndə belə bir
təəssürat yarandı ki, bura respublika ölkəsidir. Burada
bir qrup olduqca zəngin yaşayır, ancaq insanların əksəriyyəti,
xüsusilə də kəndlilər tam yoxsulluq həddindədirlər. Siz Şanxaya
gedirsiniz və necə fikirləşirsiniz, insanlar nə istəyirlər? Onlar
təzə iPhone istəyirlər!
Mənim qadjetlərlə problemim ondan ibarətdir ki, müəyyən
bir vaxt hansısa yaramaz bir sayta baxıram, sonra isə elə həmin
ekrandaca Ceyn Osteni oxuyuram. Düşünürəm ki, ciddi
oxucular üçün daimilik hissi qorunub saxlanılmalıdır. Həyatınızdakı
yerdə qalan şeylər tez dəyişəndir. 50 il sonra daima və dəyişməz
olanlara ehtiyac duyan oxucular olacaqmı? Deyə bilmərəm. Ancaq
qorxuram ki, əgər dünyada daimilik çatışmasa, əgər istəniləni
anından asılı olaraq "necə gəldi" düzüb-qoşmaq mümkün olacaqsa,
dünyanı işləməyə sövq etmək çox çətin olacaq.
Qəribədir, insanlar ölümsüzlüyə və ya heç olmazsa,
mümkün qədər çox yaşamağa nə qədər çox can atırlar. Ölüm
haqda düşünərkən özlərinə təskinlik verərək deyirlər: "Nə etmək
olar, o artıq mənim problemim olmayacaq!" Ancaq dünya elə sürətlə
dəyşir ki, əgər yaşınız səksəni adlayarsa, buna psixoloji baxımdan
tab gətirmək mümkünsüz olacaq.
Bir oxucu kimi həqiqətən də məmnunluq tapa biləcəyim
roman tapmaqda çətinlik çəkirəm. Uzun-uzadı kitablar yaza
bilmirəm və xoşbəxtəm ki, belə yazıram. Bir də mən oxuya
bilməyənlər üçün yazmıram.
XIX əsr roman yazarlarının üstünlüyü onda idi ki, onlar
arasında heç bir rəqabət yox idi, həm də Dikkens və ya Tolstoy kimi
yazarlar həqiqətən də "oxucu tutmağın" yollarını yaxşı
bilirdilər. Əlbəttə, biz XIX əsrdəki kimi yaza bilmərik,
ancaq gündən-günə, yaxşı mənada dəyişən elmlə yüklənmək məqsədinə
doğru gedə bilərik.
Azad mətbuatın mövcud olması çox vacibdir, ancaq müasir KİV-in
özünəməxsus məntiqi var, onlar o qədər də yüksək tezliklə
işləmirlər. Nəticədə biz nəinki şəffaflığa nail olmuruq, hələ bir
üstəlik çox tez-tez təhrifləlrə və yanlışlıqlara da rast gəlirik.
Buna görə də bizə məhz romanlar lazımdır - onların tezliyi tamamilə
fərqlidir. Kitabın yazılması xəbərlərin hazırlanmasından həddən çox
zaman alır. Eyni zamanda, mütaliə də xəbərlərin mənimsənilməsindən
uzun sürən bir prosesdir. Roman oxucuları tezlikdə itirsələr də,
rəngarənglikdə qazanırlar və düşünmək üçün daha çox zaman əldə
edirlər.
Belletrist dəyərli əsər yazmaq üçün dolğun və məzmunlu
həyat yaşamalıdır. Mütləq öz şəxsi təcrübəndə həyatın
dərinliklərinədək, bəzən isə hətta dibinədək enməlisən ki,
yaradıcılıqda müvəffəq olasan. Belə kitabların yazılması səbəbləri
çox sadədir – çox güman ki, əksəriyyət artıq belə bir təcrübədən
keçib, odur ki, anlamaq amili burada ön sırada dayanır və qəlbə
sirayət edir. Əlbəttə, ömrünüzün, həyatınızın bir parçasını, həm də
qərəzsiz bir parçasını ümumun ixtiyarına verməklə çox böyük risk
edirsiniz və sözsüz ki, əgər bu hissə oxucu tərəfindən anlaşılmasa
və qəbul edilməsə, çox böyük ağrı verəcək, ancaq önəmli olan əsas
duyğu – minnətdarlıqdır.
Ətrafımızda gördüyümüz gerçəkliklə hekayətlərin
mütaliəsi arasındakı fərq ondadır ki, reallığın heç bir mənası
yoxdur. Əhvalat heç zaman bitmir. Həm müəllif, həm də
oxucu üçün romanın cazibə qüvvəsi ondan ibarətdir ki, siz özünüzün
mikro aləminizi yaradırsınız. İnsanlar elə buna görə də mütaliə
edirlər. Siz dünya ilə, reallıqlarla mübarizə aparırsınız və bəzən
bu, çox mənasız görünür, lakin bədii ədəbiyyatın yardımı ilə bir
neçə saatlıq da olsa sığınacaq tapırsınız və burada hər bir
varlığın öz anlamı olur
Təcrübi nöqteyi-nəzərdən, zənnimcə, işləyərkən
internetdən istifadə etmək yaramaz. Xırdalıqlara
yayınmamalısınız. Məsələ ondadır ki, KİV eyni şeyi gündə min kərə
təkrarlayır. Kütləvi mədəniyyətin bizə mühüm bir xəbər kimi təqdim
etdiyi məlumatların əksəriyyəti əslində heç də o qədər önəmli
deyil. Romanın əsas vəzifəsi – fikirlərini toplamaqda insanlara
yardım etmək və diqqəti KİV-in nəzərdən qaçırdıqlarına
yönəltməkdir.
Roman üçün əsas problem odur ki, o biri aləm dayanmır,
çox sürətlə irəliləyir, burada isə sakit axınla gedən mübarizə
içindəsiniz. Bunu anlamalı və artıq nəşr olunanadək
köhnəlməməsi üçün necə yazmaq lazım gəldiyi barədə düşünməlisiniz.
Səbirli və inamlı olmalısınız. Roman yazarkən özünüzü hər hansı bir
dini icmaya aid etmədən Allaha inanmalısınız.
Yazıçılıq sənəti haqqında deyilənlərin ən ruhlandırıcısı Don
Denillonun sözləridir: "Yazıçı başçılıq edir, kiminsə arxasınca
getmir!"