Sergey Yesenin – romantik, sarışın, yaraşıqlı şair
qadınların sevimlisi idi.
O, dörd dəfə evlənib: Anna İzryadnova, Zinaida Rayx, Aysedora
Dunkan və Sofya Tolstoy ilə...
Lubyankada qətl
Yeseninin vətəndaş nikahında yaşadığı Anna Romanovna İzryadnovna
ziyalı ailədən çıxmış təhsili qız idi. Yeseninlə Sıtinin
nəşriyyatında tanış olan Anna orada korrektor, Sergey isə əvvəlcə
ekspeditor, sonra isə korrektor köməkçisi işləyirdi. 1914-ci ildə
cütlüyün oğlu dünyaya gəlir – Yuri (Georgi). Ancaq ailə həyatı
alınmır, gün-güzəran şairi çox tez bezdirir və 1915-ci ildə onlar
ayrılırlar.
Anna İzryadnovna Yeseninin atalığını şairin ölümündən sonra
məhkəmədə sübuta yetirməli olur. Yuri Yeseninin taleyi faciəli
olur. O, Moskva aviatexnikumunu bitirir, 1937-ci ildə isə Uzaq
Şərqdə hərbi xidmətdə olarkən yalan ittihamla həbs edilir.
"Əksinqilabi faşist-terrorçu qruplaşmanın" üzvü kimi Lubyankaya
gətirilir və həmin ilin avqustunda əvvəlcə vəhşicəsinə döyülərək
"günahını" etiraf etdirir, sonra isə güllələyirllər.
Jurnalist övladlar
1917-ci ildə Yesenin aktrisa Zinaida Rayxla evlənir. Bir ildən
sonra qızları Tatyana, 1920-ci ildə, artıq valideynləri boşanandan
sonra isə oğlu Konstantin dünyaya gəlir. Üç illik bu nikahı çox
böyük mübaliğə ilə birgə həyat adlandırmaq olar. Zinaida elə ümid
edirdi ki, uşaqlar ailə bağlarını möhkəmləndirər, ancaq əbəs yerə.
Onlar daima ya səfərlərdə olur, ya da küsüşürdülər və nəhayət,
ayrıldılar.
Hər iki uşağı məşhur rejissor və Zinaida Rayxın ikinci əri
Vsevolod Meyerxold övladlığa götürür. Məlumdur ki, Vsevolod
Emilyeviç 1937-ci ildə həbs olunub yapon və ingilis casusu kimi
güllələnir, Zinaida Nikolayevna isə çox müəmmalı şəraitdə öz
mənzilində amansızlıqla qətlə yetirilir.
Şairin övladlarının payına düşən bütün çətinliklərə baxmayaraq,
onlar çox şərəfli bir həyat yaşayır, tanınmış və mötəbər şəxlər
kimi cəmiyyətdə layiqli yer tuturlar.
Atası kimi sarışın olan gözəl Tatyana balaca qardaşı və
qucağında körpə uşaqla valideynlərinin mənzilindən sürgün
edilməsinə baxmayaraq, Meyerxoldun arxivini xilas edir və onu
Moskva ətrafındakı bağ evində gizlədir. Müharibə başladıqda isə
saxlamaq üçün S.M.Eyzenşteynə verir. Daşkəndə təxliyyə olunduqdan
sonra həmişəlik orada qalır. Tatyana Sergeyevna çox müdhiş şəraitdə
yaşayırdı, Yesenini tanıyan və sevən Aleksey Tolstoy ona yardım
edir. Ali Sovetin deputatı kimi öz vəzifəsindən istifadə edərək
Tatyananın ailəsi üçün barak tipli balaca bir ev düzəldir.
İstedadlı jurnalist, yazıçı və redaktor T.S.Yesenin Meyerxoldun
bəraət almasına nail olur, Meyerxold və Rayx haqqında xatirələrini
nəşr etdirir. Onun Meyerholdun tədqiqatçısı K.L.Rudnitskiyə
ünvanladığı məktub indiyədək XX əsrin böyük rejissorunun
yaradıcılığının öyrənilməsi üçün qiymətli mənbələrdən hesab
olunur.
Tatyana Sergeyevna S.A.Yesenin muzeyinin direktoru olub, 1992-ci
ildə vəfat edib. Oğlu Sergey Vladimiroviç və nəvəsi Anna Moskvada
yaşayır.
Şairin oğlu Konstantin Sergeyeviç Yeseninin xaş atası Andrey
Belı olub. 1941-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunun
dördüncü kurs tələbəsi olan Konstantin Yesenin könüllü surətdə
cəbhəyə gedir. 1944-cü ildə bir neçə dəfə ağır yaralandıqdan sonra
üç Qırmızı Ulduzla cəbhədən qayıdır. Konstantin Yesenin bütün
ömrünü idman jurnalistikası və statistikasına həsr edib. "Futbol:
rekordlar, paradokslar, faciələr, sensasiyalar" (1968, 1970),
"Moskva futbolu" (1974, həmmüəllif), "SSRİ yığması" (1983,
həmmüəllif) kitablarının müəllifidir. Uzun illər SSRİ Futbol
Federasiyasının sədr müavini olub. 1986-cı ildə Moskvada vəfat
edib.
Aleksandr: riyaziyyatçı, şair, hüquq
müdafiəçisi
Sergey Yeseninin hazırda yaşayan yeganə övladı - qeyri-qanuni
oğlu Aleksandr Yesenin-Volpindir.
1920-ci ildə Yesenin şairə və tərcüməçi Nadejda Davıdovna
Volpinlə tanış olur. Nadejda gəncliyindən şeirlər yazır, Andrey
Belının rəhbərlik etdiyi "Yaşıl emalatxana" poeziya studiyasının
işində iştirak edirdi. 12 may 1924-cü ildə Leninqradda Sergey
Yesenin və Nadejda Volpinin qeyri-qanuni oğulları – Aleksandr
dünyaya gəlir. O, 1949-cu ildə MDU-nun riyaziyyat fakültəsini
bitirir, məntiqi riyaziyyat üzrə namizədlik dissertasiyası müdafiə
edir. Böyük alim Yesenin-Volpin həm də məşhur hüquq
müdafizəçisidir.
1949-cu ildə "antisovet şerlər" yazdığı üçün həbs olunur və
məcburən psixi müalicə almağa göndərilir (yeri gəlmişkən, Yeseninin
oğlu öz şeirlərini yalnız Volpin familiyası ilə nəşr etdirir).
1950-ci ilin payızından isə Karakandaya sürgün edilir. 50-ci
illərin ortalarında sürgündən qayıtdıqdan sonra insan haqlarının
müdafiəsi istiqamətində aktiv fəaliyyətə başlayır, zaman-zaman həbs
olunur, həbsxana-dəlixanaya göndərilir. Şairin oğlu bütövlükdə
həyatının 14 ilini həbsdə olub. A.Yesenin-Bolpin (Çalidze və
Saxarovla birlikdə) İnsan Haqları Komitəsinin yaradıcılarından
biridir. "İstintaq zamanı özünü necə aparmalı" kitabının
müəllifidir. 1972-ci ildə ABŞ-a mühacirət edib. Hal-hazırda orada
yaşayır, riyaziyyat və fəlsəfə ilə məşğul olur.