Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2019


Qarabağ videoları bizi izləyir, utanırıq...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlcə bütün olanlarımızı sildilər, sonra izimizi.

Hər şey dəyişdi. Heç olmamış kimi. Kol-koslar cığırları içində itirdi. Ümidimiz yollara idi. İzimizi tanıyacaq, bizi aparacaq yollara. Ayaq basmadığımız, yeni iz salmadığımız yollar da arxamızca yox oldu. Gördülər ki, o yollarla getmirik. Getmək istəmirik. Yağılar yollarımızı özlərinə yol elədilər. Torpaqlarımız kimi. Yurd yerlərimiz kimi. Daha o yerlərdə izimiz, “izm”lərimiz qalmadı. Silindi. Silindi baba izi, ata izi, oğul izi. Yerlərin adını, yolların səmtini dəyişdilər. Yeni yollar saldılar. Özününküləşdirdilər. Yer boş, yiyəsiz qalmır. Sahibi olmayana sahib çıxan tapılır. Təzə yollar o yerlərə yenidən iz salmağımızı bir az da çətinləşdirdi.

Başqaları özgəninkin özününküləşdirir. Biz özümüzünkünə sahib çıxa bilmirik. Nə zamandı olanlarımızı itirə-itirə gəlirik.

Biz zamanla ayaqlaşa, uzlaşa bilmədik. Zamanında irəlini görə bilmədik. Düşünənlərimizə irad bildirdik. İş görmək əvəzinə söz söylədik. Günbəgün bizi sıxan, əzən, üstümüzə gələnləri görə-görə boş verdik. Sonda boş verdiklərimiz bizi boşa verdilər.

Başqaları gələcək ideyalar haqqında düşünəndə biz tariximizi, keçmişimizi araşdırırdıq. Müzakirə edirdik. Bu hadisələrdən sonra heç kimə lazım olmayan, gələcəyimizə təkan verməyən, başımızı qatdığımız keçmişimizi.

Köhnə düşüncənin hər şeyi köhnədi. Elə yol düşüncəsi də...

“O yerlər bizimdir!” deyə, təzə səslə, köhnə avazla nə qədər istəyirsən çığır. Bağır. Sənin səsini özündən başqa kimdi eşidən. Oxunmuş bayatılar kimin nəyinə lazımdır. Deməyimiz nəyi dəyişir. Biz, ancaq özümüz eşidəcək səslə şikayətlənərkən onlar yurd yerimizdəki məscidlərin yerinə kilsələr tikirlər. Məktəblərin, bağçaların sayını artırırlar. Yollar salırlar. Təzə maşınlarda təzə çəkdikləri yollarda o yan-bu yana şütüyərək maşının pəncərəsindən bizə ... əl eləyirlər...

Torpaq, üstündə yaşayanındır. Əkib-becərənindir. Daha sənədə, bəyanata kimdi baxan. BMT-nin qərarlarını saya salan yoxdur. Sən yüz bəyanat ver. “Ora getmə” de... Eşidən varmı? Əsla.

Yol təzə olanda məsafə də gözə görünmür.

Ermənilər Gorusdan Laçına, oradan Şuşaya qalxıb Cıdır düzündə şənləndikdən sonra Şuşa-Ağdam-Ağdərə-Kəlbəcər yolu ilə deyib-gülərək gedib Kəlbəcərin İstisuyunda “açıq istisu vannası”nda yorğunluqlarını çıxarırlar. Oradan da sinəmizdən keçən, təzə çəkilən yolun davamıyla Qərbi Azərbaycana - indiki Ermənistana dönürlər. İrəvan xanlığında sərbəst gəzdikləri kimi indi də Qarabağda öz yerlərindəki kimi gəzirlər. Yaşayırlar...

Gedə bilmədiyimiz, həsrətində olduğumuz yerlərimizdə çəkdikləri videoları “Bura vətəndir!” deyib, hər gün paylaşırlar. Keçmiş sakinlər kimi bizə təəssüf dolu baxışlarla utana-utana videoya baxmaq qalır. Sanki sən videonu yox, video səni izləyir. Özündən utanırsan. Ordan hamı sənə baxıb gülüşmüş kimi.

Yol kənarında görünən yurd yerlərimiz bizim kimi o qədər nimdaşlaşıb ki, adam həyətini belə tanıya bilmir. Sonuncu daşına kimi sökülən, uçuldulan evlərdən əsər-əlamət qalmayıb. Nə qədər ağır səslənsə də “viran qalmış yurdda xatirələrin söykənəsi, xəyalların qonası yer yox...”

Ermənilər İrəvanda, Zəngəzurda, Göyçədəki kimi Qarabağda da “izm”imizi, izimizi pozdular. Yeni iz saldılar. Yollarımızı, xatirələrimizi sildilər. Taptaladılar özümüzü, ... izimizi, ... hər şeyimizi.

Göydən, sözdən asılı qalan titrək addımlarımız doğma yerlərimizə iz sala bilmir. Sözümüz kimi...

Mən sənin nəyinəm, vətən?

yolumda izim qalmadı,

baxmağa gözüm qalmadı,

kül oldum, közüm qalmadı,

mən sənin nəyinəm, vətən?

istəyəndə gəlməyim yox,

səni görüb gülməyim yox,

sənin üçün ölməyim yox,

mən sənin nəyinəm, vətən?

de, yurdumda yuvam varmı?

de, üstündə davam varmı?

son anadək çabam varmı?

mən sənin nəyinəm, vətən?

bu dərdin ta dözümü yox.

kim deyir ki, çözümü yox?

... alışıb yanan ürəyi,

qana boyanan ürəyi

əlimdə bayraq eləyib

zəfərə gəlirəm, vətən.

mən sənin əsgərin, vətən.

sən mənim hər şeyim, vətən.

Tarix
2018.03.15 / 00:50
Müəllif
Rəfail Tağızadə
Şərhlər
Digər xəbərlər

Prezident bu şəxsləri tətlif etdi - Sərəncam

Mehdiyevdən Mirzə Cəlilin nəticəsinə hədiyyə - Foto

Avropa Azərbaycan Məktəbində möhtəşəm gün - Foto

Nazir müavini Piotrovski ilə görüşdü - Foto

Əbülfəs Qarayev Nina ilə görüşdü - Foto

Azərbaycanın 70 yaşlı “kriminal”ı – Video

Bakıda bunu görmək çox xoşdur - Qolts

Aqşin Yenisey xəstəxanaya yerləşdirildi - Yeniləndi

Tanınmış prodüser vəfat etdi

Leyla Əliyeva “Yenilməzlər” adlı beynəlxalq tədbirdə - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla