Müasir oxucu dünənkinə nisbətən daha təcrübəli və daha
səriştəlidir. Fikrimizcə, məsələ ondadır ki, indiki əyləcələr
okenında çabalayanların çox az bir qismi kitab haqqında düşünür.
Günbəgün sayı azalan bu oxucular isə bir növ intellektuallar
təbəqəsi əmələ gətirərək özlərinə layiqli münasibət tələb
edirlər.
Bax, əvvəllər, yadınızdadırsa, tapa bildiyimiz istənilən kitab
bizi qane edirdi. Dümanı verirlər – götürürdük, Qorkini –
oxuyurduq. İndi isə kitabları saysız əlamətlərinə görə seçirlər:
əsərin özü - əlbəttə, ilk növbədə bu gəlir, ancaq mətbəə
keyfiyyəti, nəşriyyat, rəssam işi və əsas məsələ - tanınmış
tərcüməçi də çox böyük önəm kəsb edir.
Bütün bunlar onu göstərir ki, nəhayət, biz dərk etdik ki, sehrli
xarici ədəbiyyat dünyası bizim üçün yalnız möcüzəvi qələm sahibi
olan yazarların deyil, həm də istedadlı tərcüməçilərin sayəsində
əlçatandır. Yaxşı tərcüməçi yaxşı qələmə sahib olmaqla yanaşı, həm
də nadir, universal və ensiklopedik biliyə malik olmalı, dilin
incəliklərini dərindən bilməli, üslub və forma fərdiliyini
duymalıdır. Yadda saxlamaq lazımdır ki, tərcüməçi dünya ədəbiyyatı
nümunələrinə tamam başqa, yeni bir həyat bəxş edir və bu həyatın
məsuliyyəti tamamilə onun çiyinlərindədir.
Tarix boyunca görkəmli ədiblər müstəqil yaradıcılıqla yanaşı,
həm də tərcüməçiliklə məşğul olublar: Məhəmməd Füzuli, Abbas
Səhhət, Səməd Vurğun, Pasternak, Marşak, Axmatova və b. Bəzən də
tarixin müxtəlif dönəmlərində, ən müxtəlif siyasi rejimlərdə
taleyin hökmü ilə ən yaxşı nasir və şairlər zaman-zaman öz
yaradıcılıq imkanlarını məhz tərcümədə gerçəkləşdirməyə məcbur
olublar. Bu işdə ideoloji nəzarətdən xilas yolu tapıb, bəzən isə
sadəcə çörək pulu qazanıblar.
Yaradıcı həmişə yaradıcıdır və o, növbəti dahiyanə bədii tərcümə
yaradarkən poetik sözə, obraza və orijinalın mədəni mənbələrinə
qarşı çox həssas olmalıdır. Şekspiri və Höteni Pasternak kimi
tərcümə edə bilmək, şəxsi həyatın dramasını və ruhi çırpıntıların
paklığını onun kimi verə bilmək üçün Pasternakın həyatını yaşamaq
lazımdır, hələ onun istedadına sahib olmaqdan heç danışmıram.
Marşak xarici poeziyanın obrazlarını rus dilində yüksək səviyyədə
dilləndirə bilmək kimi nadir bir istedada malik idi. Onun Robert
Börns və Şekspirdən etdiyi tərcümələri əsrarəngiz sərbəst poetik
gözəlliyi ilə elə təəssürat yaradır ki, sanki Börns özü məhz rus
dilində yazıb.
Doğrudur, iyirminci yüzillikdə tərcümədə "hərfi tərcümə" deyilən
bir axın var idi. Ancaq bu tendensiya çox yaşamadı. Dörd dildə
sərbəst danışan və çoxlu sayda gözəl poetik tərcümələr müəllifi
olan Yevgeni Yevtuşenko bu barədə çox yaxşı deyib:
- Sərbəst tərcümə qorxulu deyil. Əgər sevirsənsə, heç nə qorxulu
deyil, ancaq əgər ahəngi öldürsən, bu, bütün fikirləri təhrif
edər.
- Özünü xırdaçılıqlarla çətinə salma! Daha çox ahəng, musiqi və
sərbəstlik! Mən yalnız bir şeirə inanıram. Sadəcə, tərcüməyə
inanmıram.
Yaxşı tərcümə və yaxşı tərcüməçi necə
olmalıdır?
Tərcüməçilər heç də özlərini müəllifdən sonra ikincili funksiya
daşıyan sadə ədəbi qullar hesab etmirlər, əksinə onlar bəzən
özlərini hətta həmmüəllif də deyil, ədəbi əsərin qazandığı uğurun
birbaşa müəllifi sayırlar.
Görün, misalçün, Servantes və Markesi amerikalılar üçün kəşf
edən Edit Qrossman nə yazır: "Tərcüməçilərdə iti üslub hissiyyatı
olmalıdır, həm də hər iki dildə. O, sözün oxucuya emosional
təsirini daha da genişləndirməli və effekli etməlidir. Tərcüməçi
yalnız dili deyil, zamanı, sosial auranı da hiss etməli, oxucuya
müəyyən şəraiti və əhvali-ruhiyyəni təqdim etməlidir… Öz körpəsini
- əsərini dünyaya gətirən müəllifdən fərqli olaraq tərcüməçi bədii
nümunəyə oxucu kimi baxmaq və onun oxucuya necə təsir edəcəyini
duymaq imkanına malikdir.
Təcüməçinin ən böyük nailiyyəti odur ki, oxucu müəllifin məhz
onun (oxucunun) doğma dilində yazdığını, hətta düşündüyünü hiss
etsin. Yəni hünər ondadır ki, oxucu əsərin tərcümə
olduğunu "bilməsin".
Və sonda
Hər il Ameikada təqdim edilən Best Translated Book
Awards mükafatı ədəbi əsərlərin ən yaxşı
tərcüməçisinə verilir. Analoji mükafat – "Master" mükafatı 2006-cı
ildən Rusiyada da verilir. Bəs bizdə necə?..