"Almaniyada Nəsimi,
Füzuli osmanlı kimi qələmə verilir"
1998-ci ildən Almaniyada yaşayan həmkarımız Vüqar Dəmirbəyli ilə
virtual söhbətimizdən sonra bu müsahibə ortaya çıxdı. Söhbətə səbəb
də elə onun sosial şəbəkədə paylaşdığı alman yazarlarının
nəşriyyatla əlaqələrinə həsr edilən fikirləri oldu.
Axar.az Azərbaycan yazarları, nəşriyyat sahibləri üçün də
maraqlı olan həmin müsahibəni təqdim edir:
- Vüqar bəy, niyə yaşamaq üçün Almaniyanı
seçdiniz?
- 1997-ci ilin fevralında rəhbərilik etdiyim "Səmt" İnformasiya
agentliyində yanğın baş verdi. Biz bu agentlik vasitəsilə ingilis
və rus dillərində bülletenlər dərc edib onları Bakıdakı xarici
səfirliklərə, humanitar təşkilatlara və firmalara paylayırdıq.
Abunəçilərimiz də var idi. Bu bülletenlərdə Azərbaycan tarixi və
mədəniyyəti ta qədimdən müasir dövrə kimi əks olunmalıydı. Həm
"Səmt" İnformasiya Agentliyində, həm də "Kompas" qəzetindəki işləri
mən ədəbiyyatşünas, tənqidçi Nizaməddin Mustafa (Quliyev) ilə
bərabər aparırdım. Yanğın nəticəsində neçə vaxtdan bəri
topladığımız materiallar məhv oldu, bizə həm mənəvi, həm də maddi
cəhətdən çox böyük zərbə dəydi. Yanğın baş verəndən sonra da
bülletenləri bir müddət buraxmaqda davam etdik. Cəmisi onların
əlliyə yaxın nömrəsini çıxara bildik, amma 1998-ci ilin əvvəlində
həm bülletenlərin, həm də "Kompas" qəzetinin buraxılışını
dayandırmalı olduq. "Səmt" də, "Kompas" da o vaxt Yazıçılar
Birliyindən kirayə götürülmüş otaqlarda yerləşmişdi. Bu çətin gündə
bizə dayaq olmaqdansa Yazıçılar Birliyinin rəhbərliyi Bakı Şəhər
İcra hakimiyyətinə məktub yazıb bu otaqlardan imtina etdi. Bundan
sonra isə Səbail Rayon Prokurorluğu bizə qarşı cinayət işi açmaq
istədi; yəni, yanan da biz, yaman da biz. Mən yazılı şəkildə
vəkilin köməyilə yenidən komissiya yaradılmasını tələb etdim və
komissiya sübut etdi ki, yanğında bizim günahımız yoxdur. Bu
hadisələrdən sonra mən Azərbaycanı tərk etmək qərarına gəldim və iş
vizası ilə Almaniyaya gəldim. Almaniyanı seçməyimin səbəbi də o idi
ki, bu ölkədə iş görmək mənə daha asan gəlirdi.
- Almaniya Yazıçılar Birliyinə seçilməyiniz necə
oldu?
- Əvvəlcə Almaniya Yazıçılar Birliyinin rəhbərliyindən olan bir
nəfərlə görüşdüm, ondan bu quruma necə üzv ola biləcəyimi soruşdum.
Həmin adam da cavab verdi ki, üzv olmaq üçün ən azı Almaniyada bir
kitabım çap olunmalıdır. Mən artıq bir kitabımın çap olunduğunu
deyəndə, bildirdi ki, biz gərək yoxlayaq görək bu hansı nəşriyyatda
çap olunub. Sonra da mənə ərizəni hansı formada yazmaq lazım
olduğunu izah etdi. Ərizə verəndən və kitabımı oraya göndərəndən
iki ay sonra Yazıçılar Birliyındən məktub aldım. Yazırdılar ki,
sonuncu seçkilərdə əksəriyyət mənim bu quruma üzv seçilməyimə səs
verib. Mən sonradan öyrəndim ki, Almaniya Yazıçılar Birliyi
müəllifin pulu ilə kitab çap edən nəşriyyatlara qarşı mübarizə
aparır və bu cür kitab çap etdirən müəllifləri heç həndəvərinə də
qoymur.
- Orada Yazıçılar Birliyinin funksiyası nədər ibarətdir?
Yazarlara faydası nədir?
- YB burada müəlliflik hüquqlarının qorumasına praktiki olaraq
köməklik göstərir, ona üzv olanların öz əsərlərini təqdim edə
bilməsi, ictimaiyyətə çatdırması üçün tədbirlər, ədəbi oxular
keçirir. YB-nin rəhbərliyi Berlində oturur, amma hər federal
torpaqda onun yerli təşkilatı var. İstər Berlindəki mərkəzdə, istər
yerli təşkilatların rəhbərliyində cürbəcür istiqamətlərdə iş
aparmaq üçün adamlar seçilir. Bir nəfər məktəblərlə danışıqlar
aparır, başqası nazirliklərlə, üçüncüsü mədəni qurumlarla.
Hamısında da məqsəd müəlliflər üçün ədəbi oxuların təşkil edilməsi
və bunlar üçün qonorar ayrılmasıdır. YB müəlliflərə nəinki
qonorarsız çıxış etməyi tövsiyə etmir, hətta qonorar üçün ən aşağı
həddi də müəyyən edir. İndi bu 260 avrodur. YB öz bülletenlərini
buraxaraq üzvləri arasında yayır. Bu bülletenlərdə müəlliflər üçün
olduqca faydalı informasiyalar dərc edilir, ədəbiyyat sahəsindəki
təqaüdlər, mükafatlar haqqında məlumat verilir, onlar üçün nə vaxt
və hansı formada ərizə verməyin mümkün olduğu bildirilir. YB ölkədə
baş verən mədəni, habelə ictimai-siyasi hadisələrə də öz
münasibətini bildirir və lazım bildiyi hallarda bunlarla bağlı
müraciət qəbul edir. Bu da var ki, yazarlar öz tərəfindən YB-yə
üzvlük haqqı ödəməlidirlər.
- Almaniyada hansı məşhur yazarlarla tanışlığınız,
dostluğunuz var? Onların Azərbaycan ədəbiyyatı ilə bağlı
tanışlıqları, fikirləri hansı səviyyədədir?
- Müasir alman yazarlarından tanıdıqlarım çoxdur. Johano
Strasser uzun müddət Pen klubun alman şöbəsinə rəhbərlik edib.
Peter Hertling bu gün burada ən çox tanınmış uşaq yazıçısıdır.
Detektiv romanlar müəllifi Uve Frizel bir müddət Almaniya Yazıçılar
Birliyinin sədri olub. Tarixi romanlar müəllifləri olan Maria
Regina Kayzer və Tanya Kinkel və şair Reinhart Moritzenlə yaxşı
münaisbətlərim var. Mühacir yazıçılardan alman dilində yazan iranlı
Səidi, bolqar əsilli İlya Troyanovu və Almaniyada böyümüş türkiyəli
Firudin Zaimoğlunu tanıyıram. Baxmayaraq ki, bizi tarixən həm
iqtisadi, həm mədəni, həm də siyasi cəhətdən Almaniya ilə çox şey
bağlayır, burada hələ 1990-cı illərin sonunda belə Azərbaycan
haqqında çox az bilirdilər. İndi Azərbaycanı Almaniyada daha çox
tanıyırlar, amma onun mədəniyyəti haqqında bu gün də burada az
bilirlər və çox vaxt bizim mədəniyyətin ayrı-ayrı hissələrini
farslara, türklərə, ruslara, ya ermənilərə aid edirlər. Ən
acınacaqlısı isə budur ki, alman universitetlərinin şərqşünaslıq
bölməsində Nizami, Xaqani fars şairləri, türkologiya bölməsində isə
Nəsimi, Füzuli osmanlı şairləri kimi qələmə verilirlər. Müasir
Azərbaycan yazıçılarından isə mən deyərdim ki, almandilli məkanda
az-çox tanınan mənimlə Nuridə Atəşidir.
- Müəllif hüquqlarının qorunması dünyada aktual
məsələdir. Orada bu məsələlər necə tənzimlənir?
- Almaniyada müəllif hüquqları "Nəşriyyat haqqında" və "Media
haqqında" qanunlarla tənzimlənir. Müəllif hüquqları və onların
qorunması olduqca ciddi məsələ sayılır. Ancaq bu sahə üzrə
ixtisaslaşan vəkillər də var. YB-nin özündə hüquq şöbəsi fəaliyyət
göstərir. Bu hüquq şöbəsinə YB-yə üzv olan hər kəs istədiyi vaxt
müraciət edə bilər. Həm öz müəllif hüquqları ilə bağlı, həm də
nəşriyyatla, jurnalla, qəzetlə münasibətlərində, bir sözlə, müəllif
kimi fəaliyyətində yaranmış istənilən problemlə bağlı. Əgər
müəllifin bu problemləri danışıqlar yolu ilə həllini tapmırsa,
YB-nin hüquq şöbəsi onu vəkilin yanına göndərir və bununla bağlı
xərcləri ödəyir, o cümlədən, lazım gələrsə, məhkəmə xərclərini.
- Nəşriyyatların funksiyası və fəaliyyətləri hansı yöndə
qurulub?
- Almaniyada böyük nəşriyyatlar kitab bazarında monopoliya
yaradıblar və bunu öz əllərində saxlamağa çalışırlar. Amma bu
nəşriyyatlar daha çox kommersiya tipli, detektiv, erotika və
fantastika janrında yazılmış kitabları çap edirlər, ciddi
ədəbiyyatı ya heç çap eləmirlər, ya da ki, az çap edirlər. Belə
böyük nəşriyyatların çox vaxt daimi müəllifləri olur - Hausautor
(ev müəllifi). Həmin bu müəlliflərə də onlar çox vaxt bir əsəri
qabaqcadan sifariş verir və qonorarın da bir hissəsini qabaqcadan
avans kimi ödəyirlər. Ciddi ədəbiyyatı - nəsri, lirikanı çap
edənlər isə əsasən orta və kiçik nəşriyyatlardır. Belə nəşriyyatlar
müəlliflərə ya cüzi qonorar ödəyə bilir, ya da ki, ancaq hər
satılan nüsxənin pulundan ona 8-10 faiz ödəyir. Onların da ən çox
çap etdiyi tarixi romanlar və bir ailənin xronikasına söykənən
bədii əsərlərdir.
- Almaniyada kitab çapı neçəyə başa gəlir?
- Almaniyada şərait bir qədər fərqlidir. Nəşriyyat bir yazarla
kitabın çap olunması haqqında müqavilə bağlayırsa, ödədiyi qonorar,
yaxud gələcəkdə hər satılacaq nüsxədən ödəyəcəyi faiz müqabilində
müəllif ona müstəsna hüquqlar verir: birinci növbədə kitabın
çoxaldılması və yayılması hüququ (copyright) nəşriyyata məxsus
olur. Nəşriyyat kitabın üz qabığının dizaynından tutmuş
redaktəsinə, korrekturasına qədər lazım olan bütün xərcləri, o
cümlədən bütövlükdə mətbəə xərclərini öz üzərinə götürür. Nəşriyyat
bundan sonra kitabı satışa çıxarır, onun tanınması, kitab haqqında
resenziyalar yazılması üçün əlindən gələni edir, müəllifin iştirakı
ilə kitabın təqdimatını, ədəbi oxular təşkil edir. Nəşriyyat həm də
kitabın başqa dillərdə dərc edilməsi üçün xarici ölkələrin
nəşriyyatlarına lisenziyalar satmağa çalışır ki, bu satışdan əldə
edilən məbləğin də 40-50 faizi müəllifə çatır. Nəşriyyatların bir
kitaba nə qədər xərc çəkdiyini deyə bilmərəm, çünki bunu onlar
kommersiya sirri kimi gizli saxlayırlar. Qaldı yalançı
nəşriyyatlara. Bayaq dediyim kimi, YB bu cür nəşriyyatlara qarşı
mübarizə aparır, internetdə forumlar təşkil edib onlara qarşı
kampaniyalar keçirir. Bu yalançı nəşriyyatlar bəzi müəllifləri
aldadıb kitab çapı üçün onlardan xeyli miqdarda pul qoparırlar.
Nəşriyyatın sadaladığım funksiyalarından da heç birini bunlar
yerinə yetirmirlər. Buna görə də YB bu cür yalançı nəşriyyatlara
qarşı mübarizə aparıb, onların fəaliyyətinin dayandırılmasına və ya
məhdudlaşdırılmasına çalışır.
- Bilirəm ki, bir dəfə film üçün ssenari də yazmısız.
Onu ekranlaşdıra bildinizmi?
- Mənim bir neçə ssenarim var. Siz yəqin ki, Feliks Lentslə
birlikdə yazmış olduğum, 2011-ci ildə Hessen Kino Fondunun
mükafatını almış "Diananın xidmətçiləri" ssenarimi nəzərdə
tutursunuz. Hələ ki, film çəkilməyib. Bu da birinci növbədə
ssenarinin baş qəhrəmanlarından olan avtomobil satışı firmasının
sahibəsi Diananın obrazı ilə bağlıdır. Diana gəncdir, gözəldir, ona
atasından böyük bir firma miras qalıb. Bununla belə, Diana xoşbəxt
deyil; o uşaqlığında keçirdiyi həyəcan və iztirablarını unuda
bilmir. Onu ən çox incidən odur ki, uşaqlığında, yeniyetmə
çağlarında, oğlanlar gözəlliyinə baxmayaraq Diananı deyil, onun
rəfiqələrini seçirdilər. Diana böyüyəndən sonra da həmin bu
sarsıntıların və onun içərisini gəmirən qisas arzusunun əsiri
olaraq qalır. Onun qərarı amansızdır: atasından qalan var-dövləti
daha da artırandan sonra kişiləri təkcə gözəlliyi ilə yox, həm də
varidatı ilə özündən asılı etmək. Diana beləcə bir çox kişiləri
özündən asılı edir, istədiyi vaxt birini o birinə dəyişir. Bir gün
bu avtomobil firmasına qafqazlı gənc bir etnoloq, nağılşünas gəlib
çıxır və burada maşınyuyan kimi işə düzəlir. Vəziyyət elə gətirir
ki, Diana bu gənclə daha yaxından tanış olur və onun danışdığı
nağıllara qulaq asır. Bir dəfə gənc ona vaxtilə İtaliyanın
cənubunda mövcud olmuş Diana kultundan danışır. Bu kultun kahini
həm də ov ilahəsi Diananın əri sayılır. Amma bu kultda istənilən
vaxt başqa bir kişi bu kahini öldürə və onun yerinə özü həm kahin,
həm də Diananın əri ola bilər. Diana onun kultuna səcdə edən bütün
kişilər üzərində hakimdir. Onların hər biri onun əri və kahini
olmağa can atırlar. Avtomobil firmasının sahibəsi Diana bu əfsanədə
sanki öz tarixçəsini yenidən yaşayır və içərisindəki buz əriməyə
başlayır. Buna baxmayaraq, Diana tam dəyişə bilmir və o bu gənclə
ayrılmalı olur. Gənc etnoloq Diananın növbəti məşuqu olaraq bir
müddət onunla yaşayandan sonra bir gün qızı tərk edib İtaliyanın
cənubunda Diana kultu ilə bağlı araşdırmalar aparmaq üçün bir elmi
ekspedisiyaya qoşulur.
- Qadınların təpkisindən sonra hansı qərarı
verdiniz?
- Bu gün Almaniyada kino sahəsində işləyənlərin çoxu
qadınlardır. Onlar Diana obrazını qəbul edə bilmirdilər və
baxmayaraq ki, alman qadınları bu gün emansipasiya olunmuş qadınlar
sayılırlar, onlar bu obrazla çox vaxt özlərini təhqir olunmuş hesab
edirdilər. Biz dəfələrlə Almaniyanın kino sahəsində çalışan
qadınlardan "Bu nə qadın obrazıdır belə?" sualını eşitmişik. Onlar
həm də sonda sevgililərin ayrılması ilə də barışmaq istəmirdilər.
Bununla bağlı nə qədər yazışmalar aparıb, görüşlər keçirəndən sonra
ssenariyə belə bir epiloq əlavə etdik: bu epiloqda Diana da həmin
gəncin arxasınca İtaliyanın cənubuna yola düşür. Bununla da
ssenarinin sonuncu variantı onların yenidən qovuşa bilməsi ehtimalı
ilə bitir. Amma biz ssenarinin əsas prinsipini, o cümlədən də Diana
obrazını saxlamaq istəyirik və inanırıq ki, film bu yaxınlarda elə
bu əsaslarla da çəkiləcək.
- Öz nəşrləriniz barədə nə deyə bilərsiniz?
- Bavariya radiosu 2004-cü ildə mənim 1990-cı illərdə həm ayrıca
kitab şəklində, həm də "Ulduz" jurnalında çap olunmuş "Pambıq
plantasiyalarında" povestimi efirdə səsləndirib və sonradan onu
audio-kitab kimi buraxıb. Berlinin "Vostok" nəşriyyatında 2007-ci
ildə yenə də vaxtilə Bakıda çap olunmuş hekayələrimin
tərcümələrindən ibarət toplu çap olunub. 2011-ci ildə mənim Sovet
Ordusundakı "dedovşinadan" və qismən də sovet-əfqan müharibəsindən
bəhs edən "Divizion" romanım Sankt Peterburqun tanınmış "Aleteyya"
nəşriyyatında çap olunandan bir qədər sonra "Vostok" nəşriyyatı
tərəfindən də alman dilinə tərcümə edilib nəşr olundu. (tərcümədə
"Die verspätete Kolonne"). Bunlar hamısı, dediyim kimi,
tərcümələrdir. Bu da var ki, uzun müddət alman qəzetləri ilə
əməkdaşlıq edəndən sonra məndə bu dildə də əsərlər yazmaq istəyi
yarandı. Mən əvvəlcə Azərbaycan nağıllarının motivləri əsasında
alman dilində bir neçə hekayə yazdım: "İsgəndərin buynuzu var,
buynuzu", "Qırxıncı otaq", "Qız qalası" və s. Bu hekayələrim
Avstriyada çıxan bir ədəbiyyat jurnalında dərc ediləndən sonra mən
onları bir neçə şəhərdə uğurla təqdim etdim. Bundan sonra da
Berlinin bombardmanı zamanı üçyaşlı alman qızının keçirdikləri və
onun sonrakı taleyi haqqında almanca bir hekayə yazıb həmin
jurnalda çap etdirdim. Alman dilində yazdığım bir neçə başqa hekayə
də digər ədəbiyyat jurnallarında çap olunub. İki kitabım isə
nəşriyyatlar tərəfindən gələn il üçün planlaşdırılıb.
- Yaradıcılığınızda alman mentalitetindən,
mədəniyyətindən nələrsə varmı?
- Almaniyada yaşadığım bu illərdə mən əsasən almanlarla təmasda
olmuşam və bu da, şübhəsiz, mənə müəyyən qədər təsir göstərib. Mənə
təsir göstərən ən çox dostluq etdiyim almanların ürəyiaçıqlılığı,
xeyirxahlığı və təmənnasızlığı, şübhəsiz ki, həm də çalışqanlığı
olub. Bir də İkinci Dünya müharibəsi ilə bağlı bu insanların öz
içərisində yaşatdığı kədəri və müsibəti. Yaradıcılıq məsələsinə
gələndə isə, şübhəsiz, burada da müəyyən təsirlərdən danışmaq olar.
O biri tərəfdən, həmin adamların özlərinin etiraf etdiyi kimi,
mənim də ətrafımdakı bəzi alman müəlliflərinə təsirim olub. Amma
hər halda belə hesab edirəm ki, insan nə qədər təsirlərə məruz
qalsa da, onun üçün ən mühüm məsələ necə varsa elə olmağa və özünü
dərk etməyə çalışmaqdır. Bu həm də insanı onun özünə doğru aparan
yoldur.