Bu gün komik, psixoloji və dramatik rolların məharətli
ifaçısı, Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının
Dövlət Mükafatı laureatçısı, sevimli aktyorumuz Yaşar Nurinin doğum
günüdür. Yaşasaydı 63-cü doğum gününü qeyd edəcəkdi...
Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış
aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk
dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm
Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. 10 yaşından Azərbaycan
televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində
uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli
orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram
və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri,
tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan
aktyorluq sənətinin incəliklərini öyrənib.
1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət
etmiş və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il
dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru
Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul
olunub.
Yaşar Nuri 1975-ci il noyabr ayının 28-də Rəhimə xanımla ailə
həyatı qurub. Onların Ülviyyə və Ülkər adlı iki qız övladı var.
Yaşar Nurinin əsasən baş rolları ifa etdiyi teletamaşalar
televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.
Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın
"Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda",
Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş
piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri
əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram",
"Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz
həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac
həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.
Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınayıb.
Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə
quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkib.
Aktyor "Bakıda küləklər əsir", "Alma almaya bənzər", "Bizi
dağlarda axtarın", "Ad günü", "Şir evdən getdi", "Yarımçıq qalmış
mahnı", "Yollar görüşəndə...", "Yol əhvalatı", "Üzeyir ömrü",
"Əzablı yollar", "Aşkarsızlıq şəraitində...", "Bəyin Oğurlanması",
"Qəm pəncərəsi", "Yaşıl eynəkli adam", "Yuxu", "Mən evə qayıdıram
(film, 2014)" kimi onlarla tammetrajlı bədii filmdə, onlarla
tammetrajlı bədii televiziya filmində, televiziya və teatr
tamaşasında rol alıb.
Xatırladaq ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr
2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti
İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.
Yaşar Nurinin yaradıcılığına həsr olunmuş və daha öncə heç yerdə
yayımlanmamış video çarxı təqdim edirik:
P.S. Videonu kinosevər Vüsal Ağayev hazırlayıb.