Dünya ədəbiyyatının
şedevrlərindən olan "Anna Karenina" lokal ölçülərlə nə qədər
dəyərlidirsə, müasir dünyamız, insanlarımız üçün də ən kamil və
nadir nümunələrdəndir. Bunu əsərə, onun onlayn və ekran
variantlarına olan marağın anbaan artması da sübut
edir.
Axar.az Britaniyalı yazar və jurnalist, "Qırılmış ürək"
romanının müəllifi Ceyms Mikin "Anna Karenina" romanı haqda
"Teleqraf" qəzetində çıxan böyük maraq doğurmuş yazısının
ingiliscədən tərcüməsini təqdim edir:
Ədəbi fikir gölü
"Anna Karenina"ya böyük romanlar arasında xüsusi status verən
nədir? Zahirən düzxətli süjetlə inkişaf etdiyi görünən, sadə
üslubda yazılmış, XIX əsrdə rus kənd təsərrüfatı siyasətindən
tutmuş çarizmin gətirdiyi bəlalara qədər həyatın hər üzü haqqında
məlumat verən, yüksək təbəqəyə məxsus cəmiyyətin kəskin
reaksiyasına səbəb olan 900 səhifəlik romantik faciə CM Kotzi,
Conatan Franzen, Ofri Uinfri və Tom Stoppard kimi müxtəlif oxucu
kütləsinin hörmətini qazanmış adamları "Anna Karenina"nı
ssenariləşdirməyə nə vadar edir? Bu kitab modernizm və Hollivud
təsirinin bəzi heyranedici məqamlarla üst-üstə düşdüyü ədəbi fikir
gölündə üzür.
Bu əsər bildiklərimizdən daha çoxunu verir bizə. Anna Karenina
adi müasir roman kimi kiçik ola bilməz. Oxşar şeylər təsvir etmək
üçün metaforalar əvəzinə Lev Tolstoy özü üçün dəqiq sözü axtarır.
Tək xarakterlər baxımından baş verən hadisələrin solifistik müasir
üsulunun əvəzinə Tolstoy xəlvətcə çoxlu xarakterlərə, major və
minor obrazlara-tonlara girir. O, hətta bəzi yerlərdə bizə
qəhrəmanın itinin belə nə düşündüyünü deyir.
Tolstoy "göstər, demə"yə inanmır, o göstərməyi də deməyi
xoşlayır. Yazar kitabın nəql edənidir, formasız, konstruksiyası
olmadan hər şeyi bilən səsdir. Orada heç bir birinci şəxs, yaxud
dolayı nitq yoxdur. Hətta, biz bir xarakterin yerində özümüzü
fikirləşəndə belə, "o fikirləşdi", "o hiss etdi" və "ona görə bu
belə göründü" kimi dəbdən düşmüş ifadələrin istifadəsində
xarakterin təcrübəsini yenidən hesablayıb ortaya qoyan rəvayəti
nəql edəndir.
Üçüncü, anlaşılmaz biri
Tolstoy rəvayəti nəql edənin müstəqilliyinə xüsusi şərait
yaradır - rəvayəti nəql edən mövcudluğuna arxayın olmaq üçün
xarakterlərə kifayət qədər yaxın olur, ancaq onların hərəkətlərini
şübhəsiz ki, mühakimə etmir, onlara kifayət qədər azadlıq verir və
bizə onların özləri haqqında bilmədiklərini deyir. Ən güclü
keçidləri Tolstoy Annanın və sevgilisi Vronskinin bütün jestləri
ilə bir-birinə qarşı hiss etdiklərini büruzə verdikləri vaxt üçüncü
iştirakçı - nəql edən - ilə edir, bizə təkcə iki nəfəri deyil, iki
nəfər arasında görünməyən, onların hisslərini bizə çatdıran
üçüncünü, anlaşılmaz birini təqdim edir.
Hər dəfə Anna Kareninanı yenidən oxuyanda Tolstoyun ön yarğıları
və zəifliklərinin onun sənətinin yolunda maneə olmadığını, əksinə
yeni bir qat açdığını görürəm və bu heyran olduğum Coys, Bekket və
Kelmana kimi Tolstoyun sənətinin də yeni qatını meydana
çıxarır.
Şəhərləri güclə təsvir edən
Mən əvvəllər də fikir vermişdim ki, Moskvada və
Sankt-Peterburqda çox vaxt keçirən Tolstoy o şəhərləri güclə təsvir
edir. Anna Kareninanı yenidən oxuyanda görürəm ki, bu elə tam da
düşündüyüm kimidir; urbanist binalar və mənzillər faktiki olaraq
görünməzdir, amma kənd yerləri daha zərif və təfsilatlı təsvir
edilir.
Tolstoya görə, şəhər statik, süni yerdir. Bu şəhərlərin daimi
olduğuna inanmamaq kimi bir şeydir, elə bil hiss edir ki, əgər
onları rədd etsə, çıxıb gedəcəklər. Tolstoyun qayğı göstərdiyi
şeylərin təxminən hamısı, onun xarakterinin beynindən kənarda baş
verən hər cür təzahürü canlı və hərəkətdədir, insan olmayanların -
itlərin və atların dünyasında atıb getdiyi insan dünyalarındakı
kimi. Heç bir insan hərəkəti lüzumsuz deyil: Annanın gözlərini
qıyması, Vronskinin bığlarının ucuna toxunması... Xarakterlər
həmişə gülümsəyir, qaşqabağını tökür, qızarır, toxunur, öpür,
əyilir, hönkür-hönkür ağlayır və bir-birinin xarakterini açmaq üçün
qarşılaşdırılır. Onlar bizə səmimiyyətləri ilə gəlirlər,
hərəkətləri ilə özlərini təsvir edirlər, rəqs zalında vals
oynayaraq, at sürərək və s.
Ən pis xarakterə dözmək
Tolstoyun əsərləri reallıqlardan, dünyada baş verənlərdən bəhs
edir. Çətin ki, bu əsər də uydurma ola, roman və ya film o vaxt
xaotik reallığı əks etdirir ki, bir şəxs hərəkət edir və
fikirləşir. Şəxsin bir anlıq hərəkəti ilə 10 dəqiqə sonra və ya
növbəti gün fikirləşdikləri arasında birbaşa əlaqəsi olmur. Mənim
tanıdığım heç bir yazar Tolstoy kimi oxucularına anlaması üçün
obrazların xarakterini açmasına imkan vermir. Tolstoyun əsərlərində
ən pis obraz da heç vaxt pulla özünü xilas etməz və yaxud ən yaxşı
obrazın da əclaflıqlarına dözmək lazım gəlir.
Əsərdə Levin toranlıqda dostu ilə güllə atdığı vaxt Kittinin
gəlib hal-əhvalını soruşmağa cəsarət etməsi, sevdiyi, ancaq evlilik
təklifinə rədd cavabı verən gənc qadının çox ağır xəstə olduğunu
öyrənməsi yetərincə təsirlidir. Bu vaxt əsərin kuliminasiya nöqtəsi
yaşanır, o an qadının səsinə iki meşəcüllütü başının üzərindən uçur
və Levin quşlara atəş açanda Kittini unudur. "Necə pis oldu?" -
deyir və o an yenidən öz-özünə, "Həə, Kitti xəstədir", - deyə
fikirləşir. Evə qayıdanda öz-özünə onun xəstəliyinə görə necə şad
olduğunu etiraf edir; atəşlər sərrast olub, - deyə fikirləşir.
Bu Levin üçün gözəl hadisə deyil, baxmayaraq ki, Kitti gəlişi
ilə quşların uçmasına, Levinin kefinin pozulmasına səbəb olmuşdu,
amma sonucda o qadın Levinin həyatını bölüşmək istədiyi qadın idi
və yaxında ölə bilərdi. Amma Tolstoy Levini ideal adam kimi deyil,
real həyatda olan, görmək istədiyi adam kimi göstərir.
Tolstoy bütün ustalığını Vronskinin uşağını doğandan sonra ağır
xəstə yatağında yatan Annanın ayrı yaşadığı quru, sərt dövlət
məmuru olan əri Aleksey Karenini və sevgilisi, yaraşıqlı gənc atlı
qoşun zabiti Vronsikini üz-üzə gətirəndə ortaya qoyur. Vronski
kədərli və utanmış halda əlləri ilə üzünü tutur; Anna üzünü
sevdiyinin üzünə tutub əlləri ilə gözünün yaşını silən ərinə əmr
eləyir. İki kişi arasında Annanın jestləri danışır. Bir tərəfdə
Kareninlə təkbətək döyüşdə mübarizə aparmayıb, indi alçaldılıb
təhqir edilməyə məhkum olduğu üçün nifrət edən Vronski var; digər
tərəfdə Annanın hörmətini qazanmağa çalışan, bağışlanmaq istəyən
Karenin. Vaxt tez keçir, köhnə reallıq geri qayıdır. Anna
yaxşılaşır və Karenini bağışlamaq yerinə ona daha çox nifrət edir.
Vronski özünə atəş açmaqla şərəfini bərpa edir. Ortada Annanın məhv
olmuş taleyi var. Romanda heç bir dönüş nöqtəsi yoxdur, yalnız
tək-tək nöqtələr və onlar üzərindən səyahət edən obrazlar var.
Vurulmaq üçün tam hazır olmaq
Roman geniş olsa da, Anna Kareninanın qəlbini tam aça bilməyən
bir sirr var. Qəhrəmanın uşaqlığı yoxdur. O, oğul anası, həyat
yoldaşı, bacı, dost kimi təsvir edilsə də, keçmişi, gəncliyi
yoxdur. Evli olana qədər heç bir keçmişi təsvir olunmayıb. Onun
valideynləri ölüb və Anna onları heç vaxt xatırlamır. O, Vronskiyə
vurulmaq üçün tam hazırdır.
Təkcə Annanın deyil, başqa xarakterlərin də keçmişi təsvir
edilməyib. Levin də elə Tolstoy kimi uşaq yaşlarından yetim qalıb.
Vronskinin anası əsərdə hərdən iştirak edir, amma biz onunla əvvəl
rastlaşanda Tolstoy bizə "Vronski ailəsi haqqında heç vaxt
bilməyib", - demişdi.
Uşaqlardan ancaq arxa planda istifadə olunsa da, kitabda
uşaq-valideyn münasibətlərindən çox bəhs edilib: Uşağa sahib olmaq,
ya olmamaq, valideynlik və romantik sevgi arasında seçim etmək,
uşaqlar həyat barədə soruşanda onlara cavab vermək məsələlərindən
əsərdə geniş bəhs edilib.
Anna, Vronski və Levin təxminən 30 yaşlarındadırlar, ancaq
Tolstoy onların gənclik dövrlərini xatırlatmır. Onlar müstəqil
dayanmaq üçün qadın və kişi kimi böyüməyə məcbur edilirlər. Tolstoy
sosial qaydaların hakim olduğu cəmiyyətdə Vronski ("Bir adam qumar
borclarını ödəməlidir, amma dərzinin haqqını ödəməyə ehtiyac
yoxdur; bir adam kişiyə yalan deməməlidir, amma qadına yalan demək
olar") kimi qaydaları pozan, yaxud Anna kimi öz qaydaları ilə
yaşayan, Levin kimi bu cür yaşamağa cəhd edən adamların daxili
aləmini açmağa çalışır. Tolstoyun fikrincə, onların uşağı ola
bilər, amma onlar özləri uşaq ola bilməzlər. Buna baxmayaraq, əsas
xarakterlər arasında yenə istisna var: Stiva Oblonski.
Romanın məşhur birinci cümləsinin aid olduğu Oblonski
Kareninlərdən deyil: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir,
hər bədbəxt ailə isə özünə görə bədbəxtdir". Stivanın üzündən
Oblonski, Dolli və Stiva da bədbəxtdir. Kitabdakı digər xarakterlər
kimi Oblonski də Tolstoy kimi aristokrat təbəqədəndir - vəzifəsi,
şəhər və kənd evləri, xidmətçiləri var. Ancaq onlar borca düşüblər
və kənd evləri əllərindən alınıb.
Xeyirxah, dindar, beş diri, iki ölü uşaq anası, təvazökar,
narahat köhnə Rusiya qayda-qanunları ilə yaşayan Dolli və onun
müasir kişi modeli kimi tanınan əri Stiva Oblonski. Stiva köhnə rus
adı Stefanın qısaldılmışıdır, lakin mən onu çəhrayı, yaxasının
düyməsi açıq köynəkdə heç cür təsəvvür edə bilmirəm. Hamı
tərəfindən sevilir, əliaçıq, ünsiyyətcil, eyni zamanda, tamahkar,
qadın düşkünü hesab olunur. O keçirdiyi mərasimlərdə qonaqlarına
arağın altı növünü təklif edir. Liberal qəzetləri oxuyur, amma
liberal olduğu üçün yox, o cür həyat tərzi keçirdiyi üçün. O, asan,
rahat dövlət işinə düzəlmək üçün əlaqələrindən istifadə edir, həyat
yoldaşının mülkiyyətini dəyər-dəyməzə satır və bütün bunlara layiq
olduğunu düşünür. "Hər şeyə rəğmən, qayğıkeş ata və ər olmağına
çalışan", - yazar onun haqqında bu sözləri deyir, "o heç vaxt
uşaqlarının, həyat yoldaşının varlığının fərqində olmurdu".
Romanda 1870-ci illərdəki Rusiya aristokratiyasından bəhs
edilir. Həddindən artıq dəyişiklərə məruz qalan cəmiyyətlərin,
qulların, milyonlarla insanın azadlığa buraxıldığı illər... Əsərin
əsas qəhrəmanı Anna Kareninanın da çoxlu xidmətçiləri var. Kareninə
ərə gələn Annanın qardaşı Stivanın arvadı Dollinin bacısı Levinə
ərə gedir. Anna və Vronski də belə tanış olur: onların əmiuşaqları
bir-biri ilə evlənir.
Bu, "Romeo və Culyetta" deyil
Ailəsi tərəfindən qoyulan qayda-qanunlara qarşı çıxan, sevgisi
uğrunda mübarizə aparan və tragik nəticələrə gətirib çıxaran həyat
hekayəsi yazıb Tolstoy. "Anna Karenina" bədbəxt yeniyetmələrdən
bəhs edən "Romeo və Culyetta" deyil, bu "qəddar qanunların" bədbəxt
etdiyi böyüklərin hekayəsidir.
Tolstoy Anna və Vronskinin yüksək cəmiyyətin yazılmamış
qayda-qanunlara qarşı çıxmağına rəğbət bəsləyir. O, bütün bunların
fonunda Annanın dillematik xarakterini, cəmiyyətdəki ana kimi
rolunu da açır.
Annanın Vronskiyə sevgisi Stiva Oblonski kimi təkcə seksual
hisslərdən ibarət deyil, daha ali duyğudur. O bizim eradan daha
ötəsinə baxa bilir, harada ki, seksual azadlıqlar mövcuddur, həyat
şəraiti daha yaxşıdır. Anna özünü qatarın altına atır. Qadın
sevmədiyi adamla evlənir, ona özünü bağışladığı üçün nifrət edir və
bütün hissləri ilə səfərbər olub sevdiyi adam isə onu anlamır.
Mən hələ də Tolstoyun sevgi və arzu haqqında konkret olaraq nə
hiss etdiklərini dəqiq bilmirəm. O, rəhmin və mənəvi sarsıntıların
arasında, həvəsin və özünü aldatmanın, həyat yoldaşını sevməyin və
ondan bezməyin arasında qalıb. Onun inamsızlığı Anna Kareninanın -
həyat yoldaşının ikili təsvirində əks edilib. Uşağın doğulması ilə
korlanan Dolli - kitabın həsr edildiyi arvadı kimi, qəşəng
yeniyetmə Kitti - evləndiyi vaxtdakı həyat yoldaşı kimi qadındır.
Onlar bir-birinə zidd görünürlər, hərəsi öz dövrünün gerçəyi olub;
və Tolstoy, hamı üçün öz vaxtının sahibi, yalnız həqiqətin
quludur!