Azərbaycanın tanınmış yazıçısı Cəmil Əlibəyov bu gecə,
uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu barədə məlumatı AzNews.az-a ULUS FİLM prodüser mərkəzinin
direktoru, mərhumun qardaşı oğlu Gəray Əlibəyov məlumat verib.
Onun sözlərinə görə, yazıçı ilə vida mərasimi sabah saat 12-də
Təzə Pir Məscidində keçiriləcək.
Qeyd edək ki, Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli
rayonunun Dədəli kəndində dünyaya gəlib.
1944-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsində yeni açılmış şərqşünaslıq şöbəsinə (İran bölməsi)
taxil olub. O, 1949-ci ildə yaradıcılıq sınaq qaydası ilə
"Azərbaycan gəncləri" qəzetinə işə götürülüb.
1970-ci ildə C.Əlibəyov daha məsul işə – dövlət vəzifəsinə irəli
çəkilib. Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri
Komitəsinin sədr müavini təyin olunub, 1974-cü ildən isə
"Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etməyə başlayıb. Bu
müddətdə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək
qiymətləndirilib, ümumittifaq, beynəlxalq və respublika
mükafatlarına layiq görülüb: "Dədə Qorqud", "Babək", "Dərviş Parisi
partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana",
"Papaq" filmləri qızıl fonda daxil edilib. C.Əlibəyov 1984-1988-ci
illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor,
1988-1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş
redaktor işləyib. 1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş
redaktor vəzifəsinə keçirilib, sonralar "Novruz", "Vahid"
qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında
təsisçi-direktor vəzifəsində çalışıb.
C.Əlibəyov bədii yaradıcılığa "Azərbaycan gəncləri"ndə
işləyərkən başlayıb. Azərbaycan jurnalistlər, yazıçılar və
kinematoqrafçılar ittifaqlarının üzvü olub. SSRİ-də yayılmış
"Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət"
romanlarının, "Qayaların göz yaşı" povestinin (bunlar Moskvada
"Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatlarında rus
dilinə çevrilərək nəşr edilib) müəllifidir.
Azərbaycanda həmin romnlarla yanaşı "Dünyanın o biri ucu", "İlk
məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım
mənim" və digər povestləri çap olunub. Bir neçə pyesin, senarinin,
publisist kitabın müəllifidir.
"Gülüstanda qətl" pyesi Azərbayacan Milli Akademik Dram
Teatrında tamaşaya qoyulmuşdu. Ümumiyyətlə, 40-dan çox bədii əsərin
müəllifidir. C.Əlibəyov qələm və foto aparatı ilə dörd qitənin
ölkələrini səyahət edib, ABŞ-dan, Türkiyədən, Rusiyadan (Sibirdən),
Avstriyadan, İrandan və b. ölkələrdən yazdığı səfər oçerkləri
maraqla qarşılanmışdır. C. Əlibəyov yüksək hökumət mükafatlarına –
orden, medal, fərmanlara layiq görülüb.
Əsərləri:
1. İlk addımlar. Bakı: Uşaqgəncnəşr, 1954, 60 səh.
2. Əmək və qəhrəmanlıq. Bakı: Uşaqgəncnəşr, 1955, 36 səh.
3. Şəhəri yaradanlar. Bakı: Uşaqgəncnəşr, 1957, 85 səh.
4. Lənkəran. Bakı: Uşaqgəncnəşr, 1958, 50 səh.
5. Sənin sərvətin. Bakı: Azərnəşr, 1963, 32 səh.
6. Məhəbbət naminə. Bakı: Azərnəşr, 1964, 141 səh.
7. Sınaq. Bakı: Gənclik, 1966, 276 səh.
8. Dörd qitədə adım var. Bakı: Gənclik, 1967, 119 səh.
9. Özümü axtarıram. Bakı: Gənclik, 1969, 250 səh.
10. Nigarın arzusu. Bakı: Gənclik, 1968, 5 səh.
11. Mənim analı dünyam. Bakı: 1972, 247 səh.
12. Üç bacı. Bakı: İşıq, 1974, 76 səh.
13. Dözümlü məhəbbət. Bakı: Gənclik, 1978, 312 səh.
14. Dünyanı gəzə-gəzə. Bakı: İşıq, 1979, 126 səh.
15. Vida görüşü. Bakı: Yazıçı, 1981, 388 səh.
16. Qızıl attorpaq. Bakı: Gənclik, 1983, 294 səh.
17. Qış etüdləri. Bakı: İşıq, 1971, 60 səh.
18. Əmək qəhrəmanları. Bakı: Uşaqgəncnəşr, 1958, 110 səh.
19. İnqilabi ənənələr və gənclik. Bakı: Azərnəşr 1966, 148 səh.
20. Mahnı qəlblərə yol açır. Bakı: Uşaqgəncnəşr, 1960, 98 səh.
21. Qiybət (pyes). Bakı: Xalq yaradıcılığı evinin nəşri, 1966, 13
səh.
22. Azərbaycan komsomolu. Bakı: Gənclik, 1968, 478 səh.
23. Mənim analı dünyam (romanlar). Bakı: Yazıçı, 1988, 701 səh.
24. İlk məhəbbət (roman). Bakı: Gənclik, 1991, 250 səh.
25. Qış macərası (roman). Bakı: Yazıçı, 1994, 400 səh.
26. Əxlaq söhbətləri (müsahibə). Bakı: "Elm və həyat" nəşriyyatı,
301 səh.
Tərcümələri:
Çingiz Aytmatov. İlk müəllim. Bakı: Azərnəşr, 1965, 251 səh.
1. Çingiz Aytmatov. Ana tarla. Bakı: Azərnəşr, 1966, 100 səh.
2. J.Sand. İndiana. Bakı: Gənclik, 1970, 256 səh.
3. S.Solovyov. Sənin haqqında kitab Bakı: Gənclik, 1969, 138
səh.
4. Çingiz Aytmatov. Ağ gəmi. Bakı: Yazıçı, 1980, 228 səh.
5. Albert Lixanov. Həyat haqqında danışmaq istəyirəm. Bakı:
Gənclik, 1986, 352 səh.
Allah rəhmət eləsin!