Kult.az Kamal Abdullanın
"Sehrbazlar dərəsi" romanının fransız dilində nəşrinə tanınmış alim
Daniel Rottenberqin yazdığı ön sözü təqdim edir.
Hər kəsin öz sehrbazlar dərəsi var və hər kəs bütün həyatı boyu,
bəzən özü də bilmədən onun axtarışındadır. Özünün tərcümə etdiyin
kitaba ön söz yazmaq riskli bir işdir, hətta lovğalıq kimi görünə
bilər. Bu o deməkdir ki, tərcüməçi öz işinin dəqiq və əsərin
orijinalına uyğun olduğu qənaətindədir. Bununla belə, iki il öncə
Kamal Abdullanın kitablarından birini tərcümə etmək missiyasını
qəbul edib, bu işi sona çatdırdım və "Sehrbazlar dərəsi" əsərinə ön
söz yazmaq məsuliyyətini məmnuniyyətlə öz üzərimə götürdüm.
Şəxsi həyat yolu prizmasından nəzər saldıqda, Kamal Abdulla
tanınmış elm xadimi, türk dilləri filologiyası üzrə mütəxəssis və
türk ədəbi irsinin məşhur və rəmzi epik əsəri olan "Kitabi
Dədə-Qorqud"un böyük araşdırıcısıdır. Düşünmək olar ki, bu əsər və
ümumiyyətlə türk dünyasının klassik ədəbiyyatının ruhu müəllifin öz
əsərlərini yazarkən ilhamlandığı təməl qaynaqlardır. Əslində,
2000-ci ildən Bakı Slavyan Universitetinin rektoru olan Kamal
Abdullanın yaradıcılıq dairəsi yalnız elm və universitet sahələri
ilə məhdudlaşmır. Kamal bəy (hörmət və simpatiya ilə müraciət
forması olaraq) həm də SSRİ-nin 15 respublikasından biri, 1991-ci
ildən müstəqil olan Azərbaycanın postsovet ədəbiyyatında mühüm yeri
olan məhsuldar bir yazıçıdır. Bir çox uğurlu pyeslər və romanlar
müəllifidir. Bu romanlar arasında "Yarımçıq əlyazma" xüsusilə böyük
uğur qazanıb və ondan çox dilə, o cümlədən fransız dilinə tərcümə
olunub. Fransada "L’Harmattan" nəşriyyatı 2005 və 2013-cü illərdə
əsəri nəşr edib. Kamal bəy həm də Mişel Malerblə birlikdə, həmin
nəşriyyatın ilk dəfə olaraq 2008-ci ildə nəşr etdiyi "Azərbaycan
dilində danışaq" kitabının həmmüəllifidir. Mən əvvəllər Türkiyə
türkcəsi üzrə ixtisaslaşdığım üçün (Türkiyə türkcəsi və Azərbaycan
dili türk dilləri arasında bir-birinə ən yaxın olan dillərdir)
Kamal bəyin "Sehrbazlar dərəsi" romanının tərcüməsi üzərində
işləyən zaman bu kitabdan çox bəhrələndim. "Yarımçıq əlyazma"dan
sonra nəşr olunmasına və başlanğıcda bir qədər bu əsərin uğurunun
"kölgəsində" qalmasına baxmayaraq, "Sehrbazlar dərəsi" romanı da,
müəllifin Şərq fəlsəfi təfəkkürü və xüsusilə sufi mistikası ilə
bağlı intim və dərin biliyini nümayiş etdirir. Çoxsaylı əsərlərin,
poemaların, hekayələrin və digər janrlarda yazılmış əsərlərin böyük
ilhamvericisi olan sufi mistikası, etiraf etmək lazımdır ki, Qərbdə
hələ də az tanınır.
Romanın mövzuları əsrlərdən bəri insan varlığını narahat edən
mövzulardır: gerçəklik və xəyal arasında daimi təbəddülatlar; bir
çox mədəniyyətlərdə Yer həyatının amansızlığının o biri dünyadakı
təsəlli ilə əvəzlənə biləcəyi ümidi; gerçəkliyin əzablarını
anlamaq, dəf etmək və həll etmək üçün fövqəltəbii qüvvəyə
arxalanmaq arzusu.
Lakin o həm də bizə əxlaqi dərs verir: öz canında, öz
mövcudluğunda və ya dolayısı ilə öz keçmiş ailə həyatında əzilmiş
və təhqir olunmuş hər bir fərdə təbii xas olan qisas gerçəklikdə
heç bir həzz vermir və fərdin daimi xoşbəxtlik axtarışındakı yoluna
həmişə sədd çəkərək yalnız bədbəxtliyi təkrarlayır və yayır. Qisas
ədalət deyil, o, yalnız qəddarlığa cavab olan qəddar reaksiyadır.
Xüsusilə nəsillərdən intiqam almaq niyyəti ortada olan zaman,
qisasın yararsızlığı və tam əsassızlığı üzə çıxmış olur. Bax,
bəşəriyyətin bütün tarixi boyu verilən sual budur: fərdlər
özlərindən öncəkilərin hərəkətlərinə görə məsuliyyət
daşımalıdırlarmı? Müəllif öz kitabında bu suala aydın cavab
verir.
Romanın adından da göründüyü kimi, əsərdə xoşbəxtliklərinə mane
olan ağrılı suallara cavab tapmaq və nəhayət, öz gerçək
yaşamlarında rahatlıq tapmaq üçün sehrə müraciət edən personajlar
göz önünə çəkilir. Fikrimcə, personajların təbiəti və kimliyi,
hadisələrin inkişafı ilə bağlı çox detallara varmayaraq, bir neçə
sadə məqamları göstərmək yetərlidir.
Ön planda olan qəhrəman Karvanbaşıdır. Onu sadiq köməkçisi,
etibarlı adamı və hər şeyi bacaran, ağasının sevimlisi olan xədim
Xacə İbrahim müşayiət edir. Türk dünyasında, haradasa Şərqdə və
uzaq keçmişdə mövcud olmuş dövlətin müstəbid monarxı olan Şah başqa
bir əsas personajdır. Gerçəklikdə söhbət iki şahdan, oğul və atadan
gedir, belə ki, situasiyalar daima keçmişlə indi, gerçəklə
fövqəltəbii olanlar arasında yetişir, cərəyan edir.
Hekayənin başqa bir "iyeratik" personajı ata-şahın sadiq
xidmətçisi cəllad Məmmədquludur, eynilə oğul-şaha sadiq Karvanbaşı
kimi. Məmmədqulu, fikrimizcə, intriqanın "özəyini" təşkil edir. O,
ikili personajdır, eyni zamanda həm xoşagələn, həm də qorxuncdur,
öz qanlı vəzifəsini səylə yerinə yetirir və bundan hədsiz həzz
alır, keçmişdə həyata keçirilən cəza tədbirlərinə görə günahkardır
və bütün bunlardan əbəs yerə özünü təmizləməyə çalışır. O, həmçinin
əsərin mərkəzindədir, çünki o, romanın başlıca dramatik
məqamlarından biri kimi, gerçəklə fövqəltəbii arasındakı daimi
qarşılıqlı asılılığın bir növ rəmzi personajıdır. Belə ki, ön
planda olan başqa iki personaj, Sehrbaz Səyyah və onun mənəvi
ustadı Ağ Dərviş, gerçək aləmdən çıxsalar da, hazırda o biri aləmdə
yaşayırlar.
"Sehrbazlar dərəsi" bizi insan həyatının bütün böyük klassik
ünsürlərinin əks olunduğu çox canlı bir aləmə aparır: məhəbbət və
nifrət, müharibə və sülh, qisas və bağışlama, səadət və ruhi
sakitlik axtarışı, müəyyən "təmizlik" və həqiqət axtarışı (çox vaxt
bizə həqiqət kimi təqdim olunan əsl həqiqət deyil). Kamal Abdulla
cismani və gerçək hissləri gizlətmədən, bizə mistisizm və
ruhaniyyatdan qaynaqlanan bir əhvalat təqdim edir; görünür, bu
məqam əsərin sufilikdən ilham alan bir əsər olduğunu daha yaxşı
göstərir və onun mesajının universal miqyasını çatdırır: bizim
maddi və konkret dünyamızda həzz, məmnunluq, inkişaf axtarışında
olan fərd, onun üçün həqiqətdə olduqca təbii, həm də mühüm olan
xəyala dalma, ideala çatma istəyindən imtina etməlidirmi; və
beləliklə, bu ruhaniyyat, transsendentallıq və nəhayət, daimi
özünüaxtarış yolunu tərk etməlidirmi? Bəlkə də bizim əsl
zənginliyimizi üzə çıxara bilən bu yanaşma həqiqi səadətə, həm də
ədalət və xeyirə aparan yoldur? Məhz bu sualları bizə verməklə,
müəllif bir humanizm dərsi keçmiş olur.
Eyni zamanda, o, bəzən dini "hakimiyyəti" də parçalayan
mübahisələri, ədalətsizlik və özbaşınalığı yada salmağı unutmur.
Bəziləri bu mövzuların artıq çox müzakirə olunmuş və
razılaşdırılmış mövzular olduğunu söyləyə bilər. Həm Şərq, həm də
Qərb ədəbiyyatı məhəbbət, qisas, zorakılıq, istibdad və mərhəmət
mövzusunda yazılan əsərlərlə zəngindir. Lakin hadisələrin cərəyan
etdiyi dövrün naməlum olmasına baxmayaraq, Kamal bəy bu mühüm
mövzuları orijinal bir mühitdə və bəzən də poetik bir stildə bizi
cazibədar və riqqətli aləmə apararaq canlandırır. Və bu, şübhəsiz
ki, oxucunu sonadək gərginllikdə saxlayır.