O beş yaşından rənglərin
sehirli dünyasında yaşayır. Onun üçün tablolarla söhbət etmək
dünyanın bütün dəyərlərindən üstündür. Bu səbəbdən də "Eşq və heç"
mövzusu onun rəsmlərində öz əksini tapıb. Rəssam Əhməd Nejadın əl
işləri bu dünyanın maddi nemətlərindən uzaqda dayanır.
Onun əsərlərinə diqqətlə baxanda insan başqa bir aləmə səyahət
edir... Azərbaycan əsilli rəssamın emlatxanası İstanbulun Nişantaşı
səmtində məşhur bir küçədə yerləşir. Axşam saatlarında onunla məhz
həmin emalatxanada görüşüb söhbətləşdik.
- Uşaqlığından fırça tutmağı sevən peşəkar rəssamlar
balaca vaxtlarından rənglərin sehrli dünyasında yaşayırlar. Bəs
Balaca Əhməd Nejadın dünyasında nə baş verirdi?
- Əslində, klassik bir fikirdir ki, mən bu sənətə uşaq vaxtımdan
başlamışam. Amma mənim doğrudan da beş-altı yaşımdan muzeylərdə,
qalereyalarda gördüyüm rəsmlər diqqətimi çəkərdi. Ailəm də bir az
dəstək oldu əslində. Məktəbdən etibarən mən rəsmlərə baxmağı daha
çox sevdim.
Topdan fırçalara doğru...
- Daha sonra bizim bir ustadımız var idi. Evimizə yaxın bir
qalereyası vardı. Bir gün günortadan sonra gedib dedim ki, mən
şəkillər çəkirəm, amma rənglərin tam mənasını bilmirəm. Onu da
deyim ki, çox utancaq bir uşaq idim. Amma yenə o ustadın yanına
getmək istədim və getdim. Həmin anda hər yan çox sakit idi. Ustadla
bir daha söhbətləşdi, dedi ki, mənim yanıma kursa gəl, rənglərin
sirrini öyrən. O zamanlarda mənim kursa gedəcək zamanım yoxdu,
çünkü futbol oynayırdım. Daha sonra özüm-özümə rəngləri
qarışdırdım, boyadım və onlara özüm ad verdim. (Gülür) Soğan
qırmızı, pomidor rəngi, beləcə, nələrsə etməyə başladım...
- Bəlkə bizə İstanbulda qalmağınızla bağlı yadda qalan
bir gündən söhbət açasınız. Əsil sənət həyatınıza hansı şəhərdə
başladınız? Niyə məhz İstanbulda yaşamağa qərar
verdiniz?
- Mən Tehran Gözəl Sənətlər Universitetinə gedib gələrdim.
Beləcə, həyatım öz axarı ilə davam edirdi. Bir gün Vyanada təhsil
almaq üçün İstanbula gəlməyə qərar verdim. Əslində, İstanbulda
qalmaq fikrim yox idi. Bir aylıq istirahət etmək istəyirdim və
sonra Vyanaya yola düşməli idim. Vyanada mənim hər şeyim hazır idi,
hətta məktəbim də hazır idi.
...İstanbul və əsl sənət həyatım
- Sonra İstanbulu sevdim. (Gülümsəyir) İstanbulu sevdim, ona
görə ki, bir axşam dostlarla gəzməyə çıxdıq, dostlardan biri
Amerikaya, bir isə Fransaya gedəcəkdi. Yoldan keçərkən binanın alt
qatında "meyxanə" kimi bir yer gördüm. Oraya girdim, bir masada
əyləşdim, orada orta yaşlı insanlar məni masalarına dəvət etdilər.
Dedim, təşəkkür edirəm, burada rahatam. Onda dedilər ki, biz sənə
tərəf qonaq gələk. Çox gözəl söhbətlər etdilər. Bundan sonra mən
düşündüm ki, burada qalmaq lazımdır. Avropada belə mehriban,
istiqanlı insanlar tapa bilməyəcəm. (Fikirləşir) O zamanlardan
türklər yadımda səmimi insanlar kimi qalıb. Beləcə, qərar verdim
ki, mən İstanbulda qalmalıyam. İki ay içində dil öyrəndim və
İstanbul həyatım beləcə başladı. Əsil sənət həyatıma İstanbulda
başladım...
- Əlinizə fırça alıb rəsm tablosuna yaxınlaşanda hansı
fəlsəfə ağlınızdan keçir? Ümumiyyətlə, hansı mövzular çəkir
sizi?
Eşq və heç! Heç və Eşq
- Rəsmə başladığımdan etibarən həyatı, insanı düşündürən rəsmlər
çəkirəm. Məni həmişə insanın yaranış fəlsəfəsi düşündürüb. İnsan
topraqdan gəldi, toprağa gedəcək mövzularından ibarət rəsmlər
çəkmişəm. On-on beş ildir ki, "Eşq və heç"
üzərində işləyirəm. Əslində, "Heç" eşqin ən üst mərhələsidir. Yəni,
içində hər şeyi ifadə edən bir heçlik. Nədənsə "heç" yolunda gedən
insan həyata daha fərqli baxır, kimsəni incitmir. Çox maddiyyatçı
olmaz... O, yalnız düşünər, həyata və insanlara insani
keyfiyyətlərlə baxar. Bu səbəbdən də "Eşq və heç" üzərində işləmək
mənə zövq verir.
- Günün hansı saatlarında çəkirsiniz?
- Çox çalışıram. Günorta emalatxanama gəlirəm. Qonaqlarım və
dostlarım olur. Görüşlər bitir, axşam olur, fırçalara yaxın
gedirəm. Rəsm bitənə qədər emlatxanada qalıb işləyirəm. Gecə
saatlarında çalışıram.
Böyük rəssamlar!
- Dəli, dahi rəssam kimi tanınan Van Qoq və 8 yaşında
ikən çəkdiyi rəsmi bir ömür böyu özü ilə saxlayan, qadınlara qarşı
eqoist olan Pablo Pikasso rəssamlıq sənəti üçün nə qoyub
getdi?
- Doğrudan da Van Qoq, Pikasso böyük rəssamlardır. Onlar sənət
üçün çox şeylər ediblər. Mən Pikassoya fərqli baxıram. Pablo
Pikasso günümüzün sənəti üçün çox önəmli adamdır. Mənə lazım olan
onun əsərləridir. Pikassonun sənətə qoyub getdikləri ilə çox
maraqlanıram. Pikassonu sevirəm... (gülür)
Mən Azərbaycanlıyam...
- Hansı ölkələrdə sərgiləriniz keçirilib və hansı
ölkələrdə əsərlərinizi təqdim etmək istərsiniz?
- Mənim sərgi açdığım yerlər Dubay və Amerikadır. Həmçinin
İranda və Türkiyədə sərgilərim olub. Yaxın günlərdə Dubayda yeni
sərgim olacaq. Mənim bir at heykəlim var, boyu üç metrlikdi. Həmin
heykəl Honkonqda sərgilənəcək. Fransada yeni bir sərgimin
keçirilməsini planlaşdırıram. Çox istəyirəm Azərbaycanda sərgim
olsun. Mən azərbaycanlıyam. Azərbaycana nə zaman dəvət edərlərsə,
gəlib orada sərgi keçirərəm. Amma bu günə qədər heç vaxt dəvət
almamışam (gülür). Mənim ərdəbilli rəssam dostlarım Bakıya çox
gəlirlər, orada sərgilər keçirirlər.
Neft zənginlik, qorxu və müharibədir
- Dörd il öncə Əbu Dabida bir əsər satdım. O əsəri Dövlət
Mədəniyyət Mərkəzinin direktoru aldı. 50-60 minə əsərlər satmışam.
Yaxın günlərdə Honkonqdakı sərgidə qoyulacaq atın qiyməti 750-800
min dollardır. O at çox böyük olduğu üçün buradakı emlatxanada
saxlaya bilmirəm. Atın ayaqlarında "Eşq və heç" yazmışam.
Məndən neftlə bağlı bir əsər istədilər. "Yox" dedim. Əslində,
sifarişlə işləməyi xoşlamıram. Sonra bir yazı göndərdilər, bu
yazını oxuyandan sonra razılaşdım. Bu rəsm İranda və Amerikada
sərgilənəcək. Bu dediyimiz rəsmdə neftin mənalarını açmışam. Neftdə
zənglinlik var, gözəl yaşam var, amma bununla bərabər qorxu var,
savaş var. Bir tərəfdən neft bizim dünyamızı zəngin edir, o bir
tərəfdən həyatımıza təhlükə gətirir!
İstanbul-Bakı