...Uzun illər keçsə
də, Təhminə obrazı hələ də ürəklərdə yaşayır. İki ölkənin bir
aktrisası olan Meral Konrat Azərbaycanda uğursuz bir məhəbbətin
tarixçəsindən bəhs edən "Təhminə" filmində rol aldığı üçün özünü
xoşbəxt hesab edir. Aktrisa peşəkar kinorejissor Rasim Ocaqovu ata
kimi xatırladığından söhbət açır. Demə, aktyor kino tariximizdə
sözünü deməyi bacaran sənətkarla bir filmdə çalışdığı üçün qürur
duyur...
Yaxın günlərdə peşəkar kinorejissor Rasim Ocağovun doğum günü
qeyd olunacaq.
- Hazırda nə edirsiniz? İstanbulda yeni günə necə
başlayırsınız?
- Ötən aylarda bir filmə çəkilməyə başladım. Kino ilə yatıb,
kino ilə qalxıram. (gülür) Səhərlər tez oyanmağı sevən adamam. Günə
dəyər verməyi xoşlayıram. Dostlarımı sevirəm, boş vaxtlarımda filmə
baxıram, teatra gedirəm. Təbii həyat yaşayanlardanam. Onu da deyim
ki, tez-tez bazara gedirəm. Ürəyim istəyən meyvəni özüm seçib
alıram. Hara getməyimdən asılı olmayaraq, kino çəkilişləri mənim
üçün hər şeydən dəyərlidir.
- İlk filmə neçə yaşınızda çəkilmisiniz?
- İlk dəfə kinoya 17 yaşımda çəkilmişəm. Yaxşı yaddımdadı,
birinci dəfə reklam filminə çəkildim. Sözün düzü, atam istəmirdi bu
reklama çəkilim. Yenə bir reklam təklifi gəldi, dedim, çəkilə
bilmərəm. Valideynimə görə çox narahat idim. Atam bu dəfə də mənə
icazə vermək istəmirdi. Dedilər, Meral səni rəngləyəcəyik, kimsə
tanımayacaq. Sonra atam razı oldu. Görkəmli aktyorumuz Tarık Akanın
rol aldığı bir filmdə çəkildim. Bu filmdə çəkilməyim üçün çox
düşünmüşdüm. Amma bütün çətinliklərə baxmayaraq, oynadım və bir
anda ulduz oldum!
- "Təhminə" filmi və Azərbaycan tamaşaçısı. O illəri
neçə xatırlayırsınız?
- Bir gün bir çəkiliş qrupu mənimlə görüşmək istədiyini dedi.
Getdim. Otağa daxil olanda Rasim Ocaqov dedi ki, Təhminə budur!
Rasim bəylə ilk tanışlığımız belə oldu. Soruşdum ki, Təhminə
kimdir? Dedilər, Azərbaycanda bir film çəkmək istəyirik, rejissor
Rasim bəy də səni çox bəyənir və özünün quruluş verdiyi "Təhminə"
filmində sənə baş rolu verəcək. Rasim bəy məni bəyənəndə çox gənc
idim (gülür).
Zaur, yoxsa Spartak!?
- Bu filmin səhnəarxası tarixçəsindən yadınızda maraqlı
nə qalıb?
- Əlbəttə, gizli qalan maraqlı məqamlar olub. Demək olar ki,
tamaşaçılar bundan xəbərsizidir. "Təhminə" filminə çəkilməyim üçün
razılıq verdim. Məni Azərbaycana dəvət etdilər və çəkilişlər
başladı. Filmdə Zaur obrazını atası iranlı, anası rus olan məşhur
aktyor Adel Alhadad oynamışdı. Həmin aktyorla film yarıya qədər
çəkilmişdi. Elə bilirdim Fəxrəddin Manafov Spartakı oynayacaq.
Sonra Rasim bəy mənə zəng etdi və dedi: "Meral xanım, çəkdiyimiz
filmi bəyənmədim!" Mən də narahat oldum, səbəbini soruşdum. Rasim
Ocaqov dedi ki, Zaur Təhminənin qarşısında zəif qalıb, çox pis
oynayıb. Buna görə də Zauru Fəxrəddin Manafov adında azərbaycanlı
bir aktyor oynayacaq. Soruşdum ki, bəs o, Spartakı oynamayacaq? O
illərdə Rasim bəy hər şeyi planlaşdırmışdı; Fəxrəddin Zauru
oynadığına görə Spartak obrazı üçün başqa aktyor da tapmışdı.
Fəxrəddin Manfov çox yaxşı aktyor idi, gördüyünüz kimi, maraqlı,
baxımli bir film alındı.
O bir ata idi
- Azərbayacanın peşəkar rejissorlarından biri olan Rasim
Ocaqovla bir filmdə işləmək sizə nə verdi? Bir insan və peşəkar
rejissor kimi yaddaşınızda hansı izləri qoyub getdi?
- (Fikirləşir) Mənim üçün Rasim Ocaqov çox önəmli insandı.
Onunla işləmə fürsəti əldə etdiyim üçün çox şanslıyam. Rasim bəy
işinə qarşı çox diqqətcil idi. Onu gördüyüm zaman qorxardım. İşini
çox sevirdi... İşdə səhv elədiyimiz zaman çox əsəbiləşirdi! Bundan
başqa, o bir ata idi. Nə istədiyini o qədər gözəl, içdən izah
edirdi ki! Çox fərqli insan idi. Onun tələblərinə bir türk aktrisa
kimi heyran qalırdım. Rasim Ocaqovda bir Hollivud tərzi var idi.
Onun haqqında çox söz demək olar. O, yaddaşımda xoş izlər qoyub
getdi. Nur içində yatsın!.. Rasim bəyi doğurdan da çox istəyirəm,
onun sevgisi hələ də qəlbimdədir.
- Bakı və Azərbaycan tamaşaçıları. Şəhərimizə gələndə nə
hiss keçirirsiniz?
- Azərbaycan tamaçılarını çox sevirəm! Onlar məni necə
sevirlərsə, mən də onları elə sevirəm. Rasim Ocaqovu sevdiyim kimi,
sizlər də mənim üçün çox dəyərlisiniz. Hər Bakıya gəldiyimdə
"Təhminə" filmini yenidən yaşayıram!
Rasim Ocaqov xatirələrdə...
Sənətkar Azərbaycan kinosunun inkişafı üçün daim mübarizə
apardı. Çəkdiyi filmlərdə mütləq bir ideya olmalı idi. Onun çəkdiyi
filmlərdə kadrlar sujetin ümumi axarına uyğunlaşırdı. Daim
tamaşaçıları düşündürməyi bacaran kinorejissorun ideya ilə yanaşı,
təqdim etdiyi hər kadrın öz sehri vardı. Əslində, filmlərin uğurlu
alınmasında peşəkar aktyorların da əməyi böyük idi. Deyirlər, bəzi
personajları bir anın içində seçirdi. Türkiyəyə qədər gedib çıxan
rejissor məhz Meral Konratı da bir anın içində seçib...
Türkiyə-İstanbul