Cənab İlham Əliyevə dedim ki, sizin sərəncamlarınızdan sui-istifadə edənlər var.
Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Afaq Bəşirqızı ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə baş tutan görüşü barədə təəssüratlarını sosial şəbəkələrdə bölüşərkən yazıb. O, aktyorların maaşının artırılması barədə söylədiklərinin müsbət qarşılandığını bildirib:
“İncəsənət xadimlərindən, əyalət teatrlarından saysız-hesabsız zənglər gəlir, mənə minnətdarlıqlarını bildirirlər. Amma bu, mənim vətəndaş borcumdur. Mən öz alın tərimlə, səhhətimi qurban vermək hesabına Xalq artisti, prezident təqaüdçüsü və sayılıb-seçilənlərdən oldum. Amma həyatım boyunca eqoist olmadım, olmayacam da. Mən öz xalqımı, ehtiyacda olan imkansız insanları fikirləşməliyəm. Əgər dünənki mötəbər məclisdə belə bir fürsət yarandısa, mən mütləq çıxış etməli idim. Çox sağ olsun, canım prezidentim, Mehriban xanım, mənə qulaq asdılar.
Cənab ölkə başçısı çıxışında bir neçə dəfə mənim qaldırdığım məsələni müzakirə etdi. Allaha şükürlər olsun ki, artıq dünəndən xəbərlər alıram ki, bu təkliflərə müsbət reaksiya verilib. Bu günlərdə hamılıqla birgə bu işlərin nəticəsini bayram edəciyik. Ümumiyyətlə, hər bir insan təyin olunduğu sahədə öz işini, kreslosunu yaxınlarına görə istifadə etməsə, inanın, bu çətinliklər yaranmaz. 64 yaşındayam və çox sahələrlə rastlaşmışam. Çox yaxşı insanlar görmüşəm və onların iş üsulları ilə tanış olmuşam. Bu problemlərin başlıca səbəbi öz yerində düzgün oturmayan məmurlardır. Məhz buna görə cənab İlham Əliyevə dedim ki, sizin sərəncamlarınızdan sui-istifadə edənlər var. Amma bu cür məmurlar unutmasın ki, həyatda halal və haram deyilən amillər var. Söz verirəm ki, bundan sonra da mənə olunan hörmət xalqımın övladları üçün olacaq. "Sağ əlin elədiyini, sol əl bilməməlidir" - bu mənim həyat devizimdir. Məni tanıyanlar yaxşı bilir ki, mən nə etdiyimi və edəcəyimi heç kəsə bildirmirəm. Bir daha qeyd edirəm ki, dünənki çıxışım rəsmi yox, həqiqətən ürəyimdən gələn sözlər və qəlbimin hayqırtısı idi”.
Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı çıxış edən A.Bəşirqızı aktyorların maaşının az olması və onların evlə təmin olunması barədə fikirlər səsləndirib.