Nədənsə Milli Kino incilərimizdən söhbət düşəndə
gözlərimiz önündə Zaur, Yusif, Marat, Kərim, İbrahim xan və başqa
obrazlar canlanır. Onun rollarını uşaqdan böyüyə izləyənlərin
hamısı çox sevir. Yaratdığı obrazlardan Zaur xüsusilə fərqlənir.
Məhz bu obraz Xalq artisti Fəxrəddin Manafovu tamaşaçılara daha çox
yaxınlaşdırdı...
Bakı mənimdir...
- Balaca Fəxrəddinin uşaqlıq illərində nə baş
verirdi?
- Ən böyük arzularımdan biri futbolçu olmaq idi. Bununla yanaşı,
hələ uşaq yaşlarımdan aktyorluq sənətinə maraq göstərmişəm.
- Kiçik şəhərləri sevən aktyor üçün küləklər şəhəri və
ən əsası qədim Bakı nə ifadə edir?
- Mən o illəri, elə qədimi Bakını da yaxşı xatırlayıram. Keçmiş
Kirov Parkına gedəndə uşaqlıq illərim, velisoped sürməyim gözlərim
önündə canlanır. O parka gedəndə nədənsə o illər yaddıma düşür.
Qədim Bakı bu gün çox dəyişib. Bu gün bulvar da çox gözəl olub.
Bakını çox sevirəm!!! Mən Bakını heç bir şəhərə dəyişmərəm! Bakı
mənimdir... (gülümsəyir)
Müəllimim həmişə deyirdi…
- "Ölsəm bağışla" filmindəki Yusif obrazı, "Park"
filmindəki Marat, istərsə də "Təhminə" filmindəki Zaur obrazlarını
canlandıran aktyor nədənsə həmişə ədalətsizliklərlə, xəyanətlə
qarşılaşır. Bəs filmlərdən fərqli olaraq real həyatda
necədir?
- (Fikirləşir) Ədalət var. Əlbəttə ki, var. Ədalətsizlik insanın
özündən gəlir. İnsan əgər özü ədalətlidirsə, düşünməlidir ki, nəsə
səhv eləyib ki, ona qarşı da ədalətsilik ediblər. İlk növbədə insan
özü öz addımını düşünməlidir. Mənim müəllimim Vaqif İbrahimoğlu
həmişə deyirdi ki, heç vaxt günahı başqasında axtarma.
Təklik və mən...
- Fəxrəddin Manafovun ruhunun azad olduğu yer
varmı?
- Tənhalığı, təkliyi çox sevirəm. Ümumiyyətlə, o halda insan
daha çox düşünə bilir. (Fikirləşir). Yaxınlarda bir şey haqqında
düşündüm: Allah insana hər şey verib, amma bir şeyi çox qısa
verib... Çox qısa! O da yaddaşdır. Və adam dünyasını dəyişdikdən
sonra o yaddaş da insanla birlikdə gedir. Bildiyimiz kimi, yaddaş
görünməz bir şeydir. Bir insana bu fikirlərimi danışdım, sonra o
mənə dedi ki, sən bilrsən, ümumiyyətlə, insan nə deməkdi, onun
mənası nədir? Sözün düzü, dedim, bilmirəm. Onu cavabı belə oldu:
insan "unutqan" deməkdir. Bu sözdən sonra mən çox həyacanlandım ki,
mənim fikrimlə bu söz üst-üstə düşdü. Hər zaman məni işıqlandıran,
maarifləndirən, mənə nəsə bir təkan verən anları yada salıram.
(fikirləşir) Hər zaman... Bax, dediyiniz köküm, ruhum budur
mənim.
- Həmişə müsahibələrinizdə kino sahəsində qazandığınız
uğurların əsas səbəbkarı kimi Rasim Ocaqovu yadda salırsınız.
Kinorejissordan söz düşmüşkən, o, həyatınızda olmasaydı nə baş
verəcəkdi?
- Təbii, mən qazandığım uğurlara görə əvəzolunmaz kinorejissor
Rasim Ocaqova minnətdaram!.. Kino taleyimdə Rasim Ocaqovun öz yolu
var. Əlbəttə, Rasim bəy mənim həyatımda olmasaydı, kino həyatım tam
başqa cür olacaqdı.
- Ötən illərlə müqayisədə son illər Fəxrəddin Manafovu
filmlərdə çox az görürük. Buna səbəb?
- Bunun üçün mənim sevimli rejissorum olmalıdır. Təbii ki,
filmlərə çəkilməməyimin səbəbi Rasim Ocaqovun həyatda olmamasıdır.
O, film çəksəydi, düşünmədən çəkilərdim. Arzum onun çəkdiyi
filmlərin qarşısında öz istəyinə çatardı. Hər bir filmində bir
ideya və peşəkar rejissor görüntüsü var idi.
Bu böyük bir ağrıdır!
- Rasim Ocaqovun fərqli cəhətlərindən biri də hər bir filmdəki
obrazların geyminə xüsusi diqqət göstərməsi idi. Onun filmlərində
bütün libaslar orta olmalı idi. Onun quruluş verdiyi filmlərdə nə
zənginlik, nə də kasıblıq fərqi var idi. Bu, sənətkara məxsus bir
baxışdır. Rasim müəllimin quruluş verdiyi filmlərdə insanın insana
olan münasibəti, sevgi, ruh - bu dediklərim onun üçün çox vacib
idi. Bu sualı mənə tez-tez verirlər ki, niyə filmlərdə yoxsan?
Mənim bir cavabım var: artıq mənim rejissorum kinosunu dəyişib. Bu,
böyük bir ağrıdır! Rasim Ocaqovu itirməyimiz istər Azərbaycan
kinosu, istər mənim üçün böyük bir itkidir!..
- Türkiyə və Azərbaycan arasında ilk müşətərək kino
layihəsi işıq üzü gördü. Yazıçı Elçinin ssenarisi əsasında çəkilən
"Mahmud və Məryəm" filmində rol almısınız. Deyəsən az da olsa
filmlərə çəkilirsiniz?
- Doğrudur, bir neçə filmə çəkilmişəm. Onlardan biri də "Mahmud
və Məryəm"dir. Qeyd edim ki, zaman keçir, dəyişilir və Azərbaycan
kinosuna yeni rejissor və sənətkarlar gəlir. Təbii ki, sənətkarlar
və rejissorlar öz istədiklərini çatdırmaq üçün yeni simalar
seçirlər. Söz düşmükən deyim ki, Ayaz Salayevin son filmində də
çəkilmişəm.
- Hansı obraz həmişə sizin diqqətinizi çəkib və məhz
həmin obrazı canlandırmaq istərdiniz?
- Həqiqətən də mənim ən böyük arzularımdan biri Qacar rolunu
oynamaq olub. Bu tarixi şəxsiyyətin həyatı, tarixdəki yeri haqqında
çox oxumuşam, onun həyatını canlandırmaq mənim üçün hər zaman
maraqlı olub.
- Qadın və Fəxrəddin Manafov…
- Qadınları çox sevirəm! Lap çox sevirəm! Dəlicəsinə sevirəm! Nə
yaxşı ki, Allah biz kişiləri tək yaratmayıb. (gülür)