"91 ildə heç vaxt Türkiyədə
demokratiya olmayıb".
Axar.az xəbər verir ki, Kann Film Festivalında "Qızıl Palma
budağı" mükafatı qazanan "Qış yuxusu" filmi ilə dünyada şöhrət
qazanan Türkiyənin məşhur aktyoru Haluk Bilginer "Ot" jurnalına
müsahibə verərək maraqlı və çoxlarının asan həzm edə bilməyəcəyi
fikirlər səsləndirib. Gəzi parkı hadisələrinə münasibət bildirən
aktyor belə deyib:
"Türkiyə gəncliyinə olan ümidini itirmiş yaşlı kişi
olaraq Gəzidə ümidlərim yenidən dirçəldiyi üçün çox
xoşbəxtəm".
Axar.az aktyorun müsahibəsindən diqqət çəkən hissələri təqdim
edir.
Gəzidə ümidlərim təkrar dirçəldi
- Gəzi hadisələri Türkiyə Cümhuriyyətinin miladıdır. Biz sabah,
o biri gün öləcəyik, lakin bundan 50 il sonra, bundan 75 il, 100 il
sonra Gəzi hadisələri mütləq xatırlanacaq. Türkiyə gəncliyinə olan
ümidini itirmiş yaşlı kişi olaraq Gəzidə ümidlərim yenidən
dirçəldiyi üçün çox xoşbəxtəm.
Müsəlmanlar namaz qılır, sosialistlər onları
qoruyurdu
Ad günümü Gəzidə qeyd etdim. Oradakı uşaqların halı, o
həmrəylik, o birlik; müsəlmanlar namaz qılırdı, sosialistlər
başlarının üstündə keşik çəkirdi ki, heç kim onları narahat
etməsin. Bu da Türkiyənin gələcəyi! Bu, möhtəşəm bir şeydir! Məni
həyəcanlandıran və ümidləndirən bir şeydir bu! Gəziyə və Gəzidəki
hadisələrə şahid olduğum üçün çox xoşbəxtəm.
Bunun adı fanatizmdir
Çünki solçuluq heç bir şeyə toxunmur; əzbərlədikləri ilə
danışırlar, ətraflarına baxmadan, 1800-1900-cu illərdə yazılmış
kitablardan oxuduqları və eşitdikləri şeylərin reallaşa biləcəyinə
ümid edirlər. Bu iş əzbərlə olmaz, bunun adı fanatizmdir.
Atatürk milliyyətçiliyi nə deməkdir?!
Allah xətrinə, Atatürk milliyyətçiliyini izah edə biləcək bir
insan oğlu varmı bu dünyada? Atatürk milliyyətçiliyi nədir? Heç kim
bilə-bilməz. Amma Atatürk milliyyətçiliyi üçün insanlar ölür bu
ölkədə, Atatürk milliyyətçiliyi üçün qətliamlar törədilib keçmişdə.
Məsələn, mən heç nə bilmirəm bu mövzuda və birinin bunu mənə izah
eləməsini gözləyirəm. Mənası olmayan, əzbərlənmiş, heç bir
dərinliyi olmayan, heç kimin nə anlama gəldiyini izah edə
bilməyəcəyi cümlələrdən yapışıb gedirik.
Mənim varlığım niyə türk varlığına ərməğan olsun
ki?!
Bizə məktəbdə altı yaşımızdan bəri hər səhər "Varlığım türk
varlığına ərməğan olsun" deyə qışqırmağı öyrətdilər. Bir gün belə
düşünmədik bu sözün mənası nədir. Mənim varlığım niyə türk
varlığına ərməğan olsun ki? Anlamıram. Mənim övladımın, mənim kiçik
qızımın varlığı türk varlığına hədiyyə olacaqmış, hə? Mənim qızım,
mənim altı yaşlı mələyim: "Varlığım türk varlığına ərməğan olsun",
- deyə qışqıracaq, hə? Hər dəfə dərsdən çıxmağını gözləyərkən,
"Allah qorusun", deyə qışqırıram arxasından.
Və gün gələr: "Himnimiz qadağan edilsin", - deyə bir qanun
çıxanda hamıdan əvvəl solçular etiraz edir; çünki belə bir şeyi AKP
istəyir. Yekə-yekə adamlar meydanlara çıxıb himnimizi oxudular.
Mənasını belə bilmədikləri bir şeyi, altı yaşından bəri
qışqırdıqları şeyi yenidən qışqırdılar.
Başımı divarlara vurmaq istəyirəm
Türk olsun, kürd olsun, fərqi yoxdur; 20 yaşlı cavanlar
yaşamadan ölür və bir ana çıxıb "Vətən sağ olsun, bir uşağım olsa
onu da göndərərəm", dediyi vaxt başımı divarlara vurmaq istəyirəm.
Bir ana bu sözləri necə deyir axı, ya da biz yalnız elə deyənləri
izləyirik, yalnız onları göstərirlər bizlərə. Bir neçə il bundan
əvvəl bir ananın övladları ölmüşdü Anadoluda. Ana belə demişdi:
"Mənim oğlum şəhid-filan deyil! Nə olduğu bilinməyən naməlum bir
cinayətə qurban getdi". O qadının sözlərini də kəsintilərlə
verirdilər, daha sonra isə ümumiyyətlə vermədilər".
Hitlerin də seçki ilə prezident olduğunu
unutmayaq
Biz hələ də demokratiyadan danışırıq. Nə demokratiya, balam? 91
ildir Türkiyədə heç vaxt demokratiya olmayıb. Hitlerin də seçki
yolu ilə prezident seçildiyini heç kim unutmasın.