Sənəti ilə fəxr edən peşəkar aktyorla bir neçə dəfə
söhbətimiz olub. Hər söhbətində də uşaqlıq illərindən,
gəncliyindən, sənətə gəlişindən sevinclə danışdığını hiss
etmişəm.
Aktyor zəngin keçmişindən danışanda Kinostudiyanın bufetində
tanış olduğu müəlliminin adını tez-tez qeyd edirdi. Hətta
Azərbaycan kino sənətində var olduğu üçün Rasim Ocaqova olan
minnətdarlığı yaddaşımda yaxşıca iz qoyub. Onun üçün obrazı
yaratmaqla yanaşı, yaşamaq daha vacibdir. Xalq artisti üçün bir
həqiqət də mütləqdir: gərək aktyora ürəyindən keçən rolu versinlər
ki, aktyor nəsə yarada bilsin. Gələcəyin istedadlı aktyoru olmaq
üçün o, sənətə olan sevgisini hər an içində yaşada-yaşada
Azərbaycan kinosunun mərkəzinə qədər gəlib çıxdı. "Ad günü"
filmində rol aldığı Mustafa obrazı ilə kino səhnəmizdə özünəməxsus
bir obraz yaratdı və bu sənət üçün yaşadı. Tənhalığı sevməyən
aktyor insanlarla sıx təmasda olmaqdan xüsusi zövq alır...
- Hacı İsmayılovun kinoya, sənətə sevgisi necə
yarandı?
- Mənim uşaqlıq illərim İçəri şəhərdə keçib. Gözümü açandan
Azərbaycanın qədim memarlıq abidələrini, Qala divarlarını, Xan
Sarayını görmüşəm. Yəni uşaqlığım elə bir yerdə keçib ki, o qədimi
yerlərin mənə böyük təsiri olub. Üstəlik, xoşbəxtliyim onda olub
ki, İçəri şəhərdə mən bir çox filmlərin çəkilişinin canlı şahidi
olmuşam.
O filmə baxanda özümü tanıya bilmirəm...
Yəni orada "O olmasın, bu olsun", "Axırıncı düyün" və bir çox
filmlərin uşaq vaxtımdan çəkilişlərini canlı-canlı gördüm. Belə
filmlərin çəkilişini görəndən sonra filmə marağım yarandı. Hətta
"Məmlüklər" filminin bir epizodunda uşaqların qaçmaq səhnəsi var,
mən orada da çəkilmişəm. İndi də o filmə baxanda özümü tanıya
bilmirəm! (gülür) Yəni kinoya, sənətə, aktyorluğa həvəs məndə
uşaqlıqdan olub. Dördüncü sinifdə oxuyanda dram dərnəyinə getməyə
başladım. Eyni zamanda idmançı olmaq da istəmişəm. Sözün düzü, uzun
illər bunlar birlikdə getdi. Axırda teatra, aktyorluğa sevgim daha
çox oldu. Aktyor olduğum üçün çox xoşbəxtəm... Bu sənət mənə çox
şey verib! Üstəlik də yaxşı müəllimlərim olub.
- Deyirsiniz, yaxşı müəllimlərim olub. O illərdə
müəllimləriniz gənc Hacı İsmayılova nə bəxş ediblər?
- Əgər atam mənim bu dünyaya gəlməyimə səbəb olubsa, Rasim
Ocaqov mənə əbədiyyət bəxş edib. Gənc Hacıya aktyor sənətinin
möcüzələrini, sirlərini öyrədən adam məhz Rasim Ocaqov olub. Hərdən
deyirəm, Ocaqov məni mənim özümdən yaxşı tanıyırdı. Bir söz deyim,
əvvəllər elə bilirdim Rasim bəy məndən 25 yaş böyükdür, amma sonra
gördüm, 10 yaş fərqimiz var. O, çox ağıllı, savadlı, peşəkar bir
insan idi. Onun böyüklüyü bundaydı.
Qəribə adam idi!
- Bəs Rasim Ocaqovla ilk tanışlığınız nə zaman
olub?
- Rasim bəylə ilk tanışlığım Kinostudiyada olub. Mən dublyaj
şöbəsinə gedirdim, orada yaradıcılıq "bufeti"ndə dostlarımla çay
içirdim. Sən demə, kənardan bizi izləyirmiş. Həmin vaxtda da "Ad
günü" filmini çəkirdi. Heç bir tanışlığımız yox idi, amma
gözləmədiyim anda mənə yaxınlaşdı. Sonra əlini çiynimə qoyub dedi
ki, "Ad günü" filmini çəkməyə başlayıram, istəyirəm səni orada bir
rol üçün foto-prob eləyim. Sözün düzü, elə sevindim ki! (gülür) Ona
qədər kimsə məni foto-proba çağırmamışdı. Filmdəki sınaq
çəkilişlərim yaxşı alındı və bu da mənim kino sahəsində uğur
qazanmağıma təkan verdi.
- Bir peşəkar kinorejissor kimi Rasim Ocaqov
aktyorlardan nə tələb edirdi? Xarakteri necəydi?
- Rasim müəllimin çox qəribə xarakteri var idi. Qəribəlik ondan
ibarət idi ki, o, peşəsini çox sevirdi, məsuliyyətli adam idi, bunu
onun filminə çəkilən aktyorlardan da tələb edirdi. Arzulayırdı ki,
aktyor vaxtında işə gəlsin, mətnini bilsin, rol üzərində işləsin,
yəni xoşlamırdı ki, aktyorun fikri başqa yerdə olsun. (fikirləşir)
İlk çəkilişdən sonra hiss etdi ki, mən işimə məsuliyyətli yanaşıram
və beləcə, daha dörd filminə təklif etdi.
Mən və "Ad günü"
- "Ad günü" filmində qəribə hadisələr olurdu. Mənə deyirdilər,
sən saat səkkizdə olmalısan kinostudiyada, amma kinostudiyada iş
saat onda başlayırdı. Saat səkkizdə gəlirdim ora, baxırdım,
görürdüm ki, məndən başqa heç kim yoxdur. Məcbur qalıb ssenarini
oxuyurdum, saat doqquzda geyinirdim, onun yarısı qrimçi gəlirdi,
qrim olunurdum. Deyim ki, Rasim Ocoqav otağına gələn kimi birinci
soruşurdu: - Hacı gəlib, Hacı hazırdı? Deyirdilər, bəli, gəlib,
çoxdan gəlib. O da deyirdi ki, elə isə saat 10-da başlayaq
çəkilişə. Çox dəqiq insan idi. Saat onda başlayırdı, birdə, ikidə
çəkilişi bitirirdi.
Deyir dövlətdə dəvə, övladda nəvə
- Səhv eləmirəmsə, Rasim Ocaqov bir filmində sizinlə
birlikdə öz nəvəsini də çəkib. Ümumiyyətlə, sizin üçün nəvə nə
deməkdir?
- Sizə maraqlı bir fakt danışım. Sənətkar çox ailəcanlı insan
idi, həm də nəvələrini çox sevirdi. Bəli, Rasim Ocaqovun Nərmin
adlı nəvəsi mənimlə "Həm ziyarət, həm ticarət" filmində çəkilib. O,
filmdə mənim kiçik qızım rolunda oynayırdı. Çox şirin oynayıb,
yadda qalan bir obrazdır. Yaxşı yadımda qalıb. Rasim Ocaqov
çəkilişlərdən sonra nəvəsini götürüb Şəkidə gəzirdi. Təbii ki, bu
gəzintini uşaqlıq dövrünü yenidən yaşamaq üçün edirdi.
Dövlətdə dəvə, övladda nəvə
Saçları ipəkdi, gözləri şəvə
Xoşbəxtik gətirir onlar hər evə
Dünyanın ən şirin barı nəvələr.
Nəvədən şirin heç nə ola bilməz. (sevinir) Nəvə olandan sonra
uşaqların məhəbbəti də nəvəyə keçir. İki nəvəm var, onlarla nəfəs
alıram. Birinin adı Ülkərdi, o birinki Azər. Tez-tez bizə gəlirlər.
Gəlməyəndə də ruhən uzaqdan-uzağa onlarla söhbət edirəm.
- Nədənsə ötən illərlə müqayisədə peşəkar aktyorlar,
rejissorlar çox azdır. Buna səbəb nədir, bu problemin kökündə
aktyor dayanır, yoxsa rejissor?
- Yox, bu, nə aktyor, nə də rejissor problemidir. Bu problemin
kökündə sevgisizlik dayanır. Bir işdə sevgi varsa, məhəbbət varsa,
mütləq onun bəhrəsi uğurlu alınacaq. Gənclərə onu deyə bilərəm ki,
peşələrini sevsinlər. Özlərini sənətdə yox, sənəti özlərində hiss
etsinlər.
- Hazırki fəaliyyətinizdə nə baş verir?
- Bu il 70 yaşım tamam olub. Bu yaşda iki hadisə məni çox
sevindirib. Birincisi, sənətkar medalına layiq görüldüm və eyni
zamanda Azərbaycan Teatr Xadimlər İttifaqının sədr müavini
seçildim. Akademik Milli Dram Teatrında işimi bitirən kimi gedirəm
ora və orada fəaliyyətimi davam etdirirəm. İki ay bundan əvvəl
İttifaqın "Zəfər" studiyasında Mustafa Mərdanov səhnəsinin
açılışını elədik. Bildiyimiz kimi, bu il görkəmli teatr xadimi
Mustafa Mərdanovun anadan olmasının 120 illiyi qeyd olundu. Həmin
gecədə Rafiq Əzimovla mən çıxış etdik. Səhnənin quruluşu Azərpaşa
Nemətova məxsus idi. O gün çox əlamətdar bir gün idi...
- Bir müsahibənizdə demişdiniz ki, İstanbul mənim
sevimli şəhərimdir. Niyə məhz İstanbul?
- Bəli. Bəli (gülür). İstanbul mənim sevdiyim şəhərlərdən
biridir. Birinci dəfə İstanbula 1992-ci ildə gedəndə elə bil
möcüzələr aləminə düşdüm və o şəhərə vuruldum. Onu da deyim ki, son
illər istirahətimi Türkiyədə keçirirəm. Ən çox sevdiyim yerlərdən
biri Ayasofyadır. O tarixi yerdə azan səsi dinləmək insana qürur
verir! Həm də çox... Həmin məkan insanı möcüzələr aləminə
aparır...