Tanınmış şoumen,
telekanallarda gerçəkləşən bir sıra uğurlu layihələrin müəllifi və
aparıcısı, "Bakılı oğlanlar" klubunun məşhur üzvü və yenicə Əməkdar
artist adına layiq görülmüş Murad Dadaşov Axar.az-ın
qonağıdır.
"Maşın şou"dan daha maraqlı
olacaq…
- Bu yaxınlarda Əməkdar artist adına təltif olundunuz.
Hansı hissləri keçirdiniz bu xəbəri eşidəndə?
- Gözlənilməz xəbər oldu. Prezident tərəfindən bu ada layiq
görülmək mənim üçün çox önəmli hadisədir. Cənab prezidentlə
yaradıcı fəaliyyətimin lap ilk günlərindən ünsiyyətdəyəm. Bu müddət
ərzində onu bizə, xalqına dəstək edən biri kimi tanımışam. İllər
ərzində İlham Əliyev özü belə bilmədən bizim komandamıza çox şeyi
öyrətdi. Öz vətəndaşlıq mövqeyi ilə heç bir zaman dəstəyini
əsirgəmədi.
Hər zaman düşünürdüm ki, fəxri adlar yaşlı insanlara verilir. Bu
ada layiq görüləndən sonra anladım ki, yaşla heç bir əlaqəsi yoxdu.
İstedadı olan və hər zaman öz üzərində çalışan birinə dövlət
tərəfindən verilən addır bu.
- Yeni layihə haqqında düşünürsünüz heç?
- Açığı, mən kadr arxası daha çox işlər görürəm. Ümid edirəm ki,
2015-ci ildə bir neçə televiziya layihəsi ərsəyə gətirəcəyik.
Öncədən deyirəm, sonra alınmır və məndən soruşurlar ki, niyə
alınmadı? Bir layihəni ola bilsin gec edirəm, amma ortaya çıxaranda
uzun müddətli olur və böyük reytinq qazanır. Mən bir işlə məşğul
ola bilmirəm, bir işin qulpundan yapışmaq məni tez yorur.
- Uğurlu layihələrinizdən olan "Maşın" realiti şousunun
yeni sürətini davam etdirmək niyyətiniz varmı?
- Bu dəqiqə fikrimdə çox şey var, sadəcə istəmirəm ki,
yaddaşlarda sırf "Maşın" realiti şousuyla qalım. Hazırda iki yeni
realiti şou haqqında düşünürük, ideya özümüzə aiddir. İnanın ki,
"Maşın"dan daha maraqlı bir şou olacaq. Biz olduqca mürəkkəb bir
işlə məşğuluq və təkcə televiziyalarda yaxşı layihə eləmək fikrində
deyilik. Bizim fikrimiz tamaşaçıları cəlb edib, efirə maraq
oyatmaqdır. Çünki son illər demək olar ki, yerli kanallara baxış
yoxdu.
Bayağı insanların efirə çıxması...
- Siz bunun səbəbini nədə görürsünüz?
- Bir səbəbi var - keyfiyyətsiz kanalların fəaliyyət göstərməsi
və bayağı insanların efirə çıxması. AzTV uzun illər öz imicini
qoruyub saxlamışdı, amma təəssüf ki, son vaxtlar bu kanal
keyfiyyətsiz verilişlərdə hamını üstələyib. Düzdür, sevilən
kanallarımız var ki, bu gün dillər əzbəridir... Bilirsiz, müasir
televiziyanın qaydalarını az adam bilir. Telekanal rəhbəri bu gün
savadlı tele-jurnalistlə işləməlidir. Bacarığı olmayan televiziyada
özünü sınamaq istəyir. Televiziyalarımızın indiki durumunu
futbolumuzla müqayisə edərdim. Tutaq ki, əla məşqçi var, amma əla
oyunçu olmayandan sonra neyləyə bilərsən?
Mən tamaşaçını tanıyıram...
- Bu gün hamı sizi bir nömrəli şoumen kimi
tanıyır..
- İstəmərəm mənə "bir nömrəli şoumen" desinlər, "bir nömrəli
televiziya prodüseri" olmaq daha xoşdur. İşimdən çox böyük bir zövq
alıram. Düşünürəm ki, hər bir işin keyfiyyəti savadla adekvatdır.
Mənim savadım ürəyim istədiyi qədər deyil. Düşünürəm ki, Azərbaycan
tamaşaçısı Murad Dadaşovdan da qat-qat üstün aparıcıya layiqdir.
Layihələrimin uğurlu olmasının bir səbəbi var, mən tamaşaçını
tanıyıram və nə istədiyini bilirəm. Heç bir zaman "mən birinciyəm"
deməmişəm, hər zaman elə ikinci olum ki, daima həvəsdə olum.
- İllər öncə ulu öndər Heydər Əliyevi parodiya etdiniz
və maraqlı alındı. Üz-üzə görüşəndə sizə hər hansısa bir irad
tutdumu?
- Mənim vətənə böyük sevgim var və bilirəm ki, bizim vətəni
dirildib yaşadan Heydər Əliyev oldu. O, doğurdan da çox gözəl insan
və eyni zamanda gözəl siyasətçi idi. O öz gəlişi ilə dövləti,
milləti, cəmiyyəti bərpa etdi. Mən gördüklərimi deyirəm. Heydər
Əliyev hər kəs üçün nümunədir. Mənim onu parodiya etməyim ona olan
böyük hörmətdən irəli gəlir. Əgər onun xətrinə dəymiş olsaydım, bu
günü mən burda olmazdım (gülür).
- Sizcə, Azərbaycan Avropa mədəniyyətini tam olaraq
mənimsəyə bilibmi?
- Azərbaycan Avropa mədəniyyətini mənimsəməyi hədəfləməyib.
Azərbaycanın öz dərin, geniş və irsi mədəniyyəti var.
İnsanlarımızın əksəriyyəti nə tariximizi, nə də mədəniyyətimizi
sona qədər bilir. Nizami Gəncəvi ilə Azərbaycan ədəbiyyatı bitmir.
Bizim daha böyük şairlərimiz, yazıçılarımız və çox böyük
mədəniyyətimiz var. Tutaq ki, kinoda bir qədər geriləməyimiz o
demək deyil ki, mədəniyyətdə axsayırıq. Əksinə, bu gün Avropa özü
mədəniyyət boşluğu yaşayır.
Toylara getmirəm...
- Bu yaxınlarda Xoşqədəm xanımla Doğuş bəyin toyu oldu.
Deyilənə görə, bu toyu idarə edən siz olmuşunuz? Murad Dadaşov
toylara gedir?
- Dostum Xoşqədəmin toyu oldu, amma mən orda aparıcı deyildim,
təşkilatçı idim. Aparıcı əməkdar artist Cavanşir Məmmədov idi. Heç
bir zaman toylara getmirəm, amma ola bilər ki, dost və qohum
toylarında öz ürək sözlərimi deyəm. Amma ödənişli olaraq toy
aparmaq mənlik deyil. O işində öz peşəkarları var.
- Murad Dadaşov professional aparıcı olaraq indiki gənc
aparıcılardan kimi bəyənir?
- Bilirsiniz, bir istiqamət yoxdur. Şou, maqazin verlişləri və s
aparıcısıları fərqlidir. Əgər uç-dörd verlişdən sonra efirdə
qalırsa, demək ki, həmin şəxsə tamaşaçı tərəfindəm tələbat var.
Tələbat olduğu halda mənim fikrim önəm kəsb etmir.
- Aparıcı kimi fəaliyyət göstərmək üçün insanda hansı
xüsusiyyətlər olmalıdır?
- Necə olursan ol, kim olursan ol, ilk növbədə deyiləsi sözün
olmalıdır. Mən o zaman sizin üçün maraqlı ola bilərəm ki, nəsə
yenilik edəm. İnsan daim yeniliyə can atmalıdır, öyrənməli və
öyrətməlidir...