Axar.az-ın budəfəki qonaqları şou-biznesin yeni duet
ortaqları Səidə Dadaşova və bəstəkar-müğənni Ramal
Əsədzadədir.
Aralarında sevgi var...
- Deyilənə görə, Səidə Dadaşovayla Ramal Əsədzadə arasında sevgi
yaşanır…
Səidə: - Biz layihəyə başlayanda bilirdik ki, duet
ərsəyə gəldikdən sonra bizə veriləcək ilk suallardan biri də bu
olacaq. Bu sualın verilməsi normal haldır, bütün dünya
praktikasından da görürük ki, hər hansı bir xanımla əks cins
nümayəndəsi duet oxuyursa, demək, "aralarında sevgi var" kimi
sözlər deyilir. Bizim aramızda sadəcə dostluq var.
Ramal: - Mən demirəm sənət adamları pisdir,
amma şəxsən mən müğənni xanımla sevgili olmaram!
- Duet oxumaq kimin ağlına gəldi? Təklif kim tərəfdən oldu?
Ramal: - Bu yay yatdım, yuxuda gördüm ki, Rəşid
Behbudov adına Mahnı Teatrında Səidəylə duet oxuyuruq. Təbii ki,
yuxudur deyib keçdim və heç bir addım atmadım. Aradan bir ay
keçdikdən sonra təkrar olaraq eyni yuxunu yenə gördüm və bu barədə
Səidənin prodüserinə dedim.
Səidə: - Mən bu haqda eşidəndə düşünmədən "hə"
dedim, çünki Ramal çox istedadlı müğənnidir.
- Ramal, "müğənni xanımla sevgili olmaram" dediniz.
Səbəb?
- İlk növbədə qısqanclıq. Həddindən artıq qısqanc insanam. Razı
olmaram ki, sevgilim kimlərinsə qarşısında çıxış eləsin və
kimlərinsə sevgisini qazansın. Mənim sevgilimin başqalarının
sevgisinə ehtiyacı olmamalıdır. İncəsənət adamlarının, əsas da
xanımların şəxsi həyatları bir az qəribə olur. Açıq-saçıqlığı qəbul
edə bilmərəm!
Toylara dəvət edirlər...
- Səidə xanım, bu duet ortaqlığından razı
qaldınızmı?
- Əlbəttə, çox razı qaldım və ən əsası Ramal kimi özümə dost
tapdım. Artıq bizi Ramalla tədbirlərə və toylara bir dəvət
edirlər.
Şou-biznesimiz çox bərbad durumdadır...
- Bu mahnıya klip çəkdirməyi
planlaşdırırsınız?
Ramal: - Bəli, fevral ayının axırlarına
planımızda var. Maraqlı və fərqli bir klip istəyirik, media
işçiləri üçün də təqdimat keçirəcəyik.
- Ramal, deyirlər ki, özündən çox razıssınız...
- İnsan övladına lovğalıq yaraşmır. Yeri-göyü yaradan Allahdır
və Quran oxuyanda görürük ki, Allah "mənəm-mənəm" demir, bəndə
kimdir ki, desin?! Sadəcə, mən səsimə və özümə inandığım üçün adımı
özündənrazı qoyublar!
- Şou-biznesimiz hansı səviyyədədir?
Ramal: - Şou-biznesimiz çox bərbad durumdadır, çünki səsi olan
müğənni çox azdır. Səsi olmayan çıxıb efirdə özünü reklam edir və
insanlar efirdə görüb, onu toya dəvət edir. Nəticədə isə həmin
müğənnilər toyu bərbad vəziyyətdə idarə edirlər. Yaxşı
sənətçilərimiz də var ki, reklam olunmasa belə, gözəl səsə
malikdir.
Səidə: - Səsi olan da, olmayan da oxuyur, bu haqda heç danışmaq
istəmirəm.
- Səsi olmayanlar kimlərdir?
Ramal: - O qədər... Ad çəkib həmin şəxsləri
reklam etmək istəmirəm!
Səidə: - Yaxşı müğənni olmaq üçün ilk növbədə
səs, görünüş və musiqi təhsili olmalıdır.