Yuxarı

"İsa Hüseynov məni KQB ilə əlaqədə suçladı"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ədəbiyyatının böyük söz ustalarından İsa Hüseynov-Muğannanın vəfatından bir il ötür. "Axar.az" ədibi ədəbiyyatşünas Məti Osmanoğlu ilə birlikdə yada salır.

- Muğannanın aramızda olmadığı bu bir ildə ədəbi həyatımızda hansı boşluq hiss olunur?

- İsa Hüseynovun sağlığında da, vəfatından sonra da onu xatırlayanda ağla gələn Azərbaycan ədəbiyyatında yaranmış hər hansı boşluq yox, "doluluq" olur. Bu böyük yazıçının bədii sözümüzə gətirdiyi sanbal və dəyər, özünəməxsus düşüncə sistemi, cəmiyyətdə gedən proseslərə və insanın varlığına fərqli baxış ədəbiyyatımızda yeni bir mərhələ təşkil edir. Azərbaycan nəsrində 1950-ci illərin sonundan başlayan yeniləşmə bilavasitə İsa Hüseynovun adı ilə bağlıdır. O, ədəbiyyata fərqli mövqe ilə gəlmişdi. 1948-ci ildə nəşr etdirdiyi ilk oçerki ədəbiyyat baxımından elə bir əhəmiyyət kəsb etməsə də, bu əsərlə bağlı Mehdi Hüseynlə İsa Hüseynov arasında söhbət sonradan həm bədii ədəbiyyatımızın, həm də ədəbiyyatşünaslığımızın zərb-məsəlinə və ölçü vahidinə çevrildi: "Çap olunmağa başladığım ildən bir fakt. Mehdi Hüseyn: "Səni tənbeh eləyəcəm. Oçerkdə niyə öz atandan yazmısan?" Mən: "Çünki atamı yaxşı tanıyıram"...

- Mehdi Hüseynlə İsa Hüseynov arasında bu mükalimə baş verən zaman, İkinci Dünya müharibəsindən sonra sovet ideologiyası özünün "zəfər dövrünü" yaşayırdı...

- O vaxt ədəbiyyat ideologiyanın sifarişlərini yerinə yetirmək məcburiyyətində idi, faşizm üzərində zəfər qazanmış kommunist partiyası tərəfindən yazıçılar qarşısına konkret vəzifələr qoyulurdu. Maraqlı fakt budur ki, yaradıcılığa təzə başlayan İsa Hüseynov hətta "partiya tapşırığını" yerinə yetirdiyi əsərlərində belə, sifarişi verənin qəzəbinə gəlmişdi. Onun ilk bədii əsərlərindən biri "Bizim qızlar" povestidir. O vaxtın "əməkçi İsasının" tərənnümü və konfliktsizlik ab-havasında yazılmış bu əsər kommunist partiyasının yerli lideri – Mircəfər Bağırovla İsa Hüseynov arasında konflikt yaratmışdı. Əsərin mövzusu barama yetişdirməyə həsr olunub. Var gücləri ilə sovet cəmiyyətinə xidmət eləyən kolxozçu qızlar bir mövsümdə iki dəfə barama məhsulu əldə eləyirlər... Fakturası real həyatdan götürülmüş bu əsərin Mircəfər Bağırovun qəzəbinə gəlməsi isə məhz həyat həqiqətinin üstünü açması olmuşdu: sən demə, Azərbaycanda barama təsərrüfatı ilə bağlı Moskvaya təqdim olunan rəqəmlər şişirtmə imiş.

Azərbaycandan Moskvaya verilən raportda iki dəfə yetişdirilən məhsul bir dəfənin göstəricisi kimi təqdim olunurmuş. Bu əsərə görə İsa Hüseynovu Mircəfər Bağırov səviyyəsində "həyat həqiqətlərini təhrif etməkdə" günahlandırmış və Mehdi Hüseynə tapşırıq vermişdilər ki, onu "düz yola" cəlb eləsin. Müsahibələrinin birində özünün dediyi kimi, onu "əyməyi", standarta salmağı düşünürdülər...

- Bununla belə, o, ömrünün sonuna qədər heç nə ilə hesablaşmadan öz sözünü dedi və dediyindən dönmədi...

- Məsələ bundadır ki, döndü. Azərbaycan ədəbiyyatında İsa Hüseynovdan başqa ikinci bir yazıçı adı çəkmək çətindir ki, öz yaradıcılığına onun qədər amansız yanaşmış, yazdıqlarının üstündən xətt çəkmiş olsun. Yada Mirzə Ələkbər Sabir düşür: yaradıcılığa qəzəllə, divan ədəbiyyatı üslubu ilə başlayan Sabir sonradan divan ədəbiyyatı üslubunu parodiya alətinə çevirmişdi... Sabir yaradıcılığı "iki qütbə" bölünür: 1905-ci ilə qədərki və ondan sonrakı dövr. İsa Hüseynov isə yaradıcılığının ayrı-ayrı dövrlərində həm konkret əsərlərindən (o cümlədən "Bizim qızlar", "Dan ulduzu" kimi povestlərindən), həm də yaradıcılığının ayrı-ayrı dövrlərindən imtina etdi. Bu, İsa Hüseynov kimi taleyi yaradıcılığına bağlı bir şəxsiyyət üçün gözlənilməz olduğu qədər qeyri-adi addım idi. İsa Hüseynov "yazıya pozu yoxdur" deyən yazıçı deyildi. O, yazdıqlarının əksəriyyətini pozub yenidən yazdı.

- Yəqin ki, bu mövqe dəyişməsinin zirvə nöqtəsi "İdeal" əsəri oldu...

- İsa Hüseynovun "İdeal" romanı 1980-ci illərin ikinci yarısında maraqlı bir ədəbi hadisə kimi yarandı və özü ilə bir sıra ciddi suallar doğurdu. Suala səbəb olan ən əsas amil isə bu əsərin "Yanar ürək" romanının süjet materialları əsasında yaranması idi: yazıldığı vaxt (1957-ci il) böyük mübahisələr doğuran "Yanar ürək" 1980-ci illərdə artıq "yeni nəsrin" təməli kimi qəbul olunmuşdu, yeni ədəbiyyatın istinad nöqtələrindən biri hesab edilirdi...

Əslində, İsa Hüseynov "İdeal" ilə ədəbiyyata, hər şeydən öncə, son dərəcə maraqlı və mürəkkəb bir roman poetikası gətirmişdi. Əsərdə mübhəm bir qətl hadisəsinin kökü araşdırılır, qətlin şahidi olan hər kəs öz həqiqətini irəli sürür, öz gördüyünü, bildiyini danışır. Yazıçı isə həqiqətin kökünü axtara-axtara oxucunu bütün sirlərin gizləndiyi "Qapalı dünya"ya aparıb çıxarır. Bütün bəşəriyyəti eyni kökə bağlayan "Qapalı dünya" İsa Hüseynovun yaratdığı mif idi və sonradan bu mif elmə də öz təsirini göstərdi. Filoloq və tarixçi alimlər arasında bu romanın təsirinə düşən, Azərbaycan tarixinin həqiqətlərini bu bədii mətndə axtaranlar oldu. Bədii mətnlə razılaşmayanlar isə romanda siyasi rəng axtarmağa girişdilər. Akademik Ziya Bünyadov kimi alim o vaxt sovet ideologiyasının əsas tribunası olan "Oqonyok" jurnalında müəllifi təcili olaraq "cilovlamağı" məsləhət görürdü.

- Bu, görünür, Azərbaycan tarix elmində olan boşluqla bağlı idi...

- Heç şübhəsiz ki, "İdeal"ın tarixi mənbə kimi qavranılmasında dediyiniz amilin ayrıca rolu var. "İdeal" çap olunandan sonra onun bədii mətn olması, Azərbaycan ədəbiyyatı üçün maraq doğura biləcək cəhətləri, sanki, yaddan çıxarıldı, bədii mətnə sırf elmi mənbə kimi yanaşıldı. Ən mütərəqqi tənqidçilər (məsələn, Aydın Məmmədov) belə "Qapalı dünya"nı romanın mətnindən ayırdılar, onun filoloji aspektlərini təhlilə cəlb elədilər. İlk illərdə "İdeal"ı tərifləyənlər, göyə qaldıranlar da, tənqid edənlər də "Qapalı dünya"dan qırağa çıxa bilmədilər...

- İsa Hüseynov axtardığı həqiqətin kökünü "Qapalı dünya"da göstərməyə cəhd etmişdi?

- İsa Hüseynovdan sonra da dünya ədəbiyyatında itirilmiş kodların axtarışına həsr olunmuş əsərlərin maraqla izlənildiyinin şahidi oluruq. Məsələn, Den Braunun dünyada ən çox oxunan əsərlərdən olan "Da Vinçi kodu" (2003) , "İtirilmiş rəmz" (2009) romanları "qapalı dünyanın" – həqiqət haqqında təhrif təsəvvürlərin axtarışına həsr olunub və bu romanlar bədii əsər kimi də qəbul edilir, təhlil və ya tənqid olunur. İsa Hüseynovun romanına reaksiyalarsa tam fərqli oldu. Həmin vaxt ən böyük sürpriz müəllifin özündən gəldi – İsa Hüseynov "Qapalı dünya" ilə kosmosdan diktə olunan "SafAğ" adlı elm yaratdığı iddiasını irəli sürdü və demək olar ki, bütün yaradıcılığını təftiş eləməyə, "SafAğ"laşdırmağa başladı. Yazıçı buna 1987-ci ildən ömrünün sonuna qədər böyük zaman və enerji sərf elədi...

- İsa Hüseynovun bəzi bədii əsərləri kinolaşdırılmışdı. Məsələn, "Məhşər" romanı, "Tütək səsi" və "Saz" povestləri.

- Bildiyim qədərində "Nəsimi" filminin ssenarisi ayrıca mətn kimi yazılıb, bu, bədii əsərin "ekranlaşdırılması" deyildi. "Məhşər" romanı ədəbiyyatımızda öz yeri olan əvəzsiz əsərlərdən biridir. Onu da deyim ki, müəllif "Məşhər"i də sonradan "SafAğ"laşdırdı. Məşhərdə də "Qapalı dünya" kodlarını açmağa cəhd elədi.

Sualınızla bağlı bir həqiqəti də deməyi zəruri bilirəm ki, İsa Hüseynov yalnız nəsr əsərlərini deyil, kifayət qədər populyarlıq qazanmış kino ssenarilərini də təftiş etməyə, yenidən yaratmağa başladı. Mənə məlum olan birinci belə cəhd "Nizami" filminin ssenarisi ilə bağlı idi. İsa Hüseynov Eldar Quliyevin çəkdiyi filmi "təhrif" adlandıraraq yeni bir ssenari yazmışdı və həmin ssenarinin çəkilməsini çox arzulayırdı.

Daha bir "dəqiqləşdirmə" cəhdi "Ulduzlar sönmür" filmi ilə bağlı oldu. 1992-ci ilin sonlarında filmin Azərbaycan Dövlət Televiziyası ilə nümayiş etdirilməsi nəzərdə tutulmuşdu. Lakin İsa Hüseynov şirkətə gələrək filmdə bir neçə dəyişiklik aparılması üçün ciddi təkid edirdi. Səhv etmirəmsə, bunlardan biri Nəsib bəy Yusifbəyli ilə bağlı epizodun ixtisar edilməsi, digəri isə filmə Nəriman Nərimanovun Kremldə zəhərlənərək öldürülməsi ilə bağlı epizodun əlavə edilməsi idi. Filmin video lentə yazılmış variantına İsa müəllimin səsi ilə kadrarxası mətn parçaları daxil edildi...

Mən o vaxt televiziyada işləyirdim və İsa Hüseynovun filmi "təftiş etmək" cəhdindən xəbərim vardı. İsa Hüseynovla həmkəndli, qohum və dost olmağın "imtiyazından" istifadə edərək hər vəchlə onu filmə müdaxilədən çəkindirməyə cəhd edirdim. Deyəsən, bundan pərt olmuşdu və təklikdə danışmağa imkan düşən kimi məni KQB ilə əməkdaşlıqda günahlandırdı. Düzü, həmin dialoq bizim sonrakı münasibətlərimizin də dəyişməsinə səbəb oldu. Mən belə məsələlərə çox həssas yanaşan İsa müəllimlə ünsiyyətdən qaçdım.

"Ulduzlar sönmür" isə efirə İsa Hüseynovun düzəliş etdiyi variantda verildi... O vaxt da belə düşünürdüm, indi də belə düşünürəm ki, bu, yolverilməz yanaşma idi. Çünki yazılan mətn, çəkilən film oxucu, tamaşaçı mühakiməsinə veriləndən sonra bütün düzləri, əyriləri, təhrifləri ilə tarixə çevrilir. Eyni mövzuda yeni əsər yaratmaq mümkündür - əslində, İsa Hüseynov "İdeal"da belə bir işi yerinə yetirmişdi və əsər ətrafında tüğyan edən bütün mübahisələrə baxmayaraq, maraqlı ədəbi mətn yaranmışdı. Bu, müstəqil mətn idi – "Yanar ürək"in reablitasiyası deyildi. Lakin sonradan elə "İdeal"ın da üzərində yeni redaktələr, düzəlişlər aparıldı...

- İsa Hüseynovun, demək olar ki, bütün əsərlərinin yeni variantları nəşr olunub...

- Mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatı tarixinin əvəzsiz simalarından olan İsa Hüseynovun yüksək bədii əhəmiyyət daşıyan bütün əsərlərinin ilkin variantı nəşr olunmalıdır. Çünki müasir Azərbaycan nəsri "Yanar ürək", "Doğma və yad adamlar", "Dəqiqələr və illər", "Teleqram", "Saz", "Tütək səsi", "Kollu Koxa", "Məhşər", "İdeal" kimi böyük söz abidələrinin üzərində boy atır.

Tarix
2015.03.28 / 11:24
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Türk dünyasının ortaq xəritəsi yaradılır - Foto

Mehriban Əliyeva Prezidenti bu sözlərlə təbrik etdi

ABŞ səfirliyinin bu bəyanatı... - İcma

XİN-dən ABŞ səfirliyinə cavab

Liderlər İlham Əliyevi təbrik edir

Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Nazarbayev İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla