Bildiyiniz, oxuduğunuz və
eşitdiyiniz kimi, "Titanik" gəmisi 103 il əvvəl – 1912-ci ilin bu
günü İngiltərədən yola çıxıb. Bu barədə çox araşdırma aparılıb,
hətta sənədli film də çəkilib. Gəminin taleyi ilə bağlı maraqlı
faktlardan biri də yaxın keçmişdə məlum olub
- "Titanik"ə Fransadan minməyi planlaşdıran türk Bəsim
Ömər Paşa limana gedəcəyi qatara gecikməklə faciədən xilas
olub.
Aylıq tarix və mədəniyyət jurnalı olan "Yeddiqitə" son sayında
"Titanik faciəsi"ndən xilas olan Osmanlı paşası həkim Bəsim Ömərin
həyatını yazıb. Türkiyənin ilk qadın doğum mütəxəssisi həkim Bəsim
Ömər Paşa 1912-ci ilin may ayında ABŞ-ın paytaxtı Vaşinqtonda
keçiriləcək Qızıl Xaç konfransına qatılmaq üçün İstanbuldan bir ay
əvvəl yola çıxıb. Parisə çatan Bəsim Ömər 10 aprel 1912-ci ildə
İngiltərədən yola çıxaraq Nyu Yorka gedəcək "Titanik" gəmisində
özünə yer ayırtdırıb. "Titanik"in ilk dayanacağı Fransanın Çerburq
şəhərinə qatarla getməyi planlaşdıran Bəsim Ömər otelin işçisindən
onu erkəndən oyandırmasını istəyib. Ancaq otelin səlahiyyətli
işçisi Bəsim Ömər Paşanı oyandırmağı unudur və qatar yola
düşür.
Çerburqda yeni səfər üçün gözləyən Bəsim Ömər Paşa 5 gün sonra
gələn xəbərlə sarsılır. Özünün də bilet aldığı "Titanik" gəmisi
aysberqə çırpılaraq batmış və 1514 adam həyatını itirmişdi.
Dünyanın ən bəxtəvəri
Dənizçilik tarixinin ən böyük fəlakətindən xilas olan Dr. Bəsim
Ömər bu hadisədən sonra başqa bir gəmiylə Vaşinqtona çatıb və
konfransda Osmanlı İmperatorluğunu təmsil edib. O, sonralar bu
hadisəyə görə "Yer üzünün ən bəxtiyar insanı mənəm", –
deyirmiş.
Türk tibbinin qabaqcılı
Osmanlının son dövrlərinin ən əhəmiyyətli təbiblərindən hesab
olunan Dr. Bəsim Ömər Türkiyənin ilk qadın doğum mütəxəssisidir.
Müasir ginekologiya sayəsində qabaqcıllardan biri olan Bəsim Ömər
1892-ci ildə Türkiyənin ilk qadın doğum klinikasını da yaradıb.
Qızılay klinikasını yenidən fəal hala gətirmək üçün də çalışan
Bəsim Ömər Türkiyədə mamalıq, tibb bacısı və xəstə baxıcılığı
peşələrində islahatlar aparıb. Çanaqqala Müharibəsi zamanı
Qızılayın müdiri olub. Türkiyənin ilk qadın həkimlərinin
yetişməsində Bəsim Ömərin böyük rolu var. Uşaq Əsirgəmə Təşkilatını
da quran Bəsim Ömər 400-dən çox elmi məqalə, 70-dən çox kitab
yazıb. 1940-cı ildə Ankarada vəfat edən Bəsim Ömər "Titanik"dən sağ
çıxsa da, ikinci dəfə "bəxtəvər" olub əcəlin əlindən çıxa
bilmədi.