Kişinin fəlsəfi-aşiqanə və siyasi-rəyasətanə
görüşləri
Dünən-srağagünümüzə və sabah-birigünümüzə
ithaf
("Avtoreferat")
Öz zəmanəsinin zil qaranlıq mühitini şəfəqləndirən
inter-nasional politik və "mal"itik mütəfəkkirlərindən biri də -
nəinki təkcə məşhurluğu, habelə məlumluğu şübhə doğurmayan
K.Kilimçi olmuşdur.
Həddi-büluğ etaplarınadək dövrünün ictimai-siyasi cəhalət və
rəzalət zərbələrinə səbrlə sinə gərmiş bu kompleksal Aşiq ilk
gənclik çağlarından ta çənəsi yerə dəyənədək hər situasiyaya uyğun
nitqlər söyləmiş, məruzələr etmiş, dastanlar açıb, qəzəllər
oxumuşdur. Ancaq o mürəkkəb vaxtlarda bunları oxəntərə müdrik və
obrazlı etmişdir ki, bu azad qaş-göz və söz zamanasında belə
sadələşdirib təqdim etmək mümkün deyil və elə buna görə də biz
hörmətli dissertasiyasevərləri bir qədər dil-üslub çətinliyi
qarşısında qoymaq məcburiyyətindəyik.
...Gələcək nəsillərin onu mütləq qiymətləndirəcəyinə əmini-zamin
olan bu mulat Zat, paxıl ziyalı və naxal siyasilərin etirazlarına
məhəl qoymadan, get-gedə daha "bolşe"vikləşib sus(!)alistləşmiş,
avam kütlələrin danlaq və qınaqlarını vecinə almadan
sevib-sevilmiş, alıb-boşamış, feodal-patriarxal təfəkkürlü kənd və
şəhərlərimizin hərəsinə bir Kilimçi damazlığı atmışdır. Dövrünün
saysız-hesabsız dissertasiya və mədhiyyələrinə istinadən tədqiqata
cəlb etdiyimiz qəhrəmanımızın ömrün qürub çağlarında məngirlədiyi
dul bir qadına pıçıldadığı poetik kəlamlar elmi-monoqrafik cəhətdən
də xarakterikdir: "Bəsləsən, duvaq olar tut yarpağından, Səbrlə
övlad olar, ey zənən, səndən..." (Danəndə B. və Nəsrəddin M.:
"Macərayi ibn-vələdüzzinayi Kimsə Kilimçi". "Minikigecənəşr",
səh.1003).
Lakin təəssüflə qeyd edilməlidir ki, bu mütəfəkkir Aşiqin
(müxalif mülahizələrə görə - "mütəfəndgir Aşiqin") gələcək nəsillər
tərəfindən tədqiq ediləcəyilə bağlı ümid və arzuları günü bugünədək
çiçək açmamışdır. Əgər bu fundamental (bəzi mülahizələrə rəğmən –
"dissidental") tədqiqatın müəllifi də irəli durmasaydı, bu
monumental irsi toz basar, xalqımız avanqard (ağzıgöyçəklərin
mülahizələrincə - "avamqard") bir örnəkdən məhrum olar,
dissertasiyalarımızın sayına, alimlərimizin sanbalına xələl gələr
və Allah bilir, daha nələr baş verərdi!
Məlum olduğu kimi, bir az qədimlərdə (xalq kütlələrinin çörəyi
qulaqlarına yediyi dəmlərdə) sivilizovannı-imperializovannı
personalara əşhədi-ehtiyac vardı. Əks təqdirdə, milli varidatını
yalnız öz quzu xalqına sərf edib, qurd dövlətlərə dirsək göstərmək,
qızlarımızı kafər ərlərə yasaqlayıb, intervücud genefondundan
məhrum etmək kimi konservat siyasət xətti tutmuş məmləkətimiz
"Soyuzizm" atributlarından sapınar, "çoban-çolux"luqdan
"postux-kovboy"luğa, Gülarə-Dilarəlikdən Gülya-Dulyalığa
keçid mədəniyyətimiz qara geyər, "çiyə"-"smetan", "övnə"-"abed"
kimi gödəniyyət tərəf-müqabillər arasında antoqonist ziddiyyətlər
baş qaldırmış olardı. Bundan əlavə, qatı abır-həya buxovları məzlum
kişi və məzlumə qadınlarımızı vahid ailə cızığından kənara çıxmağa
qoymaz, onların mühüm şou-diznes elementlərindən biri olan
şorgözlüyə inteqrasiyasına maneçilik törədərdi. Necə ki həmin
dövrdən əvvəl kişilərimiz "laləyanaq", "qoşa badam sığmayan dar
ağızlım" kimi arxeo-epitetlərlə kifayətləndiklərindən piylənmə
sindromu ilə üzləşir, faydalı iş-eyş əmsalları aşağı düşür və
beləliklə, ultra kef-damaq sarıdan ölkənin zayı çıxırdı.
Lakin zaman öz fərmayişini verməkdə, ictimai sifarişini irəli
sürməkdə idi. Belə ki, sözügedən bu ictimai (şər mülahizələrə görə
- "bictimai") persona bala-bala irilir, tezliklə möhtəşəmləşəsi
ümumölkə meydanında at oynatmaq eşqilə, hələlik müstəmləkeyi-kilkə
meydançalarda dayça səyirdir, bəzən onu öz lokal arşınlarıyla daşa
basan milli elektoratı perspektiv qisas hisslərilə süzə-süzə, yerli
proletariatı başa salırdı. Millətimizi "patavaxalq"
səviyyəsizliyindən "qatovanarod" fazasına qaldırmaq istəyilə
alışıb-yanan bu gözləri giryan pioner (bir müddət sonra lüt-üryan
komsomol, ən nəhayət, polit-kontinental kommunist!) bu yolda
əlindən və dilindən gələni əsirgəmirdi. Məsələn, o, "Bir kərə
yüksələn..." mayalı politik şüarları daim dəbbələyir, "Fərqi yox –
İsaxan, Musaxan olsun, təki yorğanımı qızdıran olsun" kimi poetik
iddiaları isə dəmadəm ləbbehləyirdi. Məsələ-mətləbi belə görən
beyni cibindən təmiz kütlə isə bütün millimçiləri fitə basır,
onların "formaca ayğır, məzmunca dılğır" atmacası ilə damğaladığı
bu gülümçünü isə canı-dildən dəstəkləyirdi. Belə ki, məmləkətin
proletar (şəbədə mülahizələrcə -"prolütar") kişi qırnıqları və
arvad xeylaqları onun calaq sözləri və oynaq qaş-gözlərilə
papaq-çadralarını atıb qol-qola girərək kollektivxanalara toplaşır,
haçansa "Oxu tar, səni kim unutar?" çağırası "vraqnarod"ların baş
qaldırmaması üçün "Oxuma tar, istəmir səni proletar!"
çığırası "druqnarod"lar yetişdirirdilər. Bir sözlə, başı ev
işi, paltar tikişi, əkin və zirarət işlərinə qarışmış xalq
kütlələri sürətlə inkişaf edirdi...
Qeyd etmək lazımdır ki, həmin dövrdən etibarən xalqın
mentalitetində, əsasən, iki kulturoloji yeniliyə güclü meyl
yaranırdı: a) şəhərlərdə xırda sənətkarlar bığlarını qırxdırıb
saçlarını, qadınlar isə saçlarını qısaldıb, dırnaqlarını uzadırdı,
b) kəndlərdə "Yallıhəngi" sazfəaliyyət birəntiliklərindən qopan
kişilər patava və çomaqlarını ataraq "Çastuşka" bazfəaliyyət
kollektivlərinin müşayiətilə "bir addım irəli, iki addım geri"
marşı oynayır, arvadlar çadra və yaşmaqlarını "andır"layaraq
"Çırtıq" gözfəaliyyət cansambllarında əntiqə həyat nömrələrinə
yiyələnirdilər. Bu təbii sürmə-vəsməli əyalətlilər bir sıra
ləyaqətli nömrələrə yiyələndikdən sonra "Sən ağa, mən ağa -
inəkləri kim sağa" kimi burjua məzmunlu idealist atalar sözlərinə
də çırt atıb, "Allahdan buyruq, ağzıma quyruq" (Tükəzban E. və
Balaxanım A.: "Ayın-oyunlu günlərimiz...". "Paris-kayf" nəşriyyatı,
səh.101) qəbilli materialist zərb-məsəlləri zümzümə edə-edə mərkəzə
üz tuturdular.
Beləliklə, nəinki təkcə yaxın bərələrdən, habelə uzaq dərələrdən
qopub gələn dəstələr paytaxtda birləşərək sosialist-solist xoruna
çevrilir, bu mütərəqqi işə xor baxan milli çəm-xəmçilərin üstünə
mədəni şəkildə çəmkirərək "Daloy Djumxuriyyet, dozdravstvuet
Lakeyiyyet!" lozunqunun məramnamə himnini yaradırdılar. Bu heynidə,
dissertasiyamızda bütöv mətnini verdiyimiz həmin himnin ən yuxa
beytlərindən birini xatırlatmaq yerinə düşərdi: "Aşıq eldən yuxarı,
dizi beldən yuxarı" (Regionçu tədqiqatçıların təfsirinə görə -
"Ağzuva konfet, cibüvə suxari").
Lakin dərhal bu da qeyd edilməlidir ki, haqqında bəhs etdiyimiz
o oyanış bir qədər bəsit, pərakəndə xarakter daşıyırdı. Belə ki, o
zamanların bəzi başıpapaqlıları dərk edə bilmirdilər ki, tək
elə eşq adalarındakı sekseonal madam-madmauzellərlə deyil,
hərdənbir, öz odalarındakı zaval-babal halalları ilə də məşğul
olmalıdırlar. Necə ki o vaxtlar həmin o zaval-babalların da doxsan
doqquz faizi yek ailə çərçivəsinə qapılıb qalmamaq, öz işvə, naz,
qəmzə və s. bu kimi Monikaoloji elementlərilə ətraf mühitin Don
Juanoloji tələbatını da nəzərə almaq səviyyəsinə yüksələ
bilmirdi...
Belə bir nadan mühitdə "Atasından bixəbər" (Nəsrullah Ş. və İbad
M.: "Xurma, uzaqda durma". "Mütrüb" nəşriyyatı, səh. 0) atmacası
ilə təhdid və təqib edilən Kimsə Kilimçi məhz bu sayaq ehtiyaclara
cavab və çarə olaraq doğulur...
Onun anası – formaca şərqmitilli, məzmunca qərbstilli bu qadın
öz körpə Kimsəciyinin beşiyi başında mindilli laylalar ifa etmiş,
qonşuların "tifil" ifadəsinin acığına "qlobalfil" deyə müraciət
etdiyi bu uşağın ağlı kəsməyə başlayanda intellektual sonetlər
səsləndirmiş, yeniyetməlik fazasında isə realist pritça və
deklomasiyalar söyləmişdir. Yalnız muzpedaqogika ilə
kifayətlənməyən bu tuzmodagikal dul xanım öz mogikal övladını
lokal-qızbibikal təsirlərdən cəsarətlə mühafizə etmişdir. Məsələn,
bir kərə o, evdə it saxlamaq mədəniyyətinə xor baxa-baxa
itoynadanlıqlarından qalmayıb, bu mübariz Sos.balanı "Sos.Dana"
(Kəl P. və Peysər K.: "Spesialist mamanın sosialist danası". "Gön"
nəşriyyatı, səh.00) atmacasıyla da ələ salan qədeş-baceşlərin
abırlarını ətəklərinə bükmüşdür. Hələ biz onun ən müasir
unikal-inkubasion təmrinlərlə böyütdüyü bu vələdin tərbiyəsini öz
primitiv öyüd-nəsihətlərilə pozmağa çalışan feodal-patriarxal
düşüncəli ağbirçək və ağsaqqallarla saç-saqqalyolduya çıxmasını
demirik...
Dövrünün nəinki təkcə açıqfikirli, həm də açıqsinəli
qadınlarından olan bu "Podumaeş" ləqəbli super gender xeylağı hələ
qız ikən onu istəyən gənclərdən hansı birinisə fərqləndirib xətrinə
dəyməmək, beləliklə də - "yeni sosialist birgəyaşayış qaydaları"
kodeksinə xəyalən əlavə etdiyi "cərgəyaşayış" paraqrafının ilk
qaranquşu olmaq məqsədilə ərə getmək fikrindən birdəfəlik
daşınmışıdır. Hələ on beş yaşında ikən təbiətin ona bədahətən bəxş
etdiyi bu oğlan uşağına ad qoymaq lazım gələndə isə, modern ana bir
balaca yabançı-yadern situasiyaya düşmüşdür. Belə ki o,
köhnəfikirli qonşular blokadası şəraitində sərbəst düşünməyə macal
tapmadığına, beləliklə də, xoşulanıb-xoşladığı gənc sevgili
kadrların hamısının isimlərini hallandırıb calaqlandıra bilmədiyinə
görə, ehtimal nəzəriyyəsinin adlıq hal kateqoriyası və çox zərif
bir zənən olduğundan - zərflik qrammodeli üzərində dayanmalı
olmuşdur: Kimsə.
Hələ beşikdə ikən mərd-mübariz anasının dilindən eşitdiyi
tərbiyəvi mətnlərdən ruhlanan Kimsə vaxtından əvvəl və xeyli
artıqlaması ilə böyüyüb pəzəvəngləşir, sxolastik ruhlu məhəllə
uşaqlarından fərqli olaraq, telini əks tərəfə darayırdı.
Yeniyetmə çağlarında ikən, məhz elə bu tel məsələsi üstə
mübahisələrin birində yaşıdlarından birisi ona belə bir qeyri-etik
söz tolamazlayır: "Atasından bixəbər". Vandalist-ekstremist
təfəkkür tərzinin bariz nümunəsi olan bu arxaik termin, əlbəttə,
sosdeminkubasion ruhda tərbiyə edilmiş Kimsəyə təsir etməyə
bilməzdi. Bu kişi qırnığı həmin o təyini-xaini söz birləşməsindəki
xəbərin mübhəm-müqəyyəd mübtədası haqda çox fikirləşib bir nəticə
əldə edə bilmədiyinə görə, uzun saçları arasından bir tükü
tərpənmiş və incə bir inciyişlə tay-tuşlarından ayrılıb, onu həmişə
birmənalı olaraq dəstəkləyən anasının yanına tələsmişdir. Tədqiqata
cəlb etdiyimiz bu mütəfəkkir (dini məxəzlərdə "mütəkafir") tipajın
orta çağ arvadlarından birisinin və onun günülərindən ikisinin öz
"Üçəm memuar"larında qeyd etdikləri kimi; "O, evlərinə köntöy
məhəllə uşaqlarından fərqli olaraq hoppana-hoppana deyil, rəsmi
jestikulial-centlemental addımlarla gəlmişdir" (Kilkəli X., Sirkəli
T., Ənkəli Z.: "Memu ar, əmu ər, hamu ər". "Dullar" nəşriyyatı,
səh. 0000).
Mətin (elmi cünglərdə - "yanakı") addımlarla yeriyən Kimsə
evlərinə yetişərkən içəridən emosional pıçıltılar eşidir. Hər gün
növbənöv barmaqlarla taqqıldadılmaqdan üzərində həlqəvari dairə
yaranmış qapılarını ədəblə dıppıldadıb, anasının öyrətdiyi
etik-əxlaqi bir intizamla (yəni bir xeyli dinşəyib gözləyərək)
içəri daxil olur və iç otaqda "ciçci!" pozasında dayanmış kişinin
eşitməyəcəyi tonda (və ah-ufoloji-peşmanoloji fonda) sual edir:
-Ey etikaca Şimali Aydan arı, həyaca Qərbi sulardan duru mamam!
Bu gün mənə gözün üstdə qaşın var, dedilər. Yabançı bir "ata"
termini işlədib, ondan bixəbərsən, buyurdular. Adın var, soyadın
yox,- söylədilər. Səslərinin tonunu daha bir neçə oktava qaldırıb:
"Sən kimsən ki, bizə tel daramağın sirlərini öyrədirsən?!" -
deyərək, mənim təfəkkür tərzimə istehza etdilər. İndi, mənim
müqəddəs mamam, de görüm, mən kiməm, nəçiyəm və onların növbəti
replikasından sitat gətirmək zoruna düşərək əlavə etməli olsam, "nə
küçə-beçə"yəm? Əgər sənin bugünkü zövq seansına mane olmuramsa,
bunu mənə fundamental-əndamental səpkidə şərh et...
- Ey mənim perspektiv şou-mou qız-gəlinlərindən həyalı,
hırnan-zır fərqli oğlanlarından sayalı oğlum! Sənin adın Kimsə,
soyadın isə Kilimçidir, Kilimçi! O ki qaldı... bu ərgən yaşında
maraqlandığın aborigen "ata"-mata məsələsi, - sən heç qəm etmə.
Belə ki, əgər o fərsizlərin hərəsinin bircə atası vardırsa,
sənin... Aha, təşəkkür... Üz-gözündəki təbəssümcük sənin bunu
sözsüz də başa düşməyindən və məni yersiz uzunçuluq
səviyyəsizliyinə düçar etməmək mədəniyyətindən xəbər verir. Bir
daha təşəkkür, ey kollektivial övlad!
-Dəyməz, mamaş, dəyməz və mümkünsə, keç kommentariyə...
-Ey mənim çox əziz və o tel-mel səviyyəli əli-vəlilərdən fərqli
olaraq, çox intellektual övladım! Sənə ən aktual didaktikam budur
ki, o avam taifələrə qoşulma. Onlar ilə oturma, durma. Əks
təqdirdə, sənə verdiyim təlim-tərbiyə zaye olar və nəticədə
fiaskoya uğrayar. Yaxşısı budur, sən bu patava əhlindən birdəfəlik
ayrıl. Krasovkalarıvın bağını bərkit, çıx ucsuz-bucaqsız
İttifaqımızın ultra-kultura məntəqələrinə. Qarış-qarış gəz, özün
kimi kilimçi oğlanlar, gülümçü qızlar ara. Onlar ilə otur, dur.
Bir-birinizi sevin, sevilin, birləşin. O qədər törəyib artın və
köhnə bazarlara elə neo-nırxlar qoyun ki, gələcəkdə belələri sizdən
nəinki tel daramağın, hətta hər yüz öküzdən yüzbir bala almağın,
hər şişəkdən beş döşək yun qırxmağın, hər hektardan ağeləmə sentner
"ağ qızıl" götürməyin, vətənin hər sot torpağını, hər qəbir yerini
vətəndaşa "büdceyi dinar-dinar" yox, "cibbeyi xalvar-xalvar"
satmağın da sirlərini öyrənmək üçün növbəyə dursunlar. Və görsünlər
ki, elənçiklərin öz mırt-mırt leksikonlarıyla "quş" adlandırdıqları
belənçik analar necə oğullar doğublar!..
Göründüyü kimi, öz mütərəqqi görüşlərilə dövrün avam
ağbirçəklərinin fövqündə dayanan bu qırmızıbirçək qadın xalqın əsl
Əsli-Kərəmoloji tarixinə ilk qaranquş kimi daxil olaraq, kollektiv
eşqin bəhrəsi olan Kimsəciyindən törəyib artası züriyyətlərin
leksikonunda dəbə çevriləsi "quş" hərəkatının (Tuti Q. və Quşi T. :
"Ağuşi-quşi". "Huş-guş" nəşriyyatı, səh.0000) da banisi
olmuşdur.
Ümidvarıq ki, bu dissertasiya çap edilib hər kəsin "çarpayıüstü
kitab"ına çevrildikdən sonra, gənclərimizin siyasətdə kərkincək
qismi müasir yad-yabançı derjavalardan importlanan siyasi
missiyalara daha kəbinkeşliklə əməl edəcək, sevgi-məhəbbətdə
sürünçək qisim isə bir-birilə öz komapolit dədə-baba adətlərilə
yox, kosmopolit xalqların övladları kimi tanış olacaq, sevişəcək,
nişanlanacaq, evlənəcək, həya pərdəsini qaldırıb qonşu-qohum
tamaşaçılar üçün gündə bir teatr çıxaracaq və nəhayət, yalnız
ayrılarkən məhz özləri kimi - min cür fısqırıq, dava-dalaş,
başyardı, qantökdü, nəsil-əsrlər düşmənçiliyi formatında
boşanacaqlar. Və əlbəttə, heç şübhəsiz, bu prosesdə K.Kilimçinin
siyasi qazilik və intim naznazilik irsi təcrübəsiz aşiqlər üçün
mayak-dayak rolu oynayacaqdır. Yeri gəlmişkən qeyd edək ki,
dissertasiyamızda bu tip elmi qənaətlər, hikmətli mülahizələr
həddən artıq çoxdur. Və dərhal bu da qeyd edilməlidir ki, nail
olduğumuz bu uğurların bu dərəcədə fütuhatallığı, əsasən, tədqiqata
cəlb etdiyimiz obyektin fenomenallığı ilə bağlıdır, desək, -
KİV-mizin kifi olmasın, "heç də yanılmarıq".
Dissertasiyamızda ayrıca fəsil ayırıb qeyd etdiyimiz kimi, bu
universal Aşiqin görüşlərini temperament və amplua baxımından beş
dövrə bölmək olar: həddi-büluğ dövrü, gənclik dövrü, ahıllıq dövrü,
qocalıq dövrü, kaftarlıq dövrü.
Lakin bu heç də o demək deyildir ki, K.Kilimçinin görüşlərində
ziddiyyət və məhdudiyyətlər olmamışdır. Olmuşdur. Məsələn, o,
siyasi ömürlüyünün birinci dövründə ateistcəsinə tənqid edib
mitilini atdığı, sonralarsa dədeistcəsinə təqdir etdiyi mətləbləri
milli istiqlal ictimaiyyətindən gizlətmişdir. Bundan əlavə, o,
gəncliyində leqal görüşdüyü qızların, ahıllığında qeyri-leqal
ünsləşdiyi zənənlərin qollarına girərək yox, girməyərək yeriyərmiş.
Hətta, cənub yeli onların kəlağayılarını başlarından yerə salarkən
K.Kilimçi onları fövrən yox, cövrən götürərmiş. Sözügedən insident
şimal küləyi tərəfindən baş verdikdə isə, dərhal qamarlayarmış.
Bütün bunlar bir yana, məsələ burasındadır ki, bu adam həmin o
milli namus-qeyrət inventarlarını öz tarixi çıxış və məruzələrində
"kosinka" kimi təqdim edərmiş.
Məhdudiyyətlərə gəldikdə isə, bu qəni-qəni (müxaliflərin
redaksiyasınca – "qanı-qanı") rəhmətlik siyasi xal, ictimai
dividend, qənirsiz qənimət vədli diplomatik görüşlərə şəxsən özü
gedər, "quşqoydu" tədbirlərə isə hərifləri göndərərmiş. İntim
görüşlərə isə bir gün ekspessiv-eksklüziv addımlarla irəliləyəndə,
digər gün (aşqa-aşqa - cümə axşamlarından başqa) mısmırıqla
gedərmiş. Bəzənsə heç getməzmiş, - yarlarına əğyarlardan sifariş və
yaxud nota göndərərmiş. Bütün bunlar isə, əlbəttə, K.Kilimçini
xarizmatik ictimai xadim və ayıb olmasın, hayıl-mayıl cayıl xədim
kimi də səciyyələndirir.
Ümidvarıq ki, Bəndənizin bu dissertasiyasından xəbərdar olasılar
(özü də nəinki təkcə elmi iş, həm də transmilli "iş" meylli gənc
kadrlar!) "biz də varıq!"- deyə müsəlləh əsgər kimi qələmə
sarılacaq, ərazimizin 80 %-i namizədlik və doktorluq müdafiələri
atəşfəşanlıqlarına bürünəcək, məsələnin belə yekələndiyini görəsi
düşmən isə işğal etdiyi 20 %-imizi dinməz-söylənməz geri
qaytaracaqdır...