Ana səhifə Kult |
Yəqin ki, ötən gün Belarus lideri Aleksandr Lukaşenko ilə Ermənistanın sabiq prezidenti Serj Sərkisyan arasında Qarabağla bağlı gizli danışığın səs yazısından hamı xəbərdardır.
Teleqram kanalında yayılan və erməni mediasının ötən gün böyük həvəslə tirajladığı səs yazısında Lukaşenko məhz müharibədən qaçmaq üçün Ermənistanın bütün ordusunu Azərbaycan ərazilərindən çıxarması, 7 rayonun təhvil verilməsini Sərkisyana təklif edir.
Ermənistan mediasının istinad etdiyi mənbə - “Baqramyan26” Teleqram kanalı (Baqramyan-26 Ermənistanın hökumt binasının yerləşdiyi ünvandır) “nədənsə” danışıqların müəyyən hissəsini yayıb. Bu yayılan hissədə Sərkisyan 7 rayondan çıxmamaqda israr edir, o rayonlar uğrunda 5 min nəfərin öldüyünü bildirir və “niyə elə-belə çıxmalıyam” soruşur. Lukaşenko isə “elə-belə deyil, İlham Əliyev 5 milyard verir” deyir.
Sərkisyanın “6 milyard verirəm, qoy o, 7 rayondan imtina etsin” sözlərindən sonra danışıq yekunlaşır. Daha doğrusu, səs yazısı burda kəsilir.
Lukaşenkonun Böyük Vətən müharibəsini xatırlatması, “biz 30 milyon insan itirdik, indi Almaniya ilə müharibə aparırıq?” deyə, müharibənin mütləq sülhlə bitməsi haqda təkidi, Sərkisyana arqumentinin zəif olduğunu bildirməsi və onun inadından təəccüblənməsi də yetərli deyil. Bu gizli danışıq daha genişdir və “Baqramyan26” o hissələri yaymaqda maraqlı olmayıb.
Sərkisyanın hiyləgər oyunu üzə çıxdı
Bu gün Sərkisyanın ofisindən “daxil olan minlərlə müraciətə” görə bu səs yazısına aydınlıq gətirilib. Özünü bu səs yazısının yayılmasından xəbərsiz kimi aparan Sərkisyanın mətbuat xidməti guya təsadüfən ortaya çıxan bu səs yazısının həqiqi olduğunu təsdiqləyib. Ancaq bununla kifayətlənməyib, “detallara” da varıb.
Açıqlamada qeyd edilib ki, səs yazısı 2016-cı ilin payızında İrəvanda keçirilən MTMT iclasında Lukaşenko ilə dialoqdandır.
Diqqət etdinizmi? 2016-cı ilin payızı.
Sərkisyan nəinki bu səs yazısını kəsib-montaj edərək yayır, həm də tarixi saxtalaşdırır və guya bu danışığın Aprel savaşından sonraya təsadüf etdiyini sırımağa çalışır. Halbuki bu söhbət daha əvvəl olub – faktı təqdim edəcəyik.
Bu haqda informasiyalar da çoxdan – hətta 2011-ci ildən dolaşırdı. Bildirilirdi ki, Azərbaycan Ermənistana ordusunun çıxarılması üçün kompensasiya təqdim etməyə hazır olduğunu bildirib.
2014-cü ilin avqustunda isə “Politrus” müzakirənin detalları ilə bağlı sensasion sayıla biləcək məqamları açıqlamışdı. Məlumatda bildirilirdi ki, Dağlıq Qarabağda erməni muxtariyyəti saxlanılır, Azərbaycanın ərazi bütövlüyü təmin edilir, Ermənistan öz ordusunu tamamilə çıxarır və bölgəyə KTMT sülhməramlıları yerləşdirilir. Sülhməramlıların təxminən 20 min olması barədə də müzakirələr gedib.
Sərkisyan Azərbaycanın təklif etdiyi 5 milyard dollara razı olmayıb – səs yazısında deyildiyi kimi və... ON MİLYARD istəyib (Bu haqda həmin vaxt dərc olunan məqalə BURADA).
Bax, mahiyyət də bundadır: Sərkisyan o torpaqlar üçün savaşdıqlarını əsas gətirərək, alver edib, “5 min adam ölüb” deməklə, erməni qanını satmaq istəyib. Adamın mahiyyəti bundadır.
Azərbaycanın buna razı olub-olmaması və digər müzakirələr barədə heç nə deyilmir.
Erməni mediası bunu niyə aktuallaşdırdı?
Niyə məhz dünən yayıldı bu səs yazısı və niyə Sərkisyan bu gün təsdiqləməklə qalmadı, həm də vaxtını və yerini saxtalaşdırdı?
Məqsəd aydındır: Siyasi meyit olan Sərkisyan yenidən dirilmək istəyir və saxtakarlığa başlayıb. Əks halda gizli danışıqlar bütün təfsilatı ilə təqdim edilər, Sərkisyanın əslində bir alverçi olduğu, torpaqları 10 milyard qarşılığında boşaltmaq istədiyi də ortaya qoyulardı.
Digər tərəfdən, Aprel savaşından sonra Sərkisyanın torpaqları boşaltmaqla bağlı öhdəlik götürdüyünü artıq Paşinyan da deyir. 2016-cı ilin aprelindən təzələnən danışıqlardan mediaya sızan məlumatlarda da bu məsələ daim hallandırılıb.
Aprel savaşından sonra tələb və təkliflər tamamilə dəyişmişdi və Sərkisyan məhz bu ərəfədə öhdəlik götürdüyünü ictimaiyyətdən gizlətmək, guya 2016-cı ildə də torpaqları qaytarmamaq üçün israr etdiyini göstərmək üçün bu manipulyasiyanı edir.
Halbuki bu danışıqlar Aprel savaşı ilə bitmişdi və Dördgünlük müharibə tamamilə fərqli reallıq ortaya qoymuşdu.
Bu səs yazısından aydın olanlar nədir?
1. Ən geci 2014-cü ildə KTMT ölkələrinin Ermənistanın işğal etdiyi ərazilərdən geri çəkilməsində israr etdiyi və Ermənistana tələblər irəli sürdüyü üzə çıxır.
2. Lukaşenkonun Sərkisyana “sənin arqumentin zəifdir” deməsindən görünür ki, bütün tərəflər Azərbaycanın mövqeyini hələ o vaxt birbaşa dəstəkləyib.
3. Lukaşenkonun israrla dediyi “müharibədən qaçmaq üçün” sözləri sübut edir ki, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişəni MÜHARİBƏSİZ, itki vermədən, qan-qada olmadan həll etmək üçün hər şey edib.
4. Prezident İlham Əliyevin müharibədən yayınmaq üçün təşəbbüsləri tam dəstəklənib, təklifləri yüksək qiymətləndirilib və Ermənistan bütün müstəvilərdə “arqumenti zəif olan” tərəfə çevrilib.
5. Bunlarla paralel İlham Əliyev “müharibənin qaçılmazlığı” tezisini irəli sürüb. Yəni ya bunları qəbul etməlisən, ya da müharibə olacaq!
Bir daha xatırladaq ki, bu haqda geniş və detallı məlumat 2014-cü ilin avqust hadisələri zamanı ortaya çıxmışdı. Bunun ardınca isə Aprel savaşı baş verdi və artıq Ermənistan yalnız öhdəlik götürəndən, 7 rayonu boşaldacağı haqda söz verəndən sonra Rusiyanın vasitəçiliyi ilə müharibə dayandı.
Ancaq Sərkisyan rayonları deyil, hakimiyyəti təhvil verməklə aradan çıxdı.
Paşinyan daha praqmatik davrana bilərdi, əvəzində strateji müttəfiqi Kremlin belə 2016-cı ildə zamin rolunda iştirak etməsi səbəbindən israrlarından qaçmaq üçün Rusiya ilə münasibətləri pisləşdirərək, fərqli bir çıxış yolu axtardı və işğalı əbədiləşdirmək yolunu tutdu.
Lakin İlham Əliyev bütün variantlara hazır idi və nəticə ortadadır: Sərkisyanla müqayisədə daha uğurlu təklif almaq üçün müharibəyə can atan Paşinyan kapitulyasiyaya məcbur edildi.
Bu detallar artıq ayrı yazının mövzusudur...
Tarix
2020.12.08 / 20:41
|
Müəllif
Axar.az
|