Qarabağ uğrunda qəhrəmancasına döyüşən və şəhid olan hərbçilərimizdən biri də 20 yaşlı Kamildir.
Kult.az xəbər verir ki, Kamil Araz oğlu Atakişiyev 2000-ci il iyunun 12-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.
O, 2017-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
2020-ci il sentyabrın 29-u müharibəyə yollanan Kamil kəşfiyyatçı olub.
Xidmət yoldaşlarının sözlərinə görə, Füzuli, Qubadlı, Cəbrayıl uğrunda döyüşlərdə böyük qəhrəmanlıq göstərən şəhidimiz Cəbrayılda ağır döyüşlər zamanı bir dəfə yaralansa da, döyüşə davam edib.
O, yaralı olduğu üçün kəşfiyyatdan ayrılıb və Qubadlı-Laçın istiqamətindəki döyüşlərə qatılıb. Kamilin son döyüş meydanı da elə Laçın dəhlizi olub.
Xidmət yoldaşları həmçinin Kamilin çox müsbət xarakterli, mərd, qorxmaz, cəsur olduğunu bildiriblər.
Qeyd edək ki, K.Atakişiyev 3 bacının bir qardaşı idi.
Allah rəhmət eləsin!