Növbəti müsahibimin kimliyi yəqin oxuculara da maraqlı
olacaq. Hər həftənin çərşənbə günü Azərbaycan Radiosu efirindən
bizlərə "Savalandır" - deyə müraciət edən Savalan Talıblı bu dəfə
Axar.az-ın qonağıdır.
Həyatın gözəlliyi...
- Savalan bəy, müsahibənin maraqlı alınması üçün,
qeyri-adi suallara belə cavab verməyə hazırsınızmı?
– Məncə, həyatın gözəlliyi elə qeyri-adiliyindədir, amma çətin
suallarla üzləşdirməyin məni.
- Özəl kanala dəvət alsanız, əməkdaşlığa
razılaşardınızmı?
- Əvvəllər dəvət ediblər, gələn təklifləri qəbul etməmişəm. Amma
indi təklif gəlsə, razılaşaram.
- Sizcə, bu gün müasir televiziya məkanında nə
çatışmır?
- Televiziya öz qaydasında çalışır. Lakin verilişlərin
tamaşaçıları yoxdur. Şou xarakterli verilişlərin tamaşaçıları isə
boş-bekar adamlardır. Misal üçün, hamımızın tanıdığı Nəriman dayı
qonşumdur. O, səhər evdən çıxır, düz şər qarışanda evə qayıdır, çox
zaman verilişdə gedən mövzulara müdaxilə edir. Ekran qarşısında
oturan tamaşaçı isə təqdim edilən məsləhətlərin heç birindən bilgi
əldə edə bilmir, maariflənmir.
- Maraqlıdır, niyə məhz aşıq yaradıcılığına üz
tutdunuz?
- Aşıq yaradıcılığı bizim milli-mənəvi dəyərimiz hesab edilir.
Doğulduğum ailədə ustad aşıqları, şairləri tanıdım, yaradıcılıq
fəaliyyətimə başladıqdan sonra isə aşıq yaradıcılığının təbliği ilə
məşğul oldum.
Atama olan rəğbətdən...
- Bilirəm ki, atanız Tahir Talıblı radio-televiziya
sahəsində tanınır, 20 ildən artıq yayımlanan "Bulaq" verilişinin
indiki müəllifidir. İnkişafınızda rolu olubmu?
- Vallah, mənim atam nazir olmayıb, millət vəkili seçilməyib.
Sadəcə olaraq, onun kimi jurnalistika sahəsində çalışıram. Bəlkə də
atama olan rəğbətdən ixtisasca iqtisadçı olmağıma baxmayaraq, onun
yolunu davam etdirməyi qərara aldım. Hazırda atam kimi "sözün
ucundan tutub", halal zəhmətimlə dolanıram.
- Necə düşünürsünüz, o sizdən bir övlad və yaradıcı
insan kimi razıdırmı?
- (Gülür) Bilmirəm, onu atamdan soruşun.
- Zəmanəmizdə gənclərin çoxu valideyn hesabına yaşayır.
Onlara münasibətiniz necədir?
- İyirmi yaşında bir gənc 60 min manatlıq maşın sürürsə, aydın
məsələdir ki, bu onun zəhməti hesabına əldə olunmayıb. Lakin bir
həqiqət də var - varlığa nə darlıq?
Arzum olmayıb...
- Elə bir arzunuz olubmu ki, onun reallaşması mümkün
olmayıb və valideyn sizə köməklik göstərib?
- Hər hansı işim alınmadıqda təbii ki, ailəmdən dəstək görmüşəm.
İstəklərimə çətinliklə də olsa, nail olmuşam. Ümumiyyətlə, arzu
mücərrəd anlamdır. Misal üçün planım var ki, Amerikaya gedim, o
plan üçün çalışıram. Arzular isə insanı tənbəlləşdirir, çalışmırsan
və möcüzə gözləyə- gözləyə xəyallar qurursan, Amerikaya gedə
bilmirsən.
- Savalan bəyin sevgi haqqında fikrini öyrənmək
istərdim?
- Sevgi Allah deyil ki, ona inanasan, din deyil qulluq edəsən,
kitab deyil oxuyasan, heç qadın da deyil ki, onunla münasibət
qurasan. Sevgi bu dünyada olan mücərrəd bir hissdir, nəsnədir.
Sevgi olan yerdə mən yoxam, çünki yalnız Allaha sevgi
bəsləyirəm.
- Sevgiliniz Bakıya xəyanət etməkdən çəkinmirsiniz
ki?
- (Gülür) Yəqin, "Bakı mənim sevgilimdir" adlı yazıma istinadən
bu sualı ünvanladınız. Kimə xəyanət etsəm də, Bakıya xəyanət
etmərəm. Beş yaşımda taleyimə qaçqınlıq yazıldı. Mavi gözlü
sevgilim Bakı əllərinin sığalı və ilk nəvazişi ilə məni ovutdu.
Onun qüvvəsi yoxdur...
- Sizcə hər hansı bir tənqid insanı
dəyişirmi?
- Mirzə Ələkbər Sabir, Mirzə Cəlil qədər cəmiyyəti,
zəmanələrinin bulanıq axarını tənqid edən olmadı. Nə dəyişildi?
Mənim fikrimə əsasən, tənqid şərti bir anlayış və üslubdur, onun
qüvvəsi yoxdur.
Rus əsgərini güllələyir...
- Hansı filmləri izləyirsiniz?
- Köhnə filmlərimizi çox bəyənirəm. Ən çox sevdiyim "Pəncərə"
filmidir. Bu filmi dəfələrlə izləmişəm.
"Bozbaş pikçersin" təqdimatında Şəmi ilə Şoşu obrazlarına
baxanda çox gülürəm. Mən onların qara yumorunun arxasında daha
ciddi hadisələrin gizləndiyini anlayıram.
- Bəs yeni çəkilən tarixi filmləri necə,
bəyənirsiniz?
- Sonuncu dəfə təntənəli təqdimatla izlənən bir filmdən misal
gətirmək istərdim. Həmin filmdə Azərbaycan vətəndaşı rus əsgərini
güllələyir. 1990- cı il hadisələrində bizim xalqın rus ordusunun
qarşısına çıxmağa silahı yox idi. Biz qatillərin qurbanı olduq. 20
Yanvar hadisələrində yaxın qohumum 31 yaşlı Osman Maşayev şəhid
oldu. Osman kimi bütün xalq silahsız idi!
– Musiqidə kimləri dinləyirsiniz?
- Əhməd Qaya, Kibariyə, İşin Karacanın ifa etdiyi mahnıları çox
sevirəm. Mərhum Azər Bülbülün ifalarını bəyənirəm, amma əvvəlki
kimi çox dinlədikdə qəhərlənirəm... olduqca böyük dostluğumuz
olub.