Həlak olanların mükafatlandırılması
Ana öz evinə dönmüşdü. O, almanlardan qaçmışdı, amma doğma
yerlərdən uzaqda çox qala bilməmişdi və evinə dönməyi qərara
almışdı.
O, iki dəfə alman istehkamlarının yanından keçib getdi, cəbhə
burda hamar deyildi, qadınsa yaxın və düz yolla gedirdi. Onun
qorsuxu yoxuydu və heç kəsdən çəkinmirdi, düşmənlər də ona
toxunmadılar. İndi dünyada nələrin baş verdiyi onun vecinə deyildi,
indi heç nə onu həyəcanlandıra bilməzdi, çünki faciəsi əbədiydi –
ana bütün övladlarını itirmişdi. İndi o, ətrafında hər şeyə
etinasızdı, elə bil qurumuş bir çöpüydü, rüzgar qabağına qatıb
aparırdı. Qadına çox çətiniydi, çünki hər kəsin onunçün, əslində
elə özünün də hər kəs üçün necə yararsız olduğunu hiss edirdi.
İnsanın həyatdan köç etməsinə bu da yetərlidi. Amma o ölmədi; ona
həyatı boyu yaşadığı evi və övladlarının həlak olduğu yeri görmək
lazımıydı.
Yolda almanlarla rastlaşdı,
amma onlar qoca qarıya dəymədilər; bu iztirab tuluğu onları belə
təəccübləndirmişdi, faşistlər qarının üzündəki ifadədən dəhşətə
gəlib bu canlı ölünü taleyin ixtiyarına buraxmışdılar. Həyatda
bəzən üzünə bu qədər etinasızlıq ifadəsi hopmuş insanlara rast
gəlmək olur, belələri düşməni nədi, heyvanı belə qorxudar və onlara
heç kəs yaxınlaşmağa cürət eləməz. Heyvan və insan özünə oxşarlarla
rahatlıqla döyüşür, yadlarısa qorxduğundan və naməlum qüvvə
tərəfindən yeniləcəyindən çəkinərək kənarda saxlamağa üstünlük
verir.
Beləcə, ana müharibənin kənarından keçərək evə döndü. Amma indi
doğma yerlər boşalmışdı. Gillə sürtülmüş, sarı rəngə boyanmış,
fikrə dalmış insanı xatırladan kərpic soba borusu olan balaca ev
çoxdan yandırılmış, külün yerində təzə-təzə ot cücərməyə
başlamışdı. Qonşu evlər də eyni taleni bölüşmüşdülər, şəhər sanki
ölü yuxuya getmişdi. Bir azdan nə vaxtsa insan həyatıyla qaynayan
bu yerləri tamamilə ot basacaq və onda insandan iz belə
qalmayacaqdı. Gələcək nəsillər onun yer üzündəki məşəqqətli
mövcudluğundan xəbərsiz olacaqdı. Son düşüncələri ananın ürəyini
sıxılmağa məcbur elədi. Amma onun ürəyi mehribandı və həlak
olanlara olan sevgisi onu ölənlərin əvəzinə yaşamağa çağırdı.
O, yerə çöküb əlləriylə evinin külünü eşməyə başladı. Qarı
tezliklə öləcəyini bilirdi, amma ruhu bu qismətlə razılaşmırdı,
çünki əgər ölərsə, ürəyi döyünməzsə, balalarını kim xatırlayacaq,
onlara olan sevgini kim qoruyub saxlayacaqdı?
Ana bu sualın cavabını bilmirdi və ona yalnız düşünmək qalırdı.
Bir azdan qonşusu Yevdokiya Petrovna yaxınlaşdı. Əvvəllər
xoşagəlimli və dolu bədənli qadın indi gücdən düşmüş və
qarşısındakı qarı kimi etinasız olmuşdu. O da iki azyaşlı övladını
bormardmanda itirmişldi, ərisə itkin düşmüşdü. O da övladlarının
xatirəsini yaşatmaq və həyatını doğma yerlərdə başa vurmaq üçün
bura qayıtmışdı.
- Salam, Mariya Vasilyevna, - Yevdokiya Petrovna dilləndi.
- Dunya, bu sənsən? – Mariya Vasilyevna söylədi. – Gəl yanımda
otur, söhbətləşək. Başımın bitini təmizlə, çoxdandı yuyunmuram.
Dunya itaətkarcasına çömbəlib oturdu: Mariya Vasilyevna başını
onun dizlərinin üstünə qoydu və qonşusu onun başında bit axtarmağa
başladı. Bu məşğuliyyət hər ikisinə sakitlik gətirdi; biri
cidd-cəhdlə işləyir, digəri ona sığınaraq doğma adamın isitiliyində
mürgü vururdu.
- Səninkilərin də hamısı öldü? – Mariya Vasilyevna soruşdu.
- Hə! – Dunya cavab verdi. – Bəs səninkilər?
- Hamısı, - Mariya Vasilyevna dedi.
- İndi heç kəsimiz yoxdu, - Dunya sanki müsibətində tək
olmamasından ümidlənmiş kimi söylədi.
- Mənim müsibətim səninkindən bir az çox olar: axı elə
əvvəlindən dul idim, – Mariya Vasilyevna dedi. – Oğlanlarımın ikisi
də bu qəsəbədə canlarını tapşırıb. Almanlar Petropavlovkadan
Mitrofanyev yoluna çıxanda onlar işçi batalyonuna girmişdilər.
Qızımsa məni buralardan uzaqlaşdırmışdı. O məni sevirdi, axı
qızımdı, sonra məndən uzaqlaşdı, başqalarını sevdi, hamını sevdi.
Bir nəfərə yazığı gəldi – o, mehriban qızıydı, o mənim qızımdı, -
biçarə ona tərəf əyildi, yerdə uzanan yaralıydı, hələ sağıydı, elə
həmin an qızımı da öldürdülər, yuxarıdan təyyarəylə vurdular. Mənsə
qayıtdım! İndi mən neyləyim?! İndi heç nə vecimə deyil! Özüm elə
ölü kimiyəm!
- Ölü kimi yaşamaqdan savayı çarən var ki?! Elə mən özüm də belə
yaşayıram,- Dunya söylədi. – Məninmkilər torpağın altında yatırlar,
elə səninkilər kimi. Heç olmasa səninkilərn harda yatdığını
bilirəm, - hamısını ora sürüyüb apardılar. Sonra da basdırdılar, öz
gözlərimlə gördüm. Əvvəlcə qətlə yetirdiklərini saydılar. Siyahı
tutdular, özlərininkini ayrı qoydular, bizimkilərisə bir kənara
tulladılar. Sonra bizimkilərin hamısını soyundurdular, ciblərindən
çıxanların siyahısını ayrıca tutdular. Sonundasa it cəsədi kimi
sürüyüb basdırdılar.
- Heç olmasa qəbir qazdılar? – Marira Vasilyevna həyəcanla
dilləndi. – Dərin qazdılar? Axı çılpaq basdırıblar, heç olmasa
dərin qəbirdə üşüməzlər!
- Əşşi, dərin qazan kimiydi?! – Dunya mızıldandı. – Üzdən bir
çala qazıb hamısını ora tökdülər, bəzisinə heç yer də çatmadı. Onda
tankla torpağın üstündən keçdilər, meyitləri əzdilər, yer
düzəltdilər, yerdə qalanları da belə basdırdılar. Beləcə, qazmağa
vaxt itirmədilər, güclərini qorudular. Sonra üstündən azacıq torpaq
tökdülər. İndi meyitlər orda üşüyürlər; hərçənd meyitlər buna
dözərlər – hamısı soyuqda çılpaq uzanıblar.
- Mənimkiləri də tankla əzdilər, yoxsa üstdən bütöv qoydular? –
Mariya Vasilyevna soruşdu.
- Səninkiləri? – Dunya azacıq fikrə getdi. – Onu görəmmədim.
Orda, yolun kənarında uzanıblar. Getsən, görərsən. Budaqdan xaç
düzəldib torpağa basdırmışam. Amma nə xeyri: əvvəl-axır yıxılacaq,
bir də ki istəyirsən, lap dəmirdən düzəlt, adamlar ölüləri tez
unudurlar.
Mariya Vasilyevna Dunyanın dizlərindən qalxdı. Bu dəfə onun
başını özünə tərəf çəkdi və saçlarını arıtlamağa başladı. Bu işdən
bir az yüngülləşdi: əl işi dərd çəkən qəlbin ağrısını götürür.
Sonra günəş qüruba enəndə Mariya Vasilyevna ayağa qalxdı; o,
qoca qadınıydı, yorulmuşdu; Dunyayla sağollaşıb alatoranın
qaranlığında gözdən itdi.
O, şəhərə bitişik qəsəbəyə çıxdı. Əvvəllər bu taxta evlərdə
bağbanlar və bostançılar yaşayardılar. Onlar torpaqdan götürdükləri
məhsulla dolanardılar. İndi burda heç kəs qalmamışdı. Sakinlər ya
ölmüş, ya da əsir düşmüşdülər.
Qəsəbədən Mitrofanyev yoluna düzənlik uzanırdı. Əvvəllər yolun
kənarlarında ağ söyüdlər bitərdi, indi müharibə hamısını
kötüyünəcən gəmirmişdi. İndi bu adamsız yol darıxdırıcıydı, sanki
dünyanın axırı lap yaxınlıqdaydı.
Mariya Vasilyevna amansız rüzgara güclə tab gətirən miskin
budaqlardan düzəldilmiş xaç olan yerə gəldi. Ana bu xaçın yanında
oturdu; onun altında özgələrinin əlində alçaldılaraq ölüyə
çevrilmiş övladları çılpaq uzanmışdı.
Bir azdan axşam zülmət qaranlıqla əvəzləndi. Göy üzündə sanki
axır ki, göz yaşlarını qurutmuş, indi mehriban baxışlarını qaranlıq
torpağa dikmiş payız ulduzları doğdu. Bu baxışlar dəlicəsinə
bağlandığı torpaqdan ayrıla bilmirdi...
- Əgər sağ olsaydılar, - ana altında oğlanlarının yatdığı
torpağa pıçıldadı,- sağ olsaydılar, nə qədər iş görərdilər! İndisə,
indisə ölmüsünüz, - bəs yaşamadığınz həyatı əvəzinizdən kim
yaşayacaq?.. Matveyin nə yaşı vardı ki? Cəmi iyirmi üç, Vasilinin
də iyirmi səkkiz. Qızımınsa on səkkiz, indi qalsaydı on doqquz
olardı, elə dünən ad günüydü. Nə qədər can qoydum sizlərə, belə
çıxır azıymış, əgər ölmüsünüzsə, əgər övladlarımı qoruya
bilməmişəmsə, deməli, az can qoymuşam. Onlar olsa-olsa
övladlarımıydı, özləri yaşamağı xahiş etməmişdilər. Onları doğan
məniydim – heç firkiləşmədən doğdum. Dedim, qoy yaşasınlar. Amma
sən demə, yer üzündə hələ yaşamaq olmazmış, buralar uşaqlar üçün
hələ hazır deyilmiş: yalnız hazırladıq, amma öhdəsindən
gələmmədik!.. Onlara burda yaşamaq olmazdı, başqa yersə yoxuydu, -
bəs onları doğan bizlər neyləyək? Axı başqa çarəmiz yoxuydu. Tək
yaşamağın nə mənası var ki?! O, əlləriylə torpağı sığallayıb, üzünü
ora dirədi. Torpaq sakitiydi. Ordan heç bir səs gəlmirdi.
- Yatırlar, - ana pıçıldadı, - heç kəs tərpənməyəcək, - yəqin
ölmək çətiniymiş, yəqin əldən düşüblər. Qoy yatsınlar, mən
gözləyərəm – mən övladlarımsız yaşaya bilmərəm, mən ölülərsiz
yaşamaq istəmirəm. Mariya Vasilyevna üzünü torpaqdan çəkdi; elə bil
onu qızı Nataşa çağırdı; o, bircə kəlmə söyləmədən anasını çağırdı,
sanki gücü çatan qədər zəif bir ah çəkdi. Ana ətrafa boylandı.
Qızının hardan çağırdığını öyrənmək istədi – sakit taladan, yerin
dibindən, ya göyün ənginliyindən, o parlaq ulduzdan. İndi onun
həlak olan qızı hardadı? Ya da o indi heç yerdə yoxdu, ana, sadəcə,
qəlbinin dərinliyindəki xatirələrin səsinə uydu.
Mariya Vasilyevna yenidən qulaq kəsildi və yenə dünyanın
sakitliyindən qızının dinməzliyi xatırladan səsini eşitdi. Əvəzində
bu səsdə ümid və sevinc varıydı. Bu səs indiyəcən həyata
keçməyənlərin olacağını, ölülərin diriləcəyini və ayrı düşənlərin
bir-birinə qovuşaraq, bir daha ayrılmayacaqlarını söyləyirdi.
Ana qızının səsində sevinc hiss elədi və qızının canlılardan
kömək gözlədiyini, daha ölü olmaq istəmədiyini analdı.
"Qızım, axı sənə necə kömək edə bilərəm? Özüm güclə yaşayıram, -
Mariya Vasilyevna söylədi; o, sakit və anlaşıqlı danışırdı, sanki
evdə oturub xoşbəxt həyat tərzi sürən övladlarına müraciət edirdi.
– Qızım, səni təkbaşıma ayağa qaldıra bilmərəm; əgər bütün xalqlar
səni sevsəydi və yer üzündəki bütün pislikləri aradan qaldırsaydı,
onda bütün ölüləri həyata qaytarmaq mümkün olardı: axı ölümün özü
elə ən böyük pislikdi!.. Amma mən təkbaşıma nə edə bilərəm ki?
Bircə özüm müsibətdən ölə bilərəm, bax onda sənə qovuşaram!" Ana
uzun müddət ümid verdi. Sanki Nataşa və iki oğlu diqqətlə ona qulaq
asırdılar. Sonra qəbirlərin üstündəcə yuxuya getdi.
Uzaqdan top atəşlərinin səsi gəldi; orda döyüş başladı. Mariya
Vasilyevna oyandı və atəş səsləri gələn tərəfə boylandı. "Bunlar
bizimkilərdi, - o özünü inandırdı. – Qoy tez gəlsinlər, qoy yenidən
sovet hakimiyyəti olsun, bu hakimiyyət xalqı sevir, zəhməti sevir,
o, insanlara hər şey öyrədir, onların qayğısına qalır; bəlkə əsrlər
keçəcək və xalq ölüləri diriltməyi bacaracaq, bax onda ananın yetim
qalmış ürəyi yeniədn sevinəcək".
Mariya Vasilyevna düşündüklərinə inanmaq istəyirdi, axı ağrıyan
köksünü necəsə ovutmalıydı. O, göydə uçan təyyarələr görmüşdü,
bunları da icad eləmək çətin olmuşdu. Əgər yer üzündəki insanların
ağlı doğduğu övladlarını basdıran və hicranın odunda alışıb-yanan
anaların ehtiyacına köklənsəydi, ölənlərin hamısını həyata
qaytarmaq olardı.
O, səslərini birdəfəlik kəsmiş oğullarına yaxın olmaq üçün
yenidən torpağa çökdü. Bu sükut onları qətlə yetirmiş qəddar
dünyanın tənbehi və hələ də uşaq bədənlərinin iyini və canlı
gözlərinin rəngini xatırlayan ananın niskiliydi.
Günorta rus tankları Mitrofanyev yoluna çıxdı və qəsəbənin
yanında dayandı. Əsgərlərdən biri tankdan düşüb yerdə gəzişməyə
başladı. Bu əsgər cavan deyildi və otların necə cücərdiyini,
kəpənəklərin necə uçuşduğunu seyr etməyi sevirdi.
O, iki budaqdan bağlanmış xaçın yanında üzü üstə yerə uzanmış
bir qarı gördü. Əsgər aşağı əyilib qadının nəfəsinə qulaq asdı,
sonra bədənini bu tərəfə çevirib qulaqlarını ürəyinə yaxınlaşdırdı.
"Dayanıb, daha döyünmür", - əsgər tezliklə anladı və mərhumun üzünü
ayağına dolamaq üçün yanında ehtiyat kimi gəzdirdiyi parçayla
örtdü.
- Yaşamağa gücü qalmayıbmış: aclıq axırına çıxıbmış – bir
dəridi, bir sümük.
- Hələ yaşa, - əsgər sağollaşarkən söylədi. – Kimin anası
olduğunu bilmirəm, amma mən də sənsiz yetim qaldım.
O, özgənin anasının ayrılıq həsrətini çəkərək, orada bir az da
dayandı.
- İndi sənə qaranlıqdır, bizdən də uzaq düşübsən. Nə etmək olar
ki! İndi qəm çəkmək vaxtı deyil. Əvvəlcə düşməni diz üstə çökdürmək
lazımdı. Sonrasa bütün dünya ağıllanmalıdı, yoxsa olmaz, yoxsa
əməyimiz hədər gedər!..
Əsgər tanka qayıtdı. O, ölülərsiz yaşamağın darıxdırıcı olduğunu
düşündü. Amma onu da anladı ki, indi yaşamaq qat-qat zəruridi. İndi
yalnız həyatın düşmənlərini sonacan yox eləməklə kifayətlənməməli,
həm də qələbədən sonra ölülərin bizlərə sakitcə vəsiyyət elədikləri
o ali həyatla yaşamağı bacarmalıyıq. Və o zaman onların yer
üzündəki bütün ümidlərini doğrultmalıyıq. Ölülər canlılardan savayı
heç kəsə etibar edə bilməzlər, - və biz elə yaşamalıyıq ki,
xalqımızın xoşbəxt taleyi sələflərimizin ölümünə haqq qazandıra
bilsin və beləcə, onların ölümü mükafatlandırılsın.
Çevirdi: Kifayət Haqverdiyeva