Ana səhifə Kult |
Əsəd Cahangirin yaradıcılığının 30,
ömrünün 55 illiyinə
Əsəd Cahangir müstəqillik dövrünün görkəmli, istedadlı isimlərindən biridir. İstedadlı adam isə nə yazır yazsın, onu gözəl yazır. Əsəd Cahangir ictimaiyyətdə daha çox ədəbi tənqidçi, axud ədəbiyyatşünas kimi tanınır. Qələm sahibləri adət ediblər ki, daha çox Əsəd Cahangir onlar haqqında yazsın. Hazırda onun yaradıcılığının 30, ömrünün 55-ci ildönümüdür. əzabla, əziyyətlə dolu 30, hər cür məşəqqətlə dolu 55 il!... Bu gün qələm adamlarının sözdən başqa demək olar ki, heç nələri yoxdur. Əsəd Cahangir isə elə hey yazır, onlarla adam haqqında yüzlərlə yazı... O şairlərin, yazıçıların yazdığı mətnlərin mahiyyətinin oxuculara çatdırılması üçün xeyli işlər görüb. İndi axt gəlib, vədə yetişib və onun barəsində söz demək də bizim borcumuzdur. Bu, Əsəd Cahangirin haal haqqıdır.
Əsəd Cahangir bugünkü ədəbiyyatımızın parlaq, qabarıq görünən simalarındandır. Mən neçə illərdir ki, onun fəaliyyətini müşahidə edirəm və yuxarı xətlə irəliləyişinin canlı şahidiyəm. Çoxlarından fərqli olaraq o, cəfəngiyyatla məşğul olmur, oturub yazısını yazır və deyim ki, gördüyü işi çox bacarıqla görür, ortaya kamil ədəbi materiallar qoyur. Mən hesab edirəm ki, Əsəd Cahangir hansı sahədə fəaliyyət göstərsə, orada uğur qazanardı. Yəqin ki, o özü də bunu bilir və buna görə yaradıcılığı çoxsahəli, çoxşaxəlidir. Onun linqvistik poetika, dilçilik, ədəbi tənqid, esseistika, poeziya, bədii və filoloji tərcümə sahələrində çalışmaları var. Əsədin Mahmud Kaşqardının «Divanu lüğət-it-türk» kitabından bəhs edən «Qədim türk ədəbiyyatının linqvistik poetikası» monoqrafiyası bu mövzuda yazılmış ən yaxşı əsərlərdəndir. Monoqrafiya 2001-ci ildə, “Elm” nəşriyatında işıq üzü görüb. O bu əsəri ilə göstərdi ki, böyük alimimiz akademik Nizami Cəfərovun ən yaxşı davamçılarındandır. Əlbəttə, Əsəd Cahangir, Nizami Cəfərovla bərabər Yaşar Qarayev və Kamal Abdullanı da özünün ustadları sayır. Böyük olmaq üçün gərək böyük adamlardan təsirlənəsən. Bu, şübhəsizdir. “Qədim türk ədəbiyaytının linqvistik poetaikası” öz müəllifinin türkologiya sahəsinə töhfəsidir. O bu kitaba kaşqarlışünaslıqda monoqrafik səviyyədə tədqiqatların əsasını qoyub. Kitabda əski türk şeirinin mənşəyi, forma-məzmun xüsusiyyətlələri özünün ciddi elmi izahını tapıb.
Amma Əsəd Cahangir daha çox ədəbi-tənqid yolunu tutdu. Elə ilk tənqidi məqalələri ilə də ədəbi ictimaiyyətin, geniş oxucu kütləsinin diqqətini cəlb elədi. “Bir əvvəl var, bir axır var deyirlər”, «Söz», «Səs», «Kim yatmış, kim oyaq», «Yeni əsrin ibtidası», «Dəmirbaşlar», “Aprel tezisləri”, “Minillərin ayrıcında”, “Yeni əsrin ibtidası”, “Dionisin sağlığına”, “Platondan Anara qədər”, “Əbədi düşüncələr”, “Başlanğıc”, “Ölüm-dirim”, “Aprel tezisləri”, “Vay, dədəm, vay”, “Bir çarə var ancaq - yeniləşmək”, “Bəhramnamə”, “Nə var, nə yox teatr”, “Mahnı dağlarda qalmadı”, “Şekspirin adı” kimi orijinallığı ilə seçilən ədəbi-fəlsəfi esse və məqalələr ədəbi tənqid üfüqlərində yeni ulduzun doğulduğunu bəyan etdi. O, predmetə yanaşması, dilinin sadəliyi , kiçik mətnin içindən dünyaya baxmaq bacarığı ilə ədəbiyyatşünaslıqda öz üslübunun, öz dünyagörümünün olduğunu göstərdi. Bunlar yaradıcı adamın istedadının göstəricisi kimi mühüm şərtlərdir, amma Əsəd Cahangirin bir keyfiyyəti də var ki, o bu keyfiyyətlə çağdaş ədəbiyyatımıza böyük xidmət göstərdi. Bu keyfiyyət - onun yeni yazarlar nəsli barədə cəsarətlə danışmasıydı. Əsəd Cahangirə qədər ədəbi tənqid yeni nəsil barədə həvəssiz danışırdı, cəmiyyətin digər sahələrində olduğu kimi, ədəbi mühitdə də postsovet düşüncəsi hakim idi. Yeni ədəbi nəslin öz tənqidçilərinə ehtiyacı vardı və bu funksiya ilk olaraq Əsəd Cahangirin boynuna düşdü. Yazıçılar Birliyinin 2004-cü ildə keçirilən son qurultayı öncəsi onun «Min illərin ayrıcında» adlı məruzəsi böyük rezonans doğurdu, bir neçə mətbu orqanda nəşr olundu. Məruzənin əsas özəlliyi burada yeni yazarlar nəslinin ətraflı təhlil olunmasıydı. Bu gün məşhur olan bir çox imzalar məhz Əsəd Cahangirin bu məruzəsindən sonra gündəmə gəldilər. Və burada söhbət ondan getmir ki, tənqidçi Əsəd Cahangir öz məruzəsində kimlərinsə adını çəkib. Əsas məsələ odur ki, o, ədəbi meydanda yenicə görünməyə başlayan bir çox gənc qələm sahiblərinin yaradıcılığındakı mahiyyəti ortaya qoya bildi və ədəbi ictimaiyyəti bu imzalara ciddi yanaşmağa inandıra bildi. Bu bir tənqidçinin, bir ədəbiyyatşünasın ədəbiyyat qarşısında böyük xidmətidir. Çünki isdedadı görüb, bunu etiraf etmək bacarığı hər adamda olmur. Reklam maşını isə istedadsızlığa xidmət edir. Məncə, ədəbi tənqidin əsas funksiyası, mətndə ədəbi ictimaiyyətin anlaya bilmədiyi ideya və üslübu, dil xüsusiyyətlərini, fərqli dünyagörümünü təhlil edib bunu oxuculara çatdırmaqdır. Təəssüf ki, bu gün bizdə ədəbi tənqiddən daha çox, ədəbi tərif institutları fəaliyyət göstərir. Mətn qalır bir tərəfdə, məqalələrdə daha çox tərifçi-tənqidçinin fantaziyası və bilgiləri əks olunur. Və adamlar sözə hörmət hissini, söz qarşısında məsuliyyət hissini itirməyə başlayırlar. Bir balaca ölkədə nə qədər «dahi yazıçı», «dahi şair» olar. Adamlar düşünür ki, dahilik elə budursa, elə özüm qələm götürüb dahi olaram. Və götürürlər. İndii hamı yazır, imkanı olanlar pul verib yazdırır. Bir dəfə Çingiz Abdulayev İspaniya kralı Xuan Karlosdan belə bir sitat gətirdi: «Hər bir kral yazıçı olmaq arzusundadı, amma heç bir yazıçı kral olmaq istəmir». Amma bizim «kralların» hamısı yazıçı olmaq xəyalına düşüb. Çünki söz dəyərdən düşəndə ona hökm etmək istəyənlər çox olur. Müqəddəs kitablarda söz Allaha bərabər tutulurdu, insanlar sözə az qala səcdə edirdilər, bu günkü cəmiyyətimizdə isə söz, əxlaqsız qadın səviyyəsindən də aşağı düşüb. Xalq yazıçısı Elçin «Vaysman xəstəliyi» yazısında bu məsələləri geniş şərh etdiyindən, mən bu barədə çox danışmağa lüzum görmürəm. Bir də ki, bu yazımın qəhrəmanı Əsəd Cahangirdir. Ədəbiyyatşünaslıqda öz üslubu, öz yeri olan bir qələm adamı.
Bəli, məhz qələm adamı. Çünki, Əsəd Cahangirin yaradıcılığı yalnız tənqidi məqalələrlə bitmir. Mən «Azərbaycan» jurnalında onun «O Adam» və «Namaz» adlı iki poemasını oxumuşam. Sufi-mistik roeziyasının modern dirçəlişi kimi meydana çıxan bu poemalar çox istedadla yazılıb. Təsadüfi deyil ki, görkəmli şarimiz Fikrət Qoca «Namaz» poemasını yüksək qiymətləndirib və bu barədə «Ədəbiyyat qəzetində» “Namaz”ı Ramazanda oxudum” adlı məqalə ilə çıxış edib. Hər iki əsər poetik baxımdan mükəmməldir, üstəlik onları oxuyanda müəllifin yüksək intellekt sahibi olduğunun şahidi olursan. İntellekt çatışmazlığı isə bugünkü müəlliflərin zəif yerlərindən biridir. İstər nəzm, istərsə də nəsr əsərləri yazanların əksəriyyətinin əsərləri bir-birinə bənzəyir və yaxud bir-birini təkrar edir. Bu baxımdan Əsəd Cahangirin hər iki poeması bu yazılardan fərqlənir. Burada kifayət qədər yeni ifadə tərzi və dünyaya fərqli baxış var. Ədəbiyyat da, məncə, elə budur. Yüz, iki yüz il bundan əvvəl yazılanlardan fərqlənməyən mətnlərə Azərbaycan cəmiyyətinin nə ehtiyacı var ki? Əlbəttə, Əsəd Cahangirin poemalarını hazırlıqsız oxucu üçün anlamaq çətindir, amma əsl ədəbiyyatın işi, oxucunun səviyyəsini, zövqünü stimullaşdırmaqdan ibarətdir. Şair, ya yazıçı oxucunun yedəyində gedirsə, demək dünyada sözün də, fikrin də qiyməti olmayacaq. Bu yaxınlarda Əsəd cahangirin “Xarıgülnar” poeması “Ədəbiyyat qəzeti”ndə dərc olundu. Poemanın ən yaddaqalan cəhəti odur ki, Prezident İlham Əliyevin iştirakı ilə bu günlərdə Şuşada keşirilən “Xarıbülbül” musiqi festivalındakı olaylar əski türk tarixi ilə paralel müstəvidə dərk və təsvir olunur. Əsəd Cahangir damlada dəryanı zərrədə küllü göstərmək kimi sufi metodu ilə yazıb-yaradır.
Söz barədə esse yazan Əsəd Cahangir sözün qiymətini bildiyindən, onu Tanrı timsallı gördüyündən, sözlə davranmağı da bacarır. Məsələn, onun fransız şairi Artur Rembo, tatar şairi Robert Minnullindən etdiyi çevirmələri poetik tərcümə sənətimizin ən yaxşı nümunələrindən saymaq olar. Çünki bu tərcümələrdə çevirməçi orijinalın formasını, məzmununu və ruhunu mümkün qədər saxlamağa çalışıb. Bu da bugünkü tərcümə sənətimizdə çatışmayan cəhətlərdəndir. Nəşr olunan əksər tərcümələr, o cümlədən televiziya tərcümələri tərcüməçinin intellekti səviyyəsindədir və bu da oxucu, ya dinləyiciyə ən azından gülünc gəlir. Çünki tərcümələrlə əksərən elə adamlar məşğul olur ki, onlar tərcümə etdiyi əsərin yarandığı ölkə barədə, onun ədəbiyyatı və folkloru barədə heç bir təsəvvürə malik deyillər. Buna görə bir çox tərcümələri oxuyanda oxcuda belə təsəvvür yaranır ki, əsər azərbaycanlı müəllif tərəfindən yazılıb. Xüsusən, televiziyada dublyaj olunmuş filmlərin tərcümələri çox bərbad vəziyyətdədir. Uzun illər boyu müstəmləkə həyatı yaşamış Azərbaycan dili, işlək dil olmadığından, xeyli inkişafdan qalıb, amma müstəqillik dilimizin inkişafı üçün bizə böyük şanslar verib. Azərbaycan dilinin qorunması ilə bağlı dövlətin qanunu var. Bu dili inkişaf etdirmək bizim hamımızın borcumuzdur. Xüsusən tərcümə sənəti bu işdə böyük rol oynayır. Elmi-tərəqqi əsrində çox sözlər var ki, onların dilimizdə qarşılığı yoxdur. Amma son illərdə dil və tərcümə sənəti ilə daha çox diletantlar məşğul olur və yaxud meydan onlara verilir.
Tərcümə sənətinin belə bir vəziyyətdə olduğu vaxtda Əsəd Cahangir kimi intellektual adamların tərcümə ilə məşğul olmasına müsbət hal kimi baxıram. Amma bəla ordadır ki, ortaya yaxşı mətn qoyanlara bu ölkədə pul vermək istəyən yoxdur. Baxmayaraq ki, onlar dövlət və xalq üçün daha əhəmiyyətli işlər görürlər. Əsəd Cahangir də bu sırada olanlardandır. Mən onun Con Patrik və müasir amerikan şairlərindən etdiyi bədii çevirmələri, eləcə də D.Zatonski, İ.İlin, L.Andreyev, İ.Adelgeym, A.Dugin, İ.Nikitina və başqalarından etdiyi filoloji çevirmələri də oxumuşam və bu mənim gəldiyim qənaəti bir daha təstiqləyir - istedadlı adam nə yazsa, onu istedadla da yazır. İstedadlılara kömək eləyin, istedadsızlar özlərinə yol açacaq.
Yolun açıq olsun, Əsəd Cahangir!
Səni yaradıcılığının 30, ömrünün 55 illiyi münasibətilə bütün qələm dostları adından təbrik edirəm!
55 yaşın mübarək!
Tarix
2021.06.27 / 08:00
|
Müəllif
Elxan Zal Qaraxanlı
|