Sosial şəbəkələrdə Bakının küçələrindən birində yolun üzərində xəbərdarlıq nişanı olmadan qalan armaturların avtomobillərin hərəkətinə ciddi təhlükə yaratdığına dair görüntülər yayılıb. Qaranlıq saatlarda sürücülər bu maneələri görmədiyi üçün avtomobillərə maddi ziyan dəyir, bəzi hallarda isə qəza baş verir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Axar.az-a açıqlamasında bildirib ki, belə hallarda sürücü ilk növbədə dəyən zərəri mütləq şəkildə sənədləşdirməlidir.
Onun sözlərinə görə, sonradan məsul quruma və ya məhkəməyə müraciət ediləcəyi təqdirdə sübutlar həlledici rol oynayır.
“Hadisə yerinin fotosu və videosu çəkilməlidir. Qəzaya səbəb olan çuxur, armatur və ya digər maneə, ərazidə xəbərverici yol nişanının olmaması, həmçinin avtomobilin aldığı zədələr mütləq qeydə alınmalıdır. Əgər xəsarət alan varsa, bu da sənədləşdirilməlidir.
Hadisə baş verdikdən sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edilməli, Dövlət Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə çağırılmalıdır. Onlar tərəfindən protokol tərtib olunmalı və qəzanın məhz yolun vəziyyəti ilə bağlı baş verdiyi sənəddə öz əksini tapmalıdır. Şahidlər varsa, onların da məlumatları yerindəcə qeydə alınmalıdır”, - o qeyd edib.
Eldəniz Cəfərovun sözlərinə görə, əksər hallarda məsuliyyət yolun tikinti və təmirini həyata keçirən qurum və ya podratçı şirkətin üzərinə düşür və iddia da məhz onlara qarşı qaldırılmalıdır:
“Kompensasiya tələbi üçün yazılı müraciət, polis protokolları, foto və video sübutlar, həmçinin servis mərkəzindən avtomobilə dəyən zərərin qiymətləndirilməsi barədə arayış vacibdir. Əgər hadisə zamanı sürücü və ya sərnişin xəsarət alıbsa, tibbi arayışlar da sənədlərə əlavə edilməlidir.
Məhkəmə yolu ilə kompensasiya almaq mümkündür və Azərbaycanda bu cür presedentlər mövcuddur”.
Sığorta məsələsinə toxunan Eldəniz Cəfərov qeyd edib ki, əgər hadisə yol-nəqliyyat qəzası kimi rəsmiləşdirilibsə, icbari sığorta dəyən zərəri qarşılayır. Qəza kimi tanınmayan hallarda isə icbari sığorta ödəniş etməyə bilər, lakin sürücünün kasko sığortası varsa və şərtlərə uyğundursa, zərər həmin sığorta hesabına ödənilə bilər.