"Yay mövsümü ilə əlaqədar
telekanalların verilişlərinin bir çoxu tətilə çıxıb ki, məhz
onların yerini də yayımçılar filmlərlə doldurmağa çalışır. Əsasən
də xarici filmlərlə. Yəqin çoxumuza maraqlıdır ki, niyə məhz xarici
filmlərlə? Əvvəla onu qeyd etmək lazımdır ki, kino yaradıcılığı ilə
məşğul olan bəzi qurum təmsilçilərinin iddia etdiyi kimi, MTRŞ
milli filmlərin yayım kvotasını müəyyənləşdirə bilməz. Çünki
qanunvericilikdə belə bir məsələ əksini tapmayıb".
Report xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının
(MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.
O, yayımçıların xarici filmlərə üstünlük verməsinin digər səbəbi
kimi milli filmləri əldə etmə və nümayiş etdirməyin onlara çox baha
başa gəlməsi ilə izah edib:
"Çünki Kinorejissorlar Gildiyası yerli filmlərin nümayişi üçün
kifayət qədər böyük məbləğ - 1 saat üçün 70 azn tələb edir. Bu isə
telekanallara sərf etmir. Məsələnin qəribə tərəfi ondan ibarətdir
ki, Gildiya sovet dövründə və hazırda dövlət maliyyəsi ilə çəkilmiş
filmlərə də bir növ sahib çıxıb, onların nümayişinə də pul tələbi
qoyub. Halbuki həmin filmlər çəkilərkən haqqı, əziyyəti olanların
hamısı mükafatlandırılıb və məhsullar dövlət mülkiyyətidir.
Bax, bu gün milli kanallarda milli filmlərin azlığının, hind və
digər filmlərin isə baş alıb getməsinin səbəbləri qeyd
etdiklərimdir. Əslində, bu sahədə çalışan hər kəs mövcud reallığı
bilməli və təhlil apararkən haqlı-haqsız ittihamlar irəli
sürməməlidirlər. Bu mənada bəzi xəbər portallarına açıqlama
verərkən Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun
işlətdiyi "MTRŞ-nın telekanallarda kino nümayişi siyasəti çox
naşıdır. Bu qurumun milli televiziyalarımızda piratçılığın baş alıb
getməsində nə marağı var, bunun qarşısını niyə almır" fikirləri özü
problemin mahiyyətini bilməməkdən və naşılıqdan irəli gəlir".