Yuxarı

“Bu sevgi düşündüyünüz kimi deyil”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adilə Nəzər imzası şeir həvəskarlarına yad deyil desəm, yanılmaram. Elə mənim də bu imzanı izləməm onun şeirləri ilə tanışlıqdan başladı. Fürsət tapıb onunla həmsöhbət oldum.

- Sizinlə ədəbi müstəvidə dərdləşmək, söhbət etmək istəyirəm, - dedim.

Cavab gözlənilən oldu:

- Nə barədə?

- Elə sizin dərdlər barədə. Məsələn, yazırsınız ki:

Mənim dərdlərimin dili başqadır,

Hər halın sorana olmaz cavabı...

...Və söhbətimiz alındı.

Əlim-üzüm təmiz, dilim xəstədir,

Qəm üzünboyludur, sevinc bəstədir.

Bu da belə "zarıncı şikəstə"dir

Mənin dərdlərimin dili başqadır.

Şeirlərindən misralar deyirəm. Əslində, onun yaradıcılığına bələd olmağımı isbatlayıram və qəfil verdiyim suala qəfil cavab verir:

Təklik yaradıcılığımızın meydançasıdır

- Neçə dəfə ölüb-dirilibsiniz?

- Hər iki şeirdən birində...

- Yazdınız, özünüzü ifadə etməklə məcazi mənada öldünüz, bəs dirilməniz hansı anda baş verir?

- Şeir xəyal ürünüdür. Şeir təxəyyülün çalınan musiqisidir. Bu baxımdan hər gecə şeirlərdə ölüb, hər sabah həqiqətdə - reallıqda dirilirəm. Söhbət əsnasında fikirlərim başqa, şeir yazanda başqa cür ola bilir. Məsələn, deyirəm ki:

Sevgi çox əzablıdır - üzülmə,

Nağıl gözlüm.

Bu dənizində

üzməyin əzabı batanadək

- mən çoxdan boğulmuşam...

ayrılıqlarda ölüb,

sevgidə doğulmuşam...

- Bədii yaradıcılıqla yanaşı, elmi yaradıcılıqla da məşğulsunuz. Özünüzü nə zaman daha rahat hiss edirsiniz?

- Sizə desəm ki, çox vaxt şeirlərim elə elmi axtarışlar zamanı yaranır, yalan olmaz. Bəlkə də mövzum bilavasitə fəlsəfə ilə bağlı olduğuna görədir. Fəlsəfi terminləri antik fəlsəfədən günümüzə qədər əldə etdiyim fəlsəfə kitablarından toplamışam. Həyat haqqında, insan psixologiyası və sevgi- həqiqət haqqında fikirlərim olub. Onları da nəzmə çəkmək istəmişəm…

Qadınlar xoş sözə meyilli olur. Onların qeyri adiliyindən bəhs edəndə necə də xoşlanmalarını çox görmüşəm. Bir-iki xoş söz demək istəyirəm. Bu dəfə yanılıram…

- Sizdə öncəgörmə varmı? Gecələr kəşf etdiyimi gündüzlər aça bilmirəm, - deyirsiniz. Çoxmu xəyalpərəstsiniz?

- Xəyal deməyək buna. Mən hər zaman demişəm, hisslərimlə yazıb, ağlımla yaşayıram. Öncəgörmə dediyimiz ali intuisiyadır. Məndə tam elə olmasa da, hamının görmədiyi bəzi şeyləri görürəm. Belə deyək, təxəyyül gücüm yüksəkdir. Çox düşünən çox fikrə gəlir. Bu fikirləri də ağılla birləşdirə bilənlər gələcək haqqında fikir yürüdə bilirlər. Nədənsə, mənə elə gəlir ki, bütün ixtiralar və kəşflər gecələr edilib... Sirlər sirli gecələrdə açıla bilir.

- Şeirlərinizdə şəxsi həyatınız da önəmli yer tutur və misralarınızdan nisgil boylanır. Lirik məniniz qəmli hekayət kimi nəql olunur.

- Özünü yazmayan şair deyil. Qaldı ki, nisgilə… nisgilsiz, dərdsiz insan varmı? Etiraf etmək gərəkirsə, mənim nisgillərim başqalarınınkından çox deyil, sadəcə olaraq, mən hər şeyi daha doya-doya yaşayıram - sevinci də, kədəri də. Barmaqla sayılacaq qədər xoş ovqatlı şeirlərim var, qalanı nisgildi, həsrətdi. Təklik yaradıcılığımızın meydançasıdır. Bu arada qeyd edim ki, oxucular mənim şeirlərimdən çox belə frazalarımı bəyənirlər.

Sevdiyiniz gözdən düşə bilər, amma sevgi…

- Elə bu misralarınız da zərb-məsəl ola bilər: "Gözdən sevdiyin düşər, SEVGİ düşməz, ay adam…" Gözünüzdən düşənlər çox olub?

- Mən ümumiyyətlə, hər kəslə etik davranıram. Mənə qarşı davranışında da hər kəs diqqətli olur. Bu baxımdan gözümdən düşənlər çox olmayıb. Əgər burada sual sırf sevgiyə aiddirsə, sevdiyim əsla gözümdən düşməyib. Bu fikir bir mesajdır insanlara. Yəni ayrıldığınızda belə, sevgiyə hörmətsizlik etməyin. Sevdiyiniz gözdən düşə bilər, amma sevgisi düşməməli...

- Bayaq yaşantıların bədii ifadədə əks olunduğunu dediniz, indi isə yazdıqlarınızın insanlara bir mesaj olaraq təfəkkürünüzün məhsulu kimi ötürüldüyündən bəhs edirsiniz. Yəni müşahidələriniz yaşantınızdan daha təsirlidir?

- Yazaraq yaşadığım və yaşayaraq yazdığım şeirlər var. Elə şeirlər var ki, onlar, ümumiyyətlə təhlil olunmur. Onlar sırf təxəyyülün məhsuludur.

Dinləyin,

təxəyyülümün musiqisi çalınır.

Allahın kəlamı tək

mənaları uyuşan,

təkrarlanan ritmlər...

Qeyd etdiyiniz isə ağılla yazılan şeirdi-təfəkkürün məhsuludur. Belə deyərdim, müsahibələr şeirlərdən daha həqiqidir. Şeirlərim üzüntülərimdir, böyük dərdlər lal olur... Şeirləri tam həqiqət hesab etmək olmaz yəni.

Hirsimi hissimlə əvəz edirəm

- Gəlin razılaşaq ki, müsahibə verdikdə, heç də təbinə güvənmirsən, əqlinin gücü, diqtəsi ilə cavablandırırsan. Şeiri yazanda isə bəzən kimin necə münasibət bəsləyəcəyi unudulur və daha səmimi olursan, həqiqətini deyirsən.

- Şeirlərdə realda yaşadığımızın daha metaforik formasını yazırıq. Əslində, mənəvi əzabı yaşayırıq, amma elə yazırıq ki, guya oxucu gəlsəydi, məni orada görəcəkdi. Məsələn, mənim bir şeirim var:

Belə soyuq, belə səssiz gecələrdə,

büzüşməyəsən bir yorğanın altına..

oturub, kədərli bir muğam üstündə ağlayasan.

…Səni sıxan zəncirləri qırasan,

azadlığı heç olmasa, qram-qram alasan.

Kim nə deyər, ac qurd olub məni yeyər?

- deyə düşünməyəsən,

alıb başını çıxıb gedəsən.

Bu üsyan tamamilə mənim yaşantıma ziddir. Hansı ki, mən həyatda çox səbirli adamam, amma şeirlər hisslərin dilidir. İnsan qana-qana ağlayır, nə üçün ağladığını bilir. Ağlamaq da duyğulanmaqdan irəli gəlirsə, deməli, ağılla hiss qarışıqdır. Onları ayırmaq mümkünsüzdür.

- Hiss, hirs... Hirsli vaxtın hissini necə yaşayırsınız?

Yazacağam, -

Görüşmək də, ayrılmaq da, neçə illər

Birgə gülüb ağlamaq da bizlik deyil, - Allahlıq...

Xoşbəxt olmaq

Ciyər dolu bir nəfəsdi - bir ahlıq..

Bütöv, tam yaşayacağam bu sevgini,

yazacağam qısa xülasəsini-

bir kitablıq...

- Mənə elə gəldi ki, burada bir qəzəbdə var, həm də incə, zərif...

- Düz tutmusunuz… Şair qadınlar xoşbəxtdirlər ki, bu məqamlarda yaza bilirlər, heç olmasa. Ayrılıq, həsrət mövzuları mənim yaradıcılığımın ana xəttidir... Hirsli vaxtın hissini elə yazaraq yaşayıram. Təkliyə qaçıram, heyif ki, çox vaxt ağlaya bilmirəm... Mürəkkəbini qanla (içimə axan göz yaşı) əvəz edib, sarılıram qələmə-kağıza. Nə dosta alqışım olur, nə düşmənə qarğışım. Hirsimi hissimlə əvəz edirəm.

Elə bir yaram yoxdu

- Gəlin mübahisə etməyək, deyəsən, sizin şairliyinizin təməli, mənbəyi nakam bir sevginin üstündə qurulub axı?

- Xeyr. Elə bir yaram yoxdu, şükür Allaha. Allah bundan sonra da yaşatmasın! Bu nakam sevgi sizin düşündüyünüz nakam sevgi deyil. Bu bir övlad həsrətidir. Allah mənim taleyimə yazmadı onu. Bu arada qeyd edim ki, dünyanın bütün uşaqlarını öz balam kimi sevirəm. Öldüm, yandım, gəl...- deyə yalvarışlarımın çoxu onaydı, amma çoxları bunu sizin düşündüyünüz kimi düşündü. Məncə, ədəbi aləm belə bir məkandır ki, orada hisslər, fikirlər təşbehlərə çevrildikcə demək istədiyin gerçək pərdələnir, - bunun gözəlliyi də elə burdadır. Bəlkə də buna görə hər kəs özünü görə bilir orda.

Sərbəst şeirlərim oğlum kimidir,

Heca şeirlərim qızımdır mənim.

Bütün şeirlərim özüm kimidir,

Hələ qış içində yazımdır mənim.

Bilirəm, dünyada hamı qonaqdır,

Mənim nişanəm yox, kim anar məni?

İtsəm aranızdan,- ki, bu bir haqdır,

Yəqin şeirlərim yaşadar məni.

Deməyə bir ayrı söz nə gərəkdir,

Alışar, dərdimi desəm hər kimə.

Budur vəsiyyətim: bez nə gərəkdir,

Məni bükərsiniz şeirlərimə.

- Adilə xanım, tez-tez tədbirlərdə olursunuz, bu tədbirlər sizə ədəbiyyat adına nə isə verir, yoxsa boş vaxtı öldürmək, dostlarla görüşmək üçün bir vasitə, bəhanədir?

- Mən Vahid Ədəbi məclisində yetişdim və hesab edirəm ki, hələ öyrənəcəyim çox şey var. İndi tədbirlərə az gedirəm, vaxt olmur. Bildiyiniz kimi, keçən ildən təsisçilərindən biri olduğum H.Cavid Ədəbi Məclisi fəaliyyət göstərir. Bu məclisin tədbirlərində mütləq iştirak edirəm, bunu özümə borc bilirəm.

Hisslərimlə yazıb, ağlımla yaşayıram

- Qayıdaq şeirlərinizə. Misralarınızdan nisgil, kədər, acı boylanır. Amma gözlərinizdə təzə çiçəkləmiş təbəssüm olur həmişə. Necə başa düşək?

- Təkrarçılıq olacaq, amma yenə qeyd edim ki, mən hisslərimlə yazıb, ağlımla yaşayıram. Bəlkə də bu əkizlər bürcündə doğulmağımdan irəli gəlir. Bir bədəndə ikili xarakter daşıyıram. Biri kədərli, dərdi ilə dağ dağlayan, üzgün, zəif, kövrək, ən adi bir sözdən küsüb ağlayan, o biri cəsarətli, mübariz bir qadın. Gecələr yazıram adətən, gecələr birinci oluram, gündüzlər ikinci.

Qaldı ki, gözlərimdəki təzə çiçəkləmiş təbəssümə, deyilənə görə, yaşamağa çox həvəsliyəm. Əgər gələn gün bizim ağlamağımızdan, gülməyimizdən, nə yaşadığımızdan asılı olmayaraq gəlirsə, niyə keçmişə qapanıb qalmalıyıq? Bir dəfə bütün gecəni ağlamışdım, sübhün ilk işıqları pəncərəmə düşəndə qalxıb baxdım. Günəş elə nazla, əda ilə çıxırdı ki... Mənim bu gecə nələr yaşadığım onun heç eyninə də deyildi. Oturub bu şeiri yazdım:

...Heç nəyi anlamadım həyatımda.

Çürütdüm ömrümü

heç tapmadığım

taleyimin yolunda.

Qazancım kədərim, təkliyim,

bir də uçuq oldu

dodağımda...

Gündüzlərim toz rəngli.

gecələrin rəngi yox.

Gözü qapalı keçir ömrüm,

sanki bir qasırğada.

Dünənimə solğun çiçəklər əkən,

qarşımda küçəyə açılan pəncərəm,

sabahım, sənmisən gələn?

Özümdə deyiləm,

Bir ruham bədənsiz,

mən sənsiz....

Oyanıram, boylanıram

günün yola düşən ilk ışığına,

Vuruluram sabahın

bizi saya almadan gələn

nazına, ədasına.

Qarşımda küçəyə açılan pəncərəm,

Sabahım, sənmisən gələn?

- Axı hər kəsin yazdığında öz həyatından nə isə var. Sizin necə?

- Heca şeirində özünü yazmaq bir qədər çətindir. Yaxşı ki, günümüzdə sərbəst şeir qəbul olunur, amma bu da bəs eləmir. Düşünürəm ki, indi hər sahədə yeni texnoloqlar yaranır, təkcə şeirdən başqa. Məncə, şeirin texnikası yenilənməli, şeir daha qapalı yazılmalı, içində hikmət olmalı. Ümumiyyətlə, şeirdə özünü yazmaq çətindir. Hansı şair ki sonradan nəsrə keçir, roman yazır, deməli, o, özünü yazmaq istəyir. Bir də ki, nə fərqi özünü, ya başqasını yazırsan, oxunaqlı yazılan hər şeir sevilir.

- Həyatınızda kimsəyə nümunə göstərmək istəmədiyiniz yaşantılar var?

- Yaşadıqlarımız bəzən bizdən asılı olmayan səbəblərdən irəli gəlir. Həyatımda "kaş ki etməsəydim", - deyə üzüldüyüm bir səhvim olub. Şükür Allaha ki, "zərərin yarısından qayıtmaq da xeyirdir" fikrinə sığına bildim. Mənim həmişə ətrafımdakı hər kəslə qarşılıqlı hörmətim olub. Sayıram, sayılıram. Göstərmək istəmədiyim elə bir yanlış yaşantım yoxdur.

Ədəbiyyata nəfəs verənlərin kimliyi bəlli olacaq

- Sevgi yaz ağızı cücərən çiçək kimi ürəkdə yer edir özünə. Ürəyinizdə çiçək yeri təzədirmi?

- Ürək dediyimiz birnəfərlik qəlb otağıdır, çiçəyi də sevgidir. O otaqda çiçək yeri təzə deyil, yaz ağzı da, payız ağzı da çiçək təzədir.

Sevgi torpağa düşən bir su damlası kimi,

mən o su damlasını udan qupquru torpaq.

Sevgi yamyaşıl ağac,

mənsə saralan yarpaq.

- Necə düşünürsünüz, ədəbiyyatımız necə nəfəs alır? Həm də sizin yaradıcılığınız...

- Müasir ədəbiyyatımız indi çox rahat nəfəs alır. Çünki söz azadlığı var. İkinci bir tərəfdən mövzu bolluğudur. Azadlıq qazandığımız bir vaxtla, eyni zamanda müharibə dövrü (hazırda atəşkəs olsa da) yaşayırıq. Çoxları deyir ki, yerindən duran şair olub. Bu fikri heç cür qəbul etmirəm. Müharibənin gətirdiyi ağrını, ayrılığı, ölümü, itkini və s. yaşayan hansı insan nə isə yazmaqdan özünü saxlaya bilər? Mən də bu xalqdan biri, - saçıma yüz zülmün darağı dəyib. Necə yazmayım? İnsanı dərd dindirir. Bir az da duyğulu olunca... Zamanın ələyi, fələyin çəmbəri var. O çəmbər fırlanıb, zaman ələyəndə ədəbiyyata nəfəs verənlərin kimliyi bəlli olacaq.

Deyirsən – şeir yaz, nə yazım, ömrüm?
Hara baxıramsa dərd qalaq-qalaq.
Vallah, istəyirəm xoşbəxt görünüm,

Yenə qələm yazır qəm varaq-varaq.

- "Nəzər" imzası ədəbiyyatımızda necə görünür, necə eşidilir?

- Belə bir fikir yazmışdım bu yaxınlarda. Mübarizə edənlərin məğlubiyyətə uğramaq kimi, qalibiyyət qazanmaq şansı da var, mübarizə etməyənlərsə bəri başdan məğlubdurlar. İmzamın görünməsini oxucular deyə bilər. Görən varsa, deməli, görünür. Mən şairəm, – deyib ortalıqda gəzənlər kimi iddialı da deyiləm. Sadəcə, şeir yazıram, yazanda rahatlaşıram.

Yerdən, göydən, qeybdən kəlmələr duyuram mən,

Yuxum - sirr dağarcığı, yuxumu yozmuram ki.

Bir üzr borcum qalır, qəfil gedərəm birdən, -

Çatdırın şairlərə, mən şeir yazmıram ki...

Tarix
2015.08.23 / 09:00
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Kütləvi hücumlar Moskvanı iflic edir: Nə gözlənilir?

Bu kəndlərin Azərbaycana qaytarılmasından 1 il ötür

Ceyhun Bayramov iki ölkənin səfiri ilə görüşdü

Mixalko sammitə görə Azərbaycanı təbrik etdi

Bakıya səfərimin əhəmiyyəti budur - Sibiqa

Ermənistanın Baş Qərargah rəisi də işğalda iştirak edib - Sübut

Lukaşenkodan Əliyevə: Buna zəmanət verən hökumətlər...

5 il əvvəl kimə desəydin ki… - Hikmət Hacıyev

Azad edilmiş ərazilərdə yaşayanların son sayı açıqlandı

Qəbiristanlıqların dağıdılması barbarlıqdır - Arutyunyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla