Çox dilə tutduq, amma fikrindən dönmədi.
Bu sözləri yazıçı Nəriman Əbdürrəhmanlı dünən vəfat edən
tanınmış aktyor Vəliəhd Vəliyevlə bağlı xatirələrini Axar.az-a
danışarkən deyib:
"Mən Dövlət Universitetini bitirəndən sonra təyinatla Daşkəsən
rayonuna göndərilmişdim. Vəliəhd də həmin rayonun Əmirvar kəndində
doğulmuşdu, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun
aktyorluq fakültəsini bitirmişdi. Rejissorlar Elxan Qasımov və
Yefim Abramov 1982-ci ildə Əhmədağa Muğanlının ssenarisi əsasında
"Çobanbayatı" filmini çəkmək üçün Daşkəsənə gəlmişdilər. Vəliəhd də
həmin filmdə əsas rollardan birini oynayırdı. Filmdə xalq
artistləri Ələddin Abbasov, Əlabbas Qədirov, Şahmar Ələkbərov, o
zaman hələ gənc olan Rasim Balayev, Fəxrəddin Manafov, Firəngiz
Mütəllimova və başqaları çəkilirdilər. Vəliəhdlə orada tanış olduq.
Çox səmimi, deyib-gülməyi, zarafatı, xudmani məclisləri sevən insan
idi. İndi daha bu sirri də demək olar: Vəliəhd həmin vaxt Firəngiz
Mütəllimovaya vurulmuşdu, evlənmək istəyirdi. Sirrini bizimlə,
mənimlə və operator Nizami Abbasla bölüşürdü. Amma sevdası baş
tutmadı, az sonra başqa xanımla ailə qurdu. Film başa çatandan
sonra əlaqəmiz davam elədi.
1990-cı illərin əvvəllərində mən də kinostudiyada işləyirdim.
"Yaddaş" studiyasında redaktor-ssenarist idim. Onda Vəliəhd PAKT
müstəqil kinostudiyasını yaratmışdı. Əvvəl mənə İranın "Laləfilm"
kinostudiyası ilə birgə film üçün "Divlər zindanı" adlı ssenari
yazmaq sifariş elədi, ssenarini Eyvaz Əlləzoğlu və Yaşarla çox qısa
müddətə – 15 günə yazdıq. Sonra Cəmşid Əmirovun "Qara volqa"
əsərinin motivləri əsasında ssenari yazmaq təklif elədi. Həmin film
də 1993-cü ildə çəkildi. Vəliəhd özü də filmlərdə epizodik və
ikinci dərəcəli rollarda çəkilirdi, amma ona elə gəlirdi ki,
potensialını gerçəkləşdirə bilmir.
Həmin vaxt oğlu ABŞ-da təhsil alırdı, Vəliəhd onun yanına getdi,
qayıdandan sonra qəti qərara gəldi ki, köçüb gedəcək. Çox dilə
tutduq, amma fikrindən dönmədi. Aradan keçən təxminən 15 il ərzində
cəmi bir dəfə görüşə bilmişdik, hərdən əlaqə saxlayırdıq.
Yaradıcılıqdan uzaq olsa da, Amerikadakı həyatından razı idi.
Təəssüf ki, onu sənətçi kimi itirdik. Vəliəhddən indi çəkildiyi
filmlər qalıb".
Qeyd edək ki, 1952-ci ildə anadan olan Vəliəhd Vəliyev
Azərbaycan tamaşaçısına daha çox "Evlənmək istəyirəm" filmində
yaratdığı Əhməd bəy obrazı ilə tanışdır.