Yuxarı

Gəncləri ölkədən qovan səbəblər...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Türkiyədə təhsil almaq üçün müraciət edən abituriyentlərin türk dili imtahanı keçirilirdi.

Bu imtahanlarda iki məqam xüsusi diqqətimi çəkdi.

Birincisi, yüzlərlə yeniyetmə Azərbaycanda təhsilin olmadığı qənaətindədir, mütləq xaricdə təhsil almaq istəyirlər və ən dəhşətlisi də odur ki, əksəriyyətin seçimi Türkiyə və xaricdə ehtiyac olan ixtisaslara yönəlmişdi. Söhbətləşmə fürsətim olan yeniyetmələrin istisnasız olaraq hamısı yalnız təhsil almaq yox, həm də geri qayıtmamaq haqda düşünürdülər. Səbəblərini belə izah edirdilər: “Yaxşı təhsilimiz olsa, elə bizdə ali təhsil alanlara vəzifə verilər”; “Bizdə yüksək təhsilli gənclərin arxası yoxdursa, normal iş tapa bilmirlər” və s.

Bəzi sahələrdə təhsil alanlar üçün meydanın olmadığı da gənclərin şikayətləri sırasındadır.

Biz bu yeniyetmələri nə vaxt dinləmişik? Onların nə istədiyini nə vaxt soruşmuşuq? Onların hansı istiqamətdə mütəxəssis olmaq arzularına nə vaxt diqqət etmişik və ümumiyyətlə, belə bir monitorinqlərimiz, müzakirələrimiz olurmu? Hansı qurumlar yeni ixtisaslar üzrə birinci kursdan istedadlı gəncləri seçib himayəsinə götürür və onları 4 il və yaxud magistratura da daxil olmaqla, 6 il himayə edib, bu müddətdə onun xırda xərclərini qarşılayır və tam yetişəndən sonra işlə təmin edəcəyi vədini verir, o tələbə ilə müqavilə imzalayır?

Azərbaycanda ən ciddi ehtiyac olan sahələr, səhv etmirəmsə, İT və turizmdir. Turizm ixtisasına yiyələnmək istəyən yeniyetmələr nəyə ümid edə bilər? Sahibkarlar, otelçiliklə məşğul olanlar Azərbaycanda yalnız qohum-tanış prinsipləri ilə çalışmırlarmı?

İT mütəxəssisləri niyə xaricdə təhsil alandan sonra geri qayıtmır? Ölkədə yüksək səviyyəli mütəxəssislər yetişdirmək qayğısına qalmırıqmı?

İkinci nüans bəlkə də illərlə axtardığım sualın cavabı idi: Türkiyədə təhsil almağı seçən gənclər arasında rusdillilər də vardı və az deyildi. Onlar əsasən, rusca danışırdılar, sözlərin arasında hərdən azərbaycancadan da istifadə edirdilər, guya azərbaycanca danışırlar. Həmən bu rusdilli uşaqlar təhsilləri haqda suallara isə tər-təmiz türkcə ilə cavab verirdilər – həm də çox mükəmməl səviyyədə, Anadolu türklərindən qətiyyən seçilməyən ləhcədə.

Onlara diqqət edəndə bəlkə də onillərdir axtardığım sualın cavabında daha bir ehtimal, həm də ciddi ehtimal yarandı: Azərbaycan yeniyetmələri, gəncləri məhz təhsilə görə azərbaycanca mükəmməl bilmirlər. Əgər tələb və təhsil türkcə qədər olsaydı, o rusdillilər azərbaycancanı da mükəmməl öyrənərdilər və ümumiyyətlə onların ruscaqarışıq ləhcələrindən əsər-əlamət qalmazdı.

Bir daha aydın olur ki, hər şey təhsildən, tədrisdən asılıdır: Azərbaycanın təhsil sistemi yeniyetmələrin AZƏRBAYCANCA formalaşmasına imkan vermir.

Dil – yalnız ünsiyyət vasitəsi deyil, təfəkkür, düşüncə tərzidir, tarixdir, coğrafiyadır, Vətəndir, millətdir – hər şeydir!

Biz nədə səhv edirik? Təhsil sistemində nələr dəyişməlidir? Cəmiyyət olaraq hansı addımlar atmalıyıq? Gənclərin təhsil sisteminə inamı üçün nələr edilməlidir?

Bilmirəm, mütəxəssislər danışmalıdır bu barədə. Mən yalnız real mənzərəni gördüm. Real mənzərə isə budur: yeniyetmələrin bərbad azərbaycancası, Azərbaycan təhsilinə inamsızlıq, Azərbaycanda yüksək təhsilin verilmədiyi qənaəti, xaricdə təhsilə böyük canatım və... getmək, getmək, geri qayıtmamaq üçün getmək...

Tarix
2022.05.16 / 15:46
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla