Prezident İlham
Əliyev 2012-ci ildə
serial çəkilişlərinə 4 milyon, 2013-cü ildə isə 5 milyon manat
ayırdı. Dövlət tərəfindən yerli serialların çəkilişinə maliyyə
dəstəyi bu sənayeni inkişaf etdirməyə hesablanmışdı. Artıq 2015-ci
il də yekunlaşır. Bəs, bu müddətdə milli seriallar özünü doğrulda
bilibmi, onların səviyyəsi qaneedicidirmi?
Axar.az bu sualla millət vəkillərinə müraciət
edib:
Deputat
Zahid Oruc yaxın gələcəkdə yaxşı serialların çəkiləcəyini
düşünür:
"Doğrusu, yerli serialları heç zaman izləmədiyim üçün onların
səviyyələri haqda bitkin fikir söyləyə bilmərəm.
Bununla bərabər, həmin serialların Azərbaycandakı yerli
studiyaların məhdud imkanları çərçivəsində ərsəyə gəldiyini,
həmçinin rəqabət prosesinin güclü getmədiyini nəzərə alsaq, hələ
onların üzərinə kəskin şəkildə getməmək mövqeyini tutmalıyıq.
Əlbəttə, rəqabət prosesində onların geri qalması başadüşüləndir.
Ancaq dərhal o sualı qarşıya qoymalıyıq ki, bu sahə necə inkişaf
edə bilər? Son illər ərzində bir sıra ölkələrin məlum seriallarının
fəsadları ilə bağlı dövlətin həyata keçirdiyi müəyyən bir kurs
oldu.
Ondan sonra isə bu proses ölkə çərçivəsində müəyyən mənada
şaxələndi. Buna baxmayaraq, yenə də yerli serialların ümumi
səviyyələri haqda rahat fikir söyləmək çətindir.
Ən azından müxtəlif rəylərdən həmin seriallardakı bəsit ideyalar
haqda eşidirik. O cümlədən, çəkilişin keyfiyyəti, rejissor işləri,
ssenarinin uğursuz yazılması və s. məsələlər. Ancaq ümid edək ki,
bu proses gələcəkdə qərb ölkələrindəki kimi ciddi şəkildə inkişaf
edə biləcək".
Onun fikrincə, Azərbaycan tamaşaçısının türk seriallarına daha
çox maraq göstərməsini onların gündəlik və çox kiçik həyat
məsələlərini efirə məharətlə gətirə bilməsi ilə əlaqələndirmək
olar:
"Keçmiş sovet sistemində çəkilən filmlərin və serialların xüsusi
bir ideyanı qarşıya qoyduğu, bunu bütövlükdə xalqa yönəltdiyi
görünürdü. İndiki dönəmdə isə məişətin ekranlaşması sanki aparıcı
ideyaya çevrilib. Sadəcə, Azərbaycan filmi xarici təsirləri
neytrallaşdırmaq ideyası ilə deyil, daha başqa hədəflərlə çıxış
etməlidir".
Deputat hesab edir ki, Azərbaycanın həyatındakı ən azı son 25
ilin dramatizmi, siyasi hadisələr, böyük ictimai transformasiyalar,
yeni dövlət quruculuğunun vəzifələri, xarici təsirlər və s.
məsələləri bir çox filmlərin süjet xətti ola bilər.
Millət
vəkili Fazil Mustafa "Bacanaqlar" serialını nisbətən yaxşı
qiymətləndirir: "Yerli seriallara çox baxmıram. Bəzən komediya
janrında olan seriallarda diqqətimi 3-5 dəqiqə cəlb edən epizodlar
olur. Ümumilikdə hesab edirəm ki, "Bacanaqlar" serialı nisbətən
daha komik mahiyyət daşıyır. Digərləri də zəhmət çəkib iş görürlər.
Ancaq bizdə rəqabət mühiti geniş yayılmadığı üçün kino sənəti də,
teleseriallar da inkişaf etmir".
F.Mustafanın sözlərinə görə, serialdakı adicə süfrə səhnəsini
çəkəndə kifayət qədər vəsait olmalıdır ki, o süfrənin üstü dolu
olsun:
"Geyimlərin, kostyumların gözəl olması, tamaşaçıya sürpriz
təqdim edəcək səhnələrin çəkilməsi üçün də böyük maliyyə vəsaiti
lazımdır. Otaq, ofis daxilindəki çəkilişlərlə bu mükəmməl səhnəni
yaratmaq olmur".
Onun fikrincə, Türkiyə seriallarında çəkilən aktyor və
aktrisaların təbliğatı güclü şəkildə aparılır: "Bizim filmlər isə
əksər hallarda daha çox hind filmlərinin formasını xatırladır.
Münasibətlər, gülüşlər, dialoqlar çox vaxt təbii alınmır. Bir
çox hallarda isə ləhcə və yersiz, səviyyəsiz jestlərlə müəyyən
şeylərin çatdırılmasına çalışılır. Bu isə hər insana xoş təsir
bağışlamır".
Deputat
Aqil Abbas bu problemin səbəbini yaxşı ssenari yazılmamasında
görür: "Hərdən "Bacanaqlar" serialına baxıram. Ondan xoşum gəlir.
Birdən-birə hər bir parametri yüksək olan serial çəkə bilmərik.
Əvvəllər türklərin çəkdiyi elə seriallar var idi ki, heç onlara
baxmağa dəyməzdi. Onlar da yavaş-yavaş formalaşdı, indi türk
serialları dünyaya meydan oxuyur".
A.Abbas deyib ki, serialın öz aktyoru, rejissoru, ssenaristi
yetişməlidir: "Serial sahəsini kino ilə qarışdırmaq olmaz. Ciddi
yazıçılarımız, istedadlı qələm sahiblərimiz serial yazmağa maraqlı
deyillər.
Misal üçün Çingiz Abdullayev, Anar Rzayev kimi yazıçıların
ortaya bir serial qoyması gözəl olar. Çünki hər şeyin kökündə mövzu
və ssenari dayanır. Dünya ən istedadlı rejissoru da mövzusuz bir
film çəkə bilməz.
Məsələn, "Möhtəşəm yüz il", "Qurdlar vadisi" serialına mənim
kimi serial həvəskarı olmayan insan da baxıb.
İstəyərdim ki, Müdafiə Nazirliyi bir rejissoru çağırıb ona əsgər
həyatından gözəl film çəkməsini sifariş versin".