"Təsadüfi adamlara seriallar
həvalə olunanda onlar müəyyən elementləri çox yaxşı işləsə də,
bütövlükdə ideyanı əks etdirməkdə çətinlik çəkirlər".
Bu sözləri teletənqidçi, professor Qulu Məhərrəmli milli
seriallarımızda milli-mənəvi dəyərlərin qorunub-saxlanması və
təbliği haqda Axar.az-a danışarkən deyib.
"Əgər söhbət milli seriallardan gedirsə, bunlarda təbii ki,
müəyyən bir ideya və dünyagörüşü təbliğ olunmalıdır. Amma indiki
halda seriallara yalnız maarifçi missiyanı həvalə etmək doğru
deyil. Bəli, seriallar müəyyən dəyərləri təbliğ etməlidir. Biz
serialları, filmləri niyə çəkirik? İndiyə qədər bizdə mövcud olan
həm orijinal ssenari əsasında, həm bədii ədəbiyyat nümunələri
əsasında çəkilən serialların əsas məqsədi tarixi dəyərləri, keçmiş
münasibətləri formalaşdırmaq, tamaşaçılara müəyyən estetik zövq
vermək olub. Bunların hamısı vacib nüanslardır. Məncə, bu seriallar
haqda Təvəkkül bəyin (Təvəkkül Dadaşov. – red.) dediyi fikirlər
doğrudur, amma kifayət qədər gecikmiş bəyanatdır. Seriallara bu
tələbi lap əvvəldən qoymaq lazım idi. Prezident 10 milyondan çox
vəsait ayırıb, müxtəlif seriallar çəkilib. Doğrudur, bunların
içində bir az babatları da var, amma seriallar Azərbaycan həyatına
zidd olan situasiyaları əks etdirməməlidir. Ekranda sanki bir
kriminallaşma gedir, kriminallaşmanı həyat tərzi kimi təqdim etmək
meyli var. Olmayan şeylər bizə bədii nümunə kimi təqdim olunur. Bu
baxımdan o sözlərdə həqiqət var ki, bəli, seriallarımızın aydın
missiyası olmalıdır. Onlar milli dəyərləri təbliğ etməlidir. Kino
peşəkar rejissorların köməyi ilə ekranlaşdırılmalıdır. Yaxşı
düşünülmüş ədəbi ssenarilərin köməyi ilə dəyərlərimiz təbliğ
olunmalıdır. Kinonun gücü rejissor işində və peşəkarlıqdadır.
Mütəxəssislər olmasa, yaxşı ədəbi ssenari olmasa, yaxşı serial
çəkmək mümkünsüzdür. Buna görə də bu işlə peşəkarlar məşğul
olmalıdır. Mənim lap əvvəldən də mövqeyim budur ki, bu işi
kinostudiya icra etməlidir. Təsadüfi adamlara seriallar həvalə
olunanda onlar müəyyən elementləri çox yaxşı işləsə də, bütövlükdə
ideyanı əks etdirməkdə çətinlik çəkirlər. Hər işin öz ustası var və
bu işlə peşəkarlar məşğul olmalıdır".
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ)
Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül
Dadaşov "Report"a açıqlamasında komediya janrında çəkilən müasir
serialların milli-mənəvi dəyərlərimizə zidd olduğunu və narazılıq
doğurduğunu açıqlayıb.