Oktyabrın 15-də saat
19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında unudulmaz
sənətkar, xalq artisti, tanınmış teatr və kino aktyoru Süleyman Ələsgərovun
anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi
keçiriləcək.
Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə,
əvvəlcə teatrın foyesində sənətkarın zəngin yaradıcılığını əks
etdirən foto-sərgi nümayiş etdiriləcək. Daha sonra böyük səhnədə
görkəmli sənətkarla birgə çalışmış sənət dostları onunla bağlı
xatirlərini bölüşəcək, sənətkarın çəkildiyi filmlərdən və oynadığı
rollardan kadrlar nümayiş etdiriləcək.
Qeyd edək ki, Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci
ildə Bakıda anadan olub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə
Texnikumuna daxil olub. O, səhnəyə 1933-cü ildə Dənizçilər
Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə
bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin
sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor
götürülüb. S.Ələsgərov Gənc Tamaşaçılar Teatrının inkişafında
xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan Respublikasının
əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri
adlarına layiq görülüb. 1961-ci ildə oynadığı Səməd Vurğun
("Komsomol poeması", İsgəndər Coşqun) roluna görə Respublika Lenin
komsomolu mükafatı laureatı olub.
Aktyor Polad ("Qızıl quş", Mirmehdi Seyidzadə), Fərzəli bəy
("Nəsrəddin", Yusif Əzimzadə), Afşin ("Babək", Əbil Yusifov),
Vəzir, Oruc ("Fitnə" və "Qaraca qız", Abdulla Şaiq), Lorenso
("Romeo və Cülyetta", Uilyam Şekspir), Yaşar, İmamyar, Əmirqulu
("Yaşar", Cəfər Cabbarlı), Hacı Nuru və Molla Salman ("Molla
İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Senyor Tantoloni
("İki ağanın bir nökəri", Karlo Haldoni), Valentin ("İki veronalı",
Uilyam Şekspir), Çuxray ("Polad necə bərkidi", Nikolay Ostrovski),
Montanelli ("Ovod", Etil Voyniç), Zeynalabdin Şirvani ("Əlvida,
Hindistan!", Qeybulla Rəsulov), Komissar ("Anacan", Yusif
Əzimzadə), Səməd Vurğun, Baba, Əfrasiyab ("Komsomol poeması", "Açıl
bənövşəm, açıl" və "Rüstəm və Söhrab", İsgəndər Coşqun), Namaz
("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Cəbiş ("Bizim Cəbiş
müəllim") və digər bir-birindən maraqlı və xarakterik obrazları ilə
tamaşaçıların yaddaşında silinməz izlər qoyub.
Dövlət Gənc Tamaşaçılar Teatrının veteranlarından olan görkəmli
aktyor bu sənət ocağında fasiləsiz olaraq altmış üç il səhnəyə
çıxıb. Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat
edib.