Uşaqlar üçün nağıllar
və hekaylər yazan türkiyəli həmkarım Səmra Atasoyla dünyada uşaq
ədəbiyyatının durumu haqqında söhbət etdikdən sonra belə qərara
gəldim ki, əslində Azərbaycanda uşaq ədəbiyyatının problemləri
bizim düşündüyümüzdən də çoxdur.
Yazar həmkarımla söhbətdən belə bəlli oldu ki, onun yazdığı uşaq
hekayələri ölkəsində yaxşı satılır. Məsələn, bir kitabın
təqdimatında o təqribən 700-800 kitab imzalayır. Təbii ki, ilk anda
düşünə bilərik ki, 70 milyonluq Turkiyə üçün o qədər də böyük rəqəm
deyil. Amma unutmayaq ki, söhbət ancaq bir kitabın təqdimatı
günündən gedir.
Bu rəqəmi eşidəndə düşündüm ki, biz ya övladlarımızı yaxşı
tərbiyə etmirik, ya ümumən oxuyan xalq deyilik?!
Bütün dünyada uşaq ədəbiyyatı maraq doğurur. Xatırladım ki,
"Harri Poter"i yazandan sonra onun müəllifi J.K.Rovlinq kitabın
satışından elə bir məbləğ əldə etmişdi ki, hətta o zaman onun
İngiltərə kraliçasından da varlı olduğunu yazırdılar.
Bəs bizdə necə?
Təbii ki, "məgər böyüklər, valideynlər oxuyurmu ki, uşaqları da
oxusun?" sualı Çin səddi kimi dayanıb qarşımızda... Doğurdan da,
özü kitab oxumayan valideyn övladına kitab oxumağı necə tövsiyə edə
bilər?
Daha nənələr belə, indi nəvəsinə nağıl danışmırsa, uşaq yazıq
necə desin ki, "ay nənə, bir nağıl de!".
Əslində, keçən əsrin əvvəllərindən yaranmış bu ənənə birdən-birə
iflasa uğradı. Niyə indi uşaq ədəbiyyatının nümunələri
yaranmır?
Birincisi, indi uşaq ədəbiyyatına sifariş yoxdur. Valideyinlər
uşaqların mənəvi deyil, daha çox maddi dünyasının təmin olunmasına
diqqət etdiklərindən və özləri də uşaqların maddiyyatla daha çox
maraqlanan biri olaraq yetişməsini istədiklərindən kitab almaqda
maraqlı deyillər. "Zəmanə pul zəmanəsidir deyib" bütünlükdə
övladlarını maddiyyatçı böyütməklə onun gələcəyini təminat altına
aldıqlarını zənn edirlər.
Amma kitab oxuya-oxuya da yaxşı tacir, yaxşı varidat sahibi
olmaq olmazmı!? Bu sualı Azərbaycan şəraitində birmənalı
cavablandırmaq mümkün deyil, çünki ölkədəki reallıq o qədər
ziddiyyətlidir ki, nəyin pis, nəyin yaxşı olduğunu qəti söyləmək
çətindir.
İkincisi, rəqabət yoxdur. Məsələn, bir anlığa təsəvvür edək ki,
sinifdə şagirdlərdən çoxu yay tətilində bədii ədəbiyyat oxuyub, bir
neçə nəfərsə oxumayıb. Normalda nə baş verməlidir? Azlıqda qalan
uşaqlar bu vəziyyətdən sıxılıb özlərini aşağılanmış hiss
etməlidirlər.
Amma nə yazıq ki, indi durum fərqlidir və oxumayanlara deyil,
oxuyanlar lağ hədəfi ola bilər.
Bu arada, müəllimləri də unutmaq olmaz, kiçik yaşlardan ibtidai
sinif müəllimləri, yuxarıdasa ədəbiyyat müəlimlərinin şagirdlərdən
yay tətilində nə oxuduqlarını soruşması vacib amildir. Bu, ən azı
uşaqda bir məsuluyyət hissi yarada bilər.
Təbii ki, müasir uşaqlar daha çox internet və şou aləminin,
serialların təsir ilə böyüyür. Açığı deyim ki, valideyin də öz
rahatlığını pozmamaq üçün onların kitab oxumaq kimi çətin əldə
olunan vərdişə yiyələnməsinə çalışıb özlərini incitmək də istəmir.
Çox faiz valideyin övladının ancaq gündəlik dərslərini oxumasını
norma hesab edir, bundan kənarda onun bədii ədəbiyyat
oxuyub-oxumadığı ilə maraqlanmır.
Azərbaycanda bütün sahalərdə yaranmış boşluqlar təbii olaraq
ədəbiyyatdan da yan keçməyib və indi uşaq ədəbiyyatı bu sahənin ən
böyük problemidir desək, yanılmarıq.
Bu problemin nə qədər olduğunu araşdırmaq üçün təbii ki, bu
nümunələri dərc edib satışı ilə məşğul olan insanların da fikrini
almaq vacibdir. "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu və
"Əli və Nino" dükanlar şəbəkəsinin sahibi Nigar Köçərli ilə əlaqə
saxladıq.
Nigar xanım bildirdi ki, son vaxtlar bir az irəliləyiş hiss
olunsa da, sevinməyə səbəb azdir: "Yaxsi usaq kitablarini cap
edirik, amma satişları cox zəifdir. Hətta tez-tez belə bir
mənzərənin sahidi oluram, usaq kitab istəsə də, valideyin kitab
evəzinə oyuncaq alır. Təbii oyuncaq da yaxsı şeydir, amma kitabi
hec nə əvəz etmir. Məncə, valideynlər uşaq kitablarına
münsaibətlərini dəyisməlidirlər. Uşağa hər axsam mutləq nagıl
oxumaq lazımdır ki, onda mütaliə vərdişi yaransın".
Şahbaz Xuduoğlu da əslinə Nigar xanımdan fərqli fikirlər
söyləmədi. Şahbaz bəy qeyd etdi ki, uşaq ədəbiyyatına tələbat var,
amma: "Ümumilikdə uşaqlarımıza kitab almaq vərdişlərimiz çox
aşağıdır. Eyni vəziyyətdə olan bir rusla, bir azərbaycanlının uşaq
kitablarına münasibəti tam fərqlidir. Biz uşaqlara daha yaxşı geyim
almağı kitab almaqdan üstün tuturuq. Yəni 10 yaşlı bir uşağa 500
manatlıq telefon ala bilir, amma 5 manatlıq kitab almırıq. Məsələn,
bir avropalı bunu etməz, hətta bir rus da etməz. Amma azərbaycanlı
edər. Bir də uşaq kitabları çeşidinə görə də azdır. Gərək daha çox
kitablar olsun. O cümlədən, uşaq üçün yazan yazarlarımız da indi
demək olar ki, yoxdur. Hər kəs böyüklər üçün yazmaqla sanki böyük
yazıçı olacaq kimi düşünür. Qısa olaraq belə ifadə etsək, deyə
bilərik ki, həm kifayət qədər kitab yoxdur, həm də yazar… Uşaq
kitabları yalnış tərcümələr əsasında nəşr olunur".