Cavid Təvəkkül
Çe
(hekayə)
Səhər yenicə açılmışdı. Yuxudan oyanıb bir müddət tavana tamaşa
etdi. Səhərin açılmasını heç istəmirdi. Yerindən qalxmağa və bir
neçə saatdan sonra həkimin ona nə deyəcəyini eşitməyə həvəsi yox
idi.
Qalxıb üçotaqlı mənzilində gəzişdi, diqqətlə otaqlara baxdı,
sanki bir daha evini görməyəcəkdi. Divardakı köhnə fotolara baxdı.
Kövrəlmədi. Pəncərədən ona baxan günəşə boylandı. Pəncərənin
qarşısında yetmişinci illərdən qalma taxta stulda əyləşdi. Fikrə
getdi. Keçmişini xatırladı.Vaxtıyla bu evdən eşidilən uşaq
səslərini bir daha eşitdi. Xanımının uşaqlarla birgə mətbəxdən
əsəbi vəziyyətdə çıxdığını xatırladı. Ah çəkdi. Nələrin və kimlərin
olmadığını xatırladı bir daha...
Birdən gözü ÇE-nin divarda asılmış iri foto-plakatına sataşdı.
Arvadı ilə aralarındakı dialoqu xatırladı.
- Bunu burdan niyə asmısan?! Apar öz otağından as...
- Yox... Qoy bizə gələnlər əqidəmizi, qürurumuzu və azadlığımızı
dərk etsinlər...- gülümsəyib onun boynunu qucaqladı.
***
Qış yavaş-yavaş özünü göstərməyə başlayırdı.
Altmış yaşı olmasına baxmayaraq, qəddini şux saxlayırdı.
Əynindəki mavi gödəkcə, cins şalvar onu yaşıdlarından
fərqləndirirdi. Siqaret çəkmir, içki içmirdi. Saç-saqqalı, hətta
qaşları belə ağarmışdı.
Sarı rəngli "Topaş" markalı maşınına yaxınlaşdı. On iki il idi
öz maşınından taksi kimi istifadə edirdi.
Həkimin qəbulunda çox gözləmədi. Elə həkimlə söhbət də qısa
oldu, amma reanimasiyaya girməyinə izn verilmədi.
- Ancaq Almaniya... Yüz min manat...
***
Həkimin son cümləsi fikrindən çıxmırdı. Sükan arxasında fikrə
dalmışdı. Hara getsin, kimdən alsın bu qədər pulu? Dostu olan taksi
sürücüsü ona yaxınlaşdı. Onunla ordan-burdan danışmasına
baxmayaraq, fikri başqa yerdə idi və dostu getdikdən sonra əlindəki
dəvətnaməyə baxdı. Dostu onu oğlunun toyuna dəvət edirdi.
Dəvətnamənin üz qabığında iki sevgili şəkli xoşbəxt baxışlarla ona
baxırdılar.
Sarı taksi şəhər yoluyla şütüyürdü. Sərnişin daşıyırdı müxtəlif
ünvanlara, müxtəlif insanlar əyləşirdi maşına... O, sükan arxasında
da fikirləşirdi, necə edəcəyini götür-qoy edirdi. Beş-on manatla
bir həftəyə yüz min qazanmaq çətin idi.
Çox götür-qoydan sonra imkanlı bir qohumugilə getməyə qərar
verdi. Dərdini ona danışdı, qohumu da kömək edəcəyinə söz verdi,
amma bir necə gün qohumuna zəng etsə də, onun telefonlarına cavab
verən olmadı.
Cümə günü məscidə getdi. Nə bir dua bilirdi, nə də bir ayə, amma
ürəyindən məscidə getmək keçmişdi. Məscidin içində yer olmadığından
küçədə namaz qılanlara baxaraq, ürəyində Allaha yalvarmağa başladı.
Əyilib-qalxan insanlardan vəcdə gəlib o da əyilib-qalxdı. Yalvardı,
kömək istədi.
Ordan ayrılandan sonra yerli tv-lərdən birinə getdi. Elan verib
xeyriyyəçi insanlara səsləndi. Gün boyu ümidlə gözlədi, amma iki
tələbə qızdan və yeni imana gəlmiş bir gənc oğlandan başqa ona heç
kim zəng etmədi.
Axşam makler evində gəzişəndə o yenə də yetmişlərdən qalmış
taxta stula əyləşib, divardan asılmış Çenin foto-plakatına baxırdı.
Makler evi dolaşdıqdan sonra "əlli min manat" deyib evə qiymət
kəsdi.
***
Bu gün də hava günəşli, amma soyuq idi. Sərnişin aparırdı,
küçələrdən keçirdi, ətrafa göz gəzdirirdi, sanki kimisə, elə bir
adamı görəcək ki, ona bütün işlərində kömək edəcəkdi.
Sərnişinləri ünvana çatdırdı və birdən gözü yaxındakı kilsəyə
sataşdı.
Kilsənin içindəki müqəddəslərin rəsmlərinə tamaşa etdi. Şam
yandırdı. Rəsmlərdən də imdad istədi, ürəyində onlardan da kömək
umdu. Kilsədəkilər onun müsəlman olduğunu anladılar, amma kimsə ona
yaxınlaşıb dərdinin nə olduğunu soruşmadı.
Kilsədən çıxanda yolda gənc bir qız ona salam verdi, hiss etdi
ki, qız utandı salam verməyinə... Qız ona tanış gəldi, arxasınca
baxdı. Xatırladı, bu onun oğlunun görüşdüyü qızdı, bir dəfə onları
bulvarda görmüşdü. Onların necə qol-boyun getdiyinə kənardan
baxdığını xatırladı. İndi xatırladığına sevindi, istədi qızı
saxlasın və desin ki, oğlu reanimasiyadadır, amma fikrindən
daşındı.
***
O, bilmirdi ki, qız hər gün xəstəxanaya gedir, lakin xəstə ilə
görüşə icazə verilmədiyindən hər dəfə də kor-peşman geri
qayıdır.
***
Günorta maşının arxa pəncərələrinə "satılır" yazılmış vərəqi
yapışdırdı, tezliklə müştəri çıxacağına ümid edib dərindən köks
ötürdü.
***
Hamilə gəlinlə gənc ərini doğum evinə çatdırdı... İki qlamur
gözəl onun maşınına necə minmişdi, bilmədi. Toydan çıxan beş sərxoş
gənc onunla xeyli məzələndi... Maşında bir-bir ilə münasibətlərinə
aydınlıq gətirən iki gəncə güzgüdən baxıb gülümsədi... Həyatından
və işindən narazı olan orta yaşlı bir kişini dəniz sahilinə
gətirdi, lap ləpədöyənə, sonra kişi görməsin deyə, kənarda gizlənib
iki saat onu güddü ki, birdən özünü dənizə atar. Amma kişi dənizə
baxıb, iki saat boyunca ağladı.
Məktəbdən iki övladını gətirən gənc ananın uşaqlarına necə
ağıllı sözlər dediyini də dinlədi. Yaşlı qadınla kişinin
oğullarının onları qoyub Rusiyaya pul qazanmağa getməsi haqqında
yana-yana danışdıqlarına qulaq asdı... Gecə arxa oturacaqda
dodaq-dodağa öpüşən iki oğlanı qovmadı maşından...
Kimlər əyləşmədi maşınına, kimlər keçmədi yollarından bu beş
gündə...
***
Evinə gözlədiyindən tez tapıldı müştəri. Əlli min manata aldılar
onun xatirələrini... Beş min manata maşına da müştəri çıxmışdı. Evi
alanlar bütün məbləği sayıb ona verdilər. Hələ bir ay da vaxt
verdilər ki, özünə ev tapsın. O bu illər ərzində yığdığı altı min
manatı pulun üstünə qoydu, əskinazları rezinləyib qəzet parçasına
bükdü, maşının sandıqçasına qoydu və açarladı. Ən yaxşı yer bura
idi, gözünün qabağı.
Amma hələ doqquz min manat pul çatmırdı. Ürəyində "Allah
kərimdir" dedi.
Həkimin verdiyi vaxtın bitməsinə iki gün qalmışdı.
***
Maşını saxladı, düşüb sinaqoqun qarşısında dayandı, içəri
girməyə ürək eləmədi, eləcə ürəyində yalvarmağa başladı. Ancaq
maşındakı müştərinin çağırması onu özünə gətirdi.
***
Hündür şadlıq sarayının qarşısında dayanmışdı. İçəri
keçib-keçməməsi haqda düşünürdü. Sonda qərar verib keçdi,
pilləkənlərlə qalxdıqca musiqi sədalarını daha aydın eşidirdi.
Zalın taybatay açıq qapısından bəylə gəlinin yaraşıqlı bir masa
arxasında əyləşdiyini gördü. Bu neçə gündə ilk dəfə gözləri
yaşardı. Özünü topladı, amma içəri girmədi.
Gəcə yarısı idi artıq... Evə getmək, Çenin divarda asılmış
şəklini belə görmək istəmirdi. Acdığını hiss etdi, dönər satılan
köşkün qarşısında dayanıb aldığını elə ayaq üstü yedi...
Maşına üç gənc yaxınlaşıb onları şəhərin kəndlərindən birinə
aparmasını istədi. O, hərdən arxada əyləşmiş qızla oğlanın
mübahisəsinə qulaq yoldaşı olurdu, yanında əyləşmiş cavan oğlansa,
yolu göstərirdi. Uzun yoldan sonra nəhayət gəlib hündür, qaranlıq
yerdə dayandılar. İlk dəfəydi belə yüksəklikdə olurdu. Burdan
şəhərin işıqları göydəki ulduzlara oxşayırdı. Gözəl görüntü
vardı.
Arxada oturmuş oğlanın onun boynuna qəfil bıçaq zərbə vurduğu
anda yanındakı cavan ürəyinə daha ağır zərbə endirdi. Yerindəcə
qaldı, süstləşdi, əl-qol da atmadı. Qızla oğlanlar onun ciblərini
qurdaladılar. Qırx manat pul və köhnə mobil telefonunu götürdülər,
cəld maşından çıxıb, maşını da odlayıb, qaçaraq uzaqlaşdılar.
Onun gözləri açıq idi. Nəzərlərini hərləyib sandıqçaya baxdı.
Sakitləşdi, açılmamışdı.
Sonra burdan görünən gözəl mənzərəni seyr etdi.
Onunku heç gətirməmişdi, amma həyat yoldaşı tez vəfat edəndə
qəddini əymədi, böyük oğlunu şəhid xəbəri gələndə fəxr etdi, indi
reanimasiyada ciyərinin transplantasiya edilməsi vacib olan kiçik
oğlunun halından qürurunu sındırmadı. Bütün dərdini içində çəkmək
istedadı vermişdi Allah ona... Hələ ölməyib düşünmək qabiliyyətini
itirməyən beynindən ani bir sual keçdi. Görəsən mən necə yaşadım,
şərəfləmi? Amma sualına cavab verməyə və həyat hekayəsini
xatırlamağa vaxtı qalmadı.
***
Səhər həkimin kabinetindən çox imkanlı bir adam çıxdı. Adam
qızının inadı ilə gəlmişdi bura... O, bütün xərcləri öz üzərinə
götürdü ki, qızı xoşbəxt olsun...
... Kimsəsiz bir gənclə həyat hekayəsini yazsın.