Yuxarı

İlk rus imperatordan son “prezident”ədək…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidəki qondarma rejim özünü buraxdığını elan etdi! Qızıl qanlı qaranlıq dönəm qapandı! Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev mümkünsüz sayılanı mümkün etdi! Müzəffər Ali Baş Komandan ilk rus imperator I Pyotrdan başlayıb Xankəndidəki qondarma rejimin son “prezident”i Samvel Şahramanyanadək uzanan uzaq-yaxın, irili-xırdalı, qanlı-qadalı (gələn il 300 ili tamam olacaq) uğursuz dönəmi əbədi qapatdı!

Bəli, uzun bir qaranlıq dönəm qapandı! Bu əbədi qapanış, bu özünü cəhənnəmə buraxma öz-özünə baş vermədi, təbii. Yeni gerçəkliklər İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi, sarsılmaz siyasi iradəsi, beynəlxalq prosesləri zərgər dəqiqliyi ilə qiymətləndirməsi, güclü iqtisadiyyat, qüdrətli ordu qurması sayəsində yarandı! 44 gün içində 30 illik işğala son verən dövlət-xalq birliyinin memarı İlham Əliyevdir! İşğalsonrası dönəmdə azadlıqdan abadlığa sürətli keçidi təmin edən İlham Əliyevdir. Böyük qayıdışı gözləniləndən daha tez həyata keçirən, şəhərlərin təməlini atan, kəndlər salan da İlham Əliyevdən başqası deyildir. Müharibə bitdikdən sonra Orduya büdcə ayırmalarının artırılması, “əvəzçıxma” ağılsızlığına düşənlərin (Daşkəsən-Kəlbəcər-Laçın yönündə) ötən ilin sentyabrındakı hücum cəhdinə ağır cavab verilməsi, Laçın rayonunun girişinə - Ermənistanla şərti dövlət sərhədinə post qoyulması... – məhz İlham Əliyevin adı ilə ən sıx şəkildə bağlıdır! Bu ilin sentyabrındakı ildırımsürətli antiterror tədbirləri də İlham Əliyev zəkasının məhsulu, İlham Əliyev qətiyyətinin təntənəsidir! İlham Əliyevin uzaqgörənliyi bizi yeni qələbələrə, uğurlara, böyük gələcəyə aparır!

100 il öncə - 07 iyul 1923-cü ildə yaradılmış (keçmiş) Dağlıq Qarabağ Muxtar Vilayəti 26 noyabr 1991-ci ildə Azərbaycan mərkəzi hakimiyyət orqanları tərəfindən Konstitusiya normalarına uyğun şəkildə rəsmən ləğv edilmişdi; lakin 2 sentyabr 1991-ci ildə Xankəndi mərkəzli qondarma rejim qurulmuş və bununla (onsuz da gərgin olan) bölgə qan çanağına dönmüşdü... 32 illik çox ağır, üzücü və pozucu dönəmi ancaq Dəmir Yumruğun kəramətiylə qapamaq mümkün qılınmışdır, əfəndim!

Əsgəran, Hadrut (Ağoğlan), Ağdərə, Xocavənd, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhərinin daxil olduğu Muxtar Vilayət təsis olunanda respublika hökumətinə Qəzənfər Musabəyov başçılıq edirdi (Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri; 07.05.1922–14.03.1930). SSRİ-nin rəhbəri (21.01.1924 – 05.03.1953) İosif Stalin, Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən sədri isə o illərdə (30.12.1922–19.03.1925) Nəriman Nərimanovuydu. Amma Azərbaycana faktiki rəhbərliyi 37 yaşlı Sergey Mironoviç Kirov (Azərbaycan SSR KP MK 1-ci katibi; iyul 1921–yanvar 1926) edirdi. Əsl soyadı Kostrikov olan Sergey Mironoviç (15 mart 1886–01 dekabr 1934), Azərbaycandan çox uzaqlarda – Rusiyanın Vyatka quberniyasının (indi RF-nin Kirov vilayətinin) Urjum şəhərində doğulmuşdu. Təbii, nə o, nə onun kimi digər yadelli bolşeviklər (Levon Mirzoyan, Ruben Rubenov, Nikolay Gikalo, Vladimir Polonski, Viktor Naneyşvili, Vladimir Dumbadze, Yelena Stasova...) Azərbaycan ruhunu, xalqın istəklərini, gerçəklikləri bilirdi və bu bilməməzliyin çanağı başımızda dəfələrlə çatladı... Onların öz bildikləri vardı...

100 ildən bir qədər də o yana gedək – ağsaçlı tarixin qara vərəqlərindən öyrəndiklərimizə, tarixçi alimlərimizin yazdıqlarına göz ataq:

Erməni-rus münasibətləri Rusiyanın Kazanı (1552), Həştərxanı (1556) tutması, Osmanlı ilə savaşları (1635-1639, 1711, 1768-1774, 1787-1791 və b.) ilə genişləndi, onun Xəzər qıyısı torpaqları tutmaq çabalarıyla daha da möhkəmləndi. Bu olayların gedişi zamanı ermənilərin Rusiya İmperiyasının ərazilərinə - yəni indiki Azərbaycan Respublikası ərazilərinə, ümumən Qafqaza köçürülməsi, burada erməni koloniyaları yaradılması başlandı.

Girişdə də vurğuladığımız kimi, bu işdə I Pyotrun 299 il öncə (10.10.1724) erməni xalqı üçün imzaladığı fərman böyük rol oynadı. Həmin fərmana görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün uyğun yerlərin ayrılmasına razılıq verilirdi.

I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı yüz il boyunca davam və inkişaf etdirildi. 1804-1813-cü illər rus-Qacar savaşlarında Rusiyanın qələbəsi və Azərbaycanı bölən “Gülüstan anlaşması” ermənilərin köçürülməsi tələbini bir daha (qəti şəkildə) irəli sürdü. 1826-1828-ci illərdəki rus-Qacar savaşının gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başlandı.

195 il öncə - 10 fevral 1828-ci ildə imzalanmış “Türkmənçay anlaşması”nın 15-ci maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu...

A.S.Qriboyedov, N.N.Şavrov və b. yazdıqlarından da bilindiyi üzərə, rus ordusunun tutduğu (Arazın o tayındakı şəhərlərimizdən) Təbriz, Xoy, Salmas və Marağadakı ermənilər (Arazın bu tayındakı ərazilərimizə) Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürüldü. Ermənilər Gəncə və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında – əsasən Qarabağın dağlıq hissəsi və Göyçə gölü qıyılarında məskunlaşdırıldı...

Budur, 299, 210, 195, 100 və nəhayət 32 illik gedişat Dəmir Yumruqla durduruldu! İlham Əliyev I Pyotrdan başlayıb II Nikolayla bitən çarlıq Rusiyasının, Leninlə başlayıb Qorbaçovla bitən sovetlər dönəminin canımıza yeritdiyi çibanı gorbagor elədi, cəhənnəmə göndərdi! Kreml öndə olmaqla ATƏT-in Minsk qrupu həmsədrlərinin balladığı-şalladığı qondarma rejim özünü buraxmaq zorunda qaldı!

Xalqımızın gözü aydın olsun!

Ordumuzun, dövlətimizin bayrağı ucalardan enməsin!

Əziz şəhidlərimizin ruhu şad olsun, qazilərimiz tez sağalsın!

Dövlətimiz zaval görməsin!

Tarix
2023.09.29 / 08:00
Müəllif
Əkbər Qoşalı
Şərhlər
Digər xəbərlər

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla