Yuxarı

Bakıdan Təbrizə açıq məktub: O kişi kimdir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat 04:50. Artıq tam 3-cü gündür.

Üç gündür ardıcıl olaraq eyni mənzərə, eyni məkan, eyni simalarla oyanmaq və səhərə qədər özünlə çarpışmaq, bu nəhayətsiz duyğuların əsirinə çevrilmək...

Bir insan heç vaxt görmədiyi, yaşamadığı bir şəhəri 3 gün ardıcıl necə yuxuda görə bilər? Elmi-mistik izahı olmalıdır bunun!

Bəlkə də yuxu deyil; bəlkə də xəyalların rahatlıq tapmayan düşüncələrin alt qatında şəkillənməsidir; bəlkə də narahat ruhun artıq yarı olan ömrə pıçıltıları, yüzillərin o tayından daşıyıb gətirdiyi yaddaşdır.

Manqurt kimi böyüdüldüyümüzü xatırlayıram...

Yaşadığım məhəllənin o baş-bu baş, hər tərəfi ruslar idi: çox doğmalaşmışdıq ancaq, çox mehriban qonşular idi.

Bir gün Boris Nikolayeviç 11 yaşlı əlaçı şagird kimi məndən Azərbaycanın ərazisini soruşdu: "86,6 min kv.km" dedim. Güldü. “Bəs, Cənubi Azərbaycan” - soruşdu.

Heç nə anlamadım, heç nə başa düşmədim. “Cənubda da Azərbaycan var? Ekvatordan cənubdadırmı?”

“Get, Təbrizi öyrən!” – bunu mənə İkinci Dünya müharibəsi veteranı, sevimli qonşumuz, əziz Borya dayı – Boris Nikolayeviç Filatov deyirdi. Təsəvvür edirsinizmi? İnana bilirsinizmi?

Böyük Vətən müharibəsinin daha bir veteranı, cəsur döyüşçü, coğrafiya müəllimim Xəlil Baxşıyevə soruşdum. O qədər kədərləndi ki...

Onun qəmləndiyini, az qala gözlərinin dolduğunu bütün sinfimiz gördü, ancaq bu qəmin səbəbini heç başa düşmədik.

İndi anlayıram deyəsən; indi dərk edirəm SSRİ-nin qorunması uğrunda cəbhəyə gedib, ayağını bu yolda qoyan, sağlamlığından keçən, övladsız qalan Xəlil müəllimin Azərbaycanı bilməməyimizdəki kədərinin səbəbini...

Axı o, Sovet ordusunun Təbrizə girməsini görmüşdü...

“Azərbaycanın ərazisi 520 min kv.km-dir, ən böyük parçamız Arazın o tayındadır. Paytaxtımız Təbrizdir - əzəli, əbədi şəhərimiz”, - dedi.

Sonra imkan tapdıqca dərslərində Təbrizdən danışardı.

Təbriz bizim üçün təkcə Cənub olmadı, həm də Bütöv Azərbaycan oldu!

Sonra “Dumanlı Təbriz”lə tanış olduq, sonra Şah babamızın imperiya tarixini öyrəndik; sonra Hərəkat, sonra “Təbrizin yolları...”, sonra “Yenə baş qoyaram yoluna, Təbriz...”

Könlümüzdə elə bir Təbriz taxtı quruldu ki, onillərdir bir an da bu dəli sevgi bizi tərk etmir.

Gözəl Təbriz!

Al-əlvan, çılpaq dağların əsrarəngiz çevrəsində min illik kimliyini qoruyan Uca Təbriz!

Səni necə sevdiyimizi bilirsənmi?

Sən yuxumuza necə gəlirsən? Yoxsa yuxularımız səndədir elə?

Salnaməçimi, ya tarixçimi – indi adını xatırlamadığım kiminsə bu sözləri yadıma düşür: “Şah İsmayıl Təbrizə ruh bədənə girən kimi girdi”.

Bu fikir, bu söz əslində bütün tarixi kimliyimizi, yaddaşımızı və əslində mənim yuxu dediyim yarıxəyal, yarımistik - gecə yuxusunu ərşə çəkən ruh halımı izah edir.

Biz Təbrizə girə bilmədiyimizə, Təbrizi görə bilmədiyimizə, Təbrizsiz yaşadığımıza görə bədəndən ayrı ruhlarıq!

Uyku zamanı təndən ayrılan ruh mənzilinə tələsir, bəlkə ona görə eyni mənzərə görürəm: - səsli-küylü, o qədər də enli olmayan dolama küçə, kənarlarda bir-iki mərtəbəli və yaxud elə birmərtəbəli, ancaq eyni hündürlükdə olmayan “ağ-qara” evlər (burası yuxu olmalı – axı yuxular rəngsizdir), divarboyu qaraltılar – oturublarmı, ayaqdadırlarmı, ya divarın düz yanı ilə hərəkət edirlər, bilməm – və bir də hündürboy, ağ əba və çalmada, yeni-yeni dən düşən, uzun olmayan, “xətt saxlayırmış kimi” saqqalı, sivri burnu, ağ paltarına uyan siması ilə ortayaş şəxs; o geniş olmayan, insanların divar dibinə çəkildiyi küçənin ortası ilə öndə gedir, qaməti dikdir, ancaq önə yox, yerə baxır, başı isə aşağı deyil. Yanımdan keçəndə mənə çevrilir – gülümsəmir, ciddi görkəmindən zəhm yağır, ancaq acıqlı deyil, sanki qüssəlidir - elə hiss edirəm.

Keçir, küçə boyu addımlayır, nazik, geyiminin üstündən atdığı, topuğuna çatan parça-paltar yel vuran bayraq kimi dalğalanır; arxasında ondan bir baş balaca olan 5-6 nəfər də gedir, küçəni burulur və ayılıram...

Ora bazardırmı? Elə küçə Təbrizdə varmı? Elə küçə, bazar Təbrizdə nə qədərdir?

Ruhumuzun evi, tariximizin özü olan Təbrizdəki can qardaşlarım! Elə bir şəxsi siz canlı gördünüzmü? Yoxsa sizin də yuxularınıza gəlir?

Tarix
2023.11.29 / 14:38
Müəllif
Anar Niftəliyev
Şərhlər
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla