Yuxarı

Tehran-43 yalanı: Stalini “ölümdən qurtaran” erməni…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son aylarda erməni və rus seqmentində Tehran-43 konfransı zamanı “qəhrəmanlıq” edən Gevorq Vartanyan barədə uydurma və və saxta məlumatlar yayılır. Bəs, real faktlar və rəsmi sənədlər nə deyir?

Tarixi silmək olmur, tarixi hadisələrdə baş verən xırda nüansları isə dəyişmək mümkündür. Burada adlar və yerlər dəyişdirilsə də, sənədlər, əlyazmalar, şahidlər, qaynaqlar, başqalarının dedikləri, yazdıqları və çəkdikləri qalır. Xüsusən Azərbaycan və azərbaycanlılarla bağlı keçmiş Sovetlər Birliyində yüzlərlə, minlərlə dəyişiklik cəhdi edilib, dəyişdirilib də. Bunu araşdırdıqca görmək olur. Çünki artıq yeni dövrdə yeni texnologiyalar vasitəsilə əsl həqiqətləri üzə çıxarmaq olur. Burada rus şovinizminin əlaltısı olan ermənilər və onların o dövrdə yüksək vəzifələrdə çalışmış nümayəndələri də böyük rol oynayıblar və tarixi yalanlarla həqiqətləri ört-basdır etməyə cəhd edilib. Elə bilirlər ki, belə də davam edəcək. Ancaq biz bu yalanları aşkar edib, həqiqətləri üzə çıxarmağa nail oluruq.

Belə yalanlardan biri də, İkinci Dünya müharibəsi illərində İranın paytaxtı Tehranda 1943-cü ildə keçirilən mühüm tarixi görüş barədə yazılanlardır.

1943-ci il 28 noyabr-1 dekabr tarixində İranın paytaxtında “Böyük üçlüy”ün sammiti keçirilir: SSRİ, Böyük Britaniya və ABŞ-ın rəhbərləri Avropanın müharibədən sonrakı quruluşunu müzakirə edirlər. Noyabrın 28-də başlayan Tehran konfransının əsas məsələsi isə, iki il əvvəlki kimi yenə də Avropada ikinci cəbhənin açılması barədə idi.

Sovetlər bundan sonra belə bir əfsanə yaratdılar ki, guya Hitler "Uzun sıçrayış" şərti adı altında əməliyyat hazırlayıb və bu işi xüsusi təyinatlıların başçısı SS oberştrumbannfüreri Otto Skortseniyə tapşırıb. Dünyanın o dövrdə güclü kəşfiyyatı olan almanların birdən-birə “əməliyyatı” baş tutmadı, lakin antihitler koalisiyasının rəhbərlərinin necə xilas olmaları barədə ətraflı məlumatlar yazılmağa başladı. Ortada isə guya xilaskar erməni “qəhrəmanı” gündəmə gəldi.

Birincisi, belə bir əməliyyat olmayıb. Bu, Stalinin ABŞ-la Britaniya arasında birliyi pozmağa xidmət edən planı olub. Hadisə görüşə bir gün qalmış Stalinin Ruzvelti çaya dəvət etməsi ilə başlayıb. Ruzvelt onun yanına gələndə ABŞ nümayəndə heyətinin yerləşdiyi binada partlayış olub və Stalin Ruzveltə deyib ki, bəs, almanlar belə plan hazırlayıb. Onlar bunu biliblər və ona görə də ABŞ prezidentini dəvət edib, həyatını xilas ediblər.
Bundan sonra Britaniya Baş naziri Uinston Çörçillə inamını itirən Ruzvelt, Stalinin istəklərini icra edir. İranda hakimiyyət dəyişmir və ikinci cəhbə açılır. Sonradan məlum olur ki, bu partlayışı elə Sovetlər ediblər. Ona görə də, İkinci Dünya müharibəsindən sonra yenidən Amerika-Sovetlər arasında münasibətlər soyuq müharibə formatına keçir. Vəssəlam.

1964-cü ildə Madriddə yaşayan Almaniya məxfi xidmətinin sabiq rəisi olan Otto Skortseni, müsahibələrinin birində bunu etiraf edir: “Bu, boş söhbətdir. Hitler heç vaxt mənə bu əmri verməyib”.

“Məxfilik açıldı? Sovet dövrünün kəskin epizodları haqqında həqiqət" kitabının müəllifi Vladimir Voronov və bir sıra rus tarixçiləri iddia edirlər ki, heç bir sui-qəsd cəhdi ola bilməzdi.

Məntiq də bunu deyir. “Böyük Üçlüy”ün liderlərindən heç biri və hər şeydən əvvəl Stalin aktiv alman agentlərinin ən kiçik bir işarəsi olsaydı, Tehrana getməzdi. Bundan əlavə, digər variantlar da təklif edildi. Stalin görüş yeri kimi Həştərxan və ya Arxangelski, müttəfiqlər isə Qahirə və Bağdadı təklif etdi. Yalnız uzun müzakirələrdən və məktub mübadiləsindən sonra Stalinin təklifi ilə Tehran seçildi. Üstəlik, bu, nəhayət, yalnız noyabrın 8-də - konfransın başlamasına 20 gün qalmış qərara alınıb. Belə bir dövrdə almanlar çətin ki, müttəfiqlərin gizli planını öyrənə və liderlərini məhv etmək üçün mürəkkəb əməliyyat hazırlaya bilərdilər.
Bəs bu “erməni kəşfiyyatçı” söhbəti hardan və nə zaman çıxdı.

Sovetlərin iddia etdiyi alman kəşfiyyatının “məkrli planını pozan kəşfiyyatçı” hesab edilən Gevork Vartanyan İran vətəndaşı olub və agent kimi işə götürülüb. Yalnız 1953-cü ildə Sovet vətəndaşlığını alıb və sovet kəşfiyyatçısına çevrilib. Daha sonra - həyat yoldaşı Gövhər ilə əsasən Avropada işləyiblər. 1943-cü ildə erməni gənci Vartanyanın cəmi 19, sevgilisi Gövhərin isə 17 yaşı var idi. Tehranda Sovet sakini İvan Aqayants Vartanyanın cəsur yeniyetmələr dəstəsini “yüngül süvari” adlandırır və onlardan sadə işlərdə - diqqəti yayındırmaq, aşağı peşəkar keyfiyyətlərə malik olan “obyektə” diqqət yetirmək, haradasa səs-küy salmaqda istifadə edirdi.

Amma Vartanyan və onun İrandakı erməni diasporundan olan adamları üçün, əslində, “Böyük Üçlüy”ə sui-qəsdin qarşısını ala bilmək tamamilə fantaziya sferasındadır.

Fikrimizi Sovetlərin 1930-40-cı illərdə kəşfiyyatının rəhbərlərindən biri olan Vladimir Voronov da müsahibəsində təsdiq edir: “Tehran hadisələrində 19 yaşlı sovet kəşfiyyatçısı Gevork Vartanyanın bir qrupunun iştirakı ilə bağlı versiya ortaya çıxıb. Bu versiya necə və nə vaxt yaranıb? Bu, 1948-ci ildə Lavrenti Beriyanın əmri ilə onun tabeçiliyində olanların səyləri sayəsində yoldaş Stalinə qarşı epik sui-qəsdin qarşısının alındığı barədə əfsanə yazan bir sıra məqalələr dərc edildikdən sonra ortaya çıxdı. Bütün bu materiallar Stalinin qarşıdan gələn 70 illik yubileyinə hazırlanıb. Və sonra bu mövzu 1968-ci ilə qədər, Tehran konfransının 25-ci ildönümünə qədər qaldırılmadı”.

Sovet kəşfiyyatının arxivində Vartanyan haqqında yazılan xasiyyətnamədə qeyd edilir:

“Vartanyan Gevorq. OQPU-NKVD agentinin oğludur. İrandakı ciddi kəşfiyyat şəbəkəsi ilə heç bir əlaqəsi olmayan aşağı səviyyəli, sıradan agent. Özlərini "uçan süvarilər" adlandırırlar. Bu, özlərinin və ya başqasının bayrağı altında olmasından asılı olmayaraq, ciddi əməliyyatlar üçün deyil, kiminsə üzünə yumruq vurmaq, nəyisə məhv etmək və ya yüngül nümayişkaranə nəzarət etmək kimi “əməliyyatlar” üçün istifadə oluna biləcək işə cəlb olunmuş erməni oğlanlar idi. Qarşılaşanda onlara “rəhbərlik edən”lərə, yəni əsl ciddi kuratorlarına rast gəlmədilər. Və hətta mövcud materiallardan bu "uçan süvarilərin" kimə qarşı yerləşdirildiyi aydındır - bunlar ümumiyyətlə mifik alman agentləri deyil, əsl ingilis agentləridir! Onları Britaniya kəşfiyyat məktəblərinə sızdırmağa çalışdıqları üçün hamısı Britaniya kəşfiyyat xidmətlərinə “göstərildi”. Qalan hər şeyi, Vartanyan bütün bu reqaliyaları hamısını onilliklər sonra qazanıb və onun Tehranla heç bir əlaqəsi yoxdur. O, Sovet İttifaqı Qəhrəmanı adını 1984-cü ildə mərhum Yuri Andropovun dövründə, DTK-nın yeni, təzə qəhrəmanlara böyük ehtiyac duyduğu zaman verdiyi təklif əsasında alıb”.

Rus jurnalisti Vladimir Malışev bunu araşdırıb, “Əsr (yüzillik)” qəzetində yazır: “Sovet İttifaqı Qəhrəmanı Gevorq Vartanyan “Siz 1943-cü ildə Tehranda Stalinin, Ruzveltin, Çörçillin öldürülməsinin qarşısını almağa görə mükafat almısınızmı?” sualına cavab verərək dedi: “Yox! 1943-cü ildə Tehran Mərkəzindən təşəkkür teleqramı aldım. Mən isə 1984-cü ilə qədər Gövhərlə bacardığımız hər şeyə görə və altmış illik yubileyim münasibətilə Qəhrəman adı ilə təltif olundum...”

Məncə, bu etiraf bir daha göstərir ki, Tehranda bu erməninin heç bir rolu olmayıb. Bu, Beriyanın uydurduğu “qəhrəman” idi. Ermənilər İranda erməni mənşəli kəşfiyyatçıların “qəhrəmanlıqları”, o cümlədən, Stalinə qarşı sui-qəsdin qarşısının alınması barədə hekayələri ilə Stalini aldada bilməzdi. Ona görə də, Vartanyan Stalin tərəfindən mükafatlandırılmayıb. Yoxsa, onun həyatını xilas edənə nəinki fəxri ad, ən yüksək mükafatlar da verərdi Stalin.

Gevorq Vartanyan isə İrandan sonra 43 il NATO-ya qarşı fəaliyyət üzrə ixtisaslaşaraq, Fransa, Almaniya və ABŞ-da işləyib, bir dəfə də olsun ifşa və yaxud da, həbs edilməyib. Üstəlik, polkovnik rütbəsinə qədər yüksəlib. O, 2012-ci ildə Moskvada ölüb.

Ancaq Tehranda o günlərdə “Böyük Üçlüy”ü qoruyan, təşkilati işləri yüksək səviyyədə həyata keçirən kəşfiyyatçı Seyfulla Süleymanov, Məmmədhüseyn Əsədov, kəşfiyyat komandiri Aşur müəllim və digərləri haqqında Sovet təhlükəsizlik arxivindən sənədləri əldə etmişik və yaxın günlərdə bu barədə geniş yazılar olacaq.

Tarix
2024.02.16 / 08:00
Müəllif
Zaur Əliyev
Şərhlər
Digər xəbərlər

Bayramov Xalid əl-Ənanini qəbul etdi

Fransa əleyhinə aksiya: əsas loqo "Dəmir yumruq" oldu

Daha 3 min rus hərbçisi Qarabağa gətirilir?

İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülh...

Qafqazda sülhün təmin edilməsi üçün... - Pronk

Ermənilər Tovuzu atəşə tutdu: Ordumuz cavab verdi

Buna qarşı təcili tədbirlərin görülməsinə ehtiyac var - XİN

Prezidentin nümayəndəsi Sloveniya rəsmiləri ilə görüşdü

Tacikistan prezidenti Azərbaycana gələcək

Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla