Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə
Qasımova "Yoldaş Rövşanə" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, muğam ifaçısı
atasının ona iradlarından danışıb: "Atam mənim ifamda o qədər qüsur
tutur ki... Arada qəbul etmirəm, deyirəm, "Bəlkə mən səndən də
yaxşı oxuyuram". Amma bəzən görürəm ki, atam düz edib mənə irad
tutur. İndi muğamımız geriləyib. Çünki ustadlarla ünsiyyət yoxdur.
Mənə "əməkdar artist" adından çox, "Alim Qasımovun qızı"
deyilməsindən xoşum gəlir".
F.Qasımova xalq artisti Arif Babayev və bəstəkar Səyavuş
Kəriminin onu muğam müsabiqəsindən kəsməsindən gileylənib: "Bu,
mənim yaradıcılıq tariximdə qara səhifə idi. 2010-cu il idi. İndi
də onların belə etməyinin səbəbini bilmirəm. Mənim üçün gözlənilməz
hadisə idi. Üstünə gedib araşdırmaq istəmədim".
Muğam ifaçısı həyat yoldaşının onun sənətinə münasibətindən söz
açıb: "Onlar bizə elçi gələndə bilirdilər ki, mən xanəndəyəm. O
vaxt atamla diskim də çıxmışdı. Ona görə də sənətimlə bağlı heç bir
problemim olmayıb. Sonradan həyat yoldaşım da musiqi ilə
maraqlanmağa başladı".