Yuxarı

Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan tarixşünaslığında bəzi alimlərin iddiaları var ki, guya 1509-cu ildə Şah İsmayıl Xətai Bakı qalasını alan zaman babası Şeyx Cüneyd və atası Şeyx Heydərin intiqamını almaq məqsədilə Şirvanşah I İbrahim və onun yaxınlarının məzarını dağıdıb, qəbirləri açıb və onların sümüklərini yandırıb. Bu fikir sovet tarixşünaslığında ilk dəfə səslənib, onlar da orta əsrlərə aid Həsən Rumlunun fikrini əsas götürüb belə yazıblar, sonradan bu faktı dəqiq araşdırmayan bəzi tarixçilər təkrarlayıblar. A.Rəhimov, sovet tarixçisi Dorn və təəssüf ki, Sara Aşurbəyli bu fikiri müdafiə ediblər.

Lakin arxeologiya elmi həmin ittihamlardan birinin puç olduğunu artıq sübuta yetirmişdir.

Birincisi, Şah dinə inan şəxs olmaqla yanaşı, digər dinlərə hörmətlə yanaşırdı. Şah da bilirdi ki, Şirvan da bir dini mozaikaya malik dövlətdir. Tanrıçılıqdan tutmuş islama qədər dini münasibətlər orada əksini tapıb. Təbii ki, bütün bunlar Şirvanşahlarda da mədəniyyətə yüksək münasibət yaratmışdır. Şirvan övliyalar, böyük şairlər, yazıçılar yurdudur. Minlərlə övliyalar yatır bu yurdda. Bunu bilən Şah Şirvan dövlətinin başçısına və varislərinə qarşı belə addım atardımı?

İkincisi də Şahın ulu babası Şeyx Səfinin qardaşı Şeyx Mikayıl ibn Seyid Cəbrayıl ibn Seyid Salah da Şirvanda yaşayıb, Şirvanşahların inandığı şəxs olub. Qeyd edim ki, vaxtilə Şamaxıda “Piri-Şirvan” adıyla şöhrət tapmış bir məzar olmuşdur. Burada dəfn olunmuş övliyanın adı Şeyx Mikayıl ibn Seyid Cəbrayıl ibn Seyid Salahdır. Ərdəbildə məzarı məşhur olan Şeyx Səfi həmin bu Şeyx Mikayılın böyük qardaşıdır. Şeyx Səfi qardaşını Şirvanşahların dövləti zamanı Şirvana irşad etməyə (dini təbliğ etməyə) göndərmişdir. Necə ki, öz övladlarından olan Şeyx Cüneydi Quba vilayətinə irşad etməyə göndərib. Şeyx Mikayıl Şirvan vilayətində çox-çox irşad edib və ”Piri-pirani Şirvan”- “Şirvan pirlərinin piri”adını alıb.

Üçüncü də Şirvanşahlara məxsus bütün sərvət Sultan Səlim tərəfindən talan edilib. Bu gün də onların bir hissəsi Türkiyənin, İranın, İngiltərənin, Fransanın, Rusiyanın, Macarıstanın muzeylərinin kolleksiyalarını bəzəyir. Məsələn, İstanbul muzeyində I Xəlilullahın 1428-ci ildə hazırlanmış zirehi, onun oğlu varis Fərrux Yasarın iki dəbilqəsi saxlanılır. Sarayın bəzi xalıları Londonun Viktor və Albert muzeyində, saray kitabxanasının qədim foliantları isə Tehranın, Vatikanın və Peterburqun böyük kitabxanalarındadır.

Şah İsmayıl Şirvanı işğal etsə də, Şirvanşahların hakimiyyətini qəbul etmiş, onları hakimlikdə saxlamışdı. Sah Təhmasib belə Şirvanın mövcud hakimiyyəti ilə illərlə əməkdaşlıq etmişdir.

Əslində necə olub?

Şah İsmayılın başçılığı ilə qızılbaşlar Bakını ələ keçirməyin mühüm əhəmiyyətini bilirdilər. Bakı o vaxtlar alınmaz qala sayılırdı. Şəhər üçqat divarla, bir tərəfdən dənizlə, quruda isə dərin və geniş xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun Makedoniyalı İsgəndər səddini xatırladan qala divarına heyran qalırdılar. İsmayıla bu qalanı tutmaq çox vacib idi. Çünki Bakı o vaxtlar Şirvanın və Xəzərin ən yaxşı liman şəhəri idi. Qədimdən Şirvanşah xanədanına sədaqətli olan mühasirəyə alınmış bakılılar istehkamlarının alınmazlığına, böyük silah və ərzaq ehtiyatlarına güvənərək ehtiyatla vuruşurdular. Qeyd edim ki, o zaman Bakıya Fərrux Yasarın oğlu Qazi bəy başçılıq edirdi. O isə bu zaman Şirvanın dağ qalalarında müqavimət göstərirdi. Qazi bəy olmadığı müddətdə şəhərin müdafiəsinə onun adı mənbələrdə çəkilməyən həyat yoldaşı başçılıq edib. O, İsmayılın təslim olmaq təklifi ilə dilə tutmaq üçün yanına gəlmiş elçisinin edam olunmasını əmr edir. İsmayılın göndərdiyi və hədə-qorxu gələrək, şəhərin təhvil verilməsini tələb edən Bakı darğası Əbülfəttah bəyin də başına eyni aqibət gəlir. Bakılıların inadlı müqaviməti İsmayılı sərkərdə Xülafə bəyin başçılığı altında yeni qüvvələr göndərməyə məcbur edir. Mühasirənin sonuna yaxın o özü də buraya gəlir. Mühasirədəkilərin təslim olmaq istəmədiklərini görən İsmayıl lağım atıb qala bürclərindən birini partlatmağı əmr edir. Şəhərin müdafiəçiləri divardakı yarığı çadır keçəsi ilə tutaraq, daha üç gün duruş gətirirlər. Lakin sonra qızılbaş qoşunları şiddətli həmlə ilə qalanı ələ keçirir. Ancaq şəhər ağsaqqalarının xahişi ilə qızılbaşlar Bakı əhlini qırmırlar.

Şah İsmayıl şəhərə ziyan vermədən Gülüstana tərəf yürüş edir. O zamankı prosesi və döyüş, ondan sonrakı hadisələri bəzi tarixçilər guya “Şah qəbirləri dağıdıb” deyə yazırlar.

1946-cı ildə Şirvanşahlar sarayında arxeoloji qazıntı aparan alimlər beş məzar tapırlar. 1, 2, 4, 5 saylı məzarlarda Şirvanşah I İbrahim Xəlilullahın oğlu, xanımı və qohumlarının sümükləri olduğu N.B.Minkeviç adlı arxeoloq tərəfindən müəyyən edilir. Həmin arexeolji qazıntın hesabatını təqdim edirəm:

“Türbədə əhəng məhlulu üzərində yonma daşdan tikilmiş beş türbənin üzərini örtən daş lövhələr aşkar edilmişdir. Onların hamısı müsəlman qanunlarına görə gözlənildiyi kimi qərbdən (başda) şərqə (ayaqlarda) yerləşirdi ki, mərhum sağ böyrü üstə qoyulanda üzü cənuba, Məkkəyə tərəf çevrlisin. Eyni zamanda, ölülər əvvəlcə taxta tabutlara qoyulub, onlar dibi torpaq olan daş kriptlərə endirilib (yalnız 1 nömrəli qəbirdə dibi daşla örtülmüşdü). Bundan əlavə, bu beş qəbir yeraltı daş hörgü ilə - dördbucaq şəklində “hasar” ilə əhatə olunmuş dörd sıra təşkil etmişdir.

Ən kənarda (cənubda) iki uşaq qəbri müəyyən edilmişdir. Sıranın yuxarı, qərb hissəsində qalanlar arasında ən kiçiyi olan 5 nömrəli qəbir var idi. O, digər qəbirlərdən sümüklərinin nizamsız vəziyyətdə olması ilə də fərqlənirdi, burada dəfn edilən uşağın heç bir yaşı da olmamışdır. Sıranın aşağı (şərq) hissəsində dəfn edilmiş şəxsin ölçüsünə və qalıqlarına görə 6-7 yaşlı uşağa aid olan 1 saylı qəbir var idi. Məbədin dibi daşla üzlənmiş, tabutun dibi isə ağır materialla - həndəsi naxışlı tirmə və üzərində fars dilində beytlər toxunmuş medalyonlarla örtülmüşdür.

Növbəti sıra 2 nömrəli qəbirlə təmsil olunur. Qəbrin və tabutun ölçüsünə, sümüklərin xüsusiyyətlərinə görə hündür və kifayət qədər dolğun yaşlı bir qadın dəfn edilib. 3 nömrəli qəbirdən üçüncü cərgənin mərhumu qonşusundan hündürdür, çünki onun qəbrinin uzunluğu 2,7 m-dir. Lakin bu məbədin eni az qala iki dəfə çoxdur. Məzardan torpağın atılması zamanı dağılmış kəllə sümüyünün və qalan uzun nazik sümüklərin hərtərəfli müayinəsi skeleti kişiyə deyil, qadına aid etməyə imkan verdi.

Nəhayət, ən şimal cərgəsini 4 saylı qəbir tutur. Skelet əsasında burada 18-19 yaşlı gəncin dəfn edildiyini müəyyən etmək mümkün olub. Eyni zamanda, o, müxtəlif parçalardan - yun, ipək və başqalarından tikilmiş, mavi muncuqlarla işlənmiş paltarlar geyinmişdi. Bundan əlavə, boyun fəqərələri nahiyəsində qumda qızıl sancaq tapılıb. Sancaq, arxa tərəfdən lehimlənmiş, çubuq üzərində altıbucaqlı bir ulduz idi. Çubuğun uzunluğu 3,8 sm, ulduzun diametri 1,5 sm-dir. İçərisində firuzəyi və kobud qırmızı daş, ehtimal ki, yaqut var idi”.

Tapılan məzarlarda:

• Əmir Bəhram

• Məhəmməd İbrahim

• Şirvanşah Fərrux Yamin

• Şirvanşah Fərrux Yasar

• I Xəlilullahın oğullarından beşinci və sonuncusu Şeyx Saleh

• 7 saylı məzarda gənc qız

• 6 saylı məzarda isə yaşlı kişi, I Xəlilullah dəfn edilib.

Memar Rüfət Əcəlovun “Bakı” kitabında verdiyi məlumata əsasən, daş lövhələrin altında toxunulmamış 14 qəbir tapılmışdır. Onlardan biri Xəlilullahın özünə aid edilmişdir (Аджалов Р. Баку. Краткий очерк истории города по памятникам зодчества. Баку-2015).

Alimlər yazırlar ki, Şah İsmayıl barədə deyilənlər yalan imiş və o, heç bir müsəlman qəbrini açıb sümükləri yandırmayıb. Lakin Minkeviç-Mustafayevanın bu tapıntısı sovetlərin ciddi təzyiqi ilə üzləşir, Azərbaycanda sünni-şiə fərqinin qalması üçün sovet ideoloqları hesab edirlər ki, bu məlumat gizli qalsa yaxşıdır, ona görə də sovet tarixçilərinə məhz Şahın etmədiyi hərəkəti etdiyini yazmaq tapşırığı verilir. Bizim hələ də sovet təsirindən çıxmayan alimlər də olmayan şeyi Şahın adına yazmaqda davam edirlər.

Bir sözlə, məlum olmuşdur ki, qızılbaşlar Şirvanşah Mirzə Xəlilullahın nə məzarına, nə də qalıqlarına toxunmuşlar. Onları heç kim dağıtmamış və yandırmamışdır.

Şah İsmayıl Türkü-Tacidardır. Babamızdır. Türk oğlu türkdür, qurduğu dövlət də Türk-Səfəvi-Qızılbaş dövlətidir.

Tarix
2024.04.04 / 08:00
Müəllif
Zaur Əliyev
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla