"Faciəvi sonluqlu hekayələr yazmaqdan həzz
alırdım"
Dekabrın 7-də Nobel mükafatının təqdimetmə mərasimində Elis
Munronun "Aparılmış" hekayəsi ixtisarla İsveç aktyoru Pernilla
Avqust tərəfindən oxunub.
- Mən mütaliənin nə olduğunu hələ uşaqkən bilirdim. Çünki mənə
nağıl, hekayə oxuyurdular. Hans Kristian Andersenin "Balaca su
pərisi" nağılını xatırlayıram. Heç bilmirəm, siz bu nağılı
xatırlayırsınızmı? "Balaca su pərisi" çox kədərli bir nağıldır.
Balaca su pərisi şahzadəyə vurulur, ancaq o onunla evlənə bilməz.
Çünki o, su pərisidir. Bu mənə çox pis təsir edirdi, nağılı xırda
detallarına kimi sizə danışmağa ehtiyac duymuram. Nağılı
dinləyəndən sonra otaqdan çıxdım, kərpicdən tikilmiş evimizin
həyətində gəzməyə başladım, həyətdə gəzə-gəzə özümdən yeni bir
nağıl uydurdum - xoşbəxt sonluğu olan nağıl... Bu nağılda su pərisi
xoşbəxt olurdu, su pərisinin xoşbəxt olmağa haqqı vardı. Uşaqlıqda
uydurduğum bu nağıl indi yadımda deyil. O nağıl bütün dünyaya
yayılmayacaqdı, bununla belə, mən su pərisini xoşbəxt etmək üçün
əlimdən gələni etmişdim. Uydurduğum nağılda su pərisi ömrünün
sonunadək şahzadə ilə bir yerdə ömür sürürdü. O, xoşbəxt olmağa
layiq idi, çünki o şahzadənin sevgisini qazanmaq üçün çox şeyə
dözmüşdü - insan kimi yerimək öyrənmişdi. Addım atıb yerimək onu
çox incidirdi, amma o buna dözürdü. Uydurduğum nağılı qələmə
almadım, dünyanın bu nağıldan xəbərsiz qalması məni heç narahat
etmirdi, düşünürdüm ki, artıq su pərsi haqda olan nağıl bütün
dünyada məşhurdur. Hə, bax mən hekayə yazmağa beləcə başladım.
- Deyin görək siz hekayə söyləməyi, hekayə yazmağı necə
öyrəndiniz?
- Bütün günü hekayə quraşdırırdım. Evimizdən məktəbə qədər olan
yol uzaq idi, bu yolla gedib-gələrkən adətən hekayə quraşdırırdım.
Böyüdükcə bu hekayələrin çoxu elə öz haqqımda olardı, yəni müəyyən
situasiyalarda bu hekayələrin əsas qəhrəmanı elə özüm idim.
Uydurduğum hekayələrin çap olunub dünyaya yayılmaması məni heç də
narahat etmirdi. İndi xatırlaya bilmirəm, mən o vaxt uyduduğum
hekayələrin insanlar tərəfindən oxunmasını yaxud çap edilib
yayılmasını arzu etmişəm ya yox. O vaxtlar uydurduğum hekayələr
mənə kifayət qədər mənalı görünürdü. Hekayəmdəki su pərisi ağıllı
idi, o həyatını gözəl etməyə qadir idi, o artıq insanlar kimi
tullana bilirdi və s.
- Qadın olmağınızın uydurduğunuz hekayələrə təsiri
vardımı?
- Yox, qadın olmağımın hekayələrimə heç dəxli yoxdu. İnanın ki,
o vaxtlar qadın cinsinin nümayəndəsi olmağım barədə heç vaxt
düşünməmişəm. Bununla belə, balaca qızlar və qadınlar haqqında
çoxlu hekayələr quraşdırmışdım. Adətən yeniyetməlik yaşlarında
qızlar yaşıdı olan oğlanların sevgisini qazanmaq istəyirlər, mən
heç vaxt belə etmədim. Bəlkə də buna səbəb o idi ki, mən Ontarionun
elə bir hissəsində yaşayırdım ki, orada kişilər evdə olmurdular,
onlar vacib işlər görmək üçün çöldə-bayırda olurdular, qadınlar isə
bir–biriylə söhbət edir, başlarına gələni bir-birlərinə
danışırdılar. Demək olar ki, mən bütün günü evdə olurdum.
- Ətraf mühitin sizə təsiri necəydi, ilham alırdınızmı
ətraf mühitdən?
- Bilirsinizmi, ilham almağa ehtiyac duyduğumu fikirləşmirəm.
Düşünürdüm ki, uydurduğum hekayələr bu dünya üçün çox vacibdir. Mən
hekayə quraşdırmaqda davam edirdim. Bu hekayələri kimsəyə deməyə
ehtiyac görmürdüm. Sonralar dərk etdim ki, başqalarının bu
hekayələri oxumağı çox maraqlı olardı.
- Hekayə yazarkən sizin üçün ən vacib olan
nədir?
- Hekayə yazdığım ilk vaxtlarda mənə görə ən vacib olan hekayəni
xoşbəxt sonluqla bitirmək idi. Sonu bədbəxtliklə bitən hekayələrə
dözə bilmirdim. Xüsusən də, hekayəmin əsas qəhrəmanının heç cür
bədbəxt olmasını istəmirdim. Sonralar mən Emil Brontenin "Vutherinq
yüksəklikləri" əsərini oxudum. Bu əsərdə çox bədbəxt sonluqlar
vardı. Beləliklə, mən öz ideyalarımı dəyişdim və faciəvi sonluqlu
hekayələr yazmağa başladım, bundan həzz alırdım.
- Balaca rayonda yaşayan kanadalının həyatını necə
təsvir edərdiniz?
- Bundan ötrü siz gərək orada yaşayasınız. Hər yerdə həyat
maraqlıdır, ətraf mühit hər yerdə maraqlı ola bilər. Düşünmürəm ki,
mən bu balaca rayonda yox, mədəni səviyyəsi yüksək olan insanlar
arasında yaşasaydım, daha çox şey əldə edə bilərdim. Yox, belə
düşünmək mənasızdır. Yaşadığım ərazidə özümdən başqa hekayə yazan
tanımırdım. Düzdür, hələ o vaxtlar hekayə yazdığımı heç kimə
deməsəm də, bilirdim ki, ətrafımda olanlardan heç kim mənim kimi
deyil. Mənə görə dünyada məndən başqa hekayə yazan yox idi.
- Yazarkən həmişə özünüzə inamlı
olursunuzmu?
- İlk vaxt çox inamlı olurdum. Ancaq böyüyüb bir neçə yazıçı ilə
görüşəndən sonra özümə inamım çox azalmışdı. Onda dərk etdim ki, bu
iş heç də düşündüyüm kimi asan deyil, ağır işdir. Bununla belə,
yazmağı tərgitmədim, bu mənim işim idi.
- Hekayə yazmağa başlamazdan əvvəl plan çızırsınızmı,
süjet qurursunuzmu?
- Bəli, plan cızıram, ancaq yazarkən süjet tez-tez dəyişir.
Yazarkən süjetlə başlayıram, hekayəni yazarkən başqa hadisələr baş
verir, süjeti dəyişməli oluram.
- Yazmağa başlayarkən nə edirsiniz?
- Bütün qüvvəmi işimə sərf edirəm. Amma onu da deyim ki, həmişə
uşaqlarım üçün yeməyi özüm hazırlamışam. Mən evdar qadın idim, buna
görə də müəyyən vaxtlarda yazmağa fasilə verməli olurdum. Bu o
demək deyil ki, yazmağı tamam atırdım. Vaxt olurdu ki, tamamilə
ümidsiz vəziyyətdə olurdum. Çünki görürdüm ki, yazdığım hekayələr
çox da yaxşı deyil, hələ çox şey öyrənməli olduğumu dərk edirdim,
bu işin gözlədiyimdən də ağır bir iş olduğunu anlayırdım. Ancaq heç
vaxt yazmağı dayandırmırdım, bu, ağlıma da gəlmirdi.
- Hekayə yazarkən sizinçün ən çətin hissə
hansıdır?
- Təsəvvür edin ki, hekayəni yazmağa başlayırsınız və hekayənin
pis hekayə olduğunu hiss edirsiniz. Birinci hissə həyəcanlıdır,
ikinci hissə çox qəşəngdir, amma bir səhər hekayəni oxuyub
görürsünüz ki, cəfəngiyyat yazmısınız. Bu halda yenidən başlamaq
gərəkdir. Mənə görə elə belə də olmalıdır, əgər hekayə pisdirsə, bu
mənim günahımdır, hekayənin yox.
- Əgər hekayə sizi qane etmirsə?
- Bu halda daha çox işləyirəm. Bunu izah etməyi çalışacam.
Təsəvür edin ki, hekayədə obrazlar var və siz bu obrazlara lazımı
imkan verməmisiniz. Heç fikirləşməmisiniz ki, bu obrazlarla daha
fərqli rəftar edə bilərdiniz. Yazmağa başladığım ilk vaxtlarda
təsvirə çox yer ayırırdım. Sonralar yazdıqlarımdan bəzi şeyləri
çıxarmağı öyrəndim. Hekayənin nədən bəhs etdiyi barədə çox, lap çox
düşünmək lazımdır.
- Nə qədər hekayənizi cırıb atmısınız?
- Çox, lap çox. Cavan olanda elə hey cırıb atırdım. Son illərdə
belə etməmişəm. Tədricən hekayələrimin yaşaması üçün nə etmək lazım
olduğunu öyrəndim. Bəzən olur ki, hardasa səhv olduğunu başa
düşürəm, anlayıram ki, bu belə olmamalı idi, amma sonra bunu
unuduram.
- Yazdıqlarınızı cırıb atandan sonra peşman
olursunuzmu?
- Yox, deməzdim ki, peşmançılıq çəkirəm, çünki onları atmazdan
əvvəl çox götür-qoy edirəm. Başa düşürəm ki, yazdığım əvvəldən düz
alınmayıb. Amma bu hallar çox az olur.
- Yaşınızın artmağı yazı prosesinizdə nəyi
dəyişib?
- Yazmağa başlayanda gənc şahzadələrdən yazırsan, sonra evdar
qadınlardan və uşaqlardan, sonra isə yaşlı qadınlardan. Heç adam
özü də bilmədən bu dəyişiklik baş verir, çünki təxəyyülü
dəyişir.
- Necə bilirsiniz, evdar qadın olub yazmağı davam
etdirməyinizlə siz başqa qadın yazarlara nümunə ola
bilmisinizmi?
- Deyə bilmərəm. Ümid edirəm ki, az da olsa onlara təsir
etmişəm. Cavan olanda başqa qadın yazarlarla əlaqəm vardı, bu da
məni ruhlandırırdı. Ancaq mənim başqalarına təsirim olub-olmadığını
deyə bilmərəm. Əgər qadınlar yazmağı ciddi iş kimi qəbul etsələr,
onlara heç nə mane ola bilməz.
- Hekayənizi oxuyanlara, xüsusən də qadın oxuculara
sizin hekayələrin hansı təsiri olubmu?
- Əlbəttə. İstəyirəm ki, hekayələrim oxucuları kövrəltsin,
onlarda dərin təsir buraxsın. Bu halda oxucularımın qadın, yaxud
kişi olmasının mənimçün heç bir fərqi yoxdur. İstəyirəm ki,
hekayələrim həyatın elə bir parçası olsun ki, onu oxuyanlar desin
ki, "yox, bu, həqiqət deyil" amma ürəklərində haqlı olmadıqlarını
hiss etsinlər. Bu halda hekayənin xoşbəxt, yaxud pis sonluqla
bitməsinin heç bir əhəmiyyəti yoxdur. Hekayə sona çatarkən oxucu
təsirlənirsə, deməli, hekayə az da olsa onu dəyişdirə bilib.
- Siz kimsiniz? Bu ifadə sizinçün nə məna
verir?
- Mən təbiətəin qoynunda böyümüşəm. Əslən Şotland və
irlandıyalılar olan insanlar arasında boya-boşa çatmışam. Burada
belə bir ideya formalaşıb ki, özünü heç vaxt güclü hesab etmə.
Özünü güclü hesab etmək elə məşhur olmağa bərabərdir. Yazmaq kimi
bir işlə məşğul olmaq özünü güclü hesab etməkdir, mən bu işlə məğul
idim.
- Siz erkən vaxtlardan feminist
olmusunuzmu?
- Mən o vaxtlar heç "feminist" sözünün mənasını da bilmirdim.
Amma bununla belə sözsüz, mən feminist idim. Çünki mən Kanadanın
elə bir yerində böyümüşdüm ki, orda kişilər qadınlara nisbətən daha
asanlıqla yaza bilirdilər. Burda böyük, məşhur yazıçıların hamısı
kişilər idi. Qadının hekayə yazması insanlarda şübhə doğururdu.
- Əgər universitetdə təhsilinizi başa vursaydınız bu
sizin yazı tərzinzi dəyişərdimi?
- Əlbəttə, təsiri ola bilərdi. Belə olsaydı, yazmağa ehtiyat
edərdim, yazıçı olmaqdan qorxardım. Ola bilsin ki, bir müddət
yazmağa ara verərdim, amma tamamilə əl çəkməzdim.
- Yazmaq bacarığınızı fitri istedad hesab
edirsinizmi?
- Bilmirəm, bəlkə ətrafımdakı insanlar mənim yazmaq bacarığımı
fitri istedad hesab edirlər, amma mən belə düşünmürəm. Mənə görə
bu, sadəcə, bacardığım bir işdir. Yox, əgər bu fitri istedaddırsa,
bunu "üzüyola" istedad hesab etmək olmaz.
- Heç nə vaxtsa fikirləşmisinizmi ki, siz kifayət qədər
yaxşı yazmırsınız?
- Həmişə! Həmişə! Mən çap etdirdiklərimdən daha çoxunu cırıb
atmışam. 20-30 yaşımda olarkən bu daha çox baş verirdi. Bununla da
istədiyim kimi yazmağı öyrəndim. Bu, heç də asan deyil.
- Ananız sizinçün kimdir?
- Anam barəsində hisslərim mürəkkəbdir. Çünki o xəstəydi, əsəb
xəstəliyindən əziyyət çəkirdi. Onun köməyə ehtiyacı vardı,
danışığını başa düşmək çətin idi. Adamlar onun nə dediyini
anlamırdılar. Bununla belə, o, ünsiyyət qurmağı, ictimai həyatda
fəal olmağı çox istəyirdi, əlbəttə, onun nitqindəki qüsur
səbəbindən bu mümkün deyildi. Beləliklə də onun hərəkətləri məni
pərt edirdi. Mən onu sevirdim, amma onun yanında dayanıb deyəcəyi
sözləri adamlara çatdırmağı istəmirdim. Heç bir yeniyetmə bunu
istəməz. O yaşda yeniyetmələr daha çox azad olmağı, istədiklərini
etməyi arzu edirlər.
- Heç ananız sizi yazmağa həvəsləndiribmi?
- Bəli, həvəsləndirib. Ancaq bunu elə edib ki, mən hiss etməyim,
ya da başa düşməyim. Yadımdadlır, hələ hekayələri yazmazdan əvvəl,
yəni uşaq vaxtı hekayə quraşdırarkən onları heç kimə söyləmirdim,
heç anama da... Amma hekayələrimi yazandan sonra həm anam, həm də
atam hekayələrimi oxudular. Məncə, anam mənim yazıçı olmağımı atama
nisbətən daha çox razılıqla qarşıladı. O, fikirləşirdi ki, yazıçı
olmaq maraqlı bir işdir. Ətrafımdakı adamlar bilmirdilər ki, mən
yazıçı olmağı arzulayıram. İstəmirdim ki, onlar bunu bilsinlər.
Çünki onların çoxu oxumağı xoşlamırdı, onlar həyatın praktik
tərəfini üstün tuturdular.
- Bir qadın kimi hekayə yazmaq ağır
deyilmi?
- Yox, bu mənim düşünmə yolumdur. Qadın olmaq heç vaxt məni
bezdirməyib. Həm də mən böyüdüyüm mühitdə qadınlar kişilərə
nisbətən daha çox oxuyurdular. Ətrafımda təhsili olanların çoxu
qadın idi. Kişilər kənd təsərrüfatı ilə məşğul idilər.
- Və siz fəhlə sinfinə mənsub bir evdə
böyümüsünüz...
- Bəli!
- Belə demək mümkünsə, sizin hekayələriniz də
böyüdüyünüz o evdən başlayır.
- Bəli, o vaxt dərk etmirdim ki, mənim yaşadığım ev fəhlə
sinfinə mənsubdur. Ətrafıma baxırdım, nə görürdümsə, onu da
yazırdım.
- Siz müəyyən bir qrafiklə yazmağı xoşlayırsınızmı?
Yoxsa uşaqlara qulluq etməyə, yemək bişirməyə vaxt ayırdığınız
kimi, yazmağa da ayrıca vaxt ayırırdınız?
- Nə vaxt imkanım olurdu, onda da yazırdım. Birinci ərim mənə
çox kömək edib. Ona görə yazmaq maraqlı bir iş idi. O bəzi başqa
kişilər kimi düşünmürdü ki, yazmaq qadın işi deyil. Heç vaxt məni
bu işdən çəkindirməyib. Biz kitab mağazası açmaq istəyəndə hami
bizi axmaq hesab edirdi, deyirdilər ki, acından öləcəyik. Amma bu
belə olmadı, biz çox işləyib istəyimizə nail olduq.
- Kitab mağazası sizin hər ikiniz üçün nə dərəcədə vacib
idi?
- Kitab mağazası bizim üçün yaşamaq üçün bir vasitə idi. Bizim
başqa gəlir yerimiz yox idi. Mağazanı açdığımız ilk gündə biz 175
dollar qazandıq. Siz fikirləşirsiniz ki, ilk gün üçün bu pis
deyildi. Hər gün bu qədər qazanmaq üçün çox vaxt sərf etməli olduq.
Mən piştaxta arxasında oturardım, alıcıların istədiyi kitabı tapıb
onlara verırdim. Yalnız təkbaşına, başqa heç kim! Adamlar mağazaya
girir, kitablar haqda danışırdılar. Kitab mağazası adamlar üçün
təkcə kitab almaq üçün yox, həm də bir yerə toplaşmaq üçün yer idi.
Ən çox da axşamlar belə olurdu, adamlar mağazaya girib mənimlə
söhbət edərdilər, istənilən mövzuda... Bu, çox yaxşı idi. O vaxta
qədər mən evdar qadın idim, bütün günümü evdə keçirirdim. Düzdür,
mən yazıçıydım, amma evdən "dünyaya" çıxmaq imkanı qazanmaq çox əla
idi. İnanmıram ki, biz o vaxt çox pul qazanırdıq, amma həmin
vaxtlar həyatımın ən yaxşı mərhələsi idi. Təsəvvür edin, bir alıcı
mağazaya girir və deyir ki, sizin kitablarınız mənə evimizi
xatırladır. Ya da mən Amsterdamın cənubunda yaşayıram. Çox sağ
olun, hələlik. Mən də həmin alıcıya təşəkkür edirdim. Kiminsə
birbaşa mənə yaxınlaşıb kitabım haqda fikir deməsindən həzz
alırdım. Bu təkcə avtoqraf almaq deyil, həm də avtoqraf almağının
səbəbini deməkdir.
- Cavan qadınların sizin kitablarınızı oxuyandan sonra
həvəslənib yazmasını istəyirsinizmi?
- Kitabımı oxuyarkən onların özlərini necə hiss etmələri məni
çox da maraqlandırmır. İstədiyim odur ki, onlar oxumaqdan həzz ala
bilsinlər, öz həyatları ilə əlaqələndirsinlər.
- Özünüzü mədəniyyət adamı hesab
edirsinizmi?
- Əlbəttə...
- Görünür ki, siz hadisələrə çox sadə münasibət
bəsləyirsiniz.
- Eləmi? Yəqin ki, elədir.
- Bir dəfə hardasa oxudum ki, siz hər şeyin asan yolla
izah olunmasını istəyirsiniz.
- Belə demişəm. Ancaq fikirləşmirəm ki, mən hadisələrin
asanliqla izah olunmasını istəyirəm, bu mənim yazdığım yoldur.
Məncə, təbii qaydada yazıram, fikirləşmirəm ki, bu asandır, ya
yox.
- Yazmadığınız vaxtlarda nə edirsiniz?
- Bəli, olub ki, yazmağı tərgitmişəm, deyəsən bir il əvvəl belə
qərar vermişdim. Bu, sadəcə bir qərar idi. Bu o demək deyildi ki,
yazmaq istəmirəm, ya da yaza bilmirəm. Bu qərara gəlməklə dünyanın
başqa adamları kimi olmaq istədim bir müddət... Yazarkən başqaları
sənin nə etdiyini bilmir, sən öz yolunu gizli bir dünyada tapırsan,
sonra isə bu normal dünyaya qayıdırsan. Bu cür həyatdan
yorulmuşdum. Bütün həyatım boyu belə olub. Hərdən bəzi yazıçılarla
bir yerdə olarkən çox həyəcanlanırdım, çünki bilirdim ki, onlar
kimi yaza bilmərəm. Belə bacarığım yoxdur.
- O yazıçıların hekayə söyləmək yolu fərqlidir,
eləmi?
- Bəli. Mən heç vaxt belə yazmadım, necə deyərlər, mən özümü
razı salan, rahat edən bir tərzdə yazmışam.
- Heç ağlınıza gələrdimi ki, nə vaxtsa Nobel mükafatı
alarsınız?
- Yox! Yox! Heç vaxt! Mən qadınam. Düzdür, Nobel mükafatı alan
qadınlar olub, bunu bilirəm. Mən şöhrəti sevirəm, amma bu heç
ağlıma da gəlməzdi. Bəzi yazıçılar, özüm də daxil olmaqla öz
əsərlərini lazımınca qiymətləndirmirlər, xüsusən də yazıb
qurtarandan sonra. Belə olduğuna görə, onlar əsər yazıb qurtarandan
sonra gedib dost-tanışlarına car çəkmirlər ki, filan əsərə görə
Nobel alaçaqlar.
- Köhnə kitablarınızı oxuyursunuzmu?
- Yox! Səbəb odur ki, əgər oxusam, mütləq nəyisə dəyişmək
istəyəcəm. Bir az bu yerini, bir az filan yerini. Kitab şkafımdakı
bəzi kitablarımda bu cür düzəlişlər etmişəm. Amma sonra başa düşdüm
ki, bundan sonra düzəliş etmək faydasızdır, onlar bu cür
yayılıblar.
- Stokholmda yaşayanlara nə demək
istəyirsiniz?
- Onlara demək istəyirəm ki, mən bu mükafatı aldığıma görə çox
sevinirəm. Həyatda heç nə, heç nə məni bu mükafat qədər sevindirə
bilməzdi. Təşəkkür edirəm!
Tərcümə etdi: Sevil Gültən