Amerikanın nüfuzlu Trafford nəşriyyatında "Müasir Azərbaycan
qadın nəsri" (Modern Azerbaijani Women’s Prose. Bloomington,
Trafford Publishing, 2014, 698 page) antologiyası nəşr olunub.
Yüksək poliqrafik keyfiyyətlə, orijinal tərtibatla nəşr edilən
kitabı Bakı Dövlət Universitetinin Müasir Azərbaycan Ədəbiyyatı
kafedrasının professoru Vaqif Sultanlı və Norveçdə yaşayan
həmyerlimiz Dr. İrəc İsmaeli nəşrə hazırlayıb.
Yazıçılardan Əzizə Cəfərzadə, Sara Oğuz, Mənzər Nigarlı, Afaq
Məsud, Nüşabə Məmmədli, Mehriban Vəzir, Günel Anarqızı, Zümrüd
Yağmur, Natəvan Dəmirçioğlu, Aygün Həsənoğlu, Gülşən Lətifxan,
Eluca Atalı, Xumar Ələkbərli, Xuraman İsmayıl, Sevinc Nuruqızı,
Təranə Vahid, Afaq Şıxlı, Cavidan, Şəlalə Əbil, Şahnaz Kamal,
Ruqiyyə Səfəri və başqalarının əsərlərini özündə birləşdirən
antologiya Azərbaycan qadın nəsrinin son illərdə yaranmış ən yaxşı
nümunələrini ehtiva etməkdədir.
Tərtibçilər antologiyaya yazdıqları ön sözdə çağdaş qadın nəsri
ilə bağlı mülahizələrini aşağıdakı şəkildə ümumiləşdiriblər:
"Azərbaycanın qadın yazıçılarının əsərlərindən ibarət bu səpkili
toplu ingilisdilli auditoriyaya, ümumən dünya oxucularına ilk
dəfədir ki, təqdim olunur. Lakin qeyd etmək lazımdır ki, hər hansı
bir xalqın ədəbiyyatının qadın yazıçılar müstəvisində oxuculara
təqdim olunması müəyyən mənada şərti səciyyə daşıyır. Çünki məntiqi
baxımdan bədii ədəbiyyatın cinsi müstəvidə fərqləndirilməsi
uyğunsuz görünə bilər və burada gender amili ilə yanaşı, ekzotik
baxış bucağının mövcudluğu da diqqəti çəkir".
Antologiyaya daxil edilən bədii örnəklər seçilərkən daha çox
yazıların dünya oxucularının maraq və zövqünə uyğun olması,
həmçinin əsərlərin mövzu, məzmun baxımından əlvanlığı nəzərə
alınıb.
Antologiyada diqqəti cəlb edən faktlardan biri də odur ki, orada
Quzey Azərbaycanla yanaşı, Vətənimizin Güneyində və mühacirətdə
yaşayan qadın yazarların əsərlərindən də örnəklər verilib.
Kitabı www.trafford.com,
www.amazon.com, www.books.google.com,
www.bookland.com, www.ebay.com, www.scribd.com, www.waterstones.com, www.barnesandnoble.com və digər
saytlardan sifariş yolu ilə əldə etmək olar.