Bu gün – mayın 20-də Xalq şairi Sabir Rüstəmxanlının 70
yaşı tamam olur.
Axar.az VHP-çilərin liderləri Sabir Rüstəmxanlının ad günü ilə
bağlı yaydığı təbrik mətnini təqdim edir.
"Bu gün Azərbaycanın böyük
fikir adamlarından biri, xalq şairi, adı ölkənin və türk dünyasının
sərhədlərini çoxdan aşmış Sabir Rüstəmxanlının doğum günüdür;
ömrünü millətinin milli şüurunun oyanmasına, müstəqil dövlətinin
qurulmasına həsr edən, sələflərinin apardığı mübarizəni şərəflə
başa vuran şairin 70 yaşı tamam olur.
Sabir Rüstəmxanlının görünən-bilinən həyatı hamının gözləri
önündə keçib – ilk gənclik yazılarından, şeirlərindən milli
təfəkkür daşıyıcısı və təbliğatçısı olan şairin ərsəyə gətirdiyi
bütün əsərlərində millətinin böyüklüyü, cəsurluğu, unudulan və
əlindən alınan tarixinə bir ismarış yatır: türkün keçdiyi
coğrafiyanı ruhunda daşıyan şairin yaradıcılığı da bu coğrafiyanın
sərhədləri boydadır; yalnız millətinin böyük ruhunu öz timsalında
yaşadan insan "ruhumuz sərhədsiz olduğu üçün" deyə bilərdi və onun
millətinə ünvanladığı "payımız gəlibdir Göydən" sözləri həm də onun
ədəbi-poetik kimliyinə şamildir.
Azərbaycanın onillərini, yüzillərini – mənəvi dünyasını,
mübarizlik və istiqlal tarixini "Gəncə qapısı", "Ölüm zirvəsi",
"Ömür kitabı", "Atamın ruhu", "Xətai yurdu", "Bu, sənin xalqındır",
"Difai fədailəri"ndə qat-qat, pillə-pillə yaddaşlara oyan müəllifin
türk mifoloji yaddaşına və əslində, ruhunun yaddaşına söykənərək
qələmə aldığı "Göy Tanrı" romanı fərqli dünyanı göz önündə açdı: bu
əsər artıq ölkəmizin sərhədlərindən çox-çox kənarda qalan, yalnız
ruhumuzun gözü ilə görə biləcəyimiz böyük bir mənzərəni – Ötükəndən
Anadoluya, Misirdən Avropaya qədər məkanda türk atlarının ayaq
səslərindən yoğrulub-yazılıb.
Onun milli qürur və özünüdərk yolunda təkcə yazı masasında yox,
meydanlarda göstərdiyi cəsarət də göz önündə, yaddaşlarda,
şahidlərin dilində, yaxın tariximizin qızıl səhifəsində
əbədiləşib.
Bunları hamı görə, bilə bilər. Daha az görünəni isə
Rüstəmxanlının ətrafına saçdıqlarıdır.
Dağ ondan uzaqlaşanda daha möhtəşəm görünür – ucalığı,
böyüklüyü, əzəməti ilə. Zirvəsinə qalxanda isə o əzəmət dərhal
itir. Amma Sabir Rüstəmxanlı bu məsəlin şamil olunmadığı
şəxsiyyətlərimizdəndir. Onu yaxından tanıdıqca, saf, büllur
sadəliyini, səmimiyyətini gördükcə kənardan onun haqqında yaranmış
təsəvvürlər daha da dərinləşir.
Sabir Rüstəmxanlının görünməyən tərəfi budur ki, o, millətinin
ən pisini belə sevməyi bacaran və bunu yaxınlarına daim aşılayan
kəsdir. İçində daşıdığı böyük sevgi kimsəyə kin saxlamağa imkan
vermir.
"Vətəndaş həmrəyliyi" ideologiyasının mahiyyətində elə Sabir
Rüstəmxanlı dayanır və doğrusu, bu ideoloji adda bir az da siyasi
yöntəm var. Bu ideologiyanın Sabir Rüstəmxanlı xarakterindəki,
ruhundakı əksi millətinə, xalqına və vətəninə, onun torpağına, onun
daşına-çiçəyinə, boranına-qarına sevgidir.
Millətinin düşmənindən başqa kimsəyə nifrət etməyən bu insanın
daşıdığı sevgidir illərdir onu zirvədən enməyə qoymayan; bu sevgi
haləsidir onu hər şeydən qoruyan. Və bu, onun düşünüb-daşındığı,
özü üçün müəyyənləşdirdiyi bir halə deyil – bu, Sabir Rüstəmxanlıya
Göydən gələn paydır. Millətə nə qədər sevgin, güvəncin olmalıdır
ki, "Torpağı ot deyil, kişi göyərdən/ Vətən, Vətən" yaza
biləsən...
Sabir Rüstəmxanlı da əslində bu millətə Tanrının göndərdiyi
paylardan biridir.
Arzulayırıq ki, Tanrı bu ətasını kəsməsin, Sabir Rüstəmxanlının
timsalında bu millətin varlığını, milli kimliyini özündə yaşadan
şəxslərimizi qorusun, nəsil-nəsil yaşatsın.
VHP-çilər"