Bu gün məşhur kamança
ifaçısı, mərhum xalq artisti Habil Əliyevin doğum
günüdür.
Axar.az xatırladır ki, Habil Əliyev 1927-ci il mayın 28-i Ağdaş
rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon
mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub.
1952-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin
kamança şöbəsinə daxil olub. Habilin ifaçılığı bəstəkar Soltan
Hacıbəyovun da diqqətindən yayınmayıb. Bəstəkar onun potensial
imkanlarını nəzərə alıb, Habilə filarmoniyada işləməyi məsləhət
görüb. O, 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə
trioda kamançaçalan kimi fəaliyyətə başlayıb.
Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz",
"Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına
yeni kamança həyatı verib. Habil Əliyevin virtuoz çalğısını musiqi
biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə
edirlər.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da
müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış
musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Xalq artisti
sənətə necə gəlməyi barədə danışarkən bunları deyir:
"Mənim sənət aləminə gəlməyimdə iki xeyirxahım olub. Onlardan
biri Əhməd Ağdamski, o biri isə anamdır. Əhməd Ağdamski mənə
sənətin nə olduğunu anlatdı, anam isə məndə sənətə məhəbbət
yaratdı. Yaxşı yadımdadır, uşaq idim. Çömçəni kamança kimi dizimin
üstünə qoyub oxlovu ona sürtürdüm. Anam bunu görüb sevinclə
dedi:
- Deyəsən, oğlum kamançaçalan olacaq...
Əhməd Ağdamski anamın sözünə qüvvət verdi:
- Hə, Nisə bacı, uşaq çalğıçı olmaq istəyir. Gətir, qoyaq bizim
musiqi məktəbinə oxusun. Axırı pis olmaz.
Bu, anamın ürəyindən oldu. Mən Ağdaş musiqi məktəbinə qəbul
oldum. Əvvəlcə tarla maraqlandım. Ancaq fiziki cəhətdən zəif
olduğum üçün biləyim tara tab gətirmədi. Kamançanı seçdim. Elə
həmin vaxtdan da meyilimi kamana saldım. Vaxtımın çoxunu kamanla
keçirdim. Yadımdadır, 1938-ci il idi. Məktəbimizdə hansısa bayrama
həsr olunmuş təntənəli gecə keçirilirdi. Ömrümdə ilk dəfə olaraq
həmin gecədə iştirak etdim. Çalğımı hamı alqışladı. O gecə ən çox
sevinən anam oldu, bir də özüm. Mən hətta sevincdən ağladım da.
İlahi, sənətdə ilk addımın sevinci necə də böyük olurmuş".
Qeyd edək ki, xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın
8-də vəfat edib.