"Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə nəzərdə tutulan tədbirlər
planı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq
Fondunun birgə nəşri olan "Multikulturalizm" jurnalı bu günlərdə
işıq üzü görəcək.
Sim-sim.az xəbər
verir ki, jurnal müxtəlif bölmələrə ayrılıb. "Azərbaycançılıq" adlı
rubrikada milli həyatın ahəngdarlığından, ölkəmizdə yaşayan bütün
etnosların qardaşcasına dinc yanaşı yaşamaq, vahid ideologiyanın
çətiri altında birləşmək ənənəsindən bəhs edilir.
"Çoxmədəniyyətlilik" bölməsində ölkəmizin və dünyanın
multikultural mənzərəsindən fraqmentlər əks olunub, mədəni
rəngarəngliyin ədəbiyyat, sənət dilində ifadəsinin şərhləri
verilib.
"Terror multikulturalizmə qarşı" adlı rubrikada bəşəriyyətin
bəlasına çevrilmiş terrorun etnik-milli rəngarəngliyə,
multikultural dəyərlərə, tolerantlığa vurduğu zərbələrdən, xalqlar
arasına düşmənçilik toxumu səpməyə çalışan ideologiyaların hansı
zəmində təşəkkül tapmasından danışılır.
"Homo sapiens" bölməsində mədəniyyətlərin formalaşması tarixinə,
sivilizasiyanın enişli-yoxuşlu yoluna işıq tutulur.
"Tariximiz, bugünümüz" adlı rubrikada ta qədimdən ölkəmizin
ərazisində yaşayan xalqların əsrlər boyu keçdiyi tarixi-mədəni
proseslərin keçmişdən indiyə uzanan mənəvi bağlarının tapıb aşkara
çıxarəlmasına cəhd edilib.
"Höte zalı" adlı rubrikada dünya ədəbiyyatında gedən
multikultural proseslərə, bu yöndə aparılan fəlsəfi-etik-estetik
mübahisələrə meydan verilib. Rubrikanın adı təsadüfən seçilməyib;
bildiyiniz kimi, ədəbiyyatşünaslığa "dünya ədəbiyyatı" anlayışını
ilk dəfə böyük alman şairi gətirib.
Buna uyğun olaraq Azərbaycan ədəbiyyatına ayrılmış bölmə də
müasir ədəbiyyatımızın banisi Mirzə Fətəlinin şərəfinə "Axundov
zalı" adlandırılıb. Bu rubrika altında jurnalın hər sayında
insanlar arasında tolerant münasibətləri təbliğ edən müxtəlif
bədii-publisistik örnəklərə yer vermək planlaşdırılır.
"Multikulturalizm"in tərəf-müqabili" adlı rubrikada tanınmış
ziyalılarla ədəbi-estetik, mədəni-fəlsəfi problemlərə həsr olunmuş
müsahibələr dərc etmək nəzərdə tutulur.
"Sönməyən ulduzlar" bölməsində həm tanınmış ədəbiyyat, incəsənət
xadimlərinin, həm də sadə sənət adamlarının həyat hekayətləri
barədə yazılar, onların zəfər və faciələrinin tarixçələri dərc
olunacaq.
"Tənqid və esseistika", "Resenziya", "Kitab rəfi" və "Oxu zalı"
kimi rubrikalar altında mədəni müxtəlifliyə, düşüncə
rəngarəngliyinə, multikultural dəyərlərə həsr olunmuş kitablar
təqdim ediləcək, etnik-mədəni müxtəlifliyin bədii ədəbiyyat
nümunələrindəki inikası araşdırılacaq, bəşər mədəniyyətinin
qaynaqlarına işıq tutan əsərlərdən parçalar dərc olunacaq.
Jurnalın "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində" adlı
bölməsində BBMM-in gördüyü işlər, keçirdiyi tədbirlər haqqında
məlumat vermək nəzərdə tutulur.
Nəhayət, "Region" bölməsində hər dəfə Azərbaycanın bölgələrindən
birinin ədəbi mənzərəsini təqdim edilir. Jurnalın ilk nömrəsində
respublikamızın şimal bölgəsində yaşayıb-yaradan qələm
adamlarımızın yaradıcılığından nümunələrlə, konkret desək, Qubada
fəaliyyət göstərən "Ay işığı" ədəbi məclisində təmsil olunan şair
və yazıçıların əsərləri, eləcə də, ölkəmizdə yaşayan dağ yəhudiləri
icması təmsilçilərinin və Qusar şairlərinin şeirləri ilə (həm
Azərbaycan, həm də ləzgi dilində) tanış ola bilərsiniz.
Bu rubrikaların bəzisi daimi olacaq, bəzisi də nömrədən-nömrəyə
yenilənəcək. Təkcə dövlət dilimiz olan Azərbaycan dilində yox,
ölkəmizdə danışılan başqa dillərdə də yazılar təqdim ediləcək.
Bununla da müxtəlif etnik toplumlar arasındakı dil-anlaşma
maneəsinin götürülməsinə, xalqların qarşılıqlı ünsiyyətinin
tərcüməçilərin inhisarından çıxarılmasına çalışılacaq.
Jurnalda Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
"Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi", Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin
"Точная идеологическая чел-мултикултурализм", Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin "Azərbaycan
multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək…",
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlının "Azərbaycan multikulturalizm
modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur"
məqalələri yer alıb.
Bundan başqa jurnalda tanınmış yazalar-Nəriman Qasımoğlu, Şərif
Ağayar, Aqşin Yenisey, Qan Turalı, Sevda Sultanova, Ramilə
Qurbanlının müxtəlif mövzularda maraqlı yazılarını da oxuya
biləcəksiniz.
Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda
əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək,
ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir.
"Multikulturalizm" jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin
müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ
olunması istiqamətində quracaq.