(Böyük sənətkar, qüdrətli
aktyor Kazım Ziyanın anadan olmasının 120 illiyinə həsr
olunur)
Azərbaycan səhnəsinin qüdrətli sənətkarları içində Kazım Ziyanın
xüsusi yeri var. Onun səhnədə yaratdığı müxtəlif obrazlar bir
sənətkar üçün olduqca səciyyəvidir. Geniş aktyorluq diapazonuna
malik olan Kazım Ziya səhnəmizdə tamamilə müxtəlif ruhlu və
xasiyyətli rollar oynayıb, bir çox yaddaqalan surətlər yaradıb.
Kazım Cəfər oğlu Kazımzadə (Kazım Ziya) 1896-cı ildə (bəzi
mənbələrdə 1894-cü il göstərilir) Ordubad rayonunun Yuxarı Əylisli
kəndində bağçı Cəfərin ailəsində dünyaya göz açıb.
Kazımın dünyaya gəlişi Cəfər kişinin böyük sevincinə səbəb
olmuşdu. Necə də sevinməyəydi?! Axı Cəfər kişinin doğulmuş oğlan
uşaqları həddi-buluğa çatmamış dünyasını dəyişirdi. Yalnız onun qız
övladları qalırdı. Cəfər kişi Kazımın yaşaması üçün Allaha dua
edər, nəzir paylayar, sonuncu qəpiyini mollalara verərdi.
Ata oğlunu ruhani görmək istəyirdi, ona görə də onu ilk növbədə
mollaxanaya və sonra isə mədrəsəyə qoyur. İlk gündən uşağın fenomen
yaddaşı müəllimləri heyrətə gətirir. Lakin təhsilinin birinci ili
atası dünyasını dəyişir. Onun ölümündən sonra 6 yaşlı Kazımı əmisi
Hüseyn himayəsinə götürür. Kazım Ziya mədrəsəni bitirdikdən sonra
birillik şəhər məktəbinə daxil olur. Bir müddət sonra əmisinin
ailəsi ilə birgə Bakıya köçür. Burada o, İranın xeyriyyəçi
tacirlərinin vəsaiti hesabına fəaliyyət göstərən "İttihad"
gimnaziyasına daxil olur. Gimnaziyanın proqramına əsasən burada
əcnəbi dillərdən fars, ərəb, fransız, rus dillərini öyrənməyə
üstünlük verilirdi. Kazım Ziyanın bu dilləri mükəmməl öyrənməyinə
baxmayaraq, şəhərin səsli-küylü həyatı onu ağuşuna çəkirdi.
Xeyriyyə axşamlarının birində o ilk dəfə olaraq Azərbaycan aktyor
truppasının iştirakı ilə teatr tamaşasına baxır və bundan sonra
aktyor olmağı qarşısına məqsəd qoyur.
Kazım Ziya aktyorluq məharətini ilk dəfə olaraq məktəbdə
keçirilən "Novruz bayramı" şənliyində göstərməli olur. 25 mart
1914-cü il tarixdə fransız yazıçısı Molyerin Kazım Ziya tərəfindən
Azərbaycan dilinə tərcümə edilmiş "Zorən təbib" komediyası
Azərbaycanın qüdrətli aktyoru Hüseyn Ərəblinskinin rejissorluğu ilə
məktəb səhnəsində tamaşaya qoyulur. Bu tamaşada Kazım Ziyanın
yaratdığı rol məktəb və müəllim heyəti tərəfindən böyük rəğbətlə
qarşılanır. Beləliklə, Kazım Ziyanın səhnəyə ilk gəlişi bu əsərlə
olur. Onun uğur qazanmasında Ərəblinskinin az rolu olmur.
Tamaşadan sonra Ərəblinski Kazım Ziyaya kömək edəcəyi təqdirdə
onun qarşısına şərt qoyur: yalnız dərsdən sonra səhnəyə çıxmağı ona
tövsiyə edir.
Qüdrətli aktyor sözünün üstündə durur və Kazım Ziya 1916-cı ildə
gimnaziyanı bitirdikdən sonra "Müsəlman aktyorlarının truppası"na
daxil olaraq peşəkar aktyorlarla birgə ilk teatr mövsümünə
başlayır.
1917-ci ildə "Bakı Türk aktyorlarının ittifaqı" təşkil olunarkən
Kazım Ziya buraya katib seçilir. 1918-ci ildə ilk dəfə olaraq
Həştərxana (Astraxan) qastrol səfərinə çıxır və burada
N.Nərimanovun yardımı ilə tamaşa və konsertlər verir. Astraxandan
Ərəblinski ilə Bakıya qayıtdıqdan sonra "Hacıbəyov qardaşları
truppası"na daxil olur və bir müddət sonra truppa ləğv olunur.
Kazım Ziya 1924-cü ildə Naxçıvan Xalq Komissarları Sovetinin
dəvəti ilə yeni təşkil olunmuş teatrda rejissor kimi fəaliyyətə
başlayır. Lakin burada bir qədər işlədikdən sonra 1925-1937-ci
illərdə Azərbaycan Fəhlə-Kəndli teatrının truppasında baş rolların
ifaçısı olur.
1937-ci ildə görkəmli sənətkar Kazım Ziya öz yolunu
müəyyənləşdirir, yaradıcılığının kamillik dövründə M.Əzizbəyov
adına Azərbaycan Dövlət Dram Teatrına keçir. Kazım Ziyanın burada
yaratdığı bədii surətlər silsiləsindən olan zəngin və rəngarəng,
son dərəcə realist bir üslubda ifa etdiyi rollar onun qüdrətli
aktyor olduğunu bir daha sübut edir...
Repressiyaya məruz qalanlar haqqında kitab üzərində işləyirdim.
Milli Təhlükəsizlik Xidməti arxivinin əməkdaşına erməni
daşnaklarının, bolşeviklərin qatı düşməni, Nuru Paşanın yavəri
olmuş Əhməd Triniçin şəxsi qovluğunun gətirilməsini xahiş etdim.
Həmin qovluqda Ə.Triniçin əleyhinə çıxış edənlərdən Kazım Ziyanın
ifadəsi fərqli idi. Xalq artistinin 13 noyabr 1935-ildə
verdiyi ifadədən məlum olur ki, o, Ə.Triniç tərəfindən
nəinki vəhşilik, öldürmə görməmiş, hətta хatırlamır
da. Yalnız 1918-ci ilin mart hadisələrində
o, həyətinin darvazasında dayanarkən Əhməd Triniçin
əlində mauzer хalqa müraciət etdiyinin şahididir:
"Qorхmayın, qardaşlar, türk ordusu yetişir".
Sonralar o, Ə.Triniçin müsavat hökuməti dövründə
Bakıda "Yardım Alayı" zabiti formasında gördüyünü də qeyd
edir.
1937-ci ilin əvvəllərində ölkədə gedən repressiyalar teatr
tərəfə istiqamət götürür. İlk növbədə teatrımızın qartalı Abbas
Mirzə Şərifzadə, bir neçə ay sonra Ülvi Rəcəb həbs edilir.
Müstəntiqlər DTK-nın qaranlıq zirzəmisində
əksinqilabı, millətçiliyi təbliğ edənlər sırasında
aktyorlardan Ələsgər Şərifov, Mirzağa Əliyev, Rza
Əfqanlı, Nüsrət Fətullayevlə yanaşı, 1938-ci ildə Tiflisdən
Bakıya gələrək Milli Dram Teatrında şöhrətlənmiş Kazım Ziyanın
həbsi üçün də "donoslar" hazırlayırdılar. İki qüdrətli sənətkarın
həbsindən sonra növbə Kazım Ziyanın idi. Xalq artisti Fatma Qədri
Leyla xanım Bədirbəyliyə danışırmış ki, onu, Kazım Ziyanı, Mirzağa
Əliyevi ləkələməyə çalışırmışlar. O üzdən gecələr gözünə yuxu
getməzmiş. Mirzağa Əliyev gecə zəng vurub soruşarmış: "Necəsən?
Hələ gəlməyiblər?" Fatma xanım da deyərmiş: "Yox!" Mirzağa Əliyev
qayıdarmış: "Allaha şükür!" Lakin həm Kazım Ziya, həm də Mirzağa
Əliyev repressiya məngənəsindən qurtula bilmirlər. K.Ziyanın
vaxtilə Ə.Triniç haqqında dediyi xoş sözlərə görə yuxarı dairələrin
onu bağışlamaq fikri yox idi.
Məhz buna görə də ona əksinqilabçı, millətçi, üsyançı yarlığı
vurulur. 1938-ci ildə Borşev tərəfindən təsdiq olunmuş orderə
əsasən, Kazım Ziyanın həbsinə və evində axtarış aparılmasına icazə
verilir...
Aktyorun ünvanına atılan iftiralar müsbət həllini tapmır. K.Ziya
ölkəni qorxu içində saxlayan "qara maşınların və onu idarə edən
qara meşinlilərin" caynağından qurtula bilir. Bir müddət sonra
aktyor yenidən səhnəyə qayıdır. Onun Hüseyn Cavidin "İblis", "Şeyx
Sənan" əsərlərində (Arif, Dərviş), Səməd Vurğunun "Vaqif", "Xanlar"
əsərlərində (Vaqif, Söhbət), Sabit Rəhmanın "Toy" və "Xoşbəxtlər"
əsərlərində (Surxay, Usta Segah), Süleyman Sani Axundovun "Eşq və
intiqam" əsərində (Piri baba), Cəlil Məmmədquluzadənin "Ölülər"
əsərində (Şeyx Nəsrullah), Cəfər Cabbarlının "Yaşar", "Oqtay
Eloğlu" əsərlərində (İmamyar, Xaspolad), Mirzə Fətəli Axundzadənin
"Lənkəran xanının vəziri"ində (Mirzə Həbib, Xan), Lermontovun "İki
qardaş" əsərində (Mixail Dmitri), Ənvər Məmmədxanlının "Şərqin
səhəri" əsərində (General Tomson) ifa etdiyi rollar və başqa
rolları müvəffəqiyyət qazanmışdı. K.Ziya Bakı kinostudiyasının və
"Lenfilm"in istehsal etdiyi "Səbuhi", "Bir ailə", "Sualtı
qayıq-T-9", "Fətəli xan" filmlərinə də çəkilir ("Fətəli xan"
aktyorun ekranda son işidir). O, Hökümə Qurbanova, Ələsgər
Ələkbərov, Lyubov Orlova, Mərziyə Davudova, Mustafa Mərdanov, Boris
Çirkin, Leyla Bədirbəyli, Mustafa Mərdanov, Oleq Yakov, Nəcibə
Məlikova və başqaları ilə birgə bu filmlərə çəkilmişdi.
K.Ziya eyni zamanda vaxtaşırı tərcümə ilə də məşğul olurdu.
L.Tolstoyun "Canlı meyit", H.İbsenin "Cəmiyyət sütunları",
V.Sobkonun "İkinci cəbhə arxasında", "Qanlı qala" əsərləri ilə ilk
dəfə onun tərcüməsində tanış oluruq.
İncəsənət xadimləri arasında nadir sənətkarlar var ki, onlar
əməkdar artist olmadan birbaşa Azərbaycan SSR-nin xalq artisti
fəxri adına layiq görülüb. Həmin nadir sənətkarlardan biri də Kazım
Ziya idi. O, 17 iyun 1943-cü il tarixdə əməkdar artist adı almadan
birbaşa xalq artisti fəxri adına layiq görülmüşdü. Aktyor həmçinin,
20 aprel 1948-ci ildə Ənvər Məmmədxanlının "Şərqin səhəri"
tamaşasındakı Tomson roluna görə Stalin mükafatı laureatı adına, 2
iyul 1949-cu ildə isə SSRİ Ali Attestasiya komissiyası tərəfindən
dosent elmi dərəcəsinə layiq görülür.
Görkəmli aktyor, istedadlı tərcüməçi, klassiklərimizin
əsərlərini ifadəli nitqi ilə tamaşaçılara çatdıraraq qəlbləri fəth
edən Kazım Ziya 1960-cı il noyabrın 20-də - 60 yaşında vəfat edir
və Fəxri Xiyabanda dəfn olunur.